Azərbaycanın turizm imkanları əcnəbiləri daha çox maraqlandırmağa başlayır

 

Ən dinamik inkişaf edən iqtisadi sahənin ölkəmizdə geniş perspektivi var

 

Bu gün Azərbaycanda turizm sənayesinin inkişafına böyük zərurət yaranıb. Belə ki, qədimliklə müasirliyin uzlaşması, tarixiliklə mənəvi dəyərlərin bağlılığı, milli və beynəlmiləl çulğaşma Azərbaycan həyat tərzinin getçək motivləridir. İnsanlar indi müxtəlifliyin harmoniyasını axtarır və onu harada tapırlarsa, o istiqamətə meyillənirlər. Bütün bu saydıqlarımızın Azərbaycanda cəmləşməsi dəfələrlə beynəlxalq ekspertlər tərəfindən təsdiqlənib və heç şübhəsiz ölkəmizə gələn turist axınının ildən-ilə sürətlənməsində bu amilin rolu olduqca səmərəlidir. İqtisadi şaxələndirmə prosesində turizm hər bir ölkə üçün iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biri sayılır. Azərbaycanda da bu sahənin inkişafına ciddi diqqət göstərilir. Turizm sektorunun davamlı olaraq inkişaf etməsi və mühüm iqtisadi sektora çevrilməsi artıq baş verib  Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında özünü qabarıq göstərir. Təsadüfi deyil ki, ötən il Azərbaycana rekord sayda-3 milyon 126 min turistin gəlib və bu rəqəm deyilənləri təsdiqləyir.

Azərbaycanda turizm sahəsindəki davamlı inkişafın nəticəsi kimi, peşəkar kadrlara olan ehtiyac da sürətlə artıb. Bu ehtiyacın təmin olunması məqsədilə Azərbaycan Turizm İnstitutu bu sahədə  ali təhsilin keyfiyyətinə ciddi fikir verir.  Məsələn, ATİ tələbələri öz nəzəri biliklərini 20 həftəlik istehsalat təcrübəsində möhkəmləndirir, əsasən turizmin inkişaf etdiyi ölkələrdə - Türkiyə, İsrail, Şimali Kipr Türk Cümhuriyyəti, Almaniya, Yunanıstanda istehsalat təcrübəsi keçirlər.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılmış “www.azerbaijan.travel” rəsmi milli turizm portalı son illər ərzində daxili və xarici turistlər üçün Azərbaycanın turizm potensialı, o cümlədən təbiəti, turizm infrastrukturu, ictimai nəqliyyat sistemi, ölkəmizin unikal turizm məhsulları, turizm şirkətləri və mehmanxanaları barədə geniş məlumat bazası və təbliğat vasitəsi rolunu oynayıb. Gəlmə turizmi üzrə prioritet sayılan ölkələrdə turizm potensialımızın təbliğ edilməsi məqsədilə alman və rus saytlarında müvafiq elektron banerlər yerləşdirilib.

Ölkəmizdə davamlı turizmə nail olmaq üçün qış turizm bazasının yaradılması və mövsümlük anlayışının aradan qaldırılması zərurəti yaranıb. Bu məqsədə nail olmaq üçün Azərbaycan Respublikasındakı “Şahdağ” Yay-Qış Turizm Kompleksi dünyadakı bu tipli komplekslərdən müasirliyi və universallığı ilə fərqlənir. Kompleks Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. Bir neçə il öncəyə kimi Azərbaycan vətəndaşları qış mövsümündə turizm məqsədilə digər ölkələrə üz tuturdular. Lakin artıq Azərbaycanda iki qış turizm müəssisəsi fəaliyyət göstərir: Qusardakı “Şahdağ” Yay-Qış İstirahət Kompleksi və Qəbələ rayonunda 2014-cü ilin yanvar ayında açılışı olan “Tufan” Dağ-Xizək Mərkəzi. Bu iri komplekslərin inşası göstərir ki, Azərbaycanda təkcə yay turizminə alternativ turizm növlərinin də inkişafına və bu sahədə infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilir.

Turizmin effektiv və rəqabətədavamlı sahəyə çevrilməsi sayəsində Azərbaycanda yeni mehmanxana, hotel, motel və digər turist yerləşdirmə obyektinin təməli qoyulur. Bundan başqa, iş adamlarında turizm sahəsinə böyük maraq yaranıb. Artıq ölkədə 150-dən çox turism şirkəti fəaliyyət göstərir. Dünya turistlərinin diqqətini Azərbaycana cəlb etmək üçün müxtəlif istiqamətlərdə fəal işlər görülür. Ölkənin turizm potensialını təbliğ etmək, yerli adət-ənənələri, milli mətbəxi, mədəni və tarixi irsi tanıtmaq məqsədilə kitablar, bukletlər, disklər hazırlanır və yayılır, dünyanın müxtəlif televiziya kanallarında reklamlar nümayiş etdirilir, həyata keçirilən yeni layihələr barədə reklam və elanlar verilir, bu istiqamətdə internet imkanlarından geniş istifadə olunur.

 İndi xarici ölkələrin özləri Azərbaycanı öyrənir, ölkəmizə turist göndərmək imkanlarını səylə araşdırırlar. Rumıniyanın “News24hours” xəbər portalı Azərbaycanda qış turizminin inkişafı barədə məqalə yayıb. Məqalədə Azərbaycanın Qusar, Qəbələ rayonlarında yerləşən qış turizm kompleksləri - Şahdağ, Tufandağ barədə ətraflı məlumat verilir. Burada yaradılan şəraitdən, mövcud infrastruktur barədə söhbət açılıb. Qeyd olunur ki, turistlər qış idman növləri ilə şəhərlərdə gəzintini əlaqələndirərək burada istirahət edə bilərlər. Tezliklə Azərbaycanda ilk dəfə olaraq xarici turizm şirkətlərinin nümayəndələri üçün ölkəmizin turizm potensialı haqqında “e-öyrənmə” (“e-learning”) – onlayn məlumatlandırma və öyrənmə platforması istifadəyə veriləcək. Platforma Azərbaycana turizm məqsədli səfərlərin təşkili və satışı ilə məşğul olan xarici şirkətlərə Azərbaycan haqqında ətraflı məlumat verməklə yanaşı, ölkənin yeni turizm imkanları haqqında geniş informasiya təqdim edən onlayn kurs rolunu oynayacaq. Onlayn platformanın təqdimatı aprelin 29-da Bakı Konqres Mərkəzində keçiriləcək “Travel Businness Azerbaijan 2020” işgüzar forumu çərçivəsində baş tutacaq. Tədbirdə Avropa, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyadan 400-dən artıq turizm agentlikləri və tur operatorların, eyni zamanda, işgüzar turizm üzrə ixtisaslaşan şirkətlərin, müxtəlif hava yolları şirkətlərinin nümayəndələri və rəhbərlərini yerli turizm sənayesi iştirakçıları ilə bir araya gələcəyi gözlənilir.

 

 

N.NOVRUZ

Mövqe.- 2020.- 25 fevral. S. 6.