Aprel müharibəsindən Vətən Müharibəsinə uzanan yol-zəfər alnımıza yazılıb...

 

Tapdıq Ələkbərov:” Xoşbəxtəm ki, qismətimə həm Aprel döyüşlərində, həm də Vətən Müharibəsində iştirak etmək, düşmənə qarşı döyüşmək yazılıb”

 

“Şuşaya gedib Şuşanın müdafiəsini qurduq...”

 

 “Bizə verilən bütün döyüş tapşırıqlarını böyük qürurla və məsuliyyətlə yerinə yetirmişik”

 

 Tatami üzərində döyüşməklə cəbhədə döyüşməyin arasında yerlə-göy qədər fərq olsa da, amma sonucda onları birləşdirən bir nöqtə olur-qalibiyyət, zəfər qazanmaq. İdman arenalarında rəqibi dizə çökdürüb qalib gələn, şanlı bayrağımızı zirvələrə ucaldan oğullar Vətən Müharibəsində də yaxından iştirak etdilər. Vətən sevgisini bütün sevgilərdən, düşmən üzərində qələbəni bütün uğurlarından üstün tutaraq könüllü olaraq Vətənin müdafiəsinə yollanan oğullarımızdan birini tanıtmaq istəyirik sizə. Taekvonda üzrə dəfələrlə respublika çempionu olan, bir sıra beynəlxalq səviyyəli yarışlarda iştirak edən və medallar qazanan, ikinci dan qara kəmər, Tovuz taekvondo klubunun yetirməsi Tapdıq Ələkbərovdan danışacağıq. Tapdıq Ələkbərovu respublikanın taekvondo ictimaiyyəti çox yaxşı tanıyır və dünən Tapdığın rəqib üzərində qələbələri ilə öyünən taekvondo ailəsi bu gün onun düşməni məğlub edib torpaqlarımızı işğaldan azad edən oğullarımızın cərgəsində olmasından qürur hissi keçirir. Tapdıq kimi oğullar Vətənin əbədi qəhrəmanlarıdır ki, bu qəhrəmanlar həmişə xalqın güvənc, ümid yeridir.

 

Tapdıq qədim Oğuz yurdu Tovuzdandı, o Tovuzdan ki, düşmən bir qarış da olsun torpaq qopara bilməyib, hər həmləsində Tovuz igidləri burnunu ovub düşmənin. Düşmən bu ilin 12 iyul tarixində Tovuza cəbhəsində təxribat törətdi, sanki bununla tovuzluların qeyrətini, cəsarətini sınağa çəkirdi. Keçən əsrin 90-cı illərində olduğu kimi yenə də bütün tovuzlular ayağa qalıxdı və düşmənə layiqli cavab vermək üçün ordumuzun, dövlətimizin yanında oldu. Tovuzlular düşmənlə döyüşmək üçün Ali Baş Komandanın əmrini gözlədilər. Azərbaycan Sərhəd Qoşunlarının və Milli Ordumuzun şücaəti nəticəsində düşmən geri çəkildə də, sentyabrın 27-də cəbhənin digər istiqamətindən təxribatlara başladı. Nəticədə Vətən Müharibəsi başladı. Vətən Müharibəsinin qəhrəmanlarından biri olan T. Ələkbərov çox gənc olsa da, özünəməxsus döyüş yolu keçib. 2016-cı ildə 4 günlük Aprel Müharibəsində də yaxından iştirak edən Tapdıq öz cəsurluğu, qorxmazlığı ilə seçilib. 1996-cı il yanvarın 4-də Tovuz şəhərində anadan olan Tapdıq 4 yaşından idmanın taekvondo növü ilə məşğul olmağa başlayıb. Tapdıq Ələkbərov hazırda cəbhədədir, telefonla əlaqə saxlayıb danışdıq. Tapdıq deyir ki, ailədə üç uşaq olublar, Tovuz rayon Puşkin adına orta məktəbdə oxuyub. “4 yaşımdan taekvondo idman növü ilə məşğulam, uşaq vaxtlarımdan klublar arası yarışlarda, rayon çempionatlarında çempion olmuşam, fərqlənmişəm. 2008-ci ildə ilk dəfə taekvondo üzrə respublika çempionu olmuşam. Yuqaslaviyada keçirilən taekvondo üzrə Avropa çempionatında iştirak etmişəm, medala çıxışda uduzmuşam. 2009-cu ildə yenə respublika çempionu olmuşam, 2010-cu ildə isə Azərbaycanda keçirilən beynəlxalq turnirin çempionu adını qazanmışam. 2012-ci ildə respublika ikincisi, 2013-cü ildə isə respublika çempionu olmuşam. Həmin il Portuqaliyanın Porto şəhərində keçirilən Avropa çempionatının üçüncüsü olmuşam. İkinci dan qara kəmər sahibiyəm”.

 

T.Ələkbərov deyir ki, Vətənin müdafiəsinə könüllü qatıldığı üçün özünü xoşbəxt sayır. Murov yüksəkliyinin düşməndən azad edilməsində yaxından iştirak edən T.Ələkbərov Şuşaya ilk qədəm basan igidlərimizdən biridir. Döyüş yolu Füzulidən Şuşayacan qədər uzanır Tapdığın. “Bizə verilən bütün döyüş tapşırıqlarını böyük qürurla və məsuliyyətlə yerinə yetirmişik. Bundan sonra yolumuz Kəlbəcərədir və Kəlbəcərin müdafiəsində dayanacağıq. İndi sizinlə Şəmkirdən danışıram 2014-2016-cı illərdə əsgəri xidmətdə olmuşam. Taleyim elə gətirdi ki, mən əsgərlikdə olanda Aprel döyüşləri baş verdi və 4 günlük müharibədə mən də yaxından iştirak etdim. Xoşbəxtəm ki, qismətimə həm Aprel döyüşlərində, həm də Vətən Müharibəsində iştirak etmək və düşmənə qarşı döyüşmək yazılıb. Vətənə xidmət etmək şərəfdir. Bu müharibədə manqa komandiri olmuşam, sonra vəzifəm dəyişdi TŞK manqa komandiri oldum. Bizim sonuncu döyüşdüyümüz yer Füzuli oldu, sonra Şuşaya gedib Şuşanın müdafiəsini qurduq. Biz Şuşada döyüşmədik, müdafiədə olduq. Şuşanın gözəlliyini dillə demək çətindi, Şuşanı görmək çox gözəl bir hissdir. Şuşadan Kəlbəcərə getməliydik, bizim vaxtımız çatıb gedənə kimi müharibə Azərbaycanın qələbəsi, düşmənin məğlubiyyəti ilə başa çatdı...”

 

Tapdığın müəllimi, məşqçisi, Tovuz Taekvondo klubunun rəhbəri Ümid Axundov tələbəsi ilə fəxr edir. Ümid müəllim dedi ki, Tapdıq lap balaca vaxtlarından kluba gəlib və burada məşqlərə başlayıb:”O vaxtdan fəal idi. Çox diribaş idi. Hər yarışda çempion olub qayıdırdı. Uşaqlıqdan cəsarətlidir, qorxmazdır, bir sözlə, ürəkli olub, onun qorxu haqda təsəvvürü yoxdur, qorxmağın nə olduğunu bilmir. Fəxr edirəm ki, Tapdıq Aprel Müharibəsində də iştirak edib. Əsgərlikdən qayıtdıqdan sonra yenidən məşqlərə gəldi, sonra 2-ci dan qara kəmər aldı, müəllimlik seminarından keçdi. Hazırda fəaliyyət göstərməsə də Azərbaycan Taekvondo Federasiyasının məşqçi-müəllimidi. Müəllimliyə də mənim yanımda başladı, amma sonra məşğul olmadı. 2013-cü ildə Tapdıq Avropa üçüncüsü oldu. Sağ olsun gənclər üzrə yığma komandanın baş məqçisi Mamed Abdullayev Tapdığa böyük dəstək göstərdi, Portuqaliyaya apardı və o orada üçüncü yerə çıxdı. 2013-cü ildən əvvəl bir neçə respublika çempionu olub, sonra şəhid Zaur Axundovun xatirəsinə keçirilən taekvondo turnirlərində həmişə qalib olub, mükafatçı olub. Demək olar ki, Tapdığın medalının sayı-hesabı yoxdur.

 

Onu da deyim ki, Tapdıq bizim zala məşqə gələndə biz onda biz Coşğun müəllimlə birgə məşq keçirdik. Amma əvvəldən sona qədər Tapdığının qanuni müəllimi mən olmuşam. Hətta o ikinci dan qara kəmərə imtahan verəndə mən də üçüncü dana imtahan vermişəm, imtahana birgə hazırlaşmışıq. Şükür Allaha çox böyük uğurla da imtahandan keçdik. Onun müəllimlik statusu almağında da mənim böyük köməyim olub. O vaxt mən dedim ki, səndə müəllimlik potensialı var və indidəndən müəllimlik statusunu al, lazım olanda işləyərsən. Tapdıq həmişə diqqətimdə olan tələbə olub, çünki o daim öz üzərində işləyib və etimadımı doğruldub. Fəxr edirəm ki, Tapdıq könüllü şəkildə Vətənin müdafiəsinə qoşulubözünü doğruldub. Düşmənin Tovuzda törətdiyi iyul təxribatından, Tovuz döyüşlərindən sonra Tapdıq hərbi komissarlığa gedib könüllü kimi qeydiyyatdan keçmişdi. Sentyabrın 21-də Tapdığı hərbi xidmətə çağırdılar, o müharibədən 6 gün əvvəl gedib. Hələ də cəbhədədi”.

 

Ümid müəllim deyir ki, tələbələrindən çox razıdır. Tələblərinin bir neçəsinin Vətən Müharibəsində şücaətlər göstərdiyini deyən Ümid müəllim respublika çempionu titullu tələbəsi Cavid Hüseynovun Vətən Müharibəsində şəhid olduğunu da xatırlatdı. Bildirdi ki, Cavid də Tapdıq və başqa tələbələri də Vətən Müharibəsində yaxından iştirak edib, amma Cavidin qismətinə uca şəhidlik adı yazılıb.

 

Azərbaycan taekvondosunun fəxrlərindən biri olan Tapdıq Ələkbərov isə hələ də Vətənin müdafiəsində dayanıb. Qürurlu, vüqarlı Vətən oğullarımızdan biri kimi Tapdıq da düşmənə göz dağı, bizə fəxr ünvanı olan igidlərimizdəndir. Tapdıq deyir ki, Vətənin başını daha heç vaxt qara buludlar ala bilməz, çünki Vətən oğulları qara buludları öz şimşək qəzəbləri ilə parça-parça ediblər. Hər an Vətənin keşiyində ayıq- sayıq dayanıb igidlərimiz. Düşməninin alayını dağıdıb, öldürdüklərini öldürüb, qalanlarını isə sınırlarımızdan qovub çıxarıblar. Düşmənə elə göz dağı veriblər ki, birqorxusundan cəsarət edib bizimlə üz üzə gəlməz. Laçın baxışlı, dağ vüqarlı, lay divar oğulların səni yenidən həyata qaytardı Vətən, yenidən sənin şöhrətini dünya ilə bir etdilər. Tapdıq kimi oğulların sənin qüdrətindən güc alıb yağıya göz dağı çəkib Vətən! Elə bir göz dağı ki, birgözü çıxmış düşmən bizim torpaqlara göz dikməz, gözünü ovub oğulların düşmənin Vətən!

 

Sərhəd dirəklərinə, ən uza zirvənə, kəndinə şəhərinə, ulu Xudafərininə bayrağını sancıb oğulların. Bayraq sancan oğullarının əlləri var olsun Vətən!!!

 

İradə SARIYEVA

Mövqe.- 2020.- 1 dekabr. S. 9.