Multimedia
sektorunda sahibkarlıq potensialı güclənir
Hər
hansı sahənin inkişafı, ilk növbədə, onun
mükəmməl qanunvericilik bazasının olması ilə
şərtlənir. Bu mənada, informasiya-kommunikasiya
texnologiyalarını neftdən sonrakı inkişafın
prioritet sahəsi elan etmiş dövlət
başçısı İlham Əliyev son illər sektorun
dinamik inkişafını təmin edən bir sıra
mühüm fərman və sərəncamlar, dövlət
proqramları imzalayıb.
Xatırlatmaq
lazımdır ki, ulu öndər Heydər Əliyevin
2003-cü il 17 fevral tarixdə təsdiq etdiyi «Azərbaycan
Respublikasının inkişafı naminə
informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya
(2003-2012-ci illər)» Azərbaycanda bu istiqamətdə dövlətin
siyasəti, məqsəd və vəzifələri, prioritetləri
və fəaliyyət istiqamətlərini müəyyən edən
əsas sənəd olub. Bununla ölkəmiz 2000-ci ildə
BMT-nin keçirdiyi Minilliyin Sammitinin qərarına müvafiq
olaraq İKT sahəsi üzrə Milli Strategiya qəbul
etmiş ilk ölkələr sırasında qərarlaşıb,
Cənubi Qafqazda isə birinci olub. Bu sənəd Azərbaycan
dövlətinin İKT sahəsinə diqqətini cəmiyyətə
və bütün dünyaya bəyan edib. İlk dəfə
olaraq bu sənəddə dövlətin innovasiya
inkişafında elmin rolu önə çəkilib, elmtutumlu
yeni texnologiyalarının inkişafı, biliklər
iqtisadiyyatının formalaşdırılması zərurəti
önə çəkilib.
Cənab
İlham Əliyev prezident seçildikdən sonra ilk xarici səfərinə
BMT-nin mandatı altında 2003-cü ilin dekabr ayında Cenevrədə
təşkil edilmiş İnformasiya Cəmiyyəti üzrə
Dünya Sammitində iştirakla başlayıb. Azərbaycan
Prezidenti həmin sammitdə bəyan edib ki, XXI əsrdə
informasiya və kommunikasiya texnologiyalarının
inkişafı Azərbaycanın sosial-iqtisadi inkişafında
prioritet sahələrdən biri kimi nəzərdən
keçirilir. Cənab İlham Əliyevin həmin sammitdə
qeyd etdiyi kimi, ölkəmizin Cənubi Qafqaz bölgəsində
bu sahədə liderlik etməsi real zəminə əsaslanır.
Azərbaycan neftən əldə etdiyi gəlirlərin
qeyri-neft sektoruna, o cümlədən yüksək
texnologiyaların, o cümlədən informasiya və
kommunikasiya texnologiyalarının tətbiqinə yönəltməyi
davamlı və tarazlı inkişaf baxımından son dərəcə
vacib sayır. Ölkə başçısının «Qara
qızılı insan qızılına, intellektual potensiala
çevirək» tezisi Azərbaycan cəmiyyətində
İKT-nin inkişafını stimullaşdıran
başlıca amilə çevrilib.
«Azərbaycan
Respublikasının İnkişafı Naminə İKT üzrə
Milli Strategiya» (2003-2012-ci illər) əsasında «Elektron imza və
elektron sənəd haqqında», «Elektron ticarət haqqında»,
«İnformasiya əldə etmək haqqında» və
«Telekommunikasiya haqqında», «Poçt rabitəsi haqqında»
kimi mühüm qanunlar, Biometrik informasiya haqqında», «Fərdi
məlumatlar haqqında», «Azərbaycan Respublikasında
telekommunikasiya sahəsinə dair siyasət planı», «Azərbaycan
Respublikasının inkişafı naminə informasiya və
kommunikasiya texnologiyaları üzrə Milli Strategiya» və «Azərbaycan
Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər
üçün Dövlət Proqramı (Elektron Azərbaycan)»
və s. sənədlər qəbul edilib.
Bu
sahədə islahatların davam etdirilməsi məqsədilə
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə
Azərbaycan Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər
üçün Dövlət Proqramı (Elektron Azərbaycan)
Dövlət Proqramı təsdiq edilib.
Azərbaycan
Prezidenti İlham Əliyevin 2012-ci il 15 mart tarixli «Azərbaycan
Respublikası Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının
İnkişafı Dövlət Fondunun yaradılması
haqqında» Sərəncamı da informasiya-kommunikasiya
texnologiyaları sektorunda fəaliyyətin
stimullaşdırılmasına, bu sahədə
innovasiyaların tətbiqinin, habelə tətbiqi elmi-tədqiqat
işlərinin genişləndirilməsinə xidmət edib.
İKT ili ilə bağlı Tədbirlər Planına
müvafiq olaraq informasiya texnologiyaları sahəsində
istehsal yönümlü fəaliyyətin dəstəklənməsi,
bu sahəyə yerli və xarici investisiyaların cəlb
olunması üzrə işlərə təkan vermək
üçün Azərbaycan Respublikası Rabitə və
Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya
Texnologiyalarının İnkişafı Dövlət Fondunun
tam fəaliyyəti təşkil edilib.
Azərbaycan
Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli fərmanı
ilə yaradılmış Yüksək Texnologiyalar Parkı
informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və
kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatların
aparılması, yeni və yüksək texnologiyaların
hazırlanması baxımından mühüm əhəmiyyətə
malikdir. Sənayeləşmə siyasətinin davamı olaraq
hökumət cari ildən əlverişli vergi güzəştlərinin
tətbiqinə başlayıb, işə cəlb olunan
şirkətləri 7 il müddətinə əsas vergilərdən
azad ediliblər. «Yüksək Texnologiyalar Parkı» innovasiyalı
iqtisadiyyatın inkişafına, biliklərə əsaslanan
iqtisadiyyatın qurulmasına, intellektual biznesin dəstəklənməsinə,
iqtisadiyyatımızın və xüsusilə İKT
sektorunun rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə,
milli məhsulların dünya bazarlarında layiqli yer
tutmasına, idxal olunan məhsulların yerli istehsal hesabına
təmin olunması və ixracın təşviq edilməsinə,
xarici investisiyaların cəlb edilməsinə, menecment
bazasının yaradılmasına və insan
resurslarının inkişafına öz töhfəsini verir.
Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 17 avqust tarixli "Azərbaycan
Respublikasında kosmik sənayenin yaradılması və
inkişafı üzrə Dövlət Proqramı" bu sahənin
inkişafına geniş imkanlar açmışdır.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin
həyata keçirilməsi üçün 2010-cu il 3 may
tarixdə o zamankı Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus
"Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti
yaradılıb. Qurum ötən illərdə telekommunikasiya
peykinin, o cümlədən məsafədən distansion zondlama
peyklərinin orbitə çıxarılması, idarə
edilməsi və istismarı işlərinin həyata
keçirilməsi sahəsində tədbirlər həyata
keçirib. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan
Respublikasında kosmik sənayenin yaradılması və
telekommunikasiya peyklərinin orbitə
çıxarılması haqqında" 4 noyabr 2008-ci il
tarixli sərəncamı üzrə görülən
ardıcıl işlərin nəticəsi kimi isə 8 fevral
2013-cü il tarixində ölkəmizin müasir tarixinin ən
önəmli hadisələrindən biri baş verib - müstəqil
Azərbaycan dövlətinin peykləri orbitə
buraxılıb. Bütün bunlar respublikamıza
informasiya-kommunikasiya sahəsində daha böyük layihələri gerçəkləşdirmək
imkanı qazandırıb.
İKT
sektorunun gələcəyi üçün insan
resurslarının inkişafı da zəruridir. Sektor üzrə
ixtisaslı kadr hazırlığı məqsədilə dünyanın
bir neçə tanınmış informasiya texnologiyaları
universitetləri ilə əlaqələr qurulmuş, eyni
zamanda 2013-cü ildə ölkəmizdə İnformasiya
Texnologiyaları Universiteti yaradılıb və ilk tələbələrini
qəbul edib.
Ümumilikdə,
ötən 17 ildə Azərbaycanın informasiya-kommunikasiya
texnologiyaları sektoruna 3 milyardan çox sərmayə
yatırılıb. İKT sektorunun dəstəklənməsi
sayəsində bazarda yeni stasionar və mobil operatorlar, İKT
məhsulları istehsalçıları meydana gəlib,
sağlam rəqabət mühitinin yaradılması
üçün lazımi tədbirlər həyata
keçirilib. Bu müddətdə İKT üzrə özəl
sektorun həcmi 80 faizə çatıb.
Azərbaycanda
əhalinin 70 faizindən çoxu gernişzolaqlı internet
istifadəçisidir. Mobil rabitədə hər 100 nəfərə
110 mobil abunəçi düşür, 3G və 4G
texnologiyaları tətbiq edilir. Ölkə əhalisi rəqəmsal
televiziya yayımı ilə əhatə olunub. “Elektron
hökumət” həllərinin tətbiqi, vətəndaşlara
təqdim olunan elektron xidmətlərin sayı və bu xidmətlərdən
istifadənin səviyyəsi artır. Azərbaycan, həmçinin
bir çox regional layihələrin, o cümlədən
İKT sahəsində layihələrin təşəbbüsçüsü
kimi çıxış edir. Beynəlxalq Telekommunikasiya
İttifaqının qiymətləndirilməsinə əsasən
Azərbaycan son 15 ildə İKT sahəsində dünya
üzrə dinamik inkişaf edən ilk 20 ölkə
sırasındadır.
Dünyanın
aparıcı təşkilatlarından olan Dünya İqtisadi
Forumunun (World Economic Forum -WEF) «Qlobal informasiya texnologiyaları
2015» (“Global İnformation Technology Report 2015») adlı
hesabatına görə, Azərbaycan mobil İKT sektoruna
verdiyi dəstəyə görə dünyada ilk onluqda yer alıb.
Ölkəmiz bu sahədə Koreya, Norveç, ABŞ, Almaniya
və Böyük Britaniya kimi inkişaf etmiş ölkələri
qabaqlayıb. Bundan başqa, Azərbaycan mobil rabitənin
tarifinə görə 144 ölkə arasında 28-ci, internet
tariflərinə görə 16-cı, İKT-ni ölkədə
prioritet sahə hesab edən dövlətlər arasında
9-cu, sosial şəbəkələrdən istifadəyə
görə isə 41-ci sırada qərarlaşıb.
S.Elmanoğlu
Mövqe.- 2020.- 2 iyul.
S. 10.