Azərbaycandakı
biznes mühiti yüksək qiymət alır
Cənubi
Qafqaz geoiqtisadi məkanında cərəyan edən prosesləri
diqqət mərkəzində saxlayan dünyanın
aparıcı maliyyə-iqtisadi qurumları, o cümlədən
nüfuzlu reytinq agentlikləri hesabatlarında Azərbaycanı
əlverişli biznes mühitinə, yüksək investisiya cəlbediciliyinə,
makroiqtisadi sabitliyə malik ölkə kimi səciyyələndirirlər.
Dünya Bankı
və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən birgə
hazırlanan, biznes mühitinin əlverişliliyi
üzrə qiymətləndirməni
özündə əks
etdirən «Doing Business 2020» hesabatı da dünyada ən etibarlı reytinq göstəricilərindən
hesab olunur.
Azərbaycan Dünya Bankının nüfuzlu "Doing Business 2020" hesabatında
ən islahatçı
20 ölkə sırasına
daxil edilib. Hesabata əsasən, Azərbaycan "Doing Business” üzrə dörd sahə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı
asanlaşdırıb. Bu
sahələr əmlakın
qeydiyyatı, kreditlərin
alınması, minoritar
investorların hüquqlarının
qorunması və müqavilələrin icrasının
təmin edilməsidir.
Hesabatda qeyd edilir ki,
paytaxtın kadastr xəritəsinin tərtib
olunması və Bakıdakı hər bir fərdi torpaq sahəsinin qeydiyyatı, eləcə də mövcud sənədləşmənin təkmilləşdirilməsi
və daşınmaz əmlak prosedurlarının
çevikliyi nəticəsində
daşınmaz əmlakın
qeydiyyatı prosesi daha da sürətlənib. Minoritar investorların hüquqlarının
müdafiəsi tərəflərin
imzaladığı əlverişsiz
sazişlər üzrə
məsuliyyətin direktorlar
üzərinə qoyulmasından
sonra güclənib. Kommersiya ilə bağlı mübahisələr
yarandıqda tərəflər
onlayn olaraq müraciət göndərə
və vasitəçilik
etmək üçün
maddi stimul əldə edə bilərlər. Xatırladaq
ki, Azərbaycan "Doing Business 2019" hesabatında 32 pillə irəliləyərək ən
islahatçı ölkələr
sırasında 57-ci pillədən
25-ci yerə yüksəlmişdi.
Hesabat xarici investorlar
tərəfindən biznes
mühitinə dair etibarlı mənbə kimi istinad edilən
əsas reytinq göstəricisi olmaqla yanaşı, digər beynəlxalq təşkilatlar
tərəfindən hazırlanan
hesabatlarda («Qlobal Rəqabətlilik Hesabatı»,
«Qlobal İnnovasiyalar İndeksi», «İqtisadi Azadlıq İndeksi», «Qlobal İmkanlar İndeksi» və s.) baza rolunu oynayır.
«Biznesə başlama»
sahibkarın (sənaye
və kommersiya) biznesə başlaması üçün tələb
olunan inzibati prosedurların sayı, sərf olunan vaxt və xərclərin
dəyəri, həmçinin
ödənilmiş minimum
kapitalın həcmini
ifadə edir. Bu reytinq göstəricisi
üzrə kommersiya hüquqi şəxslərin
qeydiyyatı üçün
yerinə yetirilməli
olan prosedurların sayı 2, sərf edilən müddət 3 gündür. Burada prosedurlar onlayn qeydiyyat üçün elektron imzanın alınması üzrə
1 gün, onlayn qeydiyyatdan keçmə üzrə isə
(VÖEN və ƏDV qeydiyyatı
daxil) 2 günə bərabərdir.
«Biznesə başlama»
göstəricisi xarici
investisiya və yeni texnologiyaların axını üçün
stimullaşdırıcı təsir göstərən
amil kimi dəyərləndirilir. Bu
göstərici Azərbaycan
üçün əlverişli
sərmayə mühitinin
olmasının bir təkanverici faktoru sayıla bilər. Xarici sərmayəçilər
biznesin qeydiyyatında
və fəaliyyətə
başlamada vaxt amilinə mühüm önəm verirlər.
«Biznesə başlama»
prosedurları üzrə
respublikamız əksər
region ölkələrini
üstələyir. Azərbaycanda
bu göstərici üzrə prosedurların
sayı 2 olduğu halda, Avropa
və Mərkəzi
Asiya ölkələrində
orta hesabla 5, OECD ölkələrində isə
4,8 təşkil edir. Vaxt (gün) indeksi Azərbaycanda 3, Avropa və Mərkəzi Asiya ölkələrində 12,1, OECD ölkələrində 9,2-dir. Xərc indeksi üzrə (adambaşına
düşən gəlirin
faizi) Azərbaycanın
əmsalı 1,3, Avropa
və Mərkəzi Asiya ölkələrinin əmsalı 5,3, OECD ölkələrinin
əmsalı 3,4-dür. Minimum
kapital (adambaşına
düşən gəlirin
faizi) üzrə respublikamız 0 əmsalına,
Avropa və Mərkəzi Asiya ölkələri 5,8, OECD ölkələri
8,8 əmsalına malikdir.
Hesabatın «Vergilərin ödənilməsi»
indeksi üzrə respublikamız MDB məkanında
ilk yerlərdən birini tutur. Bu
metodologiyaya əsasən,
orta ölçülü
şirkətin il ərzində ödəməli
olduğu vergi və ödəmələr,
həmçinin onların
inzibatçılıq yükü
müəyyən edilir.
Vergi və ödəmələrə
müxtəlif mənbələrdən
olan mənfəət
və gəlirlərə
görə vergilər,
o cümlədən əmlak
icarəsindən vergilər,
dividend və kapital vergiləri, maliyyə köçürmələrindən
əldə edilən gəlirdən vergilər,
işəgötürənin ödədiyi əmək vergiləri, sosial ayırmalar, əmlak, avtomobil, yol vergiləri və sair aid
edilir.
Dövlət büdcəsinə vergilərin ödənilməsi
və bəyannamələrin
təqdim edilməsi sahəsində vergi sistemində tətbiq olunan yeniliklər əvvəlki illərin reytinq cədvəllərində
öz əksini tapıb və «Vergilərin ödənişi»
göstəricisi ölkəmizin
xeyli irəliləməsinə
səbəb olub. Hesabatda isə ölkədə
sosial müdafiə ayırmaları üzrə
hesabatların və ödənişlərin elektron
formada aparılması
və digər sahələrdə əldə
edilmiş nailiyyətlər
nəzərə alınıb.
Ötən dövr ərzində Azərbaycanda
məcburi dövlət
sosial sığorta haqlarının ödənişi
və hesabat sisteminin avtomatlaşdırılması tam
başa çatdırılıb
və həmin hesabatların hazırlanıb
ödənilməsinə sərf
olunan vaxt 40 saat qiymətləndirilib. Digər yığımlar
- sosial müdafiə ayırmaları, mənfəət
və əlavə dəyər vergisi üzrə 159 saat müəyyənləşdirilib. Ödənişlərin sayı
6, ümumi vergi dərəcəsi isə
39,8 faiz qeyd olunub.
Son illərdə qlobal
maliyyə böhranına
rəğmın, beynəlxalq
maliyyə qurumlarının
analitiklərinin ölkəmizlə
bağlı nikbin proqnozlar səsləndirməsi
hökumətin yürütdüyü
çevik makroiqtisadi siyasətin səmərəli
nəticələri ilə
şərtlənir. Xüsusilə də neft və
qaz gəlirlərindən
asılılığın ilbəil azaldılması
məqsədilə iqtisadiyyatın
şaxələndirilməsi istiqamətində həyata
keçirilən tədbirlər
son illər qeyri-neft sektorunun ümumi daxili məhsuldakı xüsusi çəkisinin artmasına
səbəb olub. Ən müxtəlif maliyyə qurumları 2019-cu ildə Azərbaycanda ümumi daxil istehsalının 1 faizdən aşağı
olmayacağını proqnozlaşdırırlar.
Bu nikbin proqnozlar, ilk növbədə, respublikamızda
makroiqtisadi sabitliyin və əlverişli biznes mühitinin formalaşdırılması tədbirləri
ilə bağlıdır.
Respublikamızda biznesə
başlama və vergi nəzarəti tədbirləri ildən-ilə
sadələşdirilir, vergi
inzibatçılığı təkmilləşdirilir, vergi
dərəcələri optimallaşdırılır.
Xatırlatmaq yerinə düşər
ki, son 5 ildə Vergi Məcəlləsinə əlavə
və dəyişikliklər
mütərəqqi xarakteri
ilə ölkədə
biznes mühitinin yaxılaşmasına, iqtisadiyyatın
rəqabət qabiliyyətinin
güclənməsinə mühüm
töhfə olub.
Kiçik və orta sahibkarlıq subyektlərinə
dövlət büdcəsindən
ayrılan vəsaitlərin
həcminin ildən-ilə
artırılması, iş
adamlarının fəaliyyətinə
süni müdaxilələrin
aradan qaldırılması,
sahibkarlıq subyektlərinin
qeydiyyatı sisteminin sadələşdirilərək «vahid pəncərə» prinsipi əsasında
aparılması, gömrük
orqanlarında da bu sistemin təşkili,
texnoparkların
yaradılması, korrupsiyaya qarşı mübarizə tədbirlərinin
gücləndirilməsi və
digər addımlar bu baxımdan xüsusi vurğulanır.
Son illər,
həmçinin, ölkədə
sahibkarlığın inkişafının
yeni təşkilati-iqtisadi
modellərinin - xüsusi
iqtisadi zonaların, aqrar-sənaye komplekslərinin,
texnoparkların və
biznes-inkubatorların tətbiqi
sahəsində müvafiq
işlər aparılır.
Bütün bunlar göstərir
ki, dövlətin özəl bölmənin
inkişafı və dəstəklənməsi ilə
bağlı həyata
keçirdiyi tədbirlər
davamlıdır, ardıcıldır
və məntiqi cəhətdən biri-birini
tamamlayır.
Ölkə başçısının
2014-cü il 3 mart tarixli «Sahibkarlığın
inkişafı ilə
bağlı əlavə
tədbirlər haqqında»
fərmanı sahibkarlıq
fəaliyyətinin dövlət
tənzimlənməsinin təkmilləşdirilməsinə
və əlverişli
biznes mühitinin formalaşdırılmasına xidmət
edir. Fərman əsasında hazırlanacaq
təkliflər tikintiyə
icazələrin verilməsi,
elektrik təchizatı
şəbəkəsinə qoşulma, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı şərtlərinin sadələşdirilməsini,
idxal-ixrac əməliyyatları
zamanı tələb
olunan sənədlərin,
müddət və xərclərin azaldılmasını təmin edib. Ümumilikdə, fərman respublikamızda biznes mühitinin daha da liberallaşmasını,
sahibkarlar üçün
daha münbit fəaliyyət imkanlarını
stimullaşdırıb.
Son illər Azərbaycanda
elektron xidmətlərin
tətbiqi sürətləndirilib,
fiziki və hüquqi şəxslərin
sahibkarlıq fəaliyyətinin
onlayn rejimdə qeydiyyatına, vergi bəyannamələrin elektron
qəbuluna başlanılıb,
aparılan yoxlamaların
vahid məlumat reyestri yaradılıb. Ölkəmizdə elektron
xidmətlərin tətbiqi ictimai həyatın bütün
sahələrini, o cümlədən
sahibkarlıq fəaliyyəti
ilə bağlı xidmətləri də əhatə edir. Hazırda müxtəlif dövlət qurumları üzrə 460-dən çox
xidmət elektron formada həyata keçirilir və bunların sayı davamlı olaraq artır.
Məhz həyata keçirilən
bu və digər islahatların nəticəsi olaraq inkişaf tempi qeyri-neft-qaz sektoru hesabına təmin edilir və bu uğurlu makroiqtisadi tendensiya beynəlxalq təşkilatlar
və maliyyə qurumları tərəfindən
də müsbət dəyərləndirilir.
Samir Mustafayev
Mövqe.- 2019.- 4 oktyabr.- S.10