İqtisadi tərəqqi
və yüksəliş mərhələsi
Son illər Azərbaycan iqtisadiyyatı təkcə sürətli inkişafla deyil, eyni zamanda yeni keyfiyyət parametrləri ilə özünü təsdiqləyib. Azərbaycanı Cənubi Qafqaz regionunda öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən Prezident İlham Əliyevin 2003-cü ildən yürütdüyü siyasət dövlət başçısının xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir.
Respublikamızda son 16 ildə həyata keçirilən iqtisadi siyasətin əsasən sosialyönümlü mahiyyət daşıması da bir sıra reallıqlarla şərtlənərək cəmiyyətin sosial sifarişini əks etdirir. Aztəminatlı vətəndaşların sosial müdafiəsi, istehsalçı və istehlakçının maraqlarının uzlaşdırılması, bir sözlə, sosial-liberalizm xətti cənab İlham Əliyevin prezidentlik dövrünü səciyyələndirən prioritet istiqamətlərdən biri kimi diqqəti çəkir. Azərbaycanda yeni mülkiyyət formalarının yaranması, sahibkarlığın sürətli inkişafı, bazar münasibətləri şəraitində qiymətlərin optimallaşdırılması əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarını inkar etmir. Hər bir islahatın bu təbəqənin maraqlarına vura biləcəyi cüzi ziyan belə təxirəsalınmaz sosial müdafiə tədbirləri hesabına kompensasiya edilir.
Hökumətin ötən illərdə həyata keçirdiyi bir çox layihələr məhz sosial mahiyyət kəsb edib. Dəniz səviyyəsindən 3000 min metrədək hündürlükdə yerləşən Qubanın Xınalıq kəndinə yolun, sovetlər dövründən mavi yanacaq üzü görməyən Lerik və Yardımlıya qaz kəmərlərinin çəkilməsi, eləcə də Naxçıvanın davamlı olaraq elektrik enerjisi və qazla təmin olunması, Bakıya Oğuz-Qəbələ zonasından su kəmərinin çəkilməsi, rayonlarda yeni təhsil, səhiyyə, mədəniyyət, olimpiya-idman komplekslərinin tikintisi, qaçqın düşərgələrinin ləğvi - bütün bunlar Azərbaycan vətəndaşlarının firavan, rahat yaşamasına xidmət edən qlobal investisiya layihələrinin çox süzi qismidir.
Ötən illərdə ölkədə uğurla həyata keçirilən siyasət eyni zamanda Azərbaycan üçün taleyüklü bir sıra layihələrin gerçəkləşməsini, respublikanın bütövlükdə Cənubi Qafqaz regionunda lokomotiv dövlətə çevrilməsini təmin edib. Yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçısına çevrilib, ölkəmizin dünya üçün önəmi daha da artırıb. Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsi, «Əsrin müqaviləsi»nin yenilənməsi, eləcə də Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması bu baxımdan beynəlxalq əhəmiyyətli hadisə kimi qarşılanır.
Dövlət başçısının son illərdə imzaladığı "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və "Milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi" kimi konseptual əhəmiyyətli sənədlər deməyə əsas verir ki, cənab İlham Əliyev Azərbaycanın uzunmuddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında işlənib hazırlanmasına çalışır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Maliyyə Sabitliyi və Turizm şuralarının yaradılması iqtisadi islahatların dərin elmi əsaslarla aparılması niyyətinin əyani təzahürüdür.
Bütün bunların nəticəsi olaraq Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarından olan Dünya İqtisadi Forumunun açıqladığı "2019-2020 Qlobal Rəqabətlilik Hesabatı”nda daha iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşıb. Ümumilikdə, ölkəmiz "Qlobal rəqabət qabiliyyəti" hesabatları üzrə 2005-ci ildəki 69-cu yerdən 34 pillə irəliləyərək 35-ci yerə yüksəlib, 2009-cu ildən indiyədək MDB-də liderliyini qoruyub saxlayıb. Bundan əlavə, respublikamız 190 ölkənin biznes mühitini qiymətləndirən növbəti "Doing Business 2018" hesabatında 8 pillə irəliləyərək 57-ci mövqeyə yüksəlib, ötən il ərzində davam etdirilən uğurlu islahatların nəticəsi olaraq 6 göstərici üzrə mövqeyini yaxşılaşdırıb. "Doing Business 2018” hesabatında Azərbaycan "Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 22 pillə irəliləyərək 10-cu pilləyə, "Əmlakın qeydiyyatı” göstəricisi üzrə 1 pillə irəliləyərək 21-ci pilləyə, "Vergilərin ödənişi” göstəricisi üzrə 5 pillə irəliləyərək 35-ci pilləyə yüksəlib.
Ümumilikdə, qeyri-neft sektorunda yaradılan əlavə dəyər 2003-cü illə müqayisədə 10 dəfədən çox artıb, qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 70 faizə çatıb. Bundan əlavə, Azərbaycanın valyuta ehtiyatlarının ötən il 51 milyard dollar səviyyəsinə yüksəlməsi, ixracın idxalı 4 milyard manat üstələməsi də makroiqtisadi sabitliyin və manatın məzənnəsinin qorunub saxlanılması baxımından uğurlu göstəricilərdir.
Xarici ticarətdə müsbət saldonun təmin edilməsi, şübhəsiz, ixrac sahibkarlığının dəstəklənməsi tədbirləri də ilə sıx şəkildə bağlıdır. Ölkə başçısının 1 mart 2016-cı il tarixli «Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında» fərmanı da sahibkarlığa dəstək istiqamətində mühüm addım olmuş, bununla ixrac məhsullarına ixrac təşviqinin maliyyələşdirilməsi və geriödəmə dəstəklərinin verilməsi mexanizmi yaradılıb. Sənəd 2016-2020-ci illərdə Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi məqsədini ön plana çəkib. Fərmana əsasən, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilir.
Şübhəsiz, ixracın idxalı üstələməsi son iki ildə həyata keçrilən qaninverici və institusional islahatların uğurlu nəticəsidir. Ümumilikdə, ölkə başçısının 3 fevral 2016-cı il tarixli "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında", 20 aprel 2016-cı il tarixli "İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri"nin təsdiq edilməsi haqqında", 19 may 2016-cı il tarixli "Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" və "Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" fərmanları, habelə 2016-cı il 21 may tarixli fərmanla təsdiq edilmiş "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydaları», 21 aprel 2016-cı il tarixli Azərbaycan Respublikasında "Sahibkarlar Günü"nün təsis edilməsi haqqında" sərəncamı sahibkarlığın inkişafına ciddi təkan verən sənədlər kimi yüksək dəyərləndirilməlidir.
Bu və digər sənədlər əsasında sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının və ödənilən rüsumların məbləğlərinin dəfələrlə azaldılması; icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi, o cümlədən bu sahədə elektron portalın yaradılması; sahibkarların hüquqlarının qorunması məqsədilə Apellyasiya Şuralarının yaradılması; ölkə ərazisindən tranzit yüklərin daşınmasında "bir pəncərə" prinsipinin tətbiq olunması; ölkədə investisiyaların təşviqinin artırılması məqsədilə vergi və gömrük güzəştlərinin verilməsi; idxal-ixrac əməliyyatları zamanı gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi; dövlət satınalmalarında təkmilləşdirmələrin aparılması; dövlət orqanlarında sahibkarların müraciətlərinin birbaşa cavablandırılmasını həyata keçirən, məlumatlandırma və məsləhət xidmətləri göstərən çağrı mərkəzlərinin yaradılması həyata keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi" də ölkəmizdə sahibkarlıq və biznes mühitinin yaxşılaşdırılması üçün yaxşı imkanlar açıb. Sahibkarlığın inkişafı məqsədilə həyata keçiriləcək kompleks tədbirlər sistemini özündə ehtiva edən sənəddə islahatların konkret istiqamətləri və hədəfləri əksini tapıb.
Samir Mustafayev
Mövqe.- 2020.- 8
fevral. S. 10.