Ailənin yeganə
övladı olan 26 yaşlı şəhid...
Snayper Elvin Əlimərdanov Suqovuşanda göyün
yeddinci qatında ucalıb...
Ramil
Abdullayev:“Təsəllimiz odur ki, Azərbaycan ordusu zəfər
qazandı və bacımın yeganə övladı Elvinin
qanı yerdə qalmadı, qəhrəman əsgərlərimiz
onun qanını düşməndən artıqlaması ilə
aldılar”
“Oktyabrın
16-dan dekabrın 1-ə qədər biz Elvini
axtarmışıq, sonra DNT analizi keçirildi və həmin
analizin nəticəsində Elvinin nəşi bizə verildi”
“O müharibəyə könüllü gedib”
Bütün şəhidlərin taleyi bir-birinə bənzəyir, yarımçıq, nakam... Bu bənzər ömürləri bir-birinə daha sıx birləşdirən bir özəllik var-qəhrəmanlıq, Vətən uğurunda gözünü qırpmadan canını fəda etmək. 44 günlük Vətən müharibəsi Azərbaycan oğullarının səbrinin və qeyrətin sınağa çəkildiyi bir savaşdır.
Düşmənə nifrətdən, Vətənə, yurda tükənməz sevgidən, tarixi ərazilərimizi qorumaq hissindən yoğulan bu qeyrət oğullarımızı Vətən savaşında ön cəbhədə birləşdirdi. Kürək kürəyə verib, ürək ürəyə qovuşlub düşmənə qan udduran oğullarımızın sırasında ailənin yeganə övladları da az olmayıb. Onlar vətən savaşında qismən səfərbərliyə cəlb edilmələr də, özləri öz ürəklərinin səsini eşidib Vətənin səsinə səs veriblər. Belə oğullarımızdan biri də Elvin İlham oğlu Əlimərdanovdur.
Qarapapaq türklərinin məskənindən, adı bəlli oğuz ellərindən olan Borçalı mahalının - Bolnisi rayonun Saraclı elinin oğludur Elvin. O qarapap ellərinəndir ki, qarapapaq oğulları tarixin ayrı-ayrı çağlarında türkün başı sıxışanda, türk ellərin başını qara büludlar alanda atlanıb silaha sarılıb qardaş harayına qanadlanıblar. Bunlar o qarapapaq igidləridir ki, Osmanlı türklərinin harayına yetişib Çanakkala savaşında şücaətlər göstəriblər, düşmənin gözünü, burnunu ovublar, dizini qırıblar. O qarpapaq kişilərinin bu gün məzarları Çanakkala şəhidliyi məzarlığındadır. 1918-ci il Bakını daşnak-bolşevik birləşmələrindən xilas edən qəhrəman Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun da əsgərləri sırasında Borçalı oğulları-qarapapaq igidləri vardı...
Birinci Qarabağ savaşında Borçalı oğulları da qəhrəmanlıqlar göstərib. Dəmir mayor ləqəbli Milli Qəhrəman Vəzir Sədiyevin qərhəmanlığı bu gün də xatırlanır. Bundan başqa neçə-neçə Borçalı övladları Birinci Qarabağ savaşında iştirak edib, qəhrəmanlıqlar göstəriblər.
44 günlük Vətən Müharibəsində təkcə Saraclı elindən 30-dan artıq igid soydaşımız iştirak edib. Onlardan biri də şəhidlik mərtəbəsinə yüksələn Elvin İlham oğlu Əlimərdanovdur.
Elvin Əlimərdanov 1994-cü ilin dekabr ayının 12-də Sumqayıtda anadan olub. Amma orta məktəbi Bolnisi rayonun Saraclı kəndində, öz kökünün bağlı olduğu doğma yurdda bitirib, sonra isə anası ilə yenidən Sumqayıta köçüblər. Elvin anasının yeganə övladı, ümidi, pənahı, arxa-dayağı, sevinci, arzusu idi.
Elvin şəhid olandan bəri Yeganə xanımın gecəsi-gündüzü yoxdur, Vətən yolunda qurban verdiyi şəhid balasının nakam taleyinə göz yaşı axıdır.
Çəkənə ver
Qalyanı çəkənə ver.
Mən dərdi çəkənmirəm
Məndən al çəkənə
ver...
Elvinsizlik dərdini daşıya bilmir, qəlbinə vurulan oğul yarasını heç nə ilə ovuda bilmir, heç kəs ona təsəlli verib ağrılarını dinşədə bilmir. Hey gözü yollardadır...
Analar anar ağlar,
Hər dərdi qanar ağlar.
Dönər göy göyərçinə
Yollara qonar ağlar.
Yeganə xanım hər ayaq səsindən, hər qapı zəngindən həyacanlanır,
elə bilir ki, balasının ayaq səsidi, qapını döyən bircəsidir. Amma bircəsinin də yolu ədəbiyyətdə
gedib qovuşduğu üçün ancaq anasının xəyallarına
və yuxularına qayıdır, evə qayıtmır...
Elvin Tovuz hadisələri
başlayanda hərbi komissarlığa gedərək
qeydiyyatdan keçib. Əsgərlik dövründə kəşfiyyatçı-snayper
olduğu üçün
qeydiyyatdan keçməsinə
heç bir əngəl olmur və evə qayıdıb cəbhəyə
çağırılacağı günü gözləyir...Anasının göz yaşlarına, yalvarışlarına,
“sən getsən mən nə edərəm, başına
bir iş gəlsə yaşamaram” israrlarına Elvin “müharibəyə
gedib döyüşəcəyəm”
cavabını verir.
Müharibəyə getməkdə israrlı
idi Elvin.
Elvinin dayısı Ramil Abdullayev deyir ki, bacısı oğlu orta təhsilli olub və BP –nin “Azfen” şirkətində işləyirdi, müharibəyə
də buradan gedib:”Tovuz döyüşləri
zamanı könüllü
olaraq orduya yazılmışdı. Amma bildiyimiz
kimi Tovuz hadisələri cəmi bir neçə gün davam etdi. Vətən Müharibəsi başlayanda
Elvinin iş yerinə çağırış
vərəqəsi gəldi.
Əslində, o müharibəyə könüllü gedib.
Oktyabrın 6-da cəbhəyə getdi və Tərtərdə,
Suqovuşan ərazisində
döyüşürdü. Oktyabın
16-da onun şəhid olduğu xəbərini eşitdik. Amma heç cür onun nəşini tapa bilmirdik, bu da bizdə
ümid yaradırdı
ki, bəlkə də heç şəhid olmayıb, sağ tapılacaq. Oktyabın
16-dan dekabrın 1-ə qədər
bu axtarışları
davam etdirdik. Uzun axtarışlardan sonra Elvinin nəşi tapıldı və dekabrın 1-də nəşini
bizə verdilər.
Alənin yeganə övladı
idi Elvin. Elvinin ata-anası
ayrılmışdı və
Elvin bizim yanımızda
böyüyüb, anası
ilə birgə bizimlə yaşayıblar”.
Dekabrın 12-də 26 yaşı tamam olan Elvin subay idi, arzuları, istəkləri bitib tükənmirdi, ailə həyatı qurub xoşbəxt yaşamaq istəyirdi deyir dayısı. Elvinin Xırdalandakı şəhidlər məzarlığında
dəfn edildiyini deyən Ramil bəyin sözlərinə
görə, ad günüdə
şəhidimizin məzarını
ziyarət ediblər.
“Elvin o qədər arzuları vardı ki. Evlənib ailə qurmaq,
övlad sahibi olmaq, xoşbəxtlik idi arzusu. Elvinin anası heç cür oğlunun gənc yaşında şəhid olması ilə barışmır.
Yeganə övladını itirib bacım, dərd-qəm içində
yaşayır. Bacımın gözləri yoldadır ki, birdən Elvinin şəhidlik xəbəri yalan olar o, qapını içəri girər.
Elvinin anası hələ də ümid edir ki, birdən Elvinin şəhidliyi yalan ola
bilər, ona görə də hər an gözü yolda qulağı səsdədir. Deyir ki, birdən
Elvin zəng vurub deyə bilər ki, ana, mən
sağam, şəhid
olmamışam. Elvinin
döyüşçü yoldaşları bizə xəbər verdi
ki, Elvin şəhid olub, əraziyə top mərmisi düşüb
və oralarda toz-dumana qarışdığı
üçün onun nəşini tapa bilməyiblər. Elvinin komandiri də oktyabrın 20-də şəhid
olub, o İkinci Fəxri Xiyabanda dəfn olunub...
Elvin əsgərlikdə kəşfiyyatçı-snayper olmuşdu, çox sərrast atıcı idi. Vətən müharibəsində də snayper idi, quru qoşunlarda
olub. Elvinin yanındakı döyüşçü
yoldaşları birinci
bizə demişdilər
ki, erməni snayperi onun qolundan
vurub, yarası yüngül olub, amma sonradan ora
top mərmisi düşüb
və ayağından
qəlpə yarası
alıb. Döyüşçü yoldaşları deyir,
bundan sonra Elvinin ayağını “jqut”la bağlayıblar və onu bir
qayanın dibində oturdublar ki, arxadan gələnlər gəlib onu aparsınlar. Sonra isə həmin əraziyə top mərmisi
düşdüyü üçün
sonra orada toz-dumana qarışıb
və ətrafı görmək mümkün
olmayıb. Elvinun yanındakı uşaqlardan
biri şəhid olub, başqa birisi yaralanıb...Döyüş yoldaşları
sonra onlardan xəbər tuta bilməyib. Dediyim kimi oktyabrın
16-dan dekabrın 1-ə qədər
biz Elvini axtarmışıq,
sonra DNT analizi keçirildi və həmin analizin nəticəsində Elvinin
nəşi bizə verildi”.
Ramil bəy deyir ki, Elvinin
şəhid olmasından
kədərlənsələr də, onun gənc
yaşında həyatdan
köçdüyünə yansalar da, amma
onun uca şəhidlik adı, ünvanı ilə fəxr edirlər. Ramil bəy onu da
qeyd etdi ki, Elvin vətənin dar günündə qaçıb gizlənmədi,
ön cəbhədə
düşmənə qarşı
mərdliklə döyüşdü:
“Biz Elvinin şəhid
olmasından kədərlənsək
də, amma onun bu uca
mərtəbəyə yüksəlməsi,
adını əbədi
olaraq Vətən tarixinə yazması ilə fəxr edirik. Neçə-neçə nəsillər dəyişəcək,
amma Elvinin və onun kimi
qəhrəman şəhidlərimizin
xatirəsi unudulamayacaq.
Təsəllimiz odur ki, Azərbaycan ordusu zəfər qazandı və bacımın yeganə övladı Elvinin qanı yerdə qalmadı, qəhrəman əsgərlərimiz
onun qanını düşməndən artıqlaması
ilə aldılar.
Vətən sag olsun!”.
Nəsilər dəyişəcək, amma
qəhrəman Vətən
oğullarının adları
undulamayacaq, onlar hər zaman xatırlanacaqlar.
İradə
SARIYEVA
Mövqe. -2020.-
16 dekabr. S.9