Ürəyində Azərbaycan boyda sevgi gəzdirən oğullar!
Məşhur deyim var, “Torpaq,
əgər uğrunda
ölən varsa, Vətəndir!”
Bəli, 30 illik
həsrətdən sonra,
Azərbaycan Respublikasının
Prezidenti, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında şanlı
ordumuz Ermənistanın
təxribatlarının qarşısını
almaq, ərazi bütövlüyümüzü bərpa etmək üçün sentyabr ayının 27-dən etibarən
zəfər yürüşünə
başladı. Hərbi
əməliyyatlar nəticəsində
Azərbaycan ordusu Ermənistanın silahlı
qüvvələrini darmadağın
edərək uzun illərdən bəri düşmən tapdağında
olan tarixi dədə-baba torpaqlarımızı
işğaldan azad etdi. Beləliklə də, 44 gün ərzində davam edən Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz bütün dünyaya öz qüdrətini, gücünü
nümayiş etdirdi.
Ulu öndər
Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı
Prezident İlham Əliyevin yürütdüyü
uğurlu siyasət, müzəffər ordumuzun
gücü və xalqın birliyi sayəsində Azərbaycan
zəfər qazandı.
Bu zəfər həm də, Vətən müharibəsində
2802 nəfər şəhid
olmuş Silahlı Qüvvələrimizin hərbi
qulluqçularının qanı
bahasına qazanıldı.
Haqqında söhbət
açacağımız qəhrəmanlardan
biri də vətən uğrunda gedən döyüşlərdə
mərdliklə iştirak
edən, qələbənin
şahidi olaraq o sevinci doyunca yaşaya bilməyən, noyabr ayının 23-ü
Suqovuşan istiqamətində
minaya düşərək
şəhid olan Azərbaycan ordusunun polkovniki Babək Səmidlidir. O, Qırmızı
xaç, rus sülhməramlıları və
erməni rəsmilərindən
ibarət qrupun üzvü idi. Qrupun məqsədi döyüş meydanında
qalmış döyüşçülərin
meyidlərini toplamaq və itkin döyüşçüləri
müəyyən etmək
idi.
Cənab polkovnikin
bacısı, bəlkə
də onu hamıdan yaxşı tanıyan AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Azərbaycanşünaslıq
şöbəsinin müdiri
Röksanə Səfərzadə
ilə həmsöhbət
olduq. Bir bacı üçün qardaşının şəhid
xəbərini almaq, ürəyində Azərbaycan
boyda sevgini gəzdirərək vətənin
özünə çevrilən
Babək Səmidlini Röksanə xanımın
xatirələrindən yenidən
xatırladıq.
– Qardaşım şəhid
polkovnik Səmidli Babək Türkiyə Hərbi Məktəbini yüksək balla bitirdikdən sonra 23 il idi ki,
Azərbaycan Silahlı
Qüvvələrində xidmət
edirdi. 2016-cı ilin Aprel döyüşlərinə
rəhbərlik etmiş
və şəxsən
döyüşlərdə iştirak edərək, hər iki ayağından
yara almışdı.
Buna baxmayaraq, döyüş meydanını
tərk etməmiş,
döyüşlər bitdikdən
sonra Bakı şəhərinə gələrək
əməliyyat olunmuşdu.
İkinci Qarabağ müharibəsi zamanı isə Birinci Ordu Korpusu Komandanının
müavini, sentyabrın
27-dən oktyabrın 4-nə qədər davam edən Suqovuşanın azadlığı uğrunda
döyüşlərin rəhbəri
olub. Onun rəhbərliyi altında
Azərbaycan Silahlı
Qüvvələrinin bölmələri
Suqovuşanı işğaldan
azad edib.
- Röksanə xanım,
polkovnikimizin şəhidlik
zirvəsinə ucaldığını
eşidən kimi kütləvi informasiya vasitələri onun haqqında xəbərlər
paylaşmağa başladı.
Oxuduq ki, tanışları, hərbçi
dostları, əsgərləri
polkovniki vətən oğlu deyə çağırırmış.
– Həmişə çətin,
məsuliyyətli yerlərdə,
döyüş bölgələrində
xidmət etməklə
vətənpərvər bir
komandir kimi döyüş yoldaşlarının
və əsgərlərinin
də hörmətini
qazanmışdı.
- Taleyimiz haqda dəqiq bildiyimiz bir məlumat var - sonu ölüm.
Lakin sonu ölüm olan bu dünyada şəhidlik zirvəsi hər kəsə nəsib olmur. Röksanə xanım, əmin olun ki, yaşadığınız
itki hamımızındır,
Babək Səmidli tək sizin ailənizdən deyil, bu eldən, bu obadan gedib.
– O, həmişə bizə təsəlli verirdi ki, mənim
yolum qazilik və şəhidlik yoludur, məndən narahat olmayın. Ən böyük arzusu torpaqlarımızın
düşməndən geri
alınması idi. Çox şükür, qardaşım kimi hamımız bu istəyə çatdıq,
millət olaraq qələbə sevincini yaşadıq.
- Şəhidlərin davamçıları varsa,
əziz xatirələri
hər yerdə anılırsa, onlar ölməyib, ürəklərdə,
yaddaşlarda daim yaşayırlar deməkdir.
Özündən sonra
bu vətənə, bu torpağa özü kimi mərd, igid iki oğul yadigar
qoydu şəhidimiz: Mətləb Səmidli, Səmid Səmidli. Bu oğullar gələcəyin əsgərləri,
gələcəyin Mübariz
İbrahimovu, Polad Həşimovu, Babək Səmidlisidir.
– İşi ilə
bağlı vaxtı çox az olurdu.
Ancaq ata kimi də vəzifəsinin
öhdəsindən gəlirdi.
Övladları ilə
gözəl zaman keçirirdi. Babəkin şəhid olması ailəmiz üçün
nə qədər ağır olsa da, həm də
qürurludur. Babək
Vətəni, dövləti,
torpağı, milləti
uğrunda şəhid
oldu. Qürurvericidir ki, övladları da ailəmizdə milli ruhda xalqa,
torpağa, vətənə
sevgi ilə böyüyürlər.
- Hərbçi ailəsi
olmaq məsuliyyət deməkdir. Bilirik ki, bu neçə
illər ərzində
Babək Samidli vətənə ön cəbhədə, sizlər
isə arxa cəbhədə xidmət
etmisiniz.
– Mən qardaşımla
tez-tez görüşə
bilmirdim, telefonla əlaqə saxlayırdıq.
O, Göyçayda yaşayırdı,
mən isə Bakıda. Bakı şəhərinə gələrkən
qısa müddətli
görüşlərimiz olurdu.
Həmişə tələsərdi,
boş vaxtları olmurdu. Çox çalışırdı, yuxusuz
qalırdı, daim səngərlərdə əsgərlərinin
yanında idi.
- Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev bu yaxınlarda Azərbaycan Respublikasının
ərazi bütövlüyünün
müdafiəsi ilə
əlaqədar yaralananların
və şəhid ailələrinin təminatına
dəstək fondunun
(“YAŞAT” Fondu) yaradılması
haqqında Fərman imzaladı.
– Deyərdim ki,
bu hər kəsin ürəyindən
xəbər verən bir Fərman oldu. Atılan bu addımlar, görülən işlər
dövlət tərəfindən
digər sahələrdə
olduğu kimi, şəhid və hərbçi ailələrinə,
müharibədə əziyyət
çəkən ailələrə,
Qarabağ əlillərinə,
qazilərə daim yüksək diqqət və qayğının nümunəsidir. Onsuz da dövlətimiz bu kateqoriyadan olan insanlara daim diqqət və qayğı göstərir. Fondun yaradılması isə bu sahədə görülən işlərə
bir dəstək olacaq. Cəmiyyət arasında da buna hər zaman
xüsusi həssaslıqla
yanaşılır, maraqlanır
və diqqətdə saxlayırlar.
44 günlük müharibədə
qəhrəmanlıq nümunəsi
göstərən Vətən
oğullarının əziz
xatirəsi dövlət
başçısı cənab
İlham Əliyevin imzaladığı Sərəncamla
bir daha əbədiləşdi.
Bu günə kimi göstərdiyi şücaətlərə görə,
Babək bir çox medallara layiq görülmüşdü.
Dövlətimiz, Ali Baş Komandanımız qardaşımın döyüş
meydanında göstərdiyi
igidlikləri yüksək
qiymətləndirərək onu təltif etdi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi
qulluqçularının təltif
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamına
əsasən Babək
Səmidli ölümündən
sonra “Zəfər” ordeni ilə təltif edildi. Həmçinin Azərbaycan
Respublikası Silahlı
Qüvvələrinin hərbi
qulluqçularının “Vətən
uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin 15.12.2020-ci il
tarixli Sərəncamına
əsasən Babək
Səmidli ölümündən
sonra “Vətən uğrunda” medalı ilə təltif olundu.
- Bugün sizin
ailəniz bütün
Azərbaycana çox
doğmadır, hər
birimizə örnəkdir.
– Özünün də
dediyi kimi, qardaşım həm qazi, həm qalib, həm də şəhid oldu! Bizim ailəmiz
üçün bu itki nə qədər
ağır olsa da, biz onunla
fəxr edir və qürur duyuruq ki, şəhidlik
zirvəsi qardaşıma
qismət oldu.
Röksanə xanımdan
müsahibə götürdüyüm
zaman Göyçay şəhərində idi.
Şəhid qardaşının
dəfn olunduğu şəhərdə... Telefonda
danışarkən səsinin
titrək olduğunu, lakin məğrur, qürurlu dayandığını
hiss etdim. Şəhid polkovnik Babək Səmidlini dünyaya gətirən ananın, onu böyüdən atanın
əllərindən öpürük,
həyat yoldaşına,
iki oğluna, qardaşına və bacısı Röksanə
xanıma hər zaman belə qürurlu, məğrur ayaqda durmağı arzu edirik!
Bugün hər
kəs baş əyir şəhid məzarları önündə.
Sizinlə fəxr edirik, hər biri bir Azərbaycan
olan vətən şəhidləri! Şərəflə
qorudunuz bu vətəni, şəhidlik
zirvəsinə ucalaraq
öz qanınızla
azad etdiniz 30 ildən artıq düşmən tapdağında
olan tarixi torpaqlarımızı!
Şəhidlikləri ilə bizə zəfər sevinci yaşadan oğullarımız,
heç vaxt unudulmayacaqsınız! Allah
bütün şəhidlərimizə
rəhmət eləsin!
Qarabağ Azərbaycandır!
Müsahibəni hazırladı:
Mina QASIMOVA, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının İctimaiyyətlə əlaqələr
şöbəsinin müdiri,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü
Mövqe.-
2020. - 23 dekabr. - S. 10.