İslahatlar iqtisadiyyata
investisiya qoyuluşlarını
təşviq edir
Azərbaycanda
dinamik sosial-iqtisadi inkişaf məqsədinə xidmət edən
mühüm tədbirlərdən biri də respublikada əlverişli
investisiya mühitinin yaxşılaşdırılması, sərmayə
qoyuluşlarının təşviq edilməsidir. Son 16 ildə bu sahədə həyata keçirilən
tədbirlər ölkə
iqtisadiyyatına yerli və xarici investisiya yatırımlarının
sürətlənməsinə ciddi təkan verib.
Qanunvericiliyə əsasən, Azərbaycanda
investisiya fəaliyyətinin
dövlət tənzimlənməsində
başlıca məqsəd
vahid iqtisadi, elmi-texniki və sosial siyasətin yeridilməsindən ibarətdir.
Bunun təmin olunması üçün
bütün mənbələrdən
– respublika və yerli büdcələr hesabına maliyyələşən
investisiya qoyuluşları
həyata keçirilir.
Azərbaycanda əcnəbi şirkətlərin
investisiya fəaliyyəti
1995-ci il 13 yanvar tarixli «İnvestisiya fəaliyyəti haqqında»
qanunla tənzimlənir.
Qanun investisiyanın Azərbaycan
Respublikası iqtisadiyyatına
intensiv şəkildə
cəlb olunmasına, ondan ölkənin sosial-iqtisadi bazasının,
habelə beynəlxalq
iqtisadi əməkdaşlığın
və inteqrasiyanın
inkişafı üçün
səmərəli istifadə
edilməsinə yönəlməklə,
mülkiyyət formasından
asılı olmayaraq bütün investorların
hüquqlarının
bərabər müdafiəsinə
təminat verir.
Azərbaycan Respublikasının investisiya mühiti investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin
toxunulmazlığı, yerli
və xarici sahibkarlara bərabər şəraitin yaradılması,
Appelyasiya Şuralarının
təşkili, "Xarici
investisiyaların qorunması
haqqında", "Sahibkarlıq
sahəsində aparılan
yoxlamaların dayandırılması
haqqında" Azərbaycan
Respublikasının
qanunları və bir sıra normativ
sənədlərlə tənzimlənir.
Hazırda Azərbaycan
hökuməti ölkədə
iqtisadi islahatların davam etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması,
qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirir.
İqtisadiyyat Nazirliyindən bildirilir
ki, Azərbaycan Respublikası Prezidentinin
"Sahibkarlıq fəaliyyətinin
xüsusi razılıq
(lisenziya) tələb
olunan növlərinin
sayının azaldılması,
xüsusi razılıq
(lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi
və şəffaflığının
təmin edilməsi haqqında" 19 oktyabr
2015-ci il tarixli 650 nömrəli
Fərmanına əsasən,
2015-ci ilin 2 noyabr tarixindən İqtisadiyyat
Nazirliyi tərəfindən
dövlət təhlükəsizliyi
ilə bağlı hallar istisna olmaqla lisenziyaların
"ASAN xidmət" mərkəzləri
vasitəsilə verilməsinə
başlanılıb. Həmçinin Azərbaycan Respublikası
Prezidentinin "Lisenziyalaşdırma
sahəsində bəzi
tədbirlər haqqında"
21 dekabr 2015-ci il tarixli 713 nömrəli Fərmanına əsasən
lisenziya tələb olunan fəaliyyət növlərinin sayı
59-dan 37-yə endirilib, indiyə
kimi verilmiş qüvvədə olan müddətli lisenziyalar müddətsiz elan olunub. Yeni verilən
lisenziyalar isə müddətsiz müəyyən
edilib, lisenziyanın verilməsinə görə
ödənilən dövlət
rüsumunun məbləğləri
təxminən 2 dəfə,
regionlar üzrə 4 dəfə (regional televiziya və radio yayımı istisna olmaqla) azaldılıb, lisenziya verən dövlət orqanların sayı
23-dən 4-ə, lisenziyaların verilməsi müddəti
15 gündən 10 iş
gününə endirilib.
Lisenziya verilməsi üçün tələb
olunan prosedurlar isə sadələşdirilib.
Bu istiqamətdə
mühüm addımlardan
biri də ölkədə elektron xidmətlərin, müasir
texnologiyaların və
mütərəqqi beynəlxalq
təcrübənin tətbiqi
nəticəsində
Azərbaycanda sahibkarlıq subyektlərinin
"bir pəncərə"
sistemi ilə qeydiyyatı sisteminin formalaşdırılması olub.
Elektron xidmətlərin
tətbiqi nəticəsində
fiziki və hüquqi şəxslərin
sahibkarlıq fəaliyyətinin
onlayn rejimində qeydiyyatına, vergi bəyannamələrin elektron
qəbuluna başlanıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetin 8 sentyabr 2014-cü
il tarixli 300 nömrəli Qərarına
əsasən elektron imzanın alınması müddəti 2 gündən
1 günə endirilib.
Həmçinin, "Tikinti
layihələrinin ekspertizadan
keçirilməsi Qaydaları"nın
tələbinə uyğun
olaraq, tikinti layihələrinin ekspertizasının
"bir pəncərə"
prinsipi ilə həyata keçirilməsinə
başlanılıb.
Aparılan islahatların
davamı olaraq, 2015-ci
ilin oktyabrında Tranzit Yükdaşımalar
üzrə Koordinasiya
Şurası yaradılıb,
Şuranın Əsasnaməsi
və tərkibi təsdiq edilib. Azərbaycan Respublikasının
ərazisindən dəmir
yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınmasında
"bir pəncərə"
prinsipinin tətbiq olunması nəzərdə
tutulub. "Bir pəncərə" prinsipinin
tətbiqi üzrə
vahid dövlət orqanının səlahiyyətlərinin
həyata keçirilməsi
isə Kordinasiya Şurasına həvalə
edilib.
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 18 yanvar tarixli fərmanı ilə "İnvestisiya təşviqi sənədinin
verilməsi Qaydası"
təsdiq edilməsi də bu istiqamətdə
mühüm addımlardan
olub. Həmin sənəd Azərbaycan Respublikasının Vergi Məcəlləsində və
"Gömrük tarifi
haqqında" Qanunda
müəyyən edilmiş
güzəştləri əldə
etməyə əsas verir. Müvafiq olaraq Azərbaycan
Respublikasının Vergi
Məcəlləsinə 2016-cı il 19 yanvar tarixində
edilmiş dəyişikliklərə
əsasən, investisiya
təşviqi sənədini
almış hüquqi
şəxslər və
fərdi sahibkarlar müvafiq olaraq mənfəət və gəlirin 50 faizinin vergisini, müvafiq əmlakına görə
əmlak vergisini
və mülkiyyətində
və ya istifadəsində olan torpaqlara görə torpaq vergisini, həmçinin onların
idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular üzrə idxalda əlavə dəyər vergisini ödəməkdən 7 il
müddətinə azad
edilib. Həmçinin "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının
Qanununda 2016-cı il
19 yanvar tarixində edilmiş dəyişikliklərə
əsasən, investisiya
təşviqi sənədini
almış hüquqi
şəxslər və
fərdi sahibkarlar, habelə sənaye, yaxud texnologiyalar parklarının rezidentləri
tərəfindən texnika,
texnoloji avadanlıq
və qurğuların
idxalı 7 il müddətinə, sənaye,
yaxud texnologiyalar parklarının idarəedici
təşkilatı və
ya operatoru tərəfindən texnika,
texnoloji avadanlıq və qurğuların idxalı isə idxal rüsumlarından azad edilib.
Dövlət başçısının
"Qeyri-neft ixracının
təşviqi ilə bağlı əlavə tədbirlər haqqında"
1 mart 2016-cı il tarixli fərmanına əsasən, qeyri-neft məhsullarının ixracı
ilə məşğul
olan şəxslərə
ixrac gömrük bəyannaməsində nəzərdə
tutulan dəyərin 3
faiz baza olmaqla (məhsulların
növündən asılı
olaraq ixrac təşviqinin baza məbləğinə əmsallar
tətbiq edilməklə)
ixrac təşviqi ödənilir. İnvestisiya
təşviqi sənədi
Azərbaycan Respublikasının
Vergi Məcəlləsində
və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının
Qanununda müəyyən edilmiş güzəştləri əldə
etməyə əsas verən sənəddir. Bu güzəştlərə
mənfəət və
ya gəlir vergisinin 50%-dən azadolma; torpaq və əmlak vergisindən tam azadolma; layihə çərçivəsində xaricdən idxal olunan texnika, texnoloji avadanlıq və qurğunun gömrük rüsumu və ƏDV-dən tam azadolma aiddir.
İqtisadiyyat Nazirliyinin məlutına əsasən, 2019-cu ilin 1 aprel tarixinədək 304 sahibkarlıq subyektinə
350 investisiya təşviqi
sənədi təqdim
edilib. İnvestisiya təşviqi
sənədi təqdim edilmiş layihələrin reallaşması
nəticəsində yerli
istehsala 3 milyard manatdan çox investisiya yatırılacağı,
23 minə yaxın yeni iş yerinin
açılacağı nəzərdə
tutulub.
Bundan əlavə, "Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında"
4 mart 2016-cı il tarixli sərəncama əsasən, elektron gömrük xidmətlərinin
daha da genişləndirilməsi,
gömrük rəsmiləşdirilməsi
zamanı tələb
olunan sənədlərin
və prosedurların sayının minimuma
endirilməsi, gömrük
orqanlarına əvvəlcədən
elektron formada qısa idxal bəyannaməsini təqdim
etmək yolu ilə malların və nəqliyyat vasitələrinin gömrük
sərhədindən keçirilməsi
üçün "Yaşıl
dəhliz" və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sisteminin
yaradılması və
s. kompleks məsələlərin
həlli ilə bağlı tapşırıqlar
müəyyənləşdirilib.
Bütün bunların nəticəsi olaraq Azərbaycan aparıcı beynəlxalq
nüfuzlu hesabatlarda mövqeyini ilbəil gücləndirir. Dünya Bankı
tərəfindən dərc
edilən "Doing Business 2019" hesabatında
8 pillə irəliləyən
Azərbaycan 190 ölkə
arasında 25-mövqeyə yüksəlib, Avropa və Mərkəzi Asiyada 4 və daha çox islahat aparan 3 ölkədən biri olub. Həmçinin Dünya İqtisadi
Forumu tərəfindən
nəşr olunan və rəqabətqabiliyyətlilik
üzrə ən geniş qiymətləndirmə
hesab olunan “Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmizin
mövqeyi ötən
ilə nisbətən
2 pillə yaxşılaşaraq
35-ci yerə yüksəlib.
Samir Mustafayev
Mövqe.- 2019.- 1
oktyabr.- S.10