Döyüş yolu iki cəbhədən
keçən Vətən müharibəsi qazisi Zaur Həkimov
necə qəhrəman oldu?
Cəbhədən-cəbhəyə-qazimiz
həm yaralılara tibbi yardım göstərib, həm də
döyüşüb…
Zaur
Həkimov:“Cənab Prezidentin məni “Vətən uğurunda”
medalı ilə təltif etməsi ilə bağlı xəbəri
eşidəndə həm böyük qürur keçirdim…”
Mənim
özümün də balaca bir dünyam var, mən də
öz ailəmin, balalarımın bir qəhrəmanıyam”
“Mən
Hadrutun azad edilməsindən bir gün əvvəl
oktyabrın 8-də yaralanıb təxliyə olmuşam”
Vətən
mənə oğul desə nə dərdim
Mamır olub qayasında bitərdim!
Böyük şairimiz Məmməd Arazın bu misralarından minlərlə, onminlərlə, yüzminlərlə Azərbaycan oğlunun qeyrəti, əzəməti boy verir. Bu oğullar mamır olub Vətənin qayasında bitmədilər, bu oğullar Vətənimizin bir parçasına qara və məkrli caynaqlarını sancmış düşməni məhv etdilər, qayalarda güllər, çiçəklər bitirdilər, anaların ölmüş ümidlərini, ataların sınmış qürurunu diriltdilər, ucaltdılar. Qarabağ cəbhəsində zəfər qazanaraq dövlətimizin, xalqımızın adını dünyada göylərə qaldırdılar. Vətənimizin ərazibütövlüyünün bərpa edilməsini biz qazilərimizin və şəhidlərimizin fədakarlığına, qəhrəmanlığına borcluyuq. Onlar Vətənin borcundan üzü ağ, alnı açıq çıxdılar, kaş bizə də onların borcundan layiqincə çıxmaq qismət olsun!
Qurtuluş Savaşının-Vətən müharibəsinin bizə tanıtdığı çoxlu qəhrəmanlarımız, qazilərimiz var. Onlardan da biri qırxdan çox yaralını həyata qaytaran, Vətən savaşında mücadilələr verən qəhrəman qazimiz, Azərbaycan ordusunun baş çavuşu Həkimov Zaur Şahmurad oğludur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr tarixli Sərəncamı ilə təltif edilən hərbiçilərimiz arasında Zaur Həkimov da var.
Zaur Həkimov 2 noyabr 1985-ci ildə Şabran rayonunda
doğulub.
Şabran rayon Roman Yusifov adına 2
saylı tam orta məktəbi bitirib, orta təhsillidir. Hazırda Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində
yaşayan Z.Həkimovun iki övladı var. Qızı Nuray
11, oğlu Yusif isə 9 yaşındadır.
Z.Həkimov 10 ildir Azərbaycanın Sülhməramlı
Qüvvələrində “Əməliyyat İmkanlar
Konsepsiyası” taborunda müddətdən artıq xidmət edən
(MAXE) hərbçidir. Eyni zamanda tibbi xidmət üzrə
baş çavuşdur.
Z.Həkimov bildirdi ki, hərbini seçməsi təsadüfi
deyil, mərhum atası Şahmurad Həkimov Birinci Qarabağ
Müharibəsi iştirakçısı və veteranı
olub.
Z.Həkimov bizimlə söhbətində bildirdi ki, əsgərlikdən
qayıtdıqdan sonra hərbiyə olan marağı onu yenidən
bu sahəyə qaytarıb. “Mənim rəhmətlik
atam Birinci Qarabağ Müharibəsində döyüşüb,
döyüşçü olub. Müharibə
veteranı idi. Əsgəri xidməti başa vurduqdan
sonra bir az ara verib hərbiyə
qayıtdım. Hərbiyə qayıtmaqda məqsədim
atamın vəsiyyətini yerinə yetirmək,
torpaqlarımızın düşmən tapdağından azad
edilməsində iştirak etmək. Mənim
ən böyük məqsədim, fikirim bu olub ki,
torpaqlarımız düşmən tapdağından azad edilməlidir
və mən də bu əməliyyatda iştirak etməliyəm.
Sentyabrın 27-də ordumuzun ermənilərin təxribatına
cavab olaraq başladığı əks-hücum əməliyyatının
ilk günündən mən də ön cəbhədə
döyüşmüşəm. Döyüş
yolum Füzulidən, Cəbrayıl və Hadrutdan keçib.
Cəbrayılda ağır yalandım. Hadruta hücum edəndə vuruldum. Mən ağır kantuziya almışam, ona görə
çox şey yadımdan çıxmışdı, hər
şey yeni-yeni yadıma düşür. Döyüşdə
həm tibbi xidmət işçisi, həm də
döyüşçü, atıcı kimi iştirak
etmişəm. Füzuli istiqamətində
döyüşdük, sonra Cəbrayıla keçdik”.
Z.Həkimov
tibb işçisi kimi Füzuli, Cəbrayıl və Hadrut
istiqamətlərində gedən döyüşlərdə
onlarla yaralı döyüşçümüzü xilas
edib, onlara hər cür yardım göstərərək
ölümün pəncəsindən qoparıb, onlara ilkin
tibbi yardım göstərərək, hər bir
yaralını çiyninə alaraq hündürlükdən
tibbi xidmət maşınının gələ biləcəyi
yerə qədər aparıb. “Mən
döyüş meydanında yaralı
döyüşçülərimizə ilkin yardım
göstərirdim və sonra yaralıları
sığınacaqlara qoyurdum, onları təxliyyə
qrupları gəlib təxliyyə edirdilər. Həm döyüşürdüm, həm də
yaralılarımıza yardım göstərirdim, onları
döyüş bölgəsindən təxliyyə edirdim.
Təxliyyə qrupu ilə rabitə əlaqəsinə
çıxırdım, bildirirdim ki, filan yerdə yaralılar
var gəlin götürün, onlar gəlib yaralıları
götürürdü, biz də döyüşə-döyüşə
irəli gedirdik. “Allahu əkbər” deyib
hücuma keçirdik, düşmən qarşımızda
duruş gətirə bimirdi, onları məhv edirdik. Bir ştrixi qeyd edim. Düşmən
əsgərləri elə bilirdilər ki, onlar Gəncədədirlər.
Erməni əsgərlərini aldadıb İrəvandan
döyüşə gətirmişdilər. Əsir düşən erməni əsgərləri
bizdən soruşurdu ki, biz Gəncədəyik? Deyirdik ki, nə Gəncə, biz artıq Cəbrayıldayıq,
torpaqlarımızı ala-ala gedirik, artıq İrəvana
çatırıq. Onlar harada
olduqlarını bilmirdilər, onlara deyibmişlər ki, Gəncədəsiniz.
Onlar da elə bilirdilər ki, artıq “Gəncəni
alıblar”. Baxın, düşmən bu qədər
məkrli və hiyləgərdir ki, öz əsgərini də
aldadıb.
Mən özüm neçə düşmən hərbiçisi
öldürdüyümü saymadım, amma çox
öldürdük. Müharibənin od alovunun içində
idik, başımıza göydən od-alov yağırdı. Vurduqlarım olub, amma sayını bilmirəm. Mən həm tibbi işçi idim, həm də
atıcı…Cəbrayılda qızğın
döyüşlər gedirdi, artıq Hadruta hucum edirdik. Birinci yaylım atəşi məni tutdu və zirehli
texnikaya, maşına çırpdı. Biz
Cəbrayılda bir yüksəklik vardı onu
götüdük. Təəssüf ki,
adı yadımdan çıxıb. Dostluq
bulağını götürmüşdük, ondan sonra kəndləri
işğaldan azad edə-edə gedirdik. Orada
ermənilərin hərbi hissəsini də götürüb
getdik və yüksəklikləri ələ keçirdik.
O yüksəkliklərdən birini götürəndə
döyüşçü yoldaşlarımdan biri yaralanıb
maşının üstündə qalmışdı. Mən onun arxasınca düşdüm və
düşəndə məni vurdular maşına
çırpıldım, qulaqlarım tutuldu, heç nə
eşidə bilmədim. Düşmən oradakı evləri
də xaraba günə qoyub, dedim o evlərdən birinin
içinə girim, artileriyanın səsini eşitmədim, məni
yenidən vurdular və evin hasarına
çırpıldım. Orada mənim yardım
göstərdiyim döyüşçülər,
tankçılar vardı, onlar gəliblər mənim rabitəmlə
əlaqəyə çıxıblar bizi təxliyyə ediblər.
Mən Hadrutun azad edilməsindən bir gün əvvəl
oktyabrın 8-də yaralanıb təxliyə olunmuşam.
Ayın 8-dən biz Hadrut istiqamətində
hücuma başlamışdıq. Gecə-gündüz
hücum edirdik. Mənim
yaralanmağımın səhərisi gün isə Hadrutun
alınması élan edildi. Hadrutu
döyüşçü yoldaşlarım bir günə
götürdülər, Hadrut uğurunda döyüşlərdə
iştirak etdim, amma onun azad olunmasını görmədim,
gedib ora çata bilmədim. Məndə
beyin silkələnməsi olduğu üçün
döyüşə qayıda bilmədim. Başımın
əsməsi hələ tam dayanmayıb, kantuziya
almışam. Hazırda hərbi hospitalda
müalicəm davam edir, həkimlərimiz bizi orada aptekdən
dərmanla təmin edirlər. İki
övlad atasıyam. Məni hospitaldan
çıxarmağa oğlum Yusif də gəlmişdi. Məndən qabaq o gedib ermənilərə qələbə
çaldı. Gürcüstanda
keçirilən cüdo yarışda iki ermənini udub gəldi.
Müşfiqabada Əlisəməd müəllimin
tələbəsidir, onun yanında məşğul olur.
Yavaş-yavaş düzəlirəm, müalicələr
gedir.
Cənab Prezidentin məni “Vətən uğurunda”
medalı ilə təltif etməsi ilə bağlı xəbəri
eşidəndə həm böyük qürur keçirdim, həm
də pis oldum.
Mənə zəng vurub dedilər ki, Prezident səni
də “Vətən uğurunda” medalı ilə təltif edib.
Ona görə pis oldum ki, siyahıya baxıb
gördüm ki, mənim adımdan əvvəl və sonra təltif
olunanlar bu medalı şəhid olduqdan sonra alıblar.
Allah şəhidlərimizə rəhbət eləsin! Amma bu medala layiq görüldüyüm
üçün qürur duydum. Mənim
özümün də balaca bir dünyam var, mən də
öz ailəmin, balalarımın bir qəhrəmanıyam.
Sağ olsun Ali Baş Komandanımız ki, məni
unutmadı və öz ordusuna belə böyük dəstək
olur”.
Z.Həkimov deyir ki, onu ən çox təəssüfləndirən
döyüşçü yoldaşlarının şəhid
olması olub.
Hər bir döyüşçünün böyük qəhrəmanlıqla,
vətənpərvərliklə torpaqlarımızı
düşmən tapdağından azad edilməsi uğurunda
döyüşdüyünü deyən Z.Həkimov bildirir
ki, onların hər biri qəhrəmandır:”İtkilərimiz
oldu. Döyüş idi, həyatda qalmaq şansı çox az idi. Biz müharibəyə
ölməyə yox, öldürməyə getmişdik.
Məni qayıdanda övladlarım
qarşıladı. Amma hələ də
şəhid olan döyüşçü
yoldaşlarımın uşaqları atalarının yolunu
gözləyir. Buna çox məyus oluram.
Döyüşçü yoldaşlarım yanımda şəhid
olurdu, yaralılara yardım göstərdiyim yerdə şəhid
olanlar da az olmurdu. Allah
hamısına rəhmət eləsin. Hər
birinin həlak olması məni yandırır. Kaş
onlar da mənim kimi yaralı olsalar da övladlarının,
ailəsinin, ata-anasın yanına qayıdaydılar…
Hər birimizin bir məqsədimiz vardı ki,
Qarabağı, ətraf rayonları düşmən
işğalından azad edək, hər kəndə, hər
şəhərə bayrağımızı sancaq. Ən
böyük məqsədimiz və arzumuz Şuşanı
götürmək idi. Bilirsiz ki, demək
olar ki, Şuşada artileriya döyüşü olmadı, əlbəyaxa
döyüş oldu. Mən
torpaqlarımızın işğaldan azad olunması və
torpaqlarımızı işğaldan azad edən hər bir
döyüşçümüzlə, könüllülərimizlə
fəxr edirəm. Hamı çox yüksək
səviyyədə qəhrəmanlıqla
döyüşdü, heç kəs
canını-qanını Vətəndən əsirgəmədi.
İndi-indi yaddaşım bərpa olunur və
görürəm ki, belə döyüş taktikası, belə
qəhrəmanlıq indiyə qədər olmayıb. Bütün döyüşçülərimizlə
fəxr edirik. Bizdə arxaya
dönüş yox idi, yolumuz ancaq irəliyə idi. Biz şəhidimizi də, yaralımızı da
çiyimizdə özümüzlə aparırdıq. Elə yerlər olurdu ki, yaralıları təxliyə
edə bilmirdik, ona görə də onları çiyimizdə
daşıyırdıq və irəli gedirdik. Biz hər gün qələbə
qazanmalıydıq, zəfər çalmalıydıq. Allah tala da bizim arzumuzu, əməyimizi yerdə
qoymadı, Allah səsimizi eşitdi və zəfər
qazandıq.
İndi ən böyük arzum odur ki, tezliklə
sağalım və yaralandığım yerə gedib oraya
baxmaqdır. Yaralandığım yeri görmək istəyirəm”.
Zaur Həkimov
dedi ki, özü də daxil olmaqla nəsillərindən 7 nəfər
Vətən müharibəsində iştirak edib.
Qardaşı Əli Həkimovun kəşfiyyatçı
olduğunu deyən Z.Həkimov qeyd etdi ki, o, hazırda cəbhəddədir:”Uşaqlarım
bizimlə fəxr edir. Onlara deyirəm ki,
babanız döyüşçü olub, atanız
döyüşçüdür. Əminiz
döyüşçüdür. Qardaşım
Əli Həkimov da döyüşçüdür, kəşfiyyatçıdır,
o Şuşaya qədər getdi. Hələ
ordadılar. Qaynım Səmədov Elşən
artileriya döyüşçüsüdür. Bibioğlum mayor Elşən Mehrəliyev
döyüşdə olub. O ehtiyatda olan zabitdir, Vətən
müharibəsi başlayanda döyüşə getdi,
hazırda da cəbhədədir. Bizim nəsildən
Vətən müharibəsində 7 nəfər
döyüşüb”.
Vətən müharibəsinin-Qurtuluş
savaşının qəhrəmanlarından biri olan baş
çavuş Zaur Həkimov keçdiyi şanlı
döyüş yolu ilə bizi zəfərə qovuşduran Vətən
oğullarından biridir. Ümid edirik ki, qazimiz tezliklə
sağlamlığına qovuşacaq və döyüş yolunun
keçdiyi müqəddəs torpaqlarımızı ziyarət
edəcək, əlbəttə, qəhrəman ata
övladları Nurayı və Yusifi də o yerlərə
qonaq aparacaq, onlara qəhrəman Azərbaycan
oğullarının şücaətindən, mərdliyindən
danışacaq…
İradə SARIYEVA
Mövqe.- 2020.- 22 dekabr. S.10