İqlim
dəyişikliyi Azərbaycanda su problemini kəskinləşdirir
Vahid Məhərrəmov:
“Bütün bu problemlərin qarşısının
alınması üçün mövcud olan su
potensialından səmərəli istifadə etməliyik”
İsa Mustafayev: “Kür çayının suyunun
azalıb-azalmaması təbii prosesdən, iqlim dəyişikliyindən
asılıdır”
Kür
suyunun azalması fonunda bəlli olduğu kimi bəzi rayonlarda
su təminatında problemlər yaşanır. Məsələn,
Cənub-Muğan kanalının Biləsuvar rayonundan keçən
hissəsində suyun azalması ciddi su
qıtlığının yaranmasına səbəb olub.
Kanalda suyun quruması rayonun Ağalıkənd, Amankənd,
Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd
kəndlərində su çatışmazlığına gətirib
çıxarıb. Sakinlərin sözlərinə görə,
son bir ayda həmin kəndlərə su fasilələrlə
verilir. Artıq bir neçə gündür ki, Cənub-Muğan
kanalının qeyd olunan kəndlərdən keçən ərazisində
isə su tamamilə quruyub. Sakinlər içməli su, eyni
zamanda kənd təsərrüfatında əkin və mal-qara
üçün zəruri olan su ehtiyatlarını tapmaqda
çətinlik çəkirlər.
Xatırladaq
ki, son günlər Kür çayında suyun səviyyəsinin
aşağı enməsi Xəzər dənizinin çaya
tökülməsinə səbəb olub. Xəzərin
Kürə qarışması Neftçala rayonunda içməli
və suvarma sularının
çatışmazlığı ilə nəticələnib.
Bu da rayonda ciddi ekoloji təhlükənin yaranmasına səbəb
olub. İlkin məlumata görə, dəniz suyu 30 kilometr məsafədə
Kür çayına qarışıb. Rayonun Sübh,
Qırmızı Şəfəq, Yenikənd, 1 və 2
nömrəli Mayak, Bankə qəsəbəsi, Kürkənd,
Uzunbabalı, Şirvanlı, Tatarməhlə kəndlərinin
və şəhər mərkəzinin əhalisi çətin
durumda qalıblar.
Qeyd
edək ki, Kürün səviyyəsi son 6-7 ildir düşməyə
başlayıb. Araz çayının da səviyyəsi
aşağı düşüb. Bu çaylardan su əsasən
kənd təsərrüfatında istifadə olunur. Mütəxəssislərin rəyinə
görə, Kürdə suyun səviyyəsinin
aşağı düşməsinin bir neçə səbəbi
var, amma əsas səbəb iqlim dəyişməsidir. Onlar
bildirirlər ki, yağıntının miqdarı Azərbaycanda
azalıb və bu da çaylarda suyun səviyyəsinə təsir
edib. Yaranmış vəziyyətdə mütəxəssislər
insan amilinin də rol oynadığı qənaətindədirlər.
Belə ki, kənd təsərrüfatının və
xüsusi təsərrüfatların inkişafı o qədər
artıb ki, sudan israfçılıqla istifadə halları
artıb.
Kənd
təsərrüfatı üzrə mütəxəssis Vahid
Məhərrəmovun fikrincə, Azərbaycanda mövcud olan həddən
artıq israfçılıq Kürün suyunun azalması
fonunda aqrar sahələrin suvarılması və içməli
su sahəsində problemlər yarada bilər: “Azərbaycanda
Kürün səviyyəsi qalxanda təsərrüfatlara
ziyan vurur, torpaqları şoranlaşdırır. Kürün
səviyyəsi azalanda isə su ilə bağlı problem
yaranır. Kürün səviyyəsinin
aşağı düşməsi bu çaya bağlı
bölgələrdə ciddi şəkildə içməli
su problemi, habelə kənd təsərrüfatı sahələrinin
suvarılmasında çətinliklər yarada bilər. Bu
fonda isə məhsuldarlıq az ola bilər. Əslində,
Kürün səviyyəsi düşdükdə belə,
ölkənin su ehtiyatı imkan verir ki, Azərbaycan içməli
və təsərrüfat sularına olan ehtiyacını
artıqlaması ilə ödəsin. Bizdə
israfçılıq çoxdur. Azərbaycan MDB məkanında
su israfçılıq səviyyəsinə görə,34
faizlə 1-ci yerdədir.
Bütün
bu problemlərin qarşısının alınması
üçün mövcud olan su potensialından səmərəli
istifadə etməliyik. Biz, hətta Kür çayı olmadan
belə yeraltı sularımızdan, yağış yağan,
su bolluğu yaranan zaman suyu anbarlarda saxlamaqla və qənatələ
istifadə etməklə ehtiyacımızı yüksək səviyyədə
ödəyə bilərik. Bir
sözlə, kənd təsərrüfatının
suvarılmasında daxili potensialımızdan səmərəli
istifadə etsək problemlə üzləşmərik.
Əsas odur ki, sudan səmərəli istifadə edək.
İndi dünyanın problemi ondan ibarətdir ki, şirin su
ehtiyatı get-gedə azalır. Azərbaycan bunu nəzər
almalıdır və sudan qənaətlə istifadə etməlidir”.
Ekoloq
İsa Mustafayev bildirdi ki, Kür çayının suyunun
azalıb-azalmaması təbii prosesdən, iqlim dəyişikliyindən
asılıdır: “Kürün suyunun azalması da əsasən
məhz yağıntı miqdarının azalmasından
qaynaqlanır. Son illər görürük ki, qışda qar
demək olar ki, olmur, qar örtüyü sahələri
azdır.
Digər
tərəfdən, Kür çayının idarə
olunması sahəsindəki problemlər də belə vəziyyətin
yaranmasına gətirib çıxarır. Mingəçevir
və digər yerli su anbarlarının normal idarə edilməsinə
ehtiyac var. Bu istiqamətdə tədbirlər
görülməzsə, Kürün suyunun azalması bir
sıra problemlər yarada bilər. Su anbarlarını
qışda su ilə doldurmaq, yayda isə onu buraxmaq
lazımdır, yəni optimallaşdırma proqramı tətbiq
olunmalıdır. Düşünürəm ki, optimal idarəetmə
tətbiq etməklə bu bəladan xilas ola bilərik”.
O
qeyd etdi ki, Kürün suyunun azalması ölkə
üçün müəyyən problemlər yaradacaq: “Ancaq prosesin optimal idarəedilməsilə
problemi minimuma endirmək olar. Kürdən çıxan
Qarabağ və Böyük Şirvan kanalı ölkədəki
1,2 milyon hektardan çox suvarılan torpaqların 90 faizini su
ilə təmin edir. Azalma
içməli su sahəsində də problem yaradacaq.
Kürün suyu azaldıqca onun keyfiyyəti də
aşağı düşür, çirklənir”.
Rüfət
NADİROĞLU
Mövqe.- 2020.- 7 iyul.
S. 5.