Bir
ailə haqda tarixi-publisistik roman
Real hadisələr
fonunda möhtəşəm və iztirablı talelər
toplusu
Jurnalist-tədqiqatçı
Vasif Quliyevin yeni kitabı Azərbaycanın Qarabağ bölgəsinin
şan-şöhrətli Mehmandarovlar ailəsinin keşməkeşli,
amma tariximiz və millətimiz üçün nümunəvi
həyatının təsvirinə, təhlilinə və tərənnümünə
həsr olunub. Bəli, faktlar həyatda baş vermiş hadisələri
əks etdirir. Amma yazarın təhkiyəsində və ifadə
üslubunda bir ailənin qələmə alınan 150 illik
yaşam tərzi dramatik roman təsiri
bağışlayır. Şuşaya, Qarabağın mədəni
həyatına və bu diyarda maarifin, incəsənətin
inkişafına dair indiyədək onlarla kitab yazmış təcrübəli
jurnalist Vasif Quliyev bu sonuncu əsərində də Azərbaycan
oxucusunun Qarabağ sarıdan yaralı qəlbinə məlhəm
olan, xarici oxucuya isə zəngin təəssürat bəxş
edən gözəl salnamə yaradıb.
Azərbaycanın
Qarabağ diyarının və eyni zamanda millətimizin və
xalqımızın formalaşıb tarix səhnəsinə
çıxmasında Cavanşirlər nəslinin xidmətləri
danılmazdır. Mehmandarovlar ailəsi bu nəslin ən
görkəmli qollarından biridir. Kitabın “Mehmandarovlar”
adlandırılması da bu təkzibolunmaz tarixi fakta söykənir.
Azərbaycan tarixinin XVII-XVIII əsrlər dövrü millətlərin
təmərküşləşməsi fonunda feodal dövlətlərin
yaranmasını ehtiva edir. Həmin dövrdə Cavanşirlərin
ən qüdrətli nümayəndəsi Pənahəli
xanın yaratdığı Qarabağ feodal dövlətinin
çiçəklənməsi siyasətin, iqtisadiyyatın,
incəsənətin və kübar ailə sülalələrinin
intibahına rəvac verir. Mehmandarovlar sülaləsi məhz
bu oyanmanın meyvəsidir.
kitab1
Tarixçilər
göstərir ki, Qarabağ xanlığı dövlətçilik
strukturunun qurulması baxımından xeyli irəli
getmişdi. Xan sarayının işçi kontingenti əhalinin
idarə edilməsi, regional və beynəlxalq münasibətlərin
təşəkkülü sahəsində xüsusi
qaydaların mənimsənilməsi sayəsində öz ədəb-ərkanı,
məsuliyyəti, intizamlılığı və nəzakətliliyi
ilə seçilirdi. Xanlığın qonaqlarının, gələn
elçilərin qarşılanaraq yerləşdirilməsi,
Xanın qəbuluna hazırlanması və icrası ilə məşğul
olan Mirzə Əli bəy adlı şəxsin
işgüzarlığı ilə Qarabağ feodal dövlətinin
mehmannəvazlıq etiketi xüsusi mərtəbəyə
qalxmışdı. Bu şəxsin sənəti “mehmandar”
adlanırdı. Mehmandarov soyadı da bu sənətdən
qaynaqlanır. Kitabda ailənin təşəkkül tarixi
bütün cizgiləri ilə aydın şəkildə
sadalanır və oxucuya maraqlı təhkiyə ilə
söylənilir.
Müəllif
həqiqətən olduqca böyük iş həcmini yerinə
yetirib. Amma kitabın vərəqlərini oxuyub başa
çatdıqca aydın olur ki, onun çəkdiyi zəhmət
hədər getməyib. Vasif Quliyevin zəhməti sayəsində
biz təkcə Mehmandarovlar ailəsinin yox, bu ailənin
simasında Qarabağın, Xanlığın paytaxtı
Şuşa şəhərinin, eyni zamanda müstəqillik
uğrunda xalqımızın apardığı mübarizənin
ən qanlı-qadalı və şanlı səhifələrinin
yeni sətirləri ilə tanış oluruq.
Mehmandarovlar
arasında ömrünü xalqın maariflənməsinə,
yurdumuzun abadlaşmasına, əhalinin
sağlamlığının qorunmasına, mədəni
irsimizin inkişafına, dünyanın hərb sənətinə
zəngin töhfələr bəxş edən onlarla görkəmli
şəxsiyyət yetişib. Kitabda Mirzə Həsən bəy,
Sadıq bəy, Qasım bəy, Əbdülkərim bəy, Səməd
bəy Mehmandarovların və digərlərinin bu gün də
hər kəsə örnək ola biləcək ömür
yolları, ictimai-siyasi və əmək fəaliyyətləri
ən kiçik nüanslardan tutmuş böyük həqiqətlərə
qədər ardıcıllıqla oxucuya
çatdırılır.
Kitabın
ən güclü məziyyəti odur ki, sənədlərlə
isbat olunan tarixi faktlara əsaslanır və bizə yalnız
və yalnız həqiqətləri açıb göstərir.
Məsələn, Azərbaycanın müstəqilliyi və
erməni terrorundan müdafiə tarixində 100 il əvvəl
qısa müddətdə yaranıb vuruşan “Difai”
partiyası haqda bir çox publisistlər məqalələr
yazıb. Təbii ki, həmin yazılarda canını
azadlıq yolunda fəda edənlərin qəhrəmanlıq
yolu böyük niyyətlərlə tərənnüm olunub.
Lakin həmin məqalələrin müəllifləri dərin
tədqiqat aparmadan “Difai” təşkilatının Əhməd
bəy Ağayev tərəfindən Gəncə şəhərində
yarandığını bildiriblər. Tarixi həqiqət isə
ondan ibarətdir ki, “Difai” Şuşada yaranıb və ilk
şöbələri də Qarabağ bölgəsinin yaşayış
məskənlərində təşkil olunub. Qarabağdan kənarda
isə ilk dəfə Gəncədə təşkilatın
şöbəsi fəaliyyətə başlayıb.
Kitabda
bugünümüzlə səsləşən kifayət qədər
tarixi faktlara rast gəlirik. 1905-1907-ci illərdə erməni-müsəlman
davasını təşkil edən Rusiya imperiyası erməniləri
hər cəhətdən dəstəkləyirdi. Buna görə
də istibdada və erməni terroruna qarşı
vuruşmağı bacaran bir təşkilata zərurət
yaranmışdı. Bu ehtiyacı ödəmək
üçün həyatını millətinin istiqlalına
həsr edən Əhməd bəy Ağayev özündə
böyük cəsarət taparaq işə başlayır.
1906-cı ilin avqustunda o, Şuşada milli
ziyalılarımızın toplantısını təşkil
edir və deyir: “Biz indiyə qədər rus hökumətinə
sadiq olmuşuq. Bu sədaqətin, etibarın əvəzinə
isə general Qoloşapov başda olmaqla ruslar erməni
daşnakları ilə birləşib, bizə qarşı
çıxdılar. Evlərimizi, məscidlərimizi
dağıtdılar, şahzadələrin imarətlərini
yandırdılar və bizim saray incilərimizi məhv etdilər,
minlərlə müsəlmanı ac-susuz qoydular”. Elə bu
toplantıda da “Difai”nin əsası qoyulur və azərbaycanlıların
müdafiəsi təşkil olunmağa başlayır. Kitabda
“Difai”nin möhtəşəm fəaliyyəti tarixi ştrixlərlə
dəqiq təsvir edilir.
“Mehmandarovlar”
əsəri vahid süjet əsasında nəsillərin
bir-birini əvəzlənməsini təsvir etməklə
bugünümüzə qədər baş verən hadisələri
əks etdirir. Faktları təhlil edərkən 100 il əvvəlin
məşhur “İrşad”, “Kaspi” kimi qəzetlərindən
iqtibaslara istinadla jurnalistik mənbələrdən istifadə
edilməsi tariximizin yazılmasında mətbuatımızın
önəmli roluna nümunədir. Cəlil Məmmədquluzadənin,
Mehmandarovlarla yaxın qohum olan Həmidə xanım
Cavanşirin, o cümlədən kitabın həsr edildiyi
böyük ailə üzvlərinin publisistik fəaliyyətlərinin
işıqlandırılması bu əsərin mətbuatımızın
145 illik yubileyinə sanballı hədiyyə olmasını
ehtiva edir.
Həyatın
enişli-yoxuşlu yollarının çətin məqamlarında
şəxsiyyətin psixoloji-dramatik halının bədii dillə
tərənnümü, “Mehmandarovlar” əsərini oxucunun qəlbunə
təlqin edən ədəbi məziyyətdir. Vasif Quliyev hələlik
sonuncu olan bu kitabında elə bir tarixi-ədəbi irsi milli-mədəni
sərvətimizə çevirib ki, onun mükəmməlliyini
bir məqaləyə sıxışdırmaq çətindir.
Buna görə də “Mehmandarov”ları oxumaq və öyrənmək
vacibdir. Yalnız bu yolla oxucu bu kitabı milli informativ məlumat
bazasının bəzəyinə çevirə bilər. Yeri
gəlmişkən, kitab Azərbaycan və rus dillərində
ayrı-ayrılıqda nəşr olunub. Bu da onun beynəlxalq
elmi-ədəbi fikrin diqqətini cəlb etməsinə imkan
yaradır.
Novruz NOVRUZOV
Mövqe.- 2020.- 14
iyul. S. 10.