Sahibkarların
zəruri informasiyalara çıxışı
asanlaşıb
Korrupsiyaya qarşı mübarizə sahəsində həyata
keçirilən strategiya nəticəsində ölkəmiz
son illər böyük uğurlara imza atıb. Açıq
hökumət prinsipləri, daim bu strategiyanın ayrılmaz
hissəsi olaraq dövlət idarəçiliyində
informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin
genişləndirilməsini, informasiyanın əldə edilməsində
açıqlığın təmin edilməsini, ictimai
iştirakçılığın artmasını və vətəndaş
cəmiyyəti institutları ilə sıx əməkdaşlığı
nəzərdə tutub. Ölkəmiz
açıq hökumət prinsiplərinin təşviqi sahəsində
beynəlxalq səylərə də öz töhfəsini
verib və “Açıq Hökumət Tərəfdaşlığı”
beynəlxalq təşəbbüsünə ilk qoşulan
dövlətlərdən biri olub.
Dövlət
xidmətlərinin göstərilməsində tətbiq edilən
və Birləşmiş Millətlər Təşkilatının
2015-ci il “Dövlət Xidmətləri
Mükafatına” layiq görülmüş innovativ “ASAN xidmət”
modeli bu yanaşmanın uğurlu nümunəsidir.
Açıq hökumət prinsiplərindən biri olan, ictimai
iştirakçılığın genişlənməsi
üçün qanunvericilik bazasını formalaşdıran
“İctimai iştirakçılıq haqqında” Azərbaycan
Respublikası Qanununun qəbulu və icrası dövlət
orqanları yanında ictimai şuraların
yaradılmasını, ictimai əhəmiyyət kəsb edən
qanun layihələrinin müzakirəsində və dövlət
orqanlarının fəaliyyətində vətəndaş cəmiyyəti
institutlarının daha sıx iştirakını təmin
edib.
Azərbaycan
2018-ci ildə Dünya İqtisadi Forumunun rəqabət qabiliyyəti
indeksinə əsasən 148 ölkə arasında 35-cı
yeri, Dünya Bankının “Doing Business” 2018-ci il
hesabatında isə 25-ci yeri tutub. Dövlət
orqanları tərəfindən açıq hökumətin təşviqi
üzrə həyata keçirilən layihələr və təşəbbüslər
prioritet müəyyən edilib, bu sahədə fəaliyyət
göstərən vətəndaş cəmiyyəti
institutlarına dəstək göstərilib. Şəffaflığın artırılması və
korrupsiyaya qarşı mübarizə üzrə tədbirlər
uğurla həyata keçirilir və korrupsiyaya şərait
yaradan halların aradan qaldırılması təmin edilməkdədir.
Bu tədbirlər eyni zamanda iqtisadi sahədə
aparılan islahatları tamamlamış və dayanıqlı
iqtisadi inkişaf üçün yeni imkanlar yaradıb.
“Açıq
hökumətin təşviqinə dair 2016-2018-ci illər
üçün Milli Fəaliyyət Planı”nın
qəbul edilməsi və nəzərdə tutulan tədbirlərin
əhatəsi Azərbaycanda açıq hökumət prinsiplərinin
genişlənməsi və korrupsiyanın
qarşısının alınması üçün
mövcud güclü siyasi iradənin növbəti göstəricisi
olub. Milli Fəaliyyət Planı vətəndaş
cəmiyyəti üzvlərinin fəal iştirakı ilə
hazırlanıb və çoxsaylı ictimai dinləmələrdə
müzakirə edilib. Proqramla Vergilər
Nazirliyi və digər qurumlar qarşısında müəyyənləşdirilmiş
vəzifələrdən biri də sahibkarlar üçün
daha liberal, şəffaf mühitin
formalaşdırılması idi.
Xatırladaq ki, son illər qəbul olunmuş bir sıra
dövlət proqramlarında, imzalanmış fərman və
sərəncamlarda sahibkarların məlumatlandırılması
işinin müasir tələblər səviyyəsində
qurulmasının vacibliyi ön plana çəkilir. Ölkə
başçısının 2012-ci il 5
sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş
«Açıq Hökumətin təşviqinə dair
2012-2015-ci illər üçün Milli Fəaliyyət
Planı»nın 1-ci maddəsinə əsasən, şəffaflığın
artırılması və açıq hökumətin təşviqi
baxımından informasiya əldə edilməsinin
asanlaşdırılması nəzərdə tutulub. Fəaliyyət Planının 2-ci maddəsində
dövlət orqanlarının öz fəaliyyəti barədə
ictimaiyyətə müntəzəm məlumat verməsi zərurəti
önə çəkilib. Bu məqsədlə dövlət
orqanlarının öz fəaliyyəti barədə məlumatları
mütəmadi, yenilənmiş əsaslarla internet səhifələrində
yerləşdirməsi; dövlət
orqanlarının öz fəaliyyəti barədə illik məruzələr
tərtib etməsi və internet səhifələrində
açıqlaması; dövlət orqanlarının öz fəaliyyəti
barədə mətbuat konfransları və ictimaiyyətlə
birbaşa ünsiyyət formasında tədbirlər
keçirməsi; və digər mühüm tədbirlər təmin
edilib.
Son illər sahibkarların məlumatlandırılması
istiqamətində həyata keçirilən mühüm layihələrdən
biri də universal telefon-məlumat xidmətinin
yaradılması olub. Xatırladaq ki, Nazirlər Kabinetinin 2013-cü il 28
oktyabr tarixli sərəncamına əsasən, Vergilər,
Maliyyə, Ədliyyə, İqtisadiyyat, Əmək və
Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, habelə
Dövlət Gömrük Komitəsinin və Dövlət
Sosial Müdafiə Fondunun fəaliyyət sahələrini əhatə
edəcək «Sahibkarlıq fəaliyyəti sahəsində
Universal Çağrı Mərkəzi»nin yaradılması nəzərdə
tutulmuşdu. Belə bir mərkəzin
yaradılmasında başlıca məqsəd sahibkarlara
göstərilən dövlət dəstəyinin səmərəliliyinin
artırılması, dövlət və sahibkarlar arasında
münasibətlərin yaxşılaşdırılması və
sadələşdirilməsi, fiziki və hüquqi şəxslərin
vahid mənbədən məlumat almalarının təmin
olunması, əhali arasında hüquqi maarifləndirilmə
işinin səviyyəsinin yüksəldilməsidir.
Xatırladaq ki, Vergilər Nazirliyinin «195»
Çağrı Mərkəzi ilk dəfə 2003-cü ilin
sonundan sahibkarların məlumatlandırılması və
müraciətlərinin qəbulu məqsədilə
yaradılıb, Bakı şəhərini əhatə etməklə
fəaliyyətə başlayıb. 2006-cı ilin may ayından mərkəzin
əhatə dairəsi genişləndirilib, respublikanın
bütün regionlarından gələn sual və müraciətlərin
qəbulunu həyata keçirib. 2014-cü ilin noyabr ayında
Beynəlxalq Sertifikatlaşdırma və Sorğu Mərkəzləri
İnstitutu tərəfindən audit keçirilib və bunun nəticəsində
sorğu mərkəzlərinin idarəetmə sistemi üzrə
vahid Avropa standartını müəyyən edən «Austrian
Standards plus» təşkilatı tərəfindən Vergilər
Nazirliyinin Çağrı Mərkəzinə
"EN-15838" standartlarına uyğunluq barədə verilən
sertifikat yenilənib.
2015-ci
ilin fevral ayından Vergilər, Maliyyə, İqtisadiyyat,
Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi
nazirliklərini, Dövlət Gömrük Komitəsini və
Dövlət Sosial Müdafiə Fondunu əhatə edən
«195» Çağrı Mərkəzi fəaliyyətə
başlayıb. Çağrı Mərkəzi
iqtisadi qanunvericilik və onun tətbiqi, təqdim edilən
elektron xidmətlər barədə operativ, düzgün, vergi
orqanlarına gəlmədən məlumat verilməsini, vergi
qanunvericiliyinin pozulması halları barədə müraciətlərin
qəbulunu təmin edib. Sahibkarların, vətəndaşların
vaxt itkisinə yol vermədən bir mənbədən biznesin
qeydiyyatı, lisenziyalaşdırma, vergilər, rüsumlar və
sahibkarları maraqlandıran digər məsələlər
barədə məlumat almalarını təmin etmək məqsədilə
«195» Universal Çağrı Mərkəzi və
ayrı-ayrı dövlət orqanlarındakı analoji xidmətlər
vahid telefon-məlumat xidmətinə inteqrasiya olunublar. Respublikanın istənilən regionundan stasionar
nömrələrdən birbaşa «195» nömrəsinə
edilən zəng, eləcə də Çağrı Mərkəzi
tərəfindən göstərilən xidmətlər ödənişsiz
həyata keçirilir.
2019-cu ildə
«195» Universal Çağrı Mərkəzi tərəfindən
vergi ödəyicilərinin və vətəndaşların həm
avtomatik, həm də canlı rejimdə fəaliyyət
zamanı müfəttiş-operatorlar tərəfindən
müraciətləri cavablandırılıb, onların ərizə,
şikayət və məlumat xarakterli müraciətləri qəbul
olunub, vergi ödəyiciləri mesaj xidməti vasitəsilə
məlumatlandırılıb. Bununla yanaşı, mərkəz
tərəfindən gücləndirilmiş elektron imzaya, o
cümlədən «Asan imza»ya dair müraciətlərin
cavablandırılması təmin
edilib. Çağrı Mərkəzində «Asan imza» vasitəsilə
əməliyyatların aparılması təmin edilib.
Qeyd edildiyi kimi, «195» Universal Çağrı Mərkəzi
2015-ci ildə fevralın 4-dən əhalinin, o cümlədən
sahibkarların suallarının operativ və keyfiyyətli
cavablandırılması, şikayətlərinin, habelə təkliflərinin
qəbulu məqsədilə fəaliyyətə
başlayıb. Hazırda onun xidmətlərindən istifadə etmək
üçün birbaşa 195 nömrəsinə zəng edərək,
səsli menyunun köməkliyi ilə və ya müvafiq
düymələrdən birini seçərək birbaşa
Vergilər, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Əmək
və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə,
Dövlət Gömrük Komitəsinə və Dövlət
Sosial Müdafiə Fonduna müraciət edilə bilər.
Bütün bunlar bir daha təsdiqləyir ki, ölkəmizdə
biznes mühitinin daha da liberallaşdırılması istiqamətində
həyata keçirilən mühüm tədbirlərdən
biri də sahibkarların müvafiq dövlət
qurumlarından məlumat əldə etmək
imkanlarının genişləndirilməsidir. Özəl sektorun təmsilçiləri
ilə daha sıx təmasda olan, onlara müxtəlif xidmətlər
göstərən nazirlik, komitə, xidmət və agentliklər
bu məqsədlə fəaliyyətlərində mütərəqqi
yenilikləri nəzərə alır, informasiya-kommunikasiya
texnologiyalarının ən son yeniliklərin, o cümlədən,
“e-xidmətlər”in geniş tətbiqinə nail olmağa
çalışırlar.
S.Elmanoğlu
Mövqe.-
2020.- 9 iyun. S. 10.