Aqrar sahənin kredit tələbi artır

 

Aparılan islahatlar kənd təsərrüfatı istehsalçılarının kredit təminatını yaxşılaşdıracaq

 

Kənd təsərrüfatı istehsalçılarının maliyyə təminatının yaxşılaşdırılması üçün onların kredit vəsaitlərindən istifadənin asanlaşdırılması önəmli məsələlərdən biridir. Bu məsələ Azərbaycanda uzun müddətdir ki, gündəmdədir. Kənd təsərrüfatının kredit əlçatanlığının yaxşılaşdırılması məqsədilə hətta bir müddət aqrar bankların yaradılması təşəbbüsü də olmuşdu. Həm Kənd Təsərrüfatı Nazirliyi, həm də Mərkəzi Bankın bu istiqamətdə çalışmaları da var idi. Lakin sonradan aqrar bankın yaradılması fikri həyata keçirilmədi və o, bir ideya olaraq qaldı.

Aqrar sahəyə kredit qoyuluşuna bankların, bank olmayan kredit təşkilatlarının maraqlarının zəif olduğunu görürük. Statistik məlumatlar da bunu təsdiqləyir. Son illərdə kənd təsərrüfatı sektoruna kredit qoyuluşu artsa da onun ümumi kreditləşmədə payı azalıb. Mərkəzi Bankın məlumatlarına əsasən, bu sahəyə kredit qoyuluşu 2005-ci ildə 97,6 milyon manat olduğu halda, 2015-ci ildə bu göstərici 508,1 milyon manat, 2019-ci ildə 543 milyon manat, 2020-ci ilin yanvar-oktyabr dövründə 557 milyon manat təşkil edib. Lakin müqayisə edilən dövr ərzində bu sahənin iqtisadiyyata qoyulan kreditlərdəki payı 6,8 faizdən 3,7 faizə enib.

Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsinə kredit qoyuluşunun daha böyük sürətlə artmaması bir çox səbəblərlə bağlıdır. Burada istehsalın təbii iqlim şəraitindən asılılığının yüksək olması, kapitalın dövretmə sürətinin aşağı olması, sığorta sisteminin inkişaf etməməsi və başqa amillər bu sahədə qənaət normasının aşağı olmasına səbəb olur. Bu da son nəticədə kənd təsərrüfatı məhsulları istehsalçılarının öz vəsaitləri hesabına investisiya qoymaq, eləcə də maliyyə bazarlarından müvafiq vəsaitlər təmin etmək imkanlarını məhdudlaşdırır.

Özəl sektorun kənd təsərrüfatı istehsalçılarına az kredit verməsi dövlətin bu sahəyə diqqətinin artırılmasını zəruri edir. Buna görə də aqrar sahənin maliyyə təminatının yaxşılaşdırılmasında dövlətin rolu artır. 2005-ci ildən bəri Sahibkarlığın İnkişafı Fondunun xətti ilə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinə ayrılan güzəştli kreditlərin həcmi təxminən 10 dəfə artıb. 2006-cı ildən etibarən Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən də bu sahəyə güzəştli kreditlərin ayrılmasına başlanılıb. Bunlar onu göstərir ki, ötən illər ərzində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinə verilən kreditlərin ümumi həcminin artımı, əsasən, büdcə vəsaiti ilə verilən güzəştli kreditlər hesabına təmin edilib.

Bu fakt həm də onu göstərir ki, hazırda ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrində fəaliyyət göstərən subyektlərin kommersiya şərtləri ilə maliyyə vəsaitləri cəlb etmək imkanları məhduddur. Bunlar da kənd təsərrüfatı istehsalının yuxarıda qeyd edilən özünəməxsus xüsusiyyətləri ilə yanaşı, əksəriyyəti kiçik həcmdə olan təsərrüfatların iqtisadi potensialının zəif olması, kənd yerlərində torpaq və əmlak bazarlarının kifayət qədər inkişaf etməməsinə görə kreditin alınması ilə bağlı girov təminatında mövcud problemlər, kənd təsərrüfatı sığortasının zəif inkişafı, o cümlədən də kənd təsərrüfatı kreditləri üzrə zəmanət mexanizminin olmaması və digər səbəblərlə bağlıdır.

Kənd təsərrüfatı sahəsinə kredit qoyuluşunun az olmasının digər səbəbi sığorta ilə bağldır. 2020-ci ildən ölkəmizdə aqrar sığortanın tətbiqi ilə bağlı yeni qanun qüvvəyə minib. Həmin qanun bu sahədə olan problemlərin həllinə kömək edəcək.

Aqrar sahəyə kredit qoyuluşunun artırılması məqsədilə Kredit Zəmanət Fondu da yaradılıb. Bu Fond kedit təşkilatları tərəfindən verilən kənd təsərrüfatı kreditləri ilə bağlı risklərin azaldılması məqsədilə risk bölgüsünü təmin edilib, kənd təsərrüfatı məhsulları istehsalçılarına təsir göstərən xarici şoklara (məsələn, quraqlıq vəya ixrac bazarında sabitliyin pozulması) qarşı müxtəlif risk bölgüsü mexanizmləri müəyyən edilib.

Hazırda həlli vacib olan məsələlərdən biri kənd təsərrüfatında girovsuz kreditlərin tətbiqi mexanizminin inkişaf etdirilməsidir. Aqrar sektor inkişaf edən ölkələrdə girovsuz kreditlərin verilməsi təcrübəsi geniş yayılıb. Xarici təcrübədə daşınar əmlaklar da girov kimi qəbul edilir. Məsələn, anbarda saxlanılan məhsulların, eləcə də istehsal olunacaq məhsulların girov kimi qəbul edilməsi təcrübəsi var.

Azərbaycanda bu məsələrlə yanaşı bankların, digər kredit təşkilatlarının vəsaitlərinin kənd təsərrüfatı sektorunun kreditləşməsinə yönəldilməsinin stimullaşdırılması vacibdir. Kredit təşkilatları tərəfindən kənd təsərrüfatı sahəsinə ayrılan kommersiya kreditlərinə görə faiz dərəcələrinin aşağı salınması yolu ilə istehsalçıların əlverişli şərtlərlə maliyyəyə çıxışının yaxşılaşdırılması və aqrar sektora əlavə vəsaitlərin cəlb edilməsi üzrə beynəlxalq təcrübə öyrənilməlidir. Bu baxımdan aqrar sektora daha çox kredit ayıran kredit təşkilatlarının vergi güzəştlərindən istifadəsi imkanları da nəzərdən keçirilməlidir.

 

Vasif CƏFƏROV

Mövqe.- 2020.- 18 dekabr. S. 6