Azərbaycan-Türkiyə daha böyük iqtisadi güc mərkəzinə
çevrilir
İki
ölkə regionda vahid iqtisadi maraqlardan çıxış
edir
Azərbaycanla Türkiyə arasında münasibətlər sadəcə siyasi müstəvidə deyil, həm də iqtisadi sahədə inkişaf edir. Dil, din, mədəniyyət yaxınlığı, ortaq maraqlar hər iki ölkənin iqtisadi sahədə fəaliyyətinin əlaqələndirilməsini, sıx əməkdaşlığın inkişaf etdirilməsini zərurətə çevirib. Artıq qarşılıqlı iqtisadi maraqlar elə bir səviyyə çatıb ki, həyata keçirilən istənilən regional layihədə iki ölkənin birgə iştirakı qaçınılmaz olur.
Regionda əhəmiyyətli neft, qaz kəmərlərinin, dəmir yol xətlərinin, telekommunikasiya şəbəkəsinin marşrutlarının hər iki ölkənin ərazisindən keçməsi bunun nəticəsidir.
Qarşılıqlı iqtisadi əlaqələrin inkişafında sadəcə dövlətlər, siyasi dairələr əhəmiyyətli rol oynamır. Onlarla yanaşı əhalinin, o cümlədən sahibkarların fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Ticarət dövriyyəsinin həcmi, qoyulan investisiyalar, turist səfərləri göstərir ki, xalqların da bir-birinə qarşı münasibəti istidir və iqtisadi əlaqələrin inkişafında maraqlıdırlar. Türkiyə Azərbaycan artıq vahid iqtisadi maraqlardan çıxış edən iki ölkəyə çevrilib.
Azərbaycanla Türkiyə arasında xarici ticarət dövriyyəsinin həcmi yüksələn xətlə inkişaf edir. 2005-ci ildə iki ölkə arasında xarici ticarət dövriyyəsi 589 milyon dollar idi. 2007-ci ildə bu göstərici 1 milyard dolları, 2012-ci ildə 2 milyard dolları, 2018-ci ildə 3 milyard dolları, 2019-cu ildə 4 milyard dolları ötüb. Ötən il xarici ticarət dövriyyəsi 33 faiz artaraq 4,5 milyard dollara çatıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xarici ticarət dövriyyəsinin 2023-cü ilin sonuna qədər 15 milyard dollara çatdırılmasını təklif edib. Azərbaycan Prezidenti İlham Əliyev bunun mümkün olduğunu bildirib. Ərdoğanın Azərbaycana səfəri zamanı bir sıra sahələrdə, o cümlədən ticarət sahəsində sənədlər imzalanıb. Həmin sənədlərdən biri də preferensial ticarət anlaşması ilə bağlıdır. Bu anlaşma ticarət dövriyyəmizin artırılmasına böyük təkan verəcək.
Hazırda Azərbaycanda 4 minə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir. Türkiyə şirkətləri 300-dən çox layihədə 16 milyard dollar həcmində iş görüblər və bu parametrlərə görə Türkiyə birinci yerdədir. Azərbaycan Türkiyə iqtisadiyyatına 18 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollar sərmayə qoyub. Türkiyəyə indiqə qədər ən çox birbaşa investisiyanı məhz Azərbaycan tərəfindən qoyulub. Azərbaycanın Türkiyəyə sərmayə qoyuluşunun artmasında mədəni və milli yaxınlığın da böyük rolu var. Məhz bu yaxınlıqla bağlıdır ki, Azərbaycan vətəndaşları xaricdə ən çox daşınmaz əmlakı Türkiyədən alır.
İki ölkə regional xarakterli enerji və nəqliyyat layihələrinin icra edilməsində ortaq mövqedən çıxış edir. Ölkəmiz bütün layihələrdə Türkiyənin iştirakına əhəmiyyət verir. Azərbaycanın əsas neft və qaz ixrac kəmərlərinin hamısı Türkiyədən keçir. Bakı-Tiflis-Ceyhan neft ixrac kəməri Türkiyədən keçir və neftimizin əsas hissəsi buradan dünya bazarlarına çıxarılır. Ölkəmizdən hazırda ən çox qaz idxalçısı da Türkiyədir. Bakı-Tiflis-Ərzurum qaz kəməri vasitəsilə Türkiyəyə qaz ixrac edilir.
Keçən ilin noyabr ayında isə Türkiyədə
TANAP-ın tam başa
çatması təmin edilib. TANAP-ın
işə salınması Cənub Qaz Dəhlizinin
əsas hissəsinin işə salınması deməkdir.
TANAP bu ilin sonuna qədər inşaası yekunlaşacaq TAP-ın da
fəaliyyətinə imkan yaradacaq.
TAP da
hazır olandan sonra artıq Cənub Qaz Dəhlizi tam istismara veriləcək. TANAP-ın tamamlanması Azərbaycandan Türkiyəyə
ixrac edilən qazın həcminin xeyli artırılmasına,
eyni zamanda Azərbaycan qazının
Avropa ölkələrinə
çatdırılmasında mühüm rol oynayacaq.
Azərbaycan neft məhsulları bazarında rolunun artırılmasında da Türkiyəyə böyük
önəm verir. Təsadüfi deyil ki, regionun
ən böyük neft emalı müəssisəsi Azərbaycan
sərmayəsi ilə
Türkiyədə inşa
edilib. Həmin müəssisənin əlavə sərmayə
qoyuluşları hesabına
daha da genişləndirilməsi
nəzərdə tutulur.
İki ölkənin
nəqliyyat sahəsində
də böyük nailiyyətləri var. Birlikdə
həyata keçirilən
Bakı-Tbilisi-Qars dəmir yolu bunun bariz nümunəsidir. Bu layihə sadəcə Çin mallarının Avropaya çatdırılmasında
önəmli vasitə
olmayacaq. O, həm
də Rusiya mallarının Türkiyəyə,
Türkiyə mallarının
isə Rusiya və digər Mərkəzi Asiya bazarlarına çatdırılmasına
imkanlar yaradacaq. Gələcəkdə bu xəttlə
əlaqəli digər
xətlərin də çəkilməsi nəzərdə
tutulub. Türkiyə prezidentinin Azərbaycana
səfəri zamanı
əldə olunan razılaşmaya əsasən,
Qarsdan Naxçıvana
dəmir yolunun tikintisinə dair Anlaşma Memorandumu imzalanıb. Layihə Naxçıvanın
nəqliyyat blokadasının
zəiflədilməsində böyük əhəmiyyətə
malikdir. Ermənistanın işğalçı siyasətinə
görə, Naxçıvan
uzun illərdir ki, mühasirə şəraitində yaşayır.
Buna görə də Naxçıvanda istehsal olunan məhsulların xarici bazarlara çıxarılması
böyük problemdir.
Qars-İğdır-Naxçıvan dəmir yolunun
tikintisi bu problemi aradan qaldıracaq və beləliklə, Azərbaycanla
Türkiyə arasında
yeganə quru sərhədi olan Naxçıvan Muxtar Respublikasının inkişafı,
rifah halı daha da yaxşılaşacaqdır.
Digər bir önəmli addım Naxçıvanda
sərhədə qədər,
eyni qaydada, İğdırdan da sərhədə qədər
təbii qaz kəmərinin çəkilməsidir. Təxminən 160 kilometrlik kəmərin çəkilməsi ilə
Naxçıvan təbii
qazla bağlı daha əlverişli imkan əldə edəcək. Həm İrandan,
həm də Türkiyədən dəstək
almaqla daha güclü bir vəziyyətə gələcək.
Beləliklə, iki ölkə arasında yaranmış iqtisadi vəziyyət onu göstərir ki, bu əlaqələrin
inkişafında sadəcə
bir tərəf maraqlı deyil. Əlaqələrin belə bir yüksək
səviyyə çatması
hər iki dövlətə və xalqa, onun iqtisadi
dairələrinə eyni
dərəcədə lazımdır.
Vasif CƏFƏROV
Mövqe.- 2020.- 27
fevral. S. 7.