Regional inkişafda keyfiyyətcə yeni
mərhələ
Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin qorunub saxlanılması vacib şərtlərdəndir. Dövlət başçısı cənab İlham Əliyevin iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqətin yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması məhz bu reallığa əsaslanmışdır.
2003-cü ildən etibarən Azərbaycanın iqtisadi sahədə həyata keçirdiyi siyasətin uğurlarını şərtləndirən əsas amillərdən biri də məhz inkişafın mərkəz və regionlar üzrə tarazlı xarakter daşıması, rentabelli istehsal sahələrinin ölkənin bütün regionlarını əhatə etməsi, yerli resurslardan istifadənin səmərəliyinin artırılması, infrastrukturun yeniləşdirilməsi tədbirləri ilə sıx şəkildə bağlıdır. Məhz bu iqtisadi strategiya regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə, oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsinə imkan yaratmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin 11 fevral 2004-cü il tarixli «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafi Dövlət Proqramı (2004-2008-ci illər)», 14 aprel 2009-cu il tarixli «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» və 2014-cü il 27 fevral tarixli «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» regionların iqtisadi inkişafında tamamilə yeni səhifə açmış, insanların kəndlərdən şəhərlərə axınının qarşısını almış, xüsusilə də qeyri-neft sektorunun, sahibkarlığın inkişafına xüsusi təkan vermişdir.
2004-2018-ci illər ərzində reallaşdırılan regionların sosial-iqtisadi inkişafi dövlət proqramlarının təhlili göstərir ki, ötən müddətdə ölkənin makroiqtisadi göstəricilərində regionların xüsusi çəkisi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Yerlərdə sahibkarlığın inkişafının sürətləndirilməsi, yerli istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması, yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması nəticəsində əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində böyük uğurlar əldə olunmuşdur. Ümumilikdə, proqramların icrasına bütün mənbələr hesabına 60 milyard manatdan çox vəsait yönəldilmişdir.
Konkret olaraq Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı»nın təsdiq edilməsi barədə» fərmanı, ilk növbədə, regionların qeyri-proporsional inkişafının qarşısının almağa xidmət edən təkmil konsepsiya olmuşdur. İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, məhsuldar qüvvələrin proporsional yerləşdirilməsi təmin olmadığı halda, hər hansı inkişafdan söhbət gedə bilməz. Dövlət Proqramı regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə, oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi resurslardan kifayət qədər səmərəli istifadə etməklə iqtisadiyyatın dinamik inkişafı, əhalinin məşğulluğunun artırılması, yoxsulluğun səviyyəsinin azaldılması məsələlərini özündə ehtiva etmişdir. Bölgələrdə yaşayan vətəndaşların zəruri arzu və istəkləri, eləcə də onları illərdən bəri narahat edən, qayğılandıran sosial problemlərin həlli fərmanda dolğunluğu ilə əksini tapmışdı. Dövlət Proqramı regionların inkişafına yönəlməklə yanaşı, həm də yerlərdə sosial infrastrukturun yeniləşməsi, nəqliyyat-kommunikasiya sisteminin bərpası, turizmin inkişafı, habelə elmi-texniki tərəqqi, mədəni yüksəlişi, müasir informasiya texnologiyalarının, innovasion yeniliklərin tətbiqi məsələlərini özündə ehtiva edirdi.
Regional inkişafa kompleks məsələ kimi yanaşan dövlət başçısı cənab İlham Əliyev regionların sosial-iqtisadi inkişafı ilə bağlı I Dövlət Proqramında nəzərdə tutulmamış məqsədlərin gerçəkləşdirilməsi üçün 2009-2013-cü illəri əhatə edən analoji proqramın hazırlanmasını da diqqət mərkəzində saxlamışdır. Dövlət başçısı belə bir sənədin hazırlanması barədə hələ 2007-ci ildə – regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının imzalanmasının dördüncü ilinə həsr olunmuş müşavirədə məlumat verərək demişdir ki, qarşıda duran vacib vəzifələrdən biri də məhz Azərbaycanın regionlarında formalaşdırılan infrastrukturun Avropa Birliyi meyarlarına çatdırılmasıdır. Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» bu sahədə həyata keçirilən siyasətin davamı olaraq qeyri-neft sektorunun inkişafını sürətləndirmiş, iqtisadiyyatın şaxələndirilməsinə, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına imkan yaratmışdır.
Ölkə başçısının 2014-cü il 27 fevral tarixli sərəncamı ilə «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın təsdiq edilməsi regionların inkişafı sahəsində 2004-cü ildən başlanmış tədbirlərin uğurlu davamına təminat yaratmışdır. Dövlət Proqramı ölkədə makroiqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni müəssisə və iş yerlərinin yaradılması, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, əhalinin rifah halının daha da yaxşılaşdırılması və yoxsulluq səviyyəsinin azaldılması kimi prioritetləri özündə ehtiva etmişdir.
«Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın başlıca məqsədi ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası və regionların inkişafı istiqamətində tədbirlərin davam etdirilməsidir. Proqramda müəyyənləşdirilmiş məqsədlərə nail olunması üçün regionlarda infrastruktur təminatının, o cümlədən əhalinin kommunal xidmətlərlə təminatının daha da yaxşılaşdırılması; ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalı istiqamətində sahibkarlığın inkişafının sürətləndirilməsi; əhalinin, xüsusilə kənd əhalisinin məşğulluq səviyyəsinin artırılması; yoxsulluğun səviyyəsinin azaldılması kimi mühüm vəzifələr nəzərdə tutulmuşdur.
Statistik göstəricilər son 16 ildə Azərbaycan iqtisadiyyatının inkişafını və dayanıqlılığını bir daha təsdiq edir: Ötən dövrdə ölkənin strateji valyuta ehtiyatları 27 dəfə artaraq 44 mlrd. ABŞ dollarına çatmışdır. 2004-2017-ci illərdə ümumi daxili məhsul (ÜDM) real ifadədə 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,7 dəfə artmışdır. Bu dövrdə sənaye real ifadədə 3,8 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı 1,6 dəfə, tikinti 3,4 dəfə, ticarət 3,9 dəfə, turizm 14,2 dəfə artmış, iqtisadiyyata 225 mlrd. ABŞ dolları həcmində investisiya qoyulmuşdur. Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri dinamik olaraq artmış, investisiya xərcləri dövlət büdcəsində əhəmiyyətli çəkiyə malik olmuşdur.
2014-2018-ci illərdə orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması; vergi və gömrük dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi; kənd təsərrüfatı məhsulları istehsalçılarının stimullaşdırılması tədbirlərinin davam etdirilməsi; taxıl istehsalının artırılması və rəqabət qabiliyyətinin gücləndirilməsi; istehsalçıların ixrac yönümlü fəaliyyətinin stimullaşdırılması; ümumi daxili məhsulda qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin xüsusi çəkisinin yüksəldilməsi və digər məsələlər diqqət mərkəzində saxlanılmışdır.
Kənd təsərrüfatı sahəsində çalışan fermerlərin lazımi texnika, gübrə və toxum məhsulları ilə təmin edilməsi məqsədi ilə «Aqrolizinq» Səhmdar Cəmiyyətinin yaradılması, onların gəlir vergisindən azad edilməsi, güzəştli şərtlərlə yanacaq və motor yağları ilə təmini də sahibkarlığa göstərilən qayğının mühüm tərkib hissəsi kimi xüsusi vurğulanmalıdır. İntensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönəlmiş iqtisadi siyasət – quşçuluq və heyvandarlıq komplekslərinin, bağçılıq təsərrüfatlarının, istixanaların və məhsulların saxlanılması üçün soyuducu anbar infrastrukturunın inşası öz nəticələrini verir, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, idxaldan asılılığın əhəmiyyətli dərəcədə azalmasına, ərzaq mallarının qiymətlərinin sabitləşməsinə səbəb olur.
Samir Mustafayev
Mövqe.- 2020.- 14
fevral. S. 11.