İş
yerlərinin rəsmiləşdirilməsi tədbirləri
davam etdirilir
Azərbaycan
hökumətinin son illər regionların inkişafına
xüsusi diqqətlə yanaşması, ilk növbədə,
uzun illər özünü ciddi sosial problem kimi göstərmiş
işsizliyin aradan qaldırılması, əhalinin faydalı
məşğulluğunun səviyyəsinin yüksəldilməsi
məqsədindən irəli gəlir. Respublikamızda obyektiv
səbəblərlə bağlı belə bir problemin
olması hökuməti bazar iqtisadiyyatı şəraitində
yeni iş yerlərinin stimullaşdırılması habelə
sahibkarlıın inkişafı istiqamətində kompleks tədbirlər
həyata keçirməyə sövq edib.
2003-cü
ilədək ölkədə işsizlik probleminin
özünü qabarıq biruzə verməsi həm də
yoxsulluğun yüksək səviyyəsi ilə müşayiət
olunur, dövlət vətəndaşların sosial mənafelərini
təmin edə bilmirdi. Məhz bu səbəbdən də
ötən 16 ildə regional inkişafla bərabər, yeni
iş yerlərinin açılması prosesi də hökumətin
xüsusi diqqət yetirdiyi məsələlərdən biri
olmuşdur. 2003-cü ildən bölgələrdə
işsizliyin xeyli dərəcədə azalması, ilk növbədə,
regional inkişaf və sahibkarlığın dəstəklənməsi
istiqamətindəki tədbirlərin uğurlu nəticəsi
kimi özünü göstərir.
Təcrübə
göstərir ki, məşğulluq siyasətinin
mühüm istiqamətlərindən biri yeni iş yerlərinin
yaradılmasını məhdudlaşdıran amillərin
aradan qaldırılması və məşğulluq səviyyəsinin
artırılmasıdır. Bu baxımdan regionların
sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində
əsasən, kiçik və orta sahibkarlığın
inkişafına yönəlmiş tədbirlər
mühüm nəticələr verib. Məsələn,
2009-2013-cü illəri əhatə edən regional inkişaf
proqramı əmək ehtiyatlarından daha dolğun istifadəyə,
əhalinin səmərəli məşğulluğunun təminatına
imkan verib. Bu məqsədə nail olmaq üçün proqram
çərçivəsində kiçik və orta
sahibkarlığın inkişafı üçün daha
münbit şəraitin yaradılması; məşğulluğun
səmərəli inkişafını təmin edən
investisiya fəallığının dəstəklənməsi;
işaxtaran və işsiz vətəndaşların sosial
müdafiəsinin gücləndirilməsi, qeyri-formal əmək
münasibətlərinin leqallaşdırılması; əmək
bazarında tələb və təklif arasında dinamik uyğunluğun
gücləndirilməsinə yönəldilmiş
infrastrukturun təkmilləşdirilməsi; kadr
hazırlığı sisteminin, o cümlədən peşə
hazırlığı və ixtisasartırma şəbəkələrinin
fəaliyyətinin dinamik inkişaf edən əmək
bazarının tələblərinə
uyğunlaşdırılması istiqamətində mühüm
tədbirlər həyata keçirilib.
2014-2018-ci
illəri əhatə edən yeni regional inkişaf
proqramında da məşğulluqla bağlı bir sıra
yeni hədəflər öz əksini tapmışdı.
Ötən illərdə dövlətin məşğulluq
siyasəti əhalinin məşğulluğunun
inkişafına təsir edən investisiya mühitinin
yaradılması, vergi, gömrük, təhsil və digər
sahələrlə bağlı siyasətin təkmilləşdirilməsi
və yeni iş yerlərinin açılmasını
stimullaşdıran institusional mühitin formalaşmasına
yönəldilən tədbirlərin həyata keçirilməsindən
ibarət olub. Bu məqsədlə regional iqtisadi əlaqələrin
genişləndirilməsi; ədalətli rəqabət
mühitinin formalaşdırılması və
inkişafı; əmək qanunvericiliyinə riayət
olunmasına nəzarətin təmin edilməsi; neft
ixracından əldə olunan gəlirlərin bir hissəsinin
insan kapitalının inkişafına istiqamətləndirilməsi;
elmtutumlu sahələrin inkişafı ilə bağlı
qabaqcıl texnologiya və innovasiyaların tətbiqi; təklif
olunan işçi qüvvəsi ilə mövcud iş yerlərinin
sayı arasında tarazlığı təmin edən şəraitin
yaradılması; kənd yerlərində sosial və kommunal
infrastrukturun daha da inkişaf etdirilməsi yolu ilə əhalinin
miqrasiya səviyyəsinin azaldılması; qadınların və
gənclərin məşğulluğunun səviyyəsinin
artırılması kimi mühüm vəzifələr icra
edilib.
Prezident
İlham Əliyev yüksək demoqrafik artım şəraitində
məşğulluqun təmini üçün yeni
konsepsiyanın hazırlanması vacibliyini diqqətə
çəkir: "...Vaxt gəlib çatıb ki, bu məsələ
ilə bağlı düşünülmüş bir
konsepsiya hazırlansın. Bu günə qədər bu, bir qədər
kortəbii proses kimi gedirdi. Ancaq bizim əhalimiz bundan sonra da
artacaqdır. Əhali nə qədər artsa, sonrakı illərdə
o faiz də bir o qədər böyük rəqəmlərlə
ölçüləcəkdir. Bir var ki, 8 milyon əhali bir,
ya iki faiz artır, biri də var ki, on milyon əhali. Yəni, rəqəmlər
də mütləq böyüyəcəkdir. Ona görə
biz uzunmüddətli məşğulluq konsepsiyasının
müzakirəsini başlamalıyıq. Müəyyən
işlər görülmüşdür, biz bunu gərək
daha da konkretləşdirək ki, hansı sahələrdə
nə qədər iş yerləri
açılmalıdır".
Məşğulluq
strategiyasının reallaşdırılması çərçivəsində
paxtaxt Bakıda və regionlarda əmək bazarına nəzarətin
gücləndirilməsi, qeyri-leqal məşğulluğun
aradan qaldırılması tədbirləri də mühüm
yer tutur. Ölkə başçısının 2014-cü il
3 fevral tarixli "Azərbaycan Respublikasının Əmək
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında» Qanunun tətbiqi barədə fərmanı Azərbaycanda
qeyri-leqal məşğulluqla mübarizə, əmək
bazarına nəzarətin gücləndirilməsi və
işçilərin əmək hüquqlarının
etibarlı təminatı baxımından müstəsna əhəmiyyətə
malikdir.
Fərmanla
əmək müqaviləsi bildirişinin forması və onun
elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək
müqaviləsi bildirişinin qeydiyyata alınması ilə
bağlı işəgötürənə göndərilən
məlumat forması, habelə qeydiyyata alınmış əmək
müqaviləsi bildirişinin məlumatlarının real vaxt
rejimində əldə etməklə bağlı qaydalar təsdiqlənib.
Fərmanla Əmək Məcəlləsinə edilmiş əsas
dəyişikliklərdən biri də əmək
qanunvericiliyinə əmək müqaviləsi bildirişi
anlayışı daxil edilməsidir. Əmək müqaviləsi
bildirişi - əmək müqaviləsinin
bağlanılmasının, ona dəyişiklik edilməsinin
və ya xitam verilməsinin Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində elektron
qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən
tərəfindən həmin elektron informasiya sisteminə daxil
edilən elektron sənəddir. Əmək Məcəlləsinin
49-cu maddəsinə edilmiş dəyişikliyə əsasən,
əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik
edilməsi və ya xitam verilməsi bununla bağlı elektron
informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi
bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata
alınmasından və bu barədə işəgötürənə
elektron qaydada məlumat göndərilməsindən sonra
hüquqi qüvvəyə minib. Bu dəyişikliklərdən
sonra təşkilati-hüquqi formasından və mülkiyyət
növündən asılı olmayaraq bütün işəgötürənlər
əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik
edilməsi və ya xitam verilməsi ilə bağlı elektron
informasiya sistemində əmək müqaviləsi
bildirişini qeydiyyatdan keçirirlər. Elektron informasiya
sisteminə daxil edilmiş əmək müqaviləsi
bildirişinin qeydiyyata alınması barədə bir iş
günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə
elektron qaydada məlumat göndərilməsi təmin edilir.
Yeni sistem 2014-cü il iyulun 1-dən tətbiq edilib və
uğurlu nəticələr verir.
Əmək
Məcəlləsinə edilmiş dəyişikliklər məşğul
əhalinin əmək hüquqlarının müdafiəsini
təmin etməyə və qeyri-leqal əmək fəaliyyətinin
qarşısını almağa, işəgötürən-işçi
münasibətlərinin rəsmiləşdirilməsində və
əməyin ödənişinin təşkilində
mövcud problemləri aradan qaldırmağa yönəldilib.
Bütün işəgötürənlər, eləcə də
işçilər imzaladıqları müqavilələr barədə
məlumatları əmək müqaviləsi bildirişləri
vasitəsi ilə real vaxt rejimində Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya
sistemindən əldə edə bilirlər. Bununla da hər iki
tərəf əmək müqaviləsi ilə üzərlərinə
götürdükləri öhdəlikləri yerinə yetirməyə
cavabdeh olur. Əmək müqaviləsi bildirişləri
işçilər üçün əmək
hüquqlarının qorunmasına təminat verir, onlara işəgötürəndən
öz hüquqlarının icrasını tələb etmək
imkanı yaradır. Bu sənəd işəgötürənin
də əmək qanunvericiliyində nəzərdə
tutulmuş hüquqlarının qorunması üçün əlavə
təminat formasıdır: işəgötürən tərəf
işçilərlə münasibətdə əmək
müqaviləsində razılaşdırılmış
konkret şərtlərin şəffaf şəkildə icrasını
təmin edə bilir.
Bununla
bərabər, son illər əmək qanunvericiliyinə nəzarət
üzrə inzibati tədbirlər sərtləşdirilib. Bu tədbirlər
və vətəndaşların müraciətlərinin
araşdırılması zamanı işəgötürənlər
tərəfindən əmək qanunvericiliyinin tələblərinin
pozulması halları aşkar olunaraq müvafiq cərimələr
tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə
edilmiş dəyişikliyə görə, Azərbaycan
Respublikasının Əmək Məcəlləsində nəzərdə
tutulmuş qaydada əmək müqaviləsi (kontraktı)
hüquqi qüvvəyə minmədən işəgötürən
tərəfindən fiziki şəxslərin hər hansı
işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb
olunması yolu ilə onların gəlirlərinin gizlədilməsinə
(azaldılmasına) şərait yaradıldığına
görə işəgötürənə hər bir belə
şəxs üzrə 1000 manat məbləğində maliyyə
sanksiyası tətbiq edilir. Cinayət Məcəlləsinə
edilən dəyişikliklərə görə işçilərlə
əmək müqaviləsi bağlamadan onları işə cəlb
edənləri 7 min manatdan 10 min manatadək və ya 3 il
müddətinə azadlıqdan məhrumetmə cəzası
gözləyir.
Samir Mustafayev
Mövqe.- 2020.- 22
fevral. S. 11.