Xalqın
rifah halının yaxşılaşmasına xidmət edən
proqramlar
Regionların
sosial-iqtisadi inkişafına dair dördüncü
dördilliyin ilk fazasında inqilabi dəyişikliklər
baş verib
Ötən
il sosial sferada həyata keçirilmiş tədbirlərin
xarakteri və həcmi göstərir ki, 2019-cu ilin sosial
proqramları uğur və artıqlaması ilə yerinə yetirilib.
Həqiqətən bu sahədə islahatların miqyası elə
genişdir ki, bunu təsəvvür etmək müəyyən
qədər çətinlik törədir. Bir çox mütəxəssislər
bu prosesi inqilabi hadisə qismində səciyyələndirirlər.
Eyni vaxtda əhalinin 42 faizinin gündəlik gəlirləri
artıb və bununla da rifah halının
yaxşılaşdırılması sahəsində mütləq
irəliləyiş əldə olunub.
Dövlət
başçısının təşəbbüsü və
rəhbərliyi ilə baş tutan islahatların ən vacib və
həlledici sahələrindən biri ölkədə işəgötürənlə
götürülən arasında yaranan əmək münasibətlərinin
tənzimlənməsi ilə bağlıdır. Belə ki,
bu, sosial münasibətlərin elə bir halqasıdır ki,
ilk baxışda geriyə addım kimi görünür, lakin
nəticədə irəliyə doğru iri addım olduğu
meydana çıxır və faktlarla sübut olunur. Bu, qanuniləşən
əmək münasibətlərinin hesabına baş verir.
2019-cu il ərzində 153 min yeni əmək müqaviləsi
bağlanıb. Yəni, işləyənin əmək
hüquqları bərpa edilməklə müvafiq müqavilə
əsasında iş prosesi leqallaşdırılıb. Nəticədə,
hər şey qanuna müvafiq şəklə salınıb və
sosial sığorta, habelə digər vergi mükəlləfiyyətlər
ödənilməyə başlanılıb. Əgər vergi
ödənilirsə, demək, əməkçiyə
ödnilələcək vəsaitin artırılması
üçün maliyyə əsası yaranır. Nəticəyə
fikir verin: bununla bağlı atılan addımlar sayəsində
1 milyon 350 min işçinin əmək haqqı artırılıb.
Çünki, minimum əmək haqqının miqdarı demək
olar ki, iki dəfə artırılıb. Bu da müxtəlif
kateqoriyalı şəxslərin maaşlarında 20-100 faiz
arasında artıma imkan verib. Təsadüfi deyil ki, Azərbaycan
minimum əməkhaqqına görə MDB məkanında
alıcılıq qabiliyyəti üzrə ikinci yerə
çıxıb. Özəl sektor üzrə əmək
müqavilələrinin artım tempi xüsusilə sürətli
olub və bu da sahibkarların qanunlara daha dəqiq əməl
etməsinin nəticəsi deməkdir.
Dövlətimizin
sosial mahiyyətindən irəli gələn hal kimi əməkhaqqının
artımı aşağı gəlirli ailələrdə
daha ciddi şəkildə hiss olunub. Ümumiyyətlə, aztəminatlı
ailələrin həyat şəraitinin
yaxşılaşdırılması istiqamətində
görülən işlər misilsiz əhəmiyyətə
malikdir. Məsələn, pensiya islahatı nəticəsində xüsusi şərtlərlə
pensiya təyinatı olan hərbçilərin pensiyasında
30 faizlik artım oldu. Ölkədə orta pensiya 2019-cu ildə
15 faiz artdı, yaşa görə pensiya 15 faiz, ən həssas
kateqoriya olan əlilliyə görə pensiya isə 22 faiz
artdı. Bu ilin əvvəlində aparılan indeksləşdirmə
sayəsində əmək pensiyaları daha 14 faiz artıb.
Əhalinin
pul gəlirlərinin və dövlətdən aldıqları
müavinətlərin və təqaüdlərin
artımı ilə yanaşı cəmiyyətdə vətəndaş
məmnunluğunun təmin edilməsi sahəsində geniş
və müasir layihələr həyata keçirilib.
Əhalinin bürokratik əngəllərdən qurtulması,
habelə inkişafımıza uyğun olaraq sürətli
xidmətlə təmin edilməsi üçün
görülən işlər olduqca təqdirəlayiqdir.
Ələlxüsus da pensiya təyinatının
avtomatlaşdırılması əhalinin bu kateqoriyadan olan təbəqəsinin
məmnunluğunu artırıb. Çünki, idarələri
gəzmədən, əlavə sənədlər toplamadan
qanuni pensiya hüququna yiyələnmək imkanı
qazanıb. Bu amil həm də müasirləşən həyatımızın
mühüm atributudur. İnsanların
dünyagörüşünün, sosial tələbatının
inkişafına yardım edir. 2019-cu ildə pensiya təyinatı
alan insanların 80 faizi, təqribən 15 min şəxs
üçün hər hansı bir ünvana getmədən
elektron qaydada pensiya ilə təmin olunub.
Ötən
il artıq elektron qaydada ümumiyyətlə, 20 min təyinat
baş tutub. Lakin islahatlar davam edir. Avtomatlaşma tədbirləri
sayəsində 2020-ci ildə 200 min pensiya, müavinət və
təqaüd təyinatının elektron qaydada proaktiv şəkildə
aparılmasına imkan yaranacaq. Prosesin
elektronlaşdırılması sayəsində 320 milyon manat
dövlət vəsaitinə qənaət olunub.
İnkişafın səmərəli nəticəsi bunda
özünü göstərir. Daha ağıllı idarəetmə,
şəffaflıq və müasirləşmə əhalinin
gəlirlərini artırır, dövlətin vəsaitinə
isə qənaət edir.
İslahatların
mühüm bir qolu əhalinin məşğulluq dərəcəsinin
artırılmasıdır. Birinci vitse-prezident Mehriban
Əliyevanın təşəbbüsü və Prezident
İlham Əliyevin müvafiq Sərəncamı ilə
yaradılan DOST Agentliyinin fəaliyyətə başlaması
sayəsində on minlərlə vətəndaş
könüllülük proqramları çərçivəsində
öz fərdi işini qurub. Bu proqramların icrası nəticəsində
çox böyük bir kəsim, yəni, faktiki olaraq 64 min
insanın məşğulluğu təmin edilib.
Həyata
keçirilən layihələrin və islahatların
xarakterindən aydın görünür ki,
dördüncü Dövlət Proqramı indiyədək
görülən işlərin daha da genişləndirilməsi,
müasirliyin gücləndirilməsi, idarəetmə
texnologiyasının təkmilləşdirilməsi sahəsində
geniş dəyişiklikləri ehtiva edir. Bu Proqramın tam
yerinə yetirilməsi Azərbaycanın inkişaf etmiş
ölkələrə daha da yaxınlaşmasını təmin
edəcək. Yəni, dördilliyin sonunda iqtisadiyyat və
abadlıq sahəsində 20-lik ölkələri ilə Azərbaycan
arasında fərq, demək olar ki, aradan qalxacaq. Yalnız ərazi
kəmiyyəti və əhali sayı arasnda qeyri-mütənasiblik
olacaq ki, bu da formal tərəflərdir.
N.NOVRUZ
Mövqe.- 2020.- 5
fevral. S. 5.