Regional
proqramlar hərtərəfli tərəqqini təmin edir
Son
16 ildə imzalanmış 50-yə yaxın dövlət
proqramı ölkə həyatının ən müxtəlif
sahələrində kompleks islahatların əsasını
qoyaraq, inkişaf prosesində ahəngdarlığı və
yüksək dinamizmi təmin edib, ölkənin mövcud
resursları keçid dövrü üçün səciyyəvi
problemlərin aradan qaldırılmasına yönəlib.
İnkişaf, sosial təminat və infrasruktur
yönümlü bu layihələr, ilk növbədə hər
bir vətəndaşın layiqli həyat tərzinin təmin
olunmasına, insan hüquq və azadlıqlarının təminatına,
dövlət idarəçiliyinin çevik və işlək
mexanizmlər əsasında həyata keçirilməsinə
- bir sözlə, davamlı və sabit inkişafa xidmət
edib.
Azərbaycan
hökumətinin daha çox diqqət yetirməli olan problemləri
düzgün müəyyənləşdirən Prezident
İlham Əliyevin hələ 24 noyabr 2003-cü il tarixli «Azərbaycan
Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi
tədbirləri haqqında» ilk iqtisadi fərmanının əhəmiyyəti
bu baxımdan xüsusi vurğulanmalıdır.
İqtisadiyyatda mütərəqqi inkişaf meyillərinin
daha da sürətləndirilməsi, bu prosesdə yüksək
dinamizmin təmin olunması yollarının nəzəri-praktiki
və konseptual əsaslarını özündə əks
etdirən həmin fərman qarşıya qoyulmuş məqsədlərin
reallaşdırılmasından ötrü çoxsaylı
dövlət proqramlarının hazırlanmasında bir
növ baza rolunu oynayıb. Fərmanda bölgələrin
inkişafı məqsədilə bir sıra kompleks tədbirlərin reallaşdırılması da nəzərdə
tutulmuşdu.
Şübhəsiz,
iqtisadiyyatın sabitliyini qorumaq üçün regional
balansın qorunması, iri şəhərlərlə rayonlar,
kəndlər arasındakı kəskin fərqin
azaldılması vacib amillərdəndir. Dövlət başçısı
İlham Əliyevin son 16 illik iqtisadi siyasətində regional
inkişaf məsələlərinə xüsusi diqqətin
yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş
dövlət proqramlarının, fərman və sərəncamların
imzalanması məhz bu reallığa əsaslanıb.
2004-cü il 11 fevral tarixdə imzalanmış "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Rroqramı (2004-2008-ci illər) bu baxımdan
xüsusi əhəmiyyət daşıyırdı. Proqram
regional inkişafdakı kəskin fərqin aradan
qaldırılması, yerlərdə sosial-infrastruktur layihələrinin
həyata keçirilməsi, işsizliyin, yoxsulluğun,
sahibkarlığın inkişafı baxımından vacib, əlahiddə
əhəmiyyətli sənəd olub, bu təkmil
konsepsiyanın icra vəziyyəti ilə bağlı hər
il hökumətin xüsusi müşavirələri
keçirilib.
Dövlət
başçısı cənab İlham Əliyevin 14 aprel
2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı» ilk
proqramın davamı olaraq ölkədə qeyri-neft sektorunun
inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın
diversifikasiyasına, tarazlı regional və davamlı
sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin
daha da yaxşılaşdırılmasına nail olmaqdır.
Dövlət
proqramlarında özəl sektorun dəstəklənməsi
ilə bağlı nəzərdə tutulan kompleks tədbirlər
təsdiqləyir ki, zəngin iqtisadi biliklərə, menecment təfəkkürünə
malik olan, dünyada baş verən iqtisadi prosesləri dərindən
bilən Azərbaycan Prezidenti İlham Əliyev ölkənin
sosial-iqtisadi tərəqqisində sahibkarların rolunu
düzgün dəyərləndirir və regionların tərəqqisində
sanballı payı olan bu insanlara hərtərəfli dəstəyini
əsirgəmir.
27
sentyabr 2014-cü il tarixli sərəncamla təsdiq olunmuş
Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı dövlət proqramı isə
birinci və ikinci proqramla həllini tapmamış problemlərin
aradan qaldırılmasına yeni imkanlar açıb. Azərbaycan
Prezidenti cənab İlham Əliyev "Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın
icrasının yekunlarına həsr olunmuş konfransda
bölgələrin inkişafı üçün
dördüncü dövlət proqramının da
hazırlandığını diqqətə
çatdırıb. Məsələ bundadır ki, ötən
illərdə görülən tədbirlərə rəğmən,
əlavə dəyərin formalaşdırılmasına
özünü göstərən fərq sayca
üçüncü regional Dövlət Proqramının qəbulunu
zəruri edib. Müqayisə üçün bildirək ki,
2016-cı ildə ÜDM istehsalında Bakı şəhərinin
payı 77 faiz, regionların payı 23 faiz təşkil edirb.
Eyni zamanda, hazırda kənd təsərrüfatı ölkə
üzrə ÜDM-in cəmi 5-7 faizini istehsal edir. Halbuki, əhalinin
47 faizi kənd yerlərində yaşayır və məşğul
əhalinin 36,3 faizi kənd təsərrüfatında
çalışır. Bu baxımdan kənd təsərrüfatının
inkişaf etdirilməsi regional inkişaf proqramlarının əsas
hədəflərindən biridir və son 1 ildə bu istiqamətdə
əhəmiyyətli irəliləyiş hiss olunmaqdadır.
Bunun
nəticəsi olaraq 2019-2023-cü illəri əhatə edən
yeni, sayca dördüncü proqram qəbul edilib və
hazırda uğurla icra edilir. Görülən tədbirlərin
nəticəsi olaraq indi bölgələrdəki rayon və
şəhərlərlə paytaxt Bakı şəhərinin
inkişafı arasında arasında kəskin getdikcə
azalır. Dövlət proqramları nəticəsində
regionların tərəqqisinə 50 milyard manatdan çox vəsaitin
yatırılması inkişafdakı tarazlığı təmin
edib. Yalnız onu demək kifayətdir ki, 2019-cu ildə Azərbaycanın
34 şəhər və rayonu mərkəzdən dotasiya
almadan özünü maliyyələşdirib. Son 15 ildə
açılmış 1,9 milyona yaxın iş yerinin 50 faizdən
çoxunun məhz regionların payına düşməsi də
Azərbaycan Prezidenti İlham Əliyevin «Mən hər bir vətəndaşın
prezidenti olacağam» vədinə sadiqliyinin əyani təcəssümüdür.
Ümumilikdə,
2003-2018-ci illərdə respublikamızda ümumi daxili məhsul
real həcmdə 3,3 dəfə, sənaye məhsulu
istehsalı 2,6 dəfə, kənd təsərrüfatı məhsulları
istehsalı 1,7 dəfə, əsas kapitala yönəldilmiş
investisiyalar 3 dəfə artıb. 2003-cü ildə Azərbaycanın
cəmi 1,3 milyard manat təşkil edən dövlət
büdcəsi son 15 ildə 15 dəfə artaraq 2018-ci ildə
23 milyard manata çatıb, strateji valyuta ehtiyatlarımız
25 dəfə artaraq 49 milyard dollara yüksəlib.
Dövlət
başçısının siyasi iradəsilə həyata
keçirilən sistemli islahatlar - imzalanan fərman və sərəncamlar
respublikamızın postneft dövrünə
uyğunlaşdırılması, sahibkarların hərtərəfli
dəstəklənməsi yolu ilə regionlarda qeyri-neft
sektorunun inkişafının sürətləndirilməsi məqsədini
önə çəkir. Bu məqsədlə son 4 ildə
sahibkarlıq fəaliyyəti üçün lisenziya və
icazələrin sayının, habelə ödənilən
rüsumların məbləğlərinin dəfələrlə
azaldılması; icazələrin verilməsi
prosedurlarının sadələşdirilməsi, o cümlədən
bu sahədə elektron portalın yaradılması;
sahibkarların hüquqlarının qorunması məqsədilə
Apellyasiya Şuralarının yaradılması; ölkə ərazisindən
tranzit yüklərin daşınmasında "bir pəncərə"
prinsipinin tətbiq olunması; ölkədə
investisiyaların təşviqinin artırılması məqsədilə
7 il müddətində vergi və gömrük güzəştlərinin
verilməsi; idxal-ixrac əməliyyatları zamanı
gömrük prosedurlarının sadələşdirilməsi
məqsədilə elektron gömrük xidmətlərinin
genişləndirilməsi; sahibkarların müraciətlərinin
birbaşa cavablandırılmasını həyata keçirən,
məlumatlandırma və məsləhət xidmətləri
göstərən çağrı mərkəzlərinin
yaradılması reallaşdırılıb.
Regionların
sosial-iqtisadi inkişafının ən ciddi nailiyyətlərindən
biri də qeyri-neft sektorunda artımın neft sektoru ilə
müqayisədə əhəmiyyətli dərəcə
yüksək olmasıdır. Bu fakt göstərir ki, milli
iqtisadiyyatın şaxələndirilməsi, neft amilindən
asılılığın azaldılması istiqamətində
həyata keçirilən siyasət artıq real nəticələrini
verməyə başlayır. Başqa sözlə, müstəqil
respublikamız dünya iqtisadiyyatında neftin qiymətlərinin
geosiyasi maraqlar çərçivəsində müəyyənləşdiyi
hazırkı mərhələdə enerji resurslarından
asılılığı tamamilə minimuma endirmək məramını
açıq ifadə edir.
Hər
bir ölkədə hökumətin fəaliyyətinin səmərəlilik
əmsalı xalqın sosial rifah səviyyəsi ilə
ölçülür. Mübaliğəsiz deyə bilərik
ki, tarixin heç bir mərhələsində Azərbaycan
insanının sosial durumu indiki kimi yaxşı olmayıb.
İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda
əhalinin adambaşına düşən gəlirləri 7,2
dəfə, orta aylıq əməkhaqqı 6,8 dəfə,
onun real həcmi 2,4 dəfə, banklardakı əmanətləri
30 dəfə artıb.
Azərbaycan
ötən 16 ildə kifayət qədər iddialı
görünən sosial layihələri reallaşdırmaqla
sosial rifah dövləti olduğunu isbatlayıb. Bu baxımdan
respublikamızın 95 faizdən çox ərazisinin
qazlaşdırılması, 70 faizinin içməli su, 100
faizinin elektrik enerjisi ilə təmin edilməsi, müasir
yolların çəkilməsi, eləcə də vətəndaşların
sovet dövründən banklarda qalmış əmanətlərinin
qaytarılması, əhalinin qaza və suya olan
borclarının silinməsi, çadır düşərgələrinin
ləğvi, yoxsulluğun, işsizliyinin minimuma endirilməsi,
hərbçilər, şəhid ailələri, əlillər,
eləcə də mənzili olmayan aztəminatlı jurnalistlər
üçün sosial evlərin inşası kimi tədbirləri
xüsusi qeyd etmək olar.
Son
aylarda dövlət başçısı İlham Əliyevin
həyata keçirdiyi tədbirlər Azərbaycanın sosial
yönümlü dövlət olduğunu bir daha təsdiqləyir.
Ərazi bütövlüyümüz uğrunda həlak
olmuş qəhrəman insanların ailələrinə 11 min
manat məbləğində birdəfəlik ödənişin
edilməsi, zəlzələdən ciddi zərər çəkmiş
vətəndaşlar üçün yeni evlərin tikintisinin
nəzərdə tutulması, minimum əməkhaqqının
90 faizədək artırılaraq əvvəlcə 180, daha
sonra 250 manat müəyyən edilməsi bunun əyani göstəricisidir.
Şübhəsiz, bu kimi sosial addımlar ölkənin
iqtisadi qüdrəti, eləcə də regionların
sosial-iqtisadi inkişafı dövlət proqramının
uğurları nəticəsində
reallaşdırılır.
Samir
Mustafayev
Mövqe.- 2020.- 21
fevral. S. 10.