Nağdsız
hesablaşmaların genişlənməsi şəffaflığa
zəmin yaradır
Bütün
sahələrdə müasirləşən, yüksək
dinamizmlə inkişaf edən Azərbaycan hazırkı mərhələdə
iqtisadi həyatın bütün sahələrində şəffaflığı
və hesabatlılığı təmin etməyə,
müasir dünyanın tətbiq etdiyi yeniliklərdən səmərəli
şəkildə bəhrələnməyə
çalışır. Hökumət müasir mexanizmlərin
tətbiqi yolu ilə cəmiyyətdə özünü
göstərən neqativ hallara, o cümlədən vergidən
yayınma və korrupsiyaya qarşı mübarizə tədbirlərini
genişləndirmək niyyətindədir. Nağdsız
ödəniş sisteminin inkişafı, nağdsız
dövriyyənin genişləndirilməsi cəmiyyətdə
maliyyə sabitliyinin qorunub saxlanılması baxımından
da zəruri sayılır.
Son
illərdə Azərbaycanda biznes və maliyyə-təsərrüfat
subyektlərində şəffaf mexanizmlərin tətbiqi
istiqamətində ardıcıl tədbirlər həyata
keçirilir. Məqsəd, ilk növbədə,
nağdsız dövriyyənin inkişafı yolu ilə
iqtisadi sferada hesabatlılığı və şəffaflığı
təmin etmək, vətəndaşları plastik kartlardan
istifadəyə həvəsləndirməkdir. Məlumat
üçün bildirək ki, ümumi daxili məhsulda
nağdsız dövriyyənin həcmi baltikyanı ölkələrdə
40-45 faiz, Rusiya Federasiyasında 30 faiz təşkil etdiyi halda,
Azərbaycanda bu göstərici cəmi 10-15 faiz təşkil
edir.
Xatırladaq
ki, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2016-cı il
tarixli sərəncamı ilə təsdiq edilmiş
"Nağdsız hesablaşmalar haqqında" Azərbaycan
Respublikasının Qanunu ölkədə nağdsız
ödəniş sisiteminin genişləndirilməsi
üçün geniş imkanlar açıb. Nağdsız
hesablaşmaların hüquqi və iqtisadi əsaslarını
müəyyən edən qanunun məqsədi Azərbaycan
Respublikası ərazisində mülki dövriyyənin
iştirakçıları arasında aparılan əməliyyatların
və hesablaşmaların şəffaflığını,
istehlakçıların hüquqlarının müdafiəsini
təmin etmək, nağd pul hesablaşmalarının
nağdsız hesablaşmalarla əvəzlənməsini
stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirməkdir.
Qanuna
əsasən, nağdsız hesablaşma dedikdə bir şəxsin
bank hesabından digər şəxsin bank hesabına
köçürülməklə (o cümlədən ödəniş
alətləri (ödəniş kartları, ödəniş
tapşırığı və s.) və ödəniş
vasitələri (mobil telefon aparatları, kompüter və digər
avadanlıq) ilə həyata keçirilən hesablaşmalar nəzərdə
tutulur. Bundan əlavə, Azərbaycan Respublikası
Prezidentinin "2016-cı ildə vergi sahəsində aparılacaq
islahatların istiqamətləri"nin təsdiqi və vergi
inzibatçılığının təkmilləşdirilməsi
haqqında" Sərəncamına əsasən,
qarşıdakı dövrdə nağdsız ödənişlərin
genişləndirilməsi nəzərdə tutulur.
2017-2018-ci
illərdə Vergi Məcəlləsində edilmiş dəyişikliklər
isə sahibkarlar üçün yeni tələblər
yaradıb. Ölkəmizdə nağd ödəmələrə
məhdudiyyətlərin müəyyən edilməsi zərurəti
çoxdan müzakirə edilsə də, 2017-ci ildə bu il
real çərçivələrə salınıb. Bunlardan
biri ödəmələrin, xüsusilə müxtəlif
vergi və rüsumların, dövlət və sosial ödəmələrinin,
həmçinin orta və iri vergi ödəyicilərində
ödənilən əmək haqlarının nəğdsiız
qaydada həyata keçirilməsinə dair tələblərdir.
Bundan başqa, ƏDV məqsədləri üçün
qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının
həcmi 200 min manatdan artıq olan ticarət və ictimai
iaşə fəaliyyəti ilə məşğul olan şəxslər
tərəfindən hesablaşmaların nağd qaydada
aparılmasının ay ərzində 30 min manatadək, digər
vergi ödəyiciləri tərəfindən isə ay ərzində
15 min manatadək məhdudlaşdırılmasıdır.
Həmçinin,
banklardan nağd pul vəsaitlərinin
çıxarılmasının məhdudlaşdırılması
məqsədilə hüquqi şəxslər və fərdi
sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd
qaydada bank hesablarından çıxarılmasına görə
banklar və poçt rabitəsinin milli operatorları tərəfindən
1 faiz dərəcəsi ilə sadələşdirilmiş
vergi tutulur. Burada xüsusilə vurğulamaq lazımdır ki,
qanunda nağd pul vəsaitlərinin bank hesablarından
çıxarılmasına görə 1 faiz dərəcə
ilə sadələşdirilmiş verginin tutulması vətəndaşlara
deyil, yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul
olan vergi ödəyicilərinə tətbiq olunur.
Göründüyü
kimi, bu dəyişikliklər sahibkarlıq subyektlərini
öz əməliyyatlarının böyük qismini
nağdsız qaydada aparmasına məcburi tələblər
qoyub və bu da şübhəsiz dövriyyələrin şəffaflaşması
və vergitutma bazasının genişləndirilməsi
üçün olduqca mühümdür.
Ümumyyətləə,
cəmiyyəti narahat edən neqativ hallara, ilk növbədə,
korrupsiya hallarına qarşı mübarizə sahəsində
ən səmərəli vasitələrdən biri də
nağdsız ödəniş sisteminə keçidin təmin
edilməsidir. Postneft erasına keçid - ölkənin
sosial-iqtisadi cəhətdən sürətlə modernləşməsi
Azərbaycanda da sahibkarlıq subyektlərinin fəaliyyətində
şəffaf maliyyə mexanizmlərinin tətbiqini zərurətə
çevirib. Bu reallığı nəzərə alan Prezident
İlham Əliyev hələ Nazirlər Kabinetinin 2010-cu ilin
sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında ölkənin
vergi sisteminin təkmilləşdirilməsi, vergilərdən
yayınmanın qarşısının alınması,
dövlət büdcəsinin gəlirlərinin
artırılması, çevik və şəffaf maliyyə
alətlərinin tətbiqi baxımından nəğd ödəniş
sistemindən qeyri-nəğd ödəniş sisteminə
keçidin vacibliyini xüsusi önə çəkib.
Prezident
İlham Əliyev hələ 22 noyabr 2005-ci il tarixli «Azərbaycan
Respublikasında ödəniş sistemlərinin təkmilləşdirilməsi
sahəsində əlavə tədbirlər haqqında» sərəncam
imzalayıb. Belə bir bir sərəncamın imzalanması Azərbaycan
Respublikasında ödəniş sistemlərinin inkişaf
etdirilməsini, iqtisadi fəaliyyət göstərən şəxslərin
və əhalinin elektron ödəniş sistemlərindən
daha fəal istifadə etməsini, dövriyyədə olan nağd
pul kütləsinin nağdsız dövriyyə ilə əvəz
edilməsini, habelə Azərbaycan Respublikasında Milli Ödəniş
Sisteminin inkişafı üzrə 2005-2007-ci illər
üçün Dövlət Proqramının tətbiq edilməsini
təmin etmək məqsədinə xidmət edirdi.
Sərəncamla
Azərbaycan Respublikasının dövlət büdcəsindən
maliyyələşdirilən bütün təşkilatlarda,
habelə dövlət müəssisələrində və səhmlərinin
nəzarət zərfi dövlətə məxsus olan səhmdar
cəmiyyətlərində əməkhaqlarının
2006-cı il 1 yanvar tarixindən başlayaraq ödəniş
kartları vasitəsilə ödənilməsi
üçün tədbirlərin görülməsi
tapşırılmışdı. Eyni zamanda sərəncamla
pərakəndə ticarət, iaşə və digər xidmət
müəssisələrində müştərilərlə
hesablaşmaların ödəniş kartları vasitəsilə
aparılması məqsədi ilə POS-terminalların beynəlxalq
standartlara uyğun tətbiqi qaydalarının
hazırlanması məsələsi önə çəkilirdi.
Nağdsız
ödəniş sisteminin inkişafı Azərbaycanda maliyyə-bank
sisteminin inkişafı ilə yanaşı, cəmiyyətdə
şəffaf maliyyə mexanizmlərinin tətbiqi, vergi
bazasının genişlənməsi baxımından vacibdir. Yəni
hər bir vətəndaş plastik kartlar vasitəsi ilə
artıq ödəniş etmək riskindən xilas olur. Nəticədə
korrupsiya və rüşvətxorluğa zəmin yaradan hallar
aradan qalxır. Ən müxtəlif ticarət və iaşə
obyektlərində vergidən yayınmaların
qarşısı alınır, büdcəyə daxilolmalar
artır. Nəticədə iqtisadiyyat güclənir, büdcədən
maliyyələşən təşkilatlarda
çalışan vətəndaşların sosial rifah
halı güclənir.
Son
illər Azərbaycanda qeyri-nəğd ödənişlərin
artması aidiyyəti dövlət strukturlarının, ilk
növbədə, Mərkəzi Bankın, vergi
orqanlarının, İqtisadi İnkişaf Nazirliyinin bu sahədə
həyata keçirdiyi tədbirlərin, maarifləndirmə-təşviqat
işinin uğurlu nəticəsidir. Ticarət, xidmət və
ictimai iaşə obyektlərində POS-terminalların
quraşdırılmasının təmin edilməsi ilə
ölkədə fəaliyyət göstərən banklarla
birlikdə texniki, eyni zamanda, məlumatlandırma və maarifləndirmə
işləri həyata keçirilir. Beləliklə,
qarşıda duran əsas vəzifələrdən biri
nağdsiz ödənişlərin
stimullaşdırılması, həmçinin vergi, rüsum,
icarə haqqı və digər ödənişlərin
dövlət qurumlarına birbaşa ödənilməsi yolu
ilə bankdan kənar nəğd qaydada aparılmasının
minumuma endirilməsi istiqamətində işlərin genişləndirilməsidir.
Nazirlər
Kabinetinin 2012-ci il oktyabrın 4-də təsdiq etdiyi «Azərbaycan
ərazisində POS-terminalların quraşdırılması,
istifadəsi və tətbiqi Qaydaları»nda ölkədə
POS-terminalların quraşdırılması prosesi 2015-ci ilin
sonunadək intensiz aparılıb. Qaydalara edilmiş əlavələrə
görə, Bakıda, Gəncədə və Sumqayıtda bu
proses 2012-ci ildə, Abşeron, Mingəçevir, Şirvan,
Şəki, Lənkəran, Yevlax, Bərdə,
Naxçıvan, Quba, Xaçmaz, Masallı, Göyçay,
Şamaxı, Zaqatala, Şəmkir, Tovuz, Salyan, Sabirabad
rayonlarında və şəhərlərində (kənd və
qəsəbələr istisna olmaqla) - 2013-cü ildə, digər
rayon mərkəzlərində (kənd və qəsəbələr
istisna olmaqla) 2014-cü ildə başa
çatdırılıb.
Sosial-iqtisadi
inkişafın keyfiyyətcə yeni mərhələsində
qeyri-nəğd ödəniş sisteminin iqtisadi həyatın
bütün sahələrində tətbiqi ciddi zərurət
kimi meydana çıxıb. Hökumət səviyyəsində
həyata keçirilən məqsədyönlü və
ardıcıl tədbirlər yaxın illərdə bu sahədə
əhəmiyyətli dönüşün baş verəcəyini
əminliklə söyləməyə ciddi əsaslar
yaradır. Hökumət müasir mexanizmlərin tətbiqi
yolu ilə cəmiyyətdə özünü göstərən
neqativ hallara, o cümlədən vergidən yayınma və
korrupsiyaya qarşı mübarizə tədbirlərini
genişləndirmək niyyətindədir.
Samir Mustafayev
Mövqe.- 2020.- 21
fevral. S. 11.