Pandemiyaya qalib gəlmək həyat tərzinin dəyişməsindən keçir

 

Bakının bulvarı, gəzməli yerləri, insan əlindən tərpənmək mümkün olmadığı küçələri bu yay həmişəkindən fərqlidir. Bölgələrdə yerləşən istirahət mərkəzləri, insanların üz tutduqları digər məkanlarda da eyni vəziyyət hökm sürür. İndi həm insanlar bu yerlərə yenidən baş çəkməyin xiffətini çəkir, həm də elə bu yerlər insan nəfəsinin hərartinə qəribsəyib.

Yay aylarında Azərbaycanda hər addımda rast gəlinən turistlərdən də xəbər yoxdur. Çox qısa bir müddətdə dünyanı cənginə alan koronavirus pandemiyası sıx ünsiyyətə, dinamik həyat tərzinə adət etmiş insanların ən müxtəlif istiqamətlərdə fəaliyyətinin cizgilərini tamamilə yenidən cızıb. İndi hamını maraqlandıran pandemiyanın nə vaxt sona çatacağı, adi həyat tərzinə qayıdışın haçan olacağıdır. Bu, indi təkcə Azərbaycanda yox, bütün dünyada əksəriyyəti maraqlandıran sual, həyata keçməsini hamının istədiyi bir arzudur. Amma bu arzunun reallaşması indi təkcə ölkələrdən, səhiyyədən asılı deyil. Bunun baş tutması artıq hər bir vətəndaşdan, onun ən azından izolyasiya və gigiyenik tələblərə əməl edərək pandemiyaya qarşı mübarizəyə bu yolla verəcəyi töhfədən asılıdır.

Artıq çoxsaylı misallar timsalında tam təsdiqlənir ki, yalnız həyat tərzimizi müəyyən müddətə dəyişməklə, xüsusən mümkün olduğu qədər izolyasiya, gigiyena qaydalarına əməl etməklə pandemiyaya qalib gəlmək mümkündür. Birinci dünya müharibəsi ilə müqayisədə daha çox insanın ölümünə səbəb olduğu "ispan qripi" ilə bağlı təcrübə də bunu çox aydın təsdiq edir. Koronavirus meydana çıxdıqdan sonra "ispan qripi" ilə bağlı "iİki şəhərin hekayəsi" adlı məşhur bir nümunə indi daha çox xatırlanır. Məsələ bundadır ki, həmin vaxt ABŞ hökuməti tərəfindən müharibəni maliyyələşdirmək məqsədilə çap edilmiş dövlət istiqrazlarının təşviqi üçün Amerika şəhərlərində paradlar keçirilirdi. Belə bir vaxtda "ispan qripi" yayılmağa başlayanda ABŞ-ın Filadelfiya və Sent-Luis şəhərləri bununla bağlı bir-birindən fərqli iki üsul seçdi. Filadelfiyada tədbir planlaşdırıldığı qaydada keçirildi, Sent-Luisdə təxirə salındı. Bir ay sonra Filadelfiyada "ispan qripi"ndən ölənlərin sayı 10 mindən çox, Sent-Luisdə isə 700 nəfər olmuşdu. Bu, epidemiyalarda sosial məsafənin faydalı strategiya olması fikrini gücləndirən fakt kimi bir daha real həyatda təsdiqini tapdı. Aparılan araşdırmalar göstərir ki, 1918-ci ildə ABŞ şəhərlərində tətbiq olunmuş bəzi məhdudlaşdırma tədbirləri fonunda ictimai yığıncaqları ləğv edən, teatrları, məktəbləri və kilsələri daha tez bağlayan şəhərlərdə ölüm faizi daha aşağı səviyyədə qalıb. Küçəyə çıxma qadağasının nəticələrini analiz edən bir qrup amerikalı iqtisadçının gəldiyi nəticə isə bu olub ki, daha ciddi qadağalar tətbiq edən şəhərlərin iqtisadiyyatı epidemiyadan sonra daha tez canlanmağa başlayıb. Məhz bu misal karantin tədbirlərinə əməl edilməsinin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha sübut edir.

Elə koronavirusla mübarizədə müxtəlif ölkələrin təcrübəsinin təhlili sosial məsafə, gigiyena qaydaları və karantin rejimindən irəli gələn tələbləri yerinə yetirənlərin daha az itki ilə üzləşdiyini üzə çıxarır. Məsələn, bu gün Yaponiyada sözügedən virusdan ölümlər, xəstəliyə yoluxma rəqəmləri digərləri ilə müqayisədə çox aşağıdır. Özü də yaponlar bu göstəricilərə çox maraqlı bir şəraitdə nail olublar. Belə ki, Çinin Uhan şəhərində meydana çıxan virus özünün ən pik həddinə çatdığı dövrdə, yəni cari ilin fevralında bütün ölkələr Çinlə sərhədləri bağlasa da, Yaponiya sərhədləri açıq saxladı. Bundan başqa, Yaponiya Ümumdünya Səhiyyə Təşkilatının test etmək çağırışına da məhəl qoymadı. Yaponiyada nə karantin komitəsi var, nə də hansısa başqa bir qurum yaradılıb. Bütün bunlara rəğmən, Yaponiyada koronavirusa ilk yoluxma faktından 5 ay ötsə də, bu günədək 125 milyonluq ölkədə ümumi yoluxanların sayı 20 mini, ölənlərin sayı isə 1000-i ötməyib. Bəs bu uğurun kökündə nə dayanır? Araşdırmalara əsasən, yalnız insanların həyat tərzi imkan verir ki, orada yoluxmalar və xəstələnmələrin sayı minimal olsun. Bundan başqa, yaponlar arasında görüş zamanı öpüşmək, qucaqlaşmaq, əllə görüşmək vərdişinin olmaması da onları virusdan qoruyan amillər sırasında başda qeyd olunan məqamlardandır. Yaponiyada indiyə qədər yoluxma və ölüm hallarını aşağı həddə qalmasına səbəb olan amillərdən biri də insanların evdə oturmağın zəruriliyi haqda tövsiyələrə ciddi riayət etməsidir. Elə professor Adil Qeybulla da bildirir ki, həyat tərzimizdə müəyyən müddət dəyişiklik etməklə istənilən nəticəyə nail ola bilərik: “ Karantin davranışlarının üstündə dayanmaq lazımdır. Infeksiya sona çatana qədər biz insanların sosial məsafə gözləməsi, maska taxması, əllərin dezinfeksiyası kimi davranışları həyat tərzinə çevirməliyik. Təkcə bu virusla bağlı deyil, gələcəkdə də başqa viruslardan qorunmaq üçün bunu etməliyik. Biz karantin davranışlarını dərk edərək, əməl etsək, daha yaxşı uğurlara nail ola bilərik”. Bu fikirlər də bir daha təsdiq edir ki, koronavirus pandemiyasına qarşı mübarizə hər bir vətəndaşın gündəlik həyat tərzinə çevrilməlidir və insanlar özləri bunu könüllü şəkildə etməlidir. Özlərinin, yaxınlarının, bütünlükdə cəmiyyətin pandemiya ilə mübarizədə daha tez qalib gəlməsi məhz bundan keçir. Bu, isti yay günlərində hər birimizi tıncıxdıran karantin rejiminin də mümkün qədər tez başa çatmasını şərtləndirən əsas amillərdəndir. Başqa sözlə, koronavirusla mübarizə hər birimizin həyat tərzinə çevrilməlidir. Maskalardan istifadə edib, sosial məsafə gözləyərək gigiyenik qaydalara riayət etməyimiz uğura gedən yolda başlıca amildir. Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri İbadulla Ağayev bu xüsusda bildirir: “Hər kəs özünün həkimi olmalıdır. İnsanlar dövlət tərəfindən qoyulmuş bütün qaydalara riayət etməlidir. Gigiyenik normativlər var və insanların bunlara əməl etməsi vacibdir. Özü də gigiyenik normativlər bu gün kəşf olunmayıb, bu, tarix boyu olub. Hər bir insan qaydalara riayət etməli, maska taxmalı, xəstələndiyi zaman həkim çağırmalıdır. Yoluxma sayının azalması ancaq əhalidən asılıdır. İnsanlar qaydalara riayət etsə, sayda azalma olacaq. Dövlət bundan artıq heç nə edə bilməz. Əhalinin sağlamlığı üçün dövlət tərəfindən bütün imkanlardan istifadə edilir”. Ekspert vurğulayır ki, yalnız həyat tərzimizdə dəyişikliklə və gigiyenik normativlərə əməl etməklə virusun öhdəsindən gəlmək olar: “Evdən lüzumsuz çıxmayın, heç kimlə kontaktda olmayın. Bu müddət ərzində qohumlarınızla da əlaqə saxlamayın. Evdən çıxaraq digərlərini yoluxdurmayın. Yoluxma ehtimalı çoxdur. İcazə alıb mağazaya gedəndə maskadan istifadə edin, ara məsafəni gözləyin. Bunlara əməl olunsa, yoluxma sayı azalacaq, virus sönəcək”. Bunu öz səhlənkarlığı üzündən virusa yoluxan, amma Mərkəzi Gömrük Hospitalında müalicə alıb sağalan Vaqif Məmmədzadə də təsdiqləyir: “Əvvəllər bu virusa inanmırdım, amma sonradan ona tutuldum. İlk əvvəl bunu adi xəstəlik hesab edirdim, amma temperaturum enmədiyindən təcili yardım çağırdım. Sonra mədən analiz götürüldü və cavab pozitiv çıxdı. Virusa harada yoluxduğumu dəqiq bilmirəm, amma mənə elə gəlir ki, dostumun ad günündə təşkil edilən məclisdə bu xəstəliyə tutulmuşam. Çünki məndən başqa həmin məclisdə iştirak edən daha üç nəfərdə bu virus aşkarlandı. Mən virusa evdəkilərdən qardaşımı yoluxdurdum. Müalicə müddətində isə xeyli ağrılarm oldu, hətta bəzən nəfəs almaqda belə çətinlik çəkirdim. Amma sonunda həkimlərin sayəsində bu xəstəliyi yenə bildim. İndi özümü qoruyuram, yaxın təmaslardan mümkün olduğu qədər qaçıram. Mağaza və digər insanların çox olduğu yerə gedəndə maska və əlcəkdən mütləq istifadə edirəm. Amma peşmanam ki, bunları məhz xəstəliyə tutulduqdan sona edirəm. Əvvəldən olsaydı, yəqin ki, nə özüm xəstələnərdim, nə da qardaşımı yoluxdurardım”. Amma təəssüf ki, problemin ciddiliyini anlamayanlar da var. Məsələn, elə bu günlərdə paytaxtın Səbail rayonunda koronavirus infeksiyasına yoluxmus xəstə müəyyən olunaraq saxlanılıb. Səbail Rayon Polis İdarəsi əməkdasları tərəfindən keçirilən müvafiq tədbirlərlə Bibiheybət qəsəbə sakini 1994-cü il təvəllüdlü Həmid Məmmədzadəyə COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Təyin edilən qaydalara baxmayaraq, onun yaşayış yerini tərk edərək, vətəndasların intensiv hərəkət etdiyi mağazalardan birində askar olunub. Yalnız polisin müdaxiləsindən sonra bu şəxs aidiyyəti üzrə müvafiq ünvana yerləsdirilib. Yaxud, yenə Səbail rayonunun Rəsul Rza küçəsində qeydiyyatda olan 1946-cı il təvəllüdlü İsrafil Musayevlə bağlı da eyni hal yaşanıb. Ona COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Buna rəğmən, Səbail RPİ əməkdasları tərəfindən keçirilən müvafiq tədbirlərlə İsrafil Musayev vətəndasların intensiv hərəkət etdiyi mağazada askar olunub. Halbuki onun bu hərəkətlərinin digər səxslərin həyat və sağlamlığı üçün təhlükədir. Bunu nəzərə alaraq, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, basqalarını da buna şağırmalıdır. Bu, virusa qalib gəlmək üçün artıq həyat tərzimiz olmalıdır.

 

Elnurə ABUŞOVA

Mövqe.- 2020.- 10 iyul. S. 7.