Biznes qurumlarının
fəaliyyətində şəffaflıq
təmin edilir
Azərbaycanda
biznes mühitinin liberallaşdırılmasına xidmət edən
islahatlar, ilk növbədə, şəffaflıq və
hesabatlılığın təmin edilməsi tədbirləri
ilə sıx şəkildə bağlıdır. Son illər sahibkarlıq fəaliyyətinin
leqallaşdırılması tədbirləri çərçivəsində
Cinayət Məcəlləsində
iş adamlarının
mənafeyinə xidmət
edən mühüm dəyişikliklər edilib.
Konkret olaraq ölkə başçısının
2016-cı il 20 may tarixli sərəncamına
əsasən edilmiş
dəyişikliklərə görə, Azərbaycanda
qanunsuz sahibkarlıqla
məşğul olan şəxslər cərimə
ödəməklə cinayət
məsuliyyətindən azad
olunublar.
Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsinə edilən qeyd bölməsində göstərilir ki, "Bu məcəllənin
192.1-ci maddəsində nəzərdə
tutulmuş əməli
ilk dəfə törədən şəxs
cinayət nəticəsində
vurulmuş ziyanı tamamilə ödədikdə
və cinayət nəticəsində
əldə edilmiş
gəliri tamamilə dövlət büdcəsinə
köçürdükdə cinayət məsuliyyətindən
azad olunur".
Həmin dəyişikliklərə qədər qanunsuz sahibkarlıqla məşğul
olan şəxslər
cinayət nəticəsində
vurulmuş ziyanın
(əldə edilmiş
gəlirin) iki misli miqdarında cərimə və ya 6 ayadək müddətə azadlıqdan
məhrumetmə ilə
cəzalandırılırdılar.
2016-cı il il iyun ayının 1-dən qüvvəyə
minmiş yeni qanunla azadlıqdan məhrumetmə cəzası
ləğv edilib. Bu dəyişiklikləri yüksək
dəyərləndirən ekspertlərin
fikrincə, Cinayət
Məcəlləsinin qəbulundan
ötən müddətdə
Azərbaycan iqtisadiyyatının
inkişafı və baş verən digər iqtisadi proseslər nəticəsində
dövriyyədə olan
məhsulların, xidmətlərin
dəyəri və insanların gəlirləri bir neçə dəfə artıb. Buna baxmayaraq, məsuliyyətin
yaranmasına səbəb
olan məbləğlər
bu dövr ərzində Cinayət Məcəlləsində artırılmayıb.
Cinayət Məcəlləsində məsuliyyət müəyyən
edən həmin məbləğlərin dəyişməməsi
hazırda ictimai təhlükə törətməyən
əməllərə görə
bir çox sahibkarların cinayət məsuliyyətinə cəlb
edilməsinə səbəb
olurdu. Bunun qarşısını almaq üçün Cinayət Məcəlləsində
nəzərdə tutulmuş
həmin məbləğlər
artırılıb. Əvvəllər
vergi və gömrük rüsumlarından
2000 manat məbləğində
yayınan sahibkarlar cinayət məsuliyyətinə
cəlb edilirdi. Yeni qanun qüvvəyə
mindikdən sonra cinayət məsuliyyəti
yaradan hədd 10 dəfə artırılaraq
həmin məbləğ
20.000 manat olub. Yəni 20.000 manata qədər vergi və gömrük rüsumlarından yayınan
şəxslər artıq
cinayət məsuliyyətinə
deyil, inzibati məsuliyyətə cəlb
ediləcəklər. Bu
da həmin məbləğə qədər
olan əməllərin
dekriminallaşdırılması deməkdir.
Rəqəmlərə gəlincə, iqtisadi fəaliyyət sahəsində
olan cinayətlər fəslində cinayət məsuliyyəti yaradan hədd 1000 manat müəyyən edilirdi. Dəyişikliklə həmin
məbləğ 20 dəfə
artırılaraq 20 min
manat olub. Bu da həmin
məbləğə qədər
olan hissədə əməllərin dekriminallaşdırılması
deməkdir. Başqa bir dəyişikliyə
əsasən, ilk dəfə böyük ictimai təhlükə törətməyən qanunsuz
sahibkarlıq və ya yalançı sahibkarlıq cinayətlərini
törətmiş şəxslər
əldə etdikləri
qanunsuz gəliri və ya vurduqları
ziyanı dövlət
büdcəsinə tamamilə
ödədikdə məsuliyyətdən azad edilirlər. Dekriminallaşan
əməllərə görə
bu qanun qüvvəyə minənədək
məhkum edilmiş və hazırda cəzasını çəkən
şəxslər cəzadan
azad olunurlar. Onlar, habelə bu qanunla cinayət
hesab
olunmayan əməllərə
görə əvvəllər
məhkum edilmiş və cəzasını çəkmiş şəxslər
məhkumluğu olmayan
hesab edilirlər.
«Azərbaycan
Respublikasının Cinayət
Məcəlləsində dəyişikliklər
edilməsi haqqında»
və «Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında» Azərbaycan
Respublikasının 6 may
2016-cı il tarixli qanunları iqtisadi fəaliyyət sahəsində
olan inzibati xətalara və cinayətlərə
görə inzibati və cinayət məsuliyyətinin müəyyən
edilməsi meyarlarında
dəyişikliklər aparılıb,
bəzi inzibati və cinayət əməllərinə görə
məsuliyyətdən azad
olunmanın şərtləri
müəyyən olunub,
əvvəllər cinayət
sayılan, lakin hazırda müvafiq qanunla cinayət hesab olunmayan əməllərə görə
hüquqi tənzimləmə
mexanizmləri təsbit
edilib.
Yekun müddəalarda Qanun qüvvəyə minənədək məhkum
edilmiş və hazırda cəzasını
çəkən şəxslərin
cəzadan azad olunması, habelə həmin qanunla cinayət hesab olunmayan əməllərə
görə əvvəllər
məhkum edilmiş və cəzasını çəkmiş şəxslərin
məhkumluğu olmayan
hesab edilməsi, eləcə də
məhkum edilmiş və hazırda cəzasını çəkən
və ya cəzasını çəkmiş,
lakin məhkumluğu olan şəxslərin vəziyyəti bu qanunla yaxşılaşdırıldığı
hallarda, həmin məsələlərə qanunvericiliklə
müəyyən edilmiş
qaydada baxılması
qaydaları öz əksini tapıb.
Qanunun 2.4-cü maddəsində göstərilir ki, bu qanunun 1-ci maddəsinə əsasən,
cinayət hesab olunmayan əməllərə
dair məhkəmələrin,
ibtidai istintaq və ya təhqiqat
orqanlarının icraatında
olan cinayət işləri və materiallara əməlin cinayət olmasını və cəza tətbiq edilməsi zərurətini aradan qaldıran yeni qanunun qüvvəyə
minməsi ilə əlaqədar cinayət işinə xitam verilir və ya cinayət təqibinin başlanması
rədd edilir.
Cinayət Məcəlləsinin 10.3-cü
maddəsinə əsasən,
əməlin (hərəkət
və ya hərəkətsizliyin) cinayət
sayılmasını və
bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən,
yaxud cinayət törətmiş şəxsin
vəziyyətini başqa
cür yaxşılaşdıran cinayət
qanununun geriyə qüvvəsi vardır.
Beləliklə, Cinayət Məcəlləsinin
192, 192-1, 193, 205-2, 213-cü maddələrində
göstərilən əməllərin
törədilməsi nəticəsində
dövlət büdcəsinə
ödənilməkdən yayındırılmış
vergi məbləğləri
iyirmi min manatdan az olduqda
həmin cinayətlərə
dair işlər
üzrə cinayət
təqibi başlanıla
bilməz, başlanmış
cinayət təqibinə
isə xitam verilməlidir.
Vergi orqanları
qeyd olunan maddələrdə göstərilən
əməllərin inzibati
məsuliyyətə səbəb
olması məsələsini
araşdırır və
qanunvericiliklə müəyyən
edilmiş qaydada müvafiq tədbirlər görürlər. Yəni vergi
orqanları tərəfindən
inzibati xəta tərkibinin bütün əlamətlərinin olub-olmaması
araşdırılmalı və
inzibati xəta tərkibi mövcud olduğu təqdirdə İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsində
müəyyən edilmiş
müddətlər gözlənilməklə
inzibati xəta haqqında protokol tərtib edilir.
Cinayət xarakterli materiallar
Vergilər Nazirliyinin Hüquq baş idarəsi və Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsi vasitəsilə
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai
Araşdırılması Departamentinə
göndərilən zaman
vergi orqanları tərəfindən son dəyişikliklər nəzərə alınır
və həmin materialların göndərilməsi
üçün müvafiq
sənədlər hazırlanarkən
qeyd olunan
dəyişikliklərin tələbləri rəhbər
tutulur. Bu işə Vergilər Nazirliyinin Vergi cinayətlərinin təhlili
və vergi borclarının alınması
işinin təşkili
baş idarəsi də cəlb olunub. Qeyd etmək lazımdır
ki, bu idarə
hesablanmış vergilər
və faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış
borcların dövlət
büdcəsinə alınması
işinin təşkilinin
daha da təkmilləşdirilməsi,
vaxtında təqdim edilməmiş vergi bəyannamələrinin alınması,
habelə vergi orqanları ilə icra qurumları arasında işin təşkili, vergi cinayətlərinin sayının
azaldılması üçün
cinayət tərkibi yaratmayan borc materiallarının əvvəlcədən
araşdırılması, vergi cinayətlərinin təhlili və araşdırılması sahəsində
Vergi Cinayətlərinin
İbtidai Araşdırılması Departamentinə
metodiki kömək göstərilməsi məqsədilə
yaradılıb.
Ölkə Prezidentinin
sərəncamları Azərbaycanda
vergi borcları kimi qanunsuz əməllərin
də dekriminalizasiyası
istiqamətində çox
mühüm addım hesab edilə bilər. Bu, biznes fəaliyyəti
ilə məşğul
olarkən qanunsuz əməllərə yol vermiş, lakin cəmiyyətə yararlı
insanları cinayət
dünyasına qatılmaqdan
xilas etməklə yanaşı, dövlət
büdcəsindən məhkumların
saxlanmasına ayrılan
xərcləri də azaldır.
Cinayət məsuliyyətinə
cəlb olunmadan azadetmə vergidən yayınmaq üçün
əsas ola bilməz. Bu qəbildən olan cinayət işlərinin icraatına xitam verildikdən sonra borclu vergi ödəyicilərinin
dövlət büdcəsindən
yayındırdıqları borcları silinmir, onlar buna görə,
sadəcə, cinayət
məsuliyyəti daşımırlar.
Bu isə o deməkdir ki, qanunvericiliyə edilmiş
dəyişiklik vergi ödəyicilərini vergi
öhdəliklərindən azad etmir. Başqa
sözlə, həmin
borc məbləğləri
könüllü şəkildə
ödənilmədiyi təqdirdə,
onların məcburi qaydada alınması üçün vergi orqanları qüvvədə
olan qanunvericiliyə uyğun olaraq müvafiq inzibati tədbirlər görür.
Samir Mustafayev
Mövqe.- 2019.- 23
oktyabr.- S.10