Sahibkarlıq mühitinin
sağlamlaşdırılması davamlı xarakter alıb
Son
illər Azərbaycanda sahibkarlıq subyektlərinin dövlət
qeydiyyatının sadələşdirilməsi, bu sahədə
müasir informasiya kommunikasiyalarının mütərəqqi
yeniliklərinin tətbiqi istiqamətində kompleks tədbirlər
həyata keçirilmiş, «e-xidmətlər»in geniş tətbiqi
biznes mühitinin daha da yaxşılaşdırılmasına
səbəb olmuşdur.
Xatırlatmaq lazımdır ki, Prezident İlham Əliyevin hələ 30 aprel 2007-ci il tarixdə imzaladığı
«Azərbaycan Respublikasında
sahibkarlığın inkişafı
ilə bağlı bəzi tədbirlər haqqında» fərman bu istiqamətdə mühüm sənədlərdən
olmuşdur. Belə bir fərmanın
imzalanması o dövrə
qədər çoxpilləli
biznesə başlamaq sahəsində mövcud problemlərin həlli, eyni zamanda, süründürməçilik
hallarının aradan
qaldırılması sahəsində,
sözün əsl mənasında, fundamental dəyişikliklərə yol
açmışdır. Bu məqsədlə fərmanda
vahid kodlaşdırmanın
aparılması, biznes
strukturlarının «bir
pəncərə» - vahid
qeydiyyat orqanı tərəfindən qeydə
alınması məsələləri
əksini tapmışdı.
Həmçinin, fərmanda
biznes strukturlarının
fəaliyyəti üçün
torpaq ayırmalarının,
tikinti, yenidənqurma
və bərpa işlərinə icazə
verilməsi prosedurlarının
sadələşdirilməsi, tikintinin ekspertizadan keçirilməsi sahəsindəki
bürokratik əngəllərin
aradan qaldırılmasına
geniş imkanlar açılması kimi məsələlər ehtiva
olunmuşdu.
Ötən illərdə sahibkarlıq
subyektlərinin «bir pəncərə» prinsipi üzrə qeydiyyat sisteminin tətbiqi, habelə bu sahədə elektron xidmətlərin genişləndirilməsi
sahibkarlıq fəaliyyəti
subyektlərinin qeydiyyatının
dinamikasına müsbət
təsir etmişdir.
2007-2016-ci illərdə həyata
keçirilmiş bu islahatlar hüquqi şəxslərə və fərdi
sahibkarlara vergi orqanına getmədən internet vasitəsilə vergi uçotuna dayanma imkanı yaratmışdır. 2008-2013-cü illərdə vergi orqanları tərəfindən
ümumilikdə, 400 mindən
çox sahibkarlıq
subyekti, o cümlədən
50 minə yaxın kommersiya hüquqi şəxs «bir pəncərə» prinsipi əsasında qeydiyyata
alınmış və
bu mütərəqqi
qeydiyyat üsulundan yararlanmışlar.
Bu sistemin tətbiqindən
sonra Azərbaycanın
investisiya cəlbediciliyi
əhəmiyyətli dərəcədə
yüksəlmiş, sahibkarlığın
inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində
aparılan islahatlar beynəlxalq təşkilatlar
tərəfindən yüksək
qiymətləndirilmişdir. Davos İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyi
üzrə dünya miqyasında 144 ölkə
arasında 35-ci yerdədir
və ardıcıl olaraq 9 ildir ki, MDB ölkələri arasında birincidir.
Ölkə başçısının
2014-cü il 3 mart tarixli «Sahibkarlığın
inkişafı ilə
bağlı əlavə
tədbirlər haqqında»
fərmanı bu sahədə ötən illərdən başlanmış
islahatların mütərəqqi
davamını təmin
edəcək mühüm
sənəd kimi dəyərləndirilir. Fərman Azərbaycanda
biznes mühitinin daha da yaxşılaşdırılması
və ən qabaqcıl təcrübələr
əsasında təkmilləşdirilməsi
istiqamətində mühüm
tədbirlərin həyata
keçirilməsinə, sahibkarlığın
inkişafına geniş
imkanlar açmışdır.
Fərmanla müəyyənləşdirilmiş
vəzifələr aidiyyəti
dövlət qurumları
ilə birlikdə qabaqcıl beynəlxalq təcrübə nəzərə
alınmaqla sahibkarlıq
sahəsində 8 istiqamət
üzrə geniş islahatların aparılmasını
tələb edir.
Preamblua hissəsində
qeyd olunduğu kimi, fərman ölkədə sahibkarlıq
fəaliyyətinin dövlət
tənzimlənməsinin təkmilləşdirilməsinə
və əlverişli
biznes mühitinin formalaşdırılmasına xidmət
etmişdir. Fərmana
əsasən, Nazirlər
Kabineti
qabaqcıl beynəlxalq təcrübəni
nəzərə almaqla
Vergilər, İqtisadiyyat
və Sənaye, Ədliyyə, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri,
habelə Azərbaycan
Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (fərdi sahibkarların) “bir pəncərə” prinsipinə uyğun olaraq elektron qeydiyyatı zamanı prosedur və müddətlərin azaldılması
üçün qanunvericiliyə
dəyişikliklər edilməsi
barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etmişlər.
Sənəddə, həmçinin tikintiyə icazələrin
verilməsi sahəsində
prosedur və müddətlərin azaldılması;
elektrik təchizatı
şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron
qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin minimuma endirilməsi; daşınmaz
əmlaka hüquqların
dövlət qeydiyyatı
sahəsində prosedur,
müddət və xərclərin azaldılması;
kreditlərin verilməsi
prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi;
idxal-ixrac əməliyyatları
zamanı tələb
olunan sənədlərin,
müddət və xərclərin azaldılması
üçün müvafiq
təkliflərin hazırlanması
tapşırılmışdı.
İqtisadiyyat Nazirliyi fərmanda verilmiş tapşırıqların
icrası ilə bağlı təkliflər
paketini hazırlayaraq aidiyyəti dövlət qurumlarına təqdim edib. Təkliflər paketi hazırlanarkən dünyada mövcud ən qabaqcıl və mütərəqqi təcrübə əsas götürülüb. Fərmana
uyğun olaraq aparılacaq islahatlar çərçivəsində 2-si yeni olmaqla 6 qanunun qəbulu nəzərdə tutulur.
"Özəl kredit
büroları haqqında"
qanuna əsasən, hüquqi və fiziki şəxslərin kredit tarixçəsini aparan özəl kredit büroları yaradılacaq.
"Təminatlı
əqdlər haqqında"
qanunla mülkiyyət
hüququ dövlət
qeydiyyatına alınmayan
əmlak və digər hüquqlar üzərində təminat
hüquqlarının yaranması,
qeydiyyatı, həyata
keçirilməsi və
s. məsələlərlə bağlı münasibətlər
tənzimlənir. Qeyd
olunan qanunların qəbul olunması bank xidmətləri sferasının genişlənməsinə,
eləcə də sahibkarların maliyyə xidmətlərinə çıxış
imkanlarının daha
da artırılmasına
imkan yaradacaqdır. Bundan başqa, «Müflisləşmə
və iflas haqqında» Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsi məqsədilə
Mülki Məcəlləyə,
Şəhərsalma və
Tikinti Məcəlləsinə,
«Müflisləşmə və
iflas haqqında» qanuna və digər qanunvericilik aktlarına dəyişikliklərin
edilməsi ilə bağlı təkliflər hazırlanacaqdır.
Ölkə başçısının fərmanı əsasında
təkliflərin hazırlanması
zamanı biznesin qeydiyyatı və investorların maraqlarının
müdafiəsi sahəsində
Yeni Zelandiyanın, tikintiyə icazələrin
alınması sahəsində
Honq Konqun, elektrik təchizatı şəbəkələrinə qoşulma sahəsində İslandiyanın, əmlak
hüquqlarının dövlət qeydiyyatı sahəsində Gürcüstanın,
kreditlərin verilməsi
sahəsində Malayziyanın,
idxal-ixrac əməliyyatları
sahəsində Sinqapurun,
müəssisələrin bağlanması
sahəsində Yaponiyanın
təcrübəsi öyrənilmişdir.
İdxal-ixrac əməliyyatlarının aparılması
sahəsində «bir pəncərə» sisteminin
təkmilləşdirilməsi də diqqət mərkəzindədir. Xatırladaq
ki, 2009-cu ilin 1 yanvarından etibarən Azərbaycan Respublikası
dövlət sərhədinin
buraxılış məntəqələrindən
keçirilən malların
və nəqliyyat vasitələrinin yoxlanılmasında
"bir pəncərə"
prinsipi tətbiq edilir. Yeni Gömrük
Məcəlləsinin tətbiqi
ilə idxal-ixrac əməliyyatları sahələrində
inzibati prosedurlar daha da sadələşdirilib.
«Sahibkarlığın inkişafı
ilə bağlı əlavə tədbirlər
haqqında» fərmana
müvafiq olaraq bu sahədə islahatlar davam
etdiriləcəkdir. bir sıra normativ-hüquqi
aktlara dəyişiklik
edilməklə idxal-ixrac
zamanı gömrük
nəzarətinin həyata
keçirilməsi üçün
cəmi 2 sənəd
- nəqliyyat sənədi
və bəyannamə
tələb olunmalıdır.
Biznes və
investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər
həyata keçirilib.
Bu baxımdan qanunvericilik bazasının təkmilləşdirilməsi,
korrupsiyaya qarşı
mübarizənin gücləndirilməsi,
sahibkarlığa dövlət
dəstəyinin genişləndirilməsi,
vergi yükünün
azaldılması, sağlam
rəqabətin təmin
edilməsi, “bir pəncərə” prinsipinin
tətbiqi, "ASAN xidmət"
modelinin formalaşdırılması, biznes
forumların, konfransların
keçirilməsi və
digər tədbirlər
nəticəsində regionlarda
güclü özəl
sektor yaranıb.
Regional inkişaf tədbirlərinin
davamı kimi ölkə başçısının
2014-cü il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı»nın regionların
inkişafı sahəsində
2004-cü ildən başlanmış
tədbirlərin uğurlu
davamına təminat yaradıb. Dövlət
Proqramı ölkədə
makroiqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi,
yeni müəssisə
və iş yerlərinin yaradılması,
irimiqyaslı infrastruktur
layihələrinin həyata
keçirilməsi, kommunal
xidmətlərin səviyyəsinin
yüksəldilməsi, əhalinin
rifah halının daha da yaxşılaşdırılması və
yoxsulluq səviyyəsinin
azaldılması kimi prioritetləri özündə
ehtiva edir.
Samir Mustafayev
Mövqe.- 2019.- 6 sentyabr.- S.10