Əlverişli
biznes mühitinin yaradılması başlıca hədəflərdəndir
Son
illər qeyri-neft sektorunun inkişafı, biznes mühitinin
liberallaşdırılması məqsədilə hökumət
səviyyəsində həyata keçirilən kompleks tədbirlər
kiçik və orta sahibkarlığın
inkişafını sürətləndirib. Prezident İlham
Əliyevin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə
yaradılmış Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi
(KOBİA) bu sahədə qarşıya qoyulmuş vəzifələrin
həlli istiqamətində qısa müddətdə
mühüm layihələri gerçəkləşdirməyə
nail olub.
Dövlət
başçısının 26 iyun 2018-ci il tarixli Fərmanı
ilə təsdiqlənmiş Nizamnaməyə əsasən,
Agentlik ölkədə kiçik və orta biznesin
inkişafını dəstəkləyən, KOB subyektlərinə
bir sıra xidmətlər göstərən, dövlət
orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini,
tənzimlənməsini həyata keçirən publik
hüquqi şəxsdir və İqtisadiyyat Nazirliyinin tabeliyində
fəaliyyət göstərir. Agentliyin məqsədi ölkədə
mikro, kiçik və orta sahibkarlığın
inkişafını dəstəkləmək, ölkə
iqtisadiyyatında kiçik və orta biznesin rolunu möhkəmləndirmək,
KOB-ların maraqlarının qorunmasında və problemlərinin
həllində iştirak etmək, onlara institusional dəstək
mexanizmlərini təkmilləşdirmək, dövlət və
özəl qurumların bu sahədə fəaliyyətini əlaqələndirməkdir.
Agentlik
tərəfindən kiçik və orta sahibkarlıq subyektlərinə
biznesə başlanması, mövcud sahibkarlıq fəaliyyətinin
idarə edilməsi və innovativ üsullarla genişləndirilməsi
üçün informasiya, məsləhət, təlim-tədris,
hüquqi yardım, habelə sahibkarların hüquqların
qorunması istiqamətlərində dəstək göstərilir.
Agentliyin strukturuna Kiçik və orta biznes evləri;
Kiçik və orta biznesin inkişafı mərkəzləri;
Dövlət-Sahibkar Tərəfdaşlığının
İnkişafı Mərkəzi; Kiçik və orta biznesin
inkişafı fondları daxildir.
Ümumilikdə,
qurumun məqsədi KOB-ların fəaliyyətinin tənzimlənməsində
iştirak etmək, bu sahədə beynəlxalq təcrübədə
geniş tətbiq olunan və müasir tələblərə
cavab verən çevik idarəetmə sisteminin tətbiqi yolu
ilə KOB subyektlərinin ölkə iqtisadiyyatında rolunu
möhkəmləndirmək, onların xüsusi çəkisini
və rəqabət qabiliyyətini artırmaq, maliyyə
resurslarına çıxış imkanlarını genişləndirmək,
onlara institusional dəstək mexanizmlərini təkmilləşdirmək,
regionlarda sahibkarlığın inkişafına əlverişli
şərait yaradılmasına, bu sahəyə yerli və
xarici investisiyaların cəlbinə nail olmaqdır. Eyni
zamanda, Agentliyin missiyası kiçik və orta biznesin tənzimlənməsi
sisteminin səmərəliliyinin artırılması,
çoxsaylı dəstək mexanizmləri və onlara
sahibkarların rahat çıxışının təmin
edilməsi, KOB sektorunun davamlı inkişafına nail olmaq və
onun ölkə iqtisadiyyatındakı rolunun
artırılmasından ibarətdir. Agentliyin əsas hədəfi
qurumu sahibkarın dostu kimi önəmli missiyanın
daşıyıcısına çevirməkdir.
Qurumun
yaradılması ilə bağlı strateji baxış Azərbaycanda
davamlı iqtisadi inkişafın təmin edilməsi məqsədilə
kiçik və orta biznesin ÜDM-də və məşğulluqda
payının artırılması, rəqabət qabiliyyətinin
gücləndirilməsi, KOB subyektlərinin maliyyələşmə
resurslarına sərfəli və səmərəli
çıxışının təmin edilməsi, gündəlik
istehlak malları ilə təminatın əsasən KOB
subyektləri vasitəsilə həyata keçirilməsi,
onların xarici bazarlara çıxış
imkanlarının genişləndirilməsidir.
Qurumun
struktur bölmələri olan Kiçik və orta biznes (KOB)
evləri sahibkarlıq subyektlərinə dövlət və
özəl qurumlar tərəfindən xidmətlərin vahid məkanda
və əlaqələndirilmiş formada həyata
keçirilməsini təmin edir. KOB evlərinin məqsədi
sahibkarlıq subyektlərinə operativlik, şəffaflıq,
nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə
uyğun olaraq vahid məkanda, əlaqələndirilmiş
formada, yeni üslubda, müasir innovasiyaları tətbiq etməklə
xidmətlərin göstərilməsidir. Eyni zamanda, KOB evləri
sahibkar məmnunluğu təmin etməklə, onların maarifləndirilməsinə,
bilik və bacarıqlarının artırılmasına, təlim,
məsləhət, informasiya və beynəlxalq mübadilə
proqramlarında iştirakına çalışır. Eyni
zamanda, biznes ideyasına malik şəxslərin
ideyalarının dəqiqləşdirilməsi və
sahibkarlıq fəaliyyətinə başlamalarına şəraitin
yaradılması, yeni biznes ideyaların və startapların dəstəklənməsi,
kiçik və orta biznes subyektlərinin
hüquqlarının qorunması bu fəaliyyətin əsasını
təşkil edir.
Bundan
əlavə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26
iyun tarixli "Azərbaycan Respublikasının Kiçik və
Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin
edilməsi haqqında" Fərmanına əsasən, mərkəzi
və yerli icra hakimiyyəti və bələdiyyə
orqanları, dövlət adından yaradılan publik hüquqi
şəxslər və səhmlərinin (paylarının) nəzarət
zərfi dövlətə məxsus olan hüquqi şəxslər
tərəfindən mikro, kiçik və orta sahibkarlıq
subyektlərinə vahid "G2B" (dövlət-biznes)
elektron reyestrə daxil olan xidmətlərin göstərilməsi,
hüquqmüəyyənedici sənədlərin verilməsi,
həmin reyestr fəaliyyətə başlayana qədər isə
"Kiçik və orta biznes evlərində mikro, kiçik
və orta sahibkarlıq subyektlərinə göstərilən
xidmətlərin siyahısı" üzrə xidmətlər
KOB evləri vasitəsilə həyata keçirilir.
Agentliyin
Kiçik və Orta Biznesin Dostu, qısaca desək "KOB Dostu"
layihəsi də mikro, kiçik və orta biznesə dəstək
modeli kimi özünü doğruldur "KOB Dostu" fəaliyyət
göstərdiyi ərazi üzrə mikro, kiçik və orta
biznes subyektləri ilə birbaşa ünsiyyətdə olaraq
onların inkişaf təşəbbüslərini və
potensial imkanlarını müəyyən edir. Həmçinin,
yeni kiçik və orta biznes subyektlərinin yaranması və
mövcud biznesin inkişafına yönəldilmiş
çoxsaylı dəstəklər göstərir,
sahibkarların qanuni maraqlarının müdafiəsini həyata
keçirir. "KOB Dostu" eləcə də mikro,
kiçik və orta sahibkarların ehtiyaclarını sorğu
və digər vasitələrlə öyrənir, onlara
dövlət və özəl qurumlar tərəfindən
göstərilən xidmətlərin monitorinqini aparır.
Hazırda
ölkənin 14 şəhər və rayonunda 20-dək
"KOB Dostu" fəaliyyət göstərir.
Respublikanın digər rayon və şəhərlərində
də KOB dostlarının fəaliyyəti nəzərdə
tutulur. Mikro, kiçik və orta sahibkarlar fəaliyyət
göstərdikləri inzibati ərazi vahidlərində və
ya coğrafi baxımdan onlara ən yaxın olan "KOB
Dostu"na biznesin qurulması və inkişafı,
hüquqlarının müdafiəsi kimi məsələlərlə
bağlı müraciət edə bilirlər. KOB dostları və
onlarla əlaqə vasitələri barədə məlumatları
isə Agentliyin www.smb.gov.az saytından əldə etmək
mümkündür.
Agentliyin
struktur bölmələri tərəfindən mikro, kiçik
və orta sahibkarlara onlar üçün qanunvericilikdə nəzərdə
tutlmuş güzəştlər barədə də ətraflı
məlumat verirlər. Məsələn, Vergi Məcəlləsinə
əsasən, mikro sahibkarın gəlir və mənfəətinin
75 faizi vergidən azaddır. Eyni zamanda, bu kateqoriya sahibkarlar əmlak
vergisindən azaddırlar. Mikro və kiçik sahibkarlıq fəaliyyəti
ilə məşğul olan startaplar "Startap" şəhadətnaməsi
aldıqları andan 3 il müddətinə gəlir və mənfəət
vergisindən azad olunurlar. Kiçik sahibkar əsas vəsaitlərə
illik amortizasiya normalarını 1,5 əmsalına vurmaqla
sürətləndirilmiş amortizasiya tətbiq edə bilər.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə
görə, KOB klasterləri daxilində fəaliyyət
göstərən KOB klaster şirkətləri 7 il müddətinə
mənfəət, torpaq və əmlak vergisindən, eləcə
də idxal etdiyi avadanlıqlar üzrə ƏDV-dən
azaddır.
Bundan
əlavə, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr
2018-ci il tarixli Fərmanına əsasən, mikro, kiçik və
orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə
qoşulma prosedurları sadələşdirilib. Artıq mikro,
kiçik və orta sahibkarlar qaz və su təchizatı,
tullantı suların axıdılması sistemlərinə
qoşulmaq üçün texniki şərtlərin və
layihə sənədlərinin hazırlanması və verilməsi,
eləcə də fiziki qoşulmanın həyata keçirilməsi
üçün "Kiçik və Orta Biznes evləri"nə,
"ASAN kommunal" mərkəzlərinə və ya
"ASAN xidmət"ə müraciət edə bilərlər.
Sahibkarın kommunal xidmətlərə qoşulması
sifarişçinin müraciət etdiyi tarixdən ən geci
20 gün ərzində həyata keçirilir, texniki şərtlərin
verilməsi isə pulsuzdur.
Bundan
əlavə, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə
müxtəlif sahələrdə biznesin qurulması və
inkişaf etdirilməsi üçün dövlətin güzəştli
kreditlərindən istifadə etmək inkanı
yaradılıb. Belə ki, sahibkarlar sənaye, kənd təsərrüfatı,
turizm, İKT və xidmət sahələri üzrə
dövlətin güzəştli kreditləri
üçün İqtisadiyyat Nazirliyinin
Sahibkarlığın İnkişafı Fondu, Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət
Fondu və Kənd Təsərrüfatı Nazirliyi yanında
Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlıq
edən müvəkkil kredit təşkilatlarına müraciət
edə bilərlər.
Samir Mustafayev
Mövqe.- 2020.- 19
fevral. S. 11.