Kölgə iqtisadiyyatınà qarşı mübarizə sərtləşir

 

Şəffaflaşmanın böyük iqtisadi və sosial nəticələri olacaq

 

Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə tədbirləri 2020-ci ildə bir qədər də gücləndiriləcək. Ötən il bu istiqamətdə həyata keçirilən tədbirlərin yüksək nəticələr verməsi onu deməyə əsas verir ki, kölgə iqtisadiyyatının böyük həcmi var və burada şəffaflaşdırmaya nail olmaqla daha çox vəsaiti iqtisadi dövriyyə cəlb etmək olar.

Azərbaycanda uzun illər iqtisadiyyatın qeyri-leqal hissəsinin formalaşması və böyüməsi prosesi gedib. Burada həm bəzi məmurlar, həm də sahibkarlar maraqlı tərəf kimi çıxış ediblər. Nəticədə iqtisadiyyatın bütün sahələrində kölgə iqtisadiyyatının payı artıb.

Kölgə iqtisadiyyatında böyük iqtisadi potensialın olduğunun nəzərə alaraq Azərbaycan hökuməti kölgə iqtisadiyyatının miqyasının kiçilməsi istiqamətində tədbirlərini gücləndirib. 2018-ci ildən bütün sahələrdə, o cümlədən iqtisadi idarəetmə sahəsində, vergi və gömrük siyasətində ciddi dəyişikliklər baş verdi. Bu dəyişikliklərin, aparılan islahatların əsas məqsədlərindən biri məhz kölgə iqtisadiyyatının miqyasının kiçildilməsidir. Kölgə iqtisadiyyatının miqyasının kiçildilməsi bir çox cəhətinə görə əhəmiyyətlidir. Burada sadəcə iqtisadi yox, həm də sosial mənfəətlilik var.

İqtisadi cəhətdən qiymətləndirdikdə kölgə iqtisadiyyatının kiçildilməsi dövlət büdcəsinin vergi gəlirlərinin artmasına şərait yaradacaq. Elə müəssisələr var ki, onların fəaliyyəti rəsmi olmadığına görə istehsal etdiyi məhsula əlavə dəyər vergisi tətbiq etmək, ondan mənfəət vergisi almaq mümkün deyil. Müəssisənin fəaliyyəti leqallaşanda dövlət büdcəsinin həm dolayı, həm də birbaşa vergi gəlirlərində artım qeydə alınacaq. 2019-cu ildə dövlət büdcəsinin vergi gəlirlərinin 1 milyard manat artmasının əsas səbəblərindən biri leqal fəaliyyətin artmasıdır. Leqal fəaliyyətin genişlənməsi kölgə iqtisadiyyatında formalaşan dəyərin dəqiq uçotunu aparmağa və buradan da vergilərin alınmasına imkan yaradır.

Vergilərlə yanaşı leqal fəaliyyət göstərən hər bir işçiyə görə Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta ödənişləri həyata keçirilir. Bu vəsaitlərin həcmində də artım var. Vəsaitlərin həcminin artması dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna transfertin məbləğinin azaldılmasına imkan yaradır. 2019-cu ildə məcburi sosial sığorta ödənişlərinin daha çox artması sayəsində nəzərdə tutulan transfertdən 180 milyon manat Fonda köçürülmədi.

Şəffaf fəaliyyətlə əlaqədar İşsizlikdən Sığorta Fonduna ödənişlərin də artımına imkan verir. Qaydalara əsasən işçiyə yazılan maaşın 3 faizi miqdarında Fonda pul keçirilir. İşçilərlə əmək müqavilələrinin sayının artması və burada əmək haqlarının tam göstərilməsi, Fonda ödənən pulun məbləğinin artmasına şərait yaradıb.

2020-ci ildən işçilərin əmək haqqından İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ödənişlər nəzərdə tutulub. Əmək müqavilələrinin olması Agentliyə ödənişlərin həcminin artmasına imkan verir.

Kölgə iqtisadiyyatının miqyasının kiçildilməsinin digər müsbət iqtisadi təzahürü rəqabət mühitinin yaxşılaşması və investisiya qoyuluşlarının artması şəklində özünü göstərəcək. İqtisadiyyatda şəffaflıq olmadıqda, qeyri-leqal fəaliyyətin miqyası böyük olduqda, orada ədalətli rəqabəti təmin etmək çətindir. Leqal işləyib, vergiləri tam verən sahibkarlıq subyekti, gəlirini gizlədən digər sahibkarlıq subyekti ilə rəqabətdə uduzur. Çünki leqal fəaliyyət göstərənin vergi, məcburi sosial ödənişləri çox olduğundan onun istehsal etdiyi məhsulun maya dəyəri, bu cür ödənişləri etməyən və ya az edənlə müqayisədə yüksək olur. Buna görə də kölgə iqtisadiyyatında fəaliyyət göstərən sahibkar məhsulunu ucuz satmaqla leqal fəaliyyət göstərəni rəqabətdə üstələyir. Bu baxımdan deyə bilərik ki, kölgə iqtisadiyyatının miqyasının kiçildilməsi iqtisadiyyatda ədalətli rəqabətin təmin edilməsinə də səbəb olacaq.

İnvestisiya qoyuluşları üçün də şəffaf fəaliyyət vacibdir. Fəaliyyəti şəffaf olmayan şirkətlərin sərmayə cəlb etməsi mümkün olmur. Amma şəffaf fəaliyyət göstərən müəssisələr asanlıqla kredit ala bilir, öz səhmlərinin bir hissəsini və ya istiqrazlarını satmaqla digər investorları da şirkətin fəaliyyətinə cəlb edə bilir.

İqtisadi üstünlüklərlə bərabər iqtisadiyyatın şəffaflaşmasının böyük sosial əhəmiyyəti də var. Yuxarıda da qeyd etdiyimiz kimi məcburi sosial sığorta ödənişlərinin artması ilk növbədə pensiyaçıların maliyyə təminatınə yaxşılaşdırır, dövlətə imkan verir ki, pensiyaların məbləğini artırsın. Eyni zamanda işsiz qalan işləyənlərin sosial müdafiəsini təmin etmək də asan olur. İşsizlikdən Sığorta Fonduna ödənən pullar bu məqsədlə istifadəyə şərait yaradır. Leqal fəaliyyət əhalinin tibbi xidmətlərdən daha keyfiyyətli istifadəni də təmin edəcək. Əgər şəffaflaşdırma olmasaydı, icbari tibbi sığortanı tətbiq etmək dövlət büdcəsi üçün daha böyük yükə çevriləcəkdi. 

Qeyd edək ki, ölkəmizdə kölgə iqtisadiyyatı ilə mübarizədə əsas sahə strukturu İqtisadiyyat Nazirliyidir. İqtisadiyyat naziri Mikayıl Cabbarov verdiyi müsahibəsində qeyd edib ki, kölgə iqtisadiyyatı ilə mübarizə İqtisadiyyat Nazirliyinin təməl prinsiplərindən biridir. O söyləyib ki, kölgə iqtisadiyyatından çıxmaq başlıca olaraq vətəndaş üçün faydalı olacaq: “Həyata keçirilən tədbirlərin faydasını ən çox müxtəlif şəkildə vətəndaş görür - dolayı yolla və birbaşa. Bu ildən başlanılan icbari tibbi sığortanın reallaşdırılması, infrastruktur təminatı, keyfiyyətli yollar, fasiləsiz enerji təminatı, yeni məktəblərin, xəstəxanaların tikintisi, 2019-cu ildə birbaşa cənab Prezidentin təşəbbüsü ilə minimal əmək haqlarının, pensiyaların əhəmiyyətli dərəcədə qaldırılması, artıq 2020-ci ilin yanvar ayının nəticələrinə əsasən pensiyaların bir daha indeksasiyası... Kölgə iqtisadiyyatında olan potensialın reallaşması, bir il ərzində - 2019-cu il ərzində 150 mindən çox yeni muzdlu işçilərin əmək müqavilələrinin qeydiyyatı, bu il həmin şəxslərin gələcək pensiya təminatından başlayaraq ölkədə məşğulluğun təmin edilməsi istiqamətində atılan addımların fəlsəfi yanaşmaya əsasən həyata keçirildiyini deməyə əsas verir.

 

 

 

Vasif CƏFƏROV

Mövqe.- 2020.- 13 fevral. S. 4.