Qeyri-neft
sektoruna hökumətin daha bir güzəşti
Avtomobil sənayesinin
inkişafına yeni iqtisadi dəstək verildi
Bu
günlərdə hökumət Azərbaycana istehsal
üçün gətirilən avtomobil hissələrini
gömrük rüsumundan azad edib. Azərbaycanın xarici
iqtisadi fəaliyyətinin mal nomenklaturası, idxal
gömrük rüsumlarının dərəcələri və
ixrac gömrük rüsumlarının dərəcələrində
edilən dəyişikliyə əsasən,
minik avtomobillərinin tam istehsal formasında sənaye
yığımı üçün komplekt şəkildə
gətirilməsi rüsumdan azad edilib. Qeyd etmək
lazımdır ki, dövlətin qeyri-neft sektorunun
inkişafına göstərdiyi yardım avtomobilqayırma sənayesinə
də böyük təkan verib. Təkcə ötən ilin
son ölkədə 192 minik
avtomobili istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatında
bildirilir ki, ay ərzində maşın və
avadanlıqların, sair nəqliyyat vasitələrinin,
avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində
72 milyon manatlıq məhsul istehsal edilib.
“Azərbaycan
Respublikası regionlarının 2019-2023-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda
Prezident İlham Əliyev bildirib ki, sənaye istehsalı ilə
bağlı qeyri-neft sektoruna üstünlük veriləcək:
“Keçən il bu sektor 14 faizdən çox artıb, bu il də
artmalıdır”. Nazirlər Kabinetinin xaricdən gətirilərək
Azərbaycanda yığılan avtomobillərin hissələrinin
və detallarının gömrük rüsumunu ləğv
etməsi bu istiqamətdə atılan növbəti addım
kimi qiymətləndirilməlidir.
Qeyd
etmək lazımdır ki, 2017-ci il sentyabrın 24-də
Neftçala Sənaye Məhəlləsində Azərbaycanın
“Azevrocar” MMC şirkəti İranın “İran Khodro” şirkəti
ilə birgə layihə həyata keçirib və avtomobil
istehsalı zavodunun təməli qoyulub. Zavodda “Khazar”lə
yanaşı, “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot-206”,
“Peugeot-207”, “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modeli də
istehsal olunur.
Ümumiyyətlə,
ölkəmizdə 2010-cu ildən fəaliyyət göstərən
Naxçıvan Avtomobil Zavodu və 1986-cı ildə əsası
qoyulan Gəncə Avtomobil Zavodu minik avtomobillərinin
yığılması üzrə ixtisaslaşıb.
Naxçıvan Avtomobil Zavodu ildə 5000 ədəd avtomobil
istehsal etmək gücünə malikdir. Zavodda müxtəlif
gücə malik sürət qutuları ilə təchiz
olunmuş “Lifan” avtomobili istehsal olunur. Eyni zamanda zavodda
yük-bortlu, yük-furqonlu avtomobillər və miroavtobus da
istehsal olunur. Zavodun Naxçıvan və Bakı şəhərlərində
satış və servis mərkəzləri fəaliyyət
göstərir. Naxçıvan Avtomobil Zavodu Çinin
“Chongqing Lifan Industry” şirkəti ilə birgə fəaliyyət
göstərir.
Sovetlər
Birliyinin dağılması nəticəsində Gəncə
Avtomobil Zavodunun tikintisi yarımçıq qalsa da 2004-cü
ilin dekabırında işə salınıb və müəssisədə
yığımdan keçən ilk avtomobil işıq
üzü görüb. 2009-cu
ildə isə zavodda 1000-ci traktor istehsal olunub.
Maşınqayırma
sənayesinin formalaşmasında mühüm irəliləyişlər
əldə edən Azərbaycan yaxın xarici bazarlara avtomobil
məhsullarının ixracına hazırlaşır.
Xüsusilə, Neftçala sənaye kvartalında yerləşən
“Azərmaş” ASC “Khazar” markalı avtomobillərini (“Peugeot
405” bazasında yaradılmış) Rusiya və Ukrayna
bazarlarında satmaq niyyətindədir. Ukraynaya 300 nəqliyyat
vasitəsinin çatdırılması, habelə Rusiyaya
ixraca başlanılması üçün “Rospatent”dən nəqliyyat
vasitəsi növü təsdiqinin alınması
üçün müvafiq təsdiqləmə işləri
aparılır.
Türkiyənin
Kırıkkale şəhərində traktor yığma birgə
müəssisəsi (Azərbaycan-Türkiyə Uretim Birliyi
Traktor, ATUB) yaratmış Gəncə Avtomobil Zavodu Belarusla
birlikdə ixrac sxemlərində də iştirak etməyi
planlaşdırır. Gömrük və logistika xərclərini
optimallaşdırmaq üçün Türkiyədəki
traktorların yığılmasının Gəncə
zavodundan tədarük olunan maşın dəstləri və
detallarla həyata keçirilməsi gözlənilir. Nəhayət,
gələn ilin sentyabr ayına qədər kiçik
tonnajlı yük maşınlarının istehsalı sahəsində
“Qazel”lə birgə müəssisəsi işə
başlayacaq. Hacıqabul sənaye kvartalında əhəmiyyətli
bir ixrac komponenti planlaşdırılır.
Məsələyə
iqtisadi nöqteyi-nəzərdən yanaşdıqda avtomobillərin
hissə və detallarına dövlət rüsumunun ləğvi
bu sahədə yeni genişlənməyə imkan yaradacaq.
Çox ola bilsin ki, bu amil qiymətlərin aşağı
enməsini stimullaşdırsın. Çünki, əhalinin
avtomobillərə tələbatı olduqca
böyükdür. Lakin dünyanın məşhur brend
avtomobilləri hər kəsin “cibinə” görə deyil.
Neftçalada, Naxçıvanda və Gəncədə
istehsal edilən nəqliyyat növlərinin qiyməti
ucuzlaşdıqca onlara olan tələbatın artması
qanunauyğun proses olacaq. Tələbat artması istehsalda məhsuldarlığın
yüksəlməsinə səbəb olacaq. Beləliklə,
istehsal və satış dövriyyəsi əlavə gəlirlərə
rəvac verəcək. Gəlir varsa, demək, yeni müəssisələrin
tikilməsi, yeni iş yerlərinin açılması da
qaçılmazdır. Bunlara əsaslanaraq bu il avtomobil sənayesinin
inkişafında ciddi irəliləyişin
olacağını proqnozlaşdırmaq mümkündür.
Bu sənaye sahəsinin təkamülü gələcək
üçün yaxşı perspektiv vəd edir.
N.NOVRUZ
Mövqe.- 2020.- 6
fevral. S. 7.