Sahibkarların
zəruri informasiyaları əldə etmək inkanları
asanlaşıb
Korrupsiyaya
qarşı mübarizə sahəsində həyata
keçirilən strategiya nəticəsində ölkəmiz
son illər böyük uğurlara imza atıb. Açıq
hökumət prinsipləri, daim bu strategiyanın ayrılmaz
hissəsi olaraq dövlət idarəçiliyində
informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin
genişləndirilməsini, informasiyanın əldə edilməsində
açıqlığın təmin edilməsini, ictimai
iştirakçılığın artmasını və vətəndaş
cəmiyyəti institutları ilə sıx əməkdaşlığı
nəzərdə tutub. Ölkəmiz açıq hökumət
prinsiplərinin təşviqi sahəsində beynəlxalq səylərə
də öz töhfəsini verib və “Açıq Hökumət
Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə
ilk qoşulan dövlətlərdən biri olub.
Dövlət
xidmətlərinin göstərilməsində tətbiq edilən
və Birləşmiş Millətlər Təşkilatının
2015-ci il “Dövlət Xidmətləri Mükafatına” layiq
görülmüş innovativ “ASAN xidmət” modeli bu
yanaşmanın uğurlu nümunəsidir. Açıq
hökumət prinsiplərindən biri olan, ictimai
iştirakçılığın genişlənməsi
üçün qanunvericilik bazasını formalaşdıran
“İctimai iştirakçılıq haqqında” Azərbaycan
Respublikası Qanununun qəbulu və icrası dövlət
orqanları yanında ictimai şuraların
yaradılmasını, ictimai əhəmiyyət kəsb edən
qanun layihələrinin müzakirəsində və dövlət
orqanlarının fəaliyyətində vətəndaş cəmiyyəti
institutlarının daha sıx iştirakını təmin
edib.
Azərbaycan
2018-ci ildə Dünya İqtisadi Forumunun rəqabət qabiliyyəti
indeksinə əsasən 148 ölkə arasında 35-cı
yeri, Dünya Bankının “Doing Business” 2018-ci il
hesabatında isə 25-ci yeri tutub. Dövlət orqanları tərəfindən
açıq hökumətin təşviqi üzrə həyata
keçirilən layihələr və təşəbbüslər
prioritet müəyyən edilib, bu sahədə fəaliyyət
göstərən vətəndaş cəmiyyəti
institutlarına dəstək göstərilib. Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə tədbirlər uğurla həyata keçirilir və
korrupsiyaya şərait yaradan halların aradan
qaldırılması təmin edilməkdədir. Bu tədbirlər
eyni zamanda iqtisadi sahədə aparılan islahatları
tamamlamış və dayanıqlı iqtisadi inkişaf
üçün yeni imkanlar yaradıb.
“Açıq
hökumətin təşviqinə dair 2016-2018-ci illər
üçün Milli Fəaliyyət Planı”nın qəbul
edilməsi və nəzərdə tutulan tədbirlərin əhatəsi
Azərbaycanda açıq hökumət prinsiplərinin
genişlənməsi və korrupsiyanın
qarşısının alınması üçün
mövcud güclü siyasi iradənin növbəti göstəricisi
olub. Milli Fəaliyyət Planı vətəndaş cəmiyyəti
üzvlərinin fəal iştirakı ilə hazırlanıb
və çoxsaylı ictimai dinləmələrdə
müzakirə edilib. Proqramla Vergilər Nazirliyi və digər
qurumlar qarşısında müəyyənləşdirilmiş
vəzifələrdən biri də sahibkarlar üçün
daha liberal, şəffaf mühitin
formalaşdırılması idi.
Xatırladaq
ki, son illər qəbul olunmuş bir sıra dövlət
proqramlarında, imzalanmış fərman və sərəncamlarda
sahibkarların məlumatlandırılması işinin
müasir tələblər səviyyəsində
qurulmasının vacibliyi ön plana çəkilir. Ölkə
başçısının 2012-ci il 5 sentyabr tarixli sərəncamı
ilə təsdiq edilmiş «Açıq Hökumətin təşviqinə
dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət
Planı»nın 1-ci maddəsinə əsasən, şəffaflığın
artırılması və açıq hökumətin təşviqi
baxımından informasiya əldə edilməsinin
asanlaşdırılması nəzərdə tutulub. Fəaliyyət
Planının 2-ci maddəsində dövlət
orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə
müntəzəm məlumat verməsi zərurəti önə
çəkilib. Bu məqsədlə dövlət
orqanlarının öz fəaliyyəti barədə məlumatları
mütəmadi, yenilənmiş əsaslarla internet səhifələrində
yerləşdirməsi; dövlət orqanlarının öz fəaliyyəti
barədə illik məruzələr tərtib etməsi və
internet səhifələrində açıqlaması;
dövlət orqanlarının öz fəaliyyəti barədə
mətbuat konfransları və ictimaiyyətlə birbaşa
ünsiyyət formasında tədbirlər keçirməsi; və
digər mühüm tədbirlər təmin edilib.
Son
illər sahibkarların məlumatlandırılması istiqamətində
həyata keçirilən mühüm layihələrdən
biri də universal telefon-məlumat xidmətinin
yaradılması olub. Xatırladaq ki, Nazirlər Kabinetinin
2013-cü il 28 oktyabr tarixli sərəncamına əsasən,
Vergilər, Maliyyə, Ədliyyə, İqtisadiyyat, Əmək
və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, habelə
Dövlət Gömrük Komitəsinin və Dövlət
Sosial Müdafiə Fondunun fəaliyyət sahələrini əhatə
edəcək «Sahibkarlıq fəaliyyəti sahəsində
Universal Çağrı Mərkəzi»nin yaradılması nəzərdə
tutulmuşdu. Belə bir mərkəzin yaradılmasında
başlıca məqsəd sahibkarlara göstərilən
dövlət dəstəyinin səmərəliliyinin
artırılması, dövlət və sahibkarlar arasında
münasibətlərin yaxşılaşdırılması və
sadələşdirilməsi, fiziki və hüquqi şəxslərin
vahid mənbədən məlumat almalarının təmin
olunması, əhali arasında hüquqi maarifləndirilmə
işinin səviyyəsinin yüksəldilməsidir.
Xatırladaq
ki, Vergilər Nazirliyinin «195» Çağrı Mərkəzi
ilk dəfə 2003-cü ilin sonundan sahibkarların məlumatlandırılması
və müraciətlərinin qəbulu məqsədilə
yaradılıb, Bakı şəhərini əhatə etməklə
fəaliyyətə başlayıb. 2006-cı ilin may
ayından mərkəzin əhatə dairəsi genişləndirilib,
respublikanın bütün regionlarından gələn sual və
müraciətlərin qəbulunu həyata keçirib.
2014-cü ilin noyabr ayında Beynəlxalq
Sertifikatlaşdırma və Sorğu Mərkəzləri
İnstitutu tərəfindən audit keçirilib və bunun nəticəsində
sorğu mərkəzlərinin idarəetmə sistemi üzrə
vahid Avropa standartını müəyyən edən «Austrian
Standards plus» təşkilatı tərəfindən Vergilər
Nazirliyinin Çağrı Mərkəzinə
"EN-15838" standartlarına uyğunluq barədə verilən
sertifikat yenilənib.
2015-ci
ilin fevral ayından Vergilər, Maliyyə, İqtisadiyyat,
Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi
nazirliklərini, Dövlət Gömrük Komitəsini və
Dövlət Sosial Müdafiə Fondunu əhatə edən
«195» Çağrı Mərkəzi fəaliyyətə
başlayıb. Çağrı Mərkəzi iqtisadi
qanunvericilik və onun tətbiqi, təqdim edilən elektron xidmətlər
barədə operativ, düzgün, vergi orqanlarına gəlmədən
məlumat verilməsini, vergi qanunvericiliyinin pozulması
halları barədə müraciətlərin qəbulunu təmin
edib. Sahibkarların, vətəndaşların vaxt itkisinə
yol vermədən bir mənbədən biznesin qeydiyyatı,
lisenziyalaşdırma, vergilər, rüsumlar və
sahibkarları maraqlandıran digər məsələlər
barədə məlumat almalarını təmin etmək məqsədilə
«195» Universal Çağrı Mərkəzi və
ayrı-ayrı dövlət orqanlarındakı analoji xidmətlər
vahid telefon-məlumat xidmətinə inteqrasiya olunublar.
Respublikanın istənilən regionundan stasionar nömrələrdən
birbaşa «195» nömrəsinə edilən zəng, eləcə
də Çağrı Mərkəzi tərəfindən
göstərilən xidmətlər ödənişsiz həyata
keçirilir.
2019-cu
ildə «195» Universal
Çağrı Mərkəzi tərəfindən vergi
ödəyicilərinin və vətəndaşların həm
avtomatik, həm də canlı rejimdə fəaliyyət
zamanı müfəttiş-operatorlar tərəfindən
müraciətləri cavablandırılıb, onların ərizə,
şikayət və məlumat xarakterli müraciətləri qəbul
olunub, vergi ödəyiciləri mesaj xidməti vasitəsilə
məlumatlandırılıb. Bununla yanaşı, mərkəz
tərəfindən gücləndirilmiş elektron imzaya, o
cümlədən «Asan imza»ya dair müraciətlərin
cavablandırılması təmin edilib. Çağrı Mərkəzində
«Asan imza» vasitəsilə əməliyyatların
aparılması təmin edilib.
Qeyd
edildiyi kimi, «195» Universal Çağrı Mərkəzi 2015-ci
ildə fevralın 4-dən əhalinin, o cümlədən
sahibkarların suallarının operativ və keyfiyyətli
cavablandırılması, şikayətlərinin, habelə təkliflərinin
qəbulu məqsədilə fəaliyyətə
başlayıb. Hazırda onun xidmətlərindən istifadə
etmək üçün birbaşa 195 nömrəsinə zəng
edərək, səsli menyunun köməkliyi ilə və ya
müvafiq düymələrdən birini seçərək
birbaşa Vergilər, İqtisadiyyat, Maliyyə, Ədliyyə,
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə,
Dövlət Gömrük Komitəsinə və Dövlət
Sosial Müdafiə Fonduna müraciət edilə bilər.
Bütün
bunlar bir daha təsdiqləyir ki, ölkəmizdə biznes
mühitinin daha da liberallaşdırılması istiqamətində
həyata keçirilən mühüm tədbirlərdən
biri də sahibkarların müvafiq dövlət
qurumlarından məlumat əldə etmək
imkanlarının genişləndirilməsidir. Özəl
sektorun təmsilçiləri ilə daha sıx təmasda olan,
onlara müxtəlif xidmətlər göstərən nazirlik,
komitə, xidmət və agentliklər bu məqsədlə fəaliyyətlərində
mütərəqqi yenilikləri nəzərə alır,
informasiya-kommunikasiya texnologiyalarının ən son yeniliklərin,
o cümlədən, “e-xidmətlər”in geniş tətbiqinə
nail olmağa çalışırlar.
Samir Mustafayev
Mövqe.- 2020.- 25
fevral. S. 11.