Nişanlı idi, toyu olacaqdı, şəhidlik zirvəsinə ucaldı

 

Vətən müharibəsində şəhidlərimiz adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdılar. Onların arasında Azərbaycan Ordusunun 23 yaşlı leytenantı Ətraf Qənimətov da var..

.Qənimətov Ətraf Oktay oğlu 1997-ci ilin martın 20-də Şəki rayonu, Dəmiryol köçkün qəsəbəsində anadan olub. 2003-cü il Şəki şəhər Çələbixan qəsəbəsində məcburi köçkünlər üçün tikilən tam orta məktəbinin 1-ci sinifinə daxil olub və 2014-cü ildə həmin məktəbi bitirib.

Ali təhsilini Sumqayıt Dövlət Universitetinin Tarix və Coğrafiya fakültəsində alıb. 2018-ci ildə həmin univeristeti bitirib və həqiqi hərbi xidmətə gedib.

2019-cu ilin yanvarında hərbi xidmətini başa vurub. Həmin ilin martın 1-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunan “Ehtiyat zabit hazırlığı kursu”na qəbul edilib. İyunun 4-də kursu bitirib və leytenant rütbəsi alaraq Qazax rayonunda yerləşən N saylı hərbi hissədə xidmətə başlayıb.

Vətən müharibəsi başlayan kimi könüllü olaraq ərizə yazaraq oktyabrın 11-də cəbhənin Füzuli istiqamətində döyüşlərə qatılıb. Ayın 13-də Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Düşmənin hücumlarına görə Ətrafın meyitini döyüş meydanından yalnız 17 gün sonra götürmək mümkün olub. Oktyabrın 30-da Şəki şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Şəhid leytenantın ailəsi əslən Laçındandır. Düşmən işğalından sonra məcburi köçkün kimi Şəki şəhərində məskunlaşıblar. Ətraf uşaq yaşlarından bütün sahələrdə fəallığı ilə seçilirmiş. Hərb sənətinə, zabit olmağa çox böyük marağı varmış. Elə bu istək həqiqi hərbi xidmətdən sonra onu orduda saxlayıb. Ali təhsilli olsa da, zabit hazırlığı kursunu bitirərək leytenant rütbəsi alıb.

Ətraf Laçını görməmişdi, amma nədən söz düşürdü, hansı mövzudan danışırdısa, sözü Laçının üzərinə gətirirmiş. Ata-baba yurdunu azad görmək ən böyük arzusu idi. Hər zaman "İşğal altında olan torpaqlarımızın azad olunması, Vətənimizin bütövlüyü hər şeydən önəmlidir" deyərmiş şəhid zabitimiz.

Şəhidin qohumu, həmçinin müəllimi olan Xıdır Əsədovun sözlərinə görə, Ətraf orta məktəbdə oxuduğu vaxtlardan hərbiyə böyük marağı olub: "Məktəbi bitirməmiş sənədlərini toplayıb Hərbi Liseyə vermişdi".

Atası Oktay Qənimətov oğlunun yoxluğu ilə barışa bilməsə də, şəhid atası olmağından qürur hissi keçirdiyini bildirir. O, sonuncu dəfə şəhidlik zirvəsinə yüksəldiyi gün, yəni oktyabrın 13-də oğlu ilə telefonla danışıb. Ata həmin danışığın səs yazısını hələ də saxlayır.

"Ətraf qarşısına hərbçi olmağı məqsəd qoymuşdu. Hətta deputata da müraciət etmişdi ki, bu məsələdə mənə kömək et. Dedim ki, qardaşın Ali Hərbi Məktəbdə təhsil alır, hərbçi olacaq, sən getmə. Razı olmadı, cavab verdi ki, hərbçi olacağam", - atası deyir.

Qəhrəman zabit Ətraf Qənimətov nişanlı idi. Koronavirus pandemiyası səbəbindən xeyir ertələnmişdi. Müharibə bitən kimi Ətrafa toy çalınacaqdı.

Anası Zəminə xanım deyir ki, oğlu evin böyük övladı olub. Ondan balaca qardaşı hazırda Ali Hərbi Məktəbdə təhsil alır. Anası söyləyir ki, bala dərdi çəkmək çətindir, lakin şəhid zabitin anası olmaq böyük şərəfdir.

Şəhidlər ölmür, onlar bu həyatdan yalnız cismən köçür. Ətraf Qənimətovun Füzuli istiqamətində döyüşə getdiyi son kadrlar isə hər şeyi aydın göstərir. Vətən sevgisi, döyüş ruhu yalnız bu qədər yüksək ola bilər...

 

Mövqe.- 2020.- 8 dekabr. S. 11.