Azərbaycan
ən islahatçı ölkələr sırasında yer
alır
Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi
məqsədilə iqtisadiyyatın şaxələndirilməsi
və qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi
çəkisinin artırılması istiqamətində
düşünülmüş strategiya həyata keçirən
Azərbaycan hökuməti bu sahədə mühüm
göstəricilərə imza atıb. Bu da təsadüfi deyil ki,
sosial-iqtisadi inkişafda keyfiyyətcə yeni mərhələ
kimi dəyərləndirilən son 17 il həm
də sahibkarlar ordusunun milli iqtisadiyyatın aparıcı təbəqəsi
kimi önə çıxması ilə səciyyəvidir.
2004-cü ildən həyata keçirilən regional
dövlət proqramlarında biznes mühitinin
yaxşılaşdırılması ilə bağlı
kompleks tədbirlərin əksini tapması da təsadüfi
olmayıb, bölgələrin tərəqqisi prosesində
özəl sektorun imkanlarını səfərbər etmək,
sosial xarakterli məsələlərin həllində
sahibkarların fəal iştirakına nail olmaq istəyindən
irəli gəlib. 2004-2008 və 2008-2013-cü illərdə
həyata keçirilmiş regional inkişaf proqramları
respublikamızın regionlarında yerli
sahibkarlığın, yeni istehsal və emal müəssisələrinin
açılmasına, işsizlik və yoxsulluq probleminin əsaslı
dərəcədə həllinə ciddi təkan verib. Ötən illərdə kiçik və orta
sahibkarlığın güzəştli kreditlərlə
maliyyələşdirilməsi, sahibkarların fəaliyyətinə
yersiz müdaxilələrin qarşısının
alınması, özəl sektorda inkişafa mane olan problemlərin
həlli məqsədilə yeni mexanizmlər tətbiq edib.
İnhisarçılıq,
sahibkarlara süni maneələrin yaradılması,
hüquq-mühafizə orqanlarının iş
adamlarının fəaliyyətinə müdaxiləsi
hallarının aradan qaldırılması məqsədilə
konkret qərarlar qəbul olunub. Son 10 ildə qəbul
olunmuş "Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət
Proqramı, "Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı", "Korrupsiyaya qarşı
mübarizə üzrə Dövlət Proqramı"
(2004-2006-cı illər), "Sahibkarlığa dövlət
maliyyə dəstəyinin göstərilməsi sahəsində
əlavə tədbirlər haqqında", "Azərbaycan
Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin
istifadəsi qaydalarının təkmilləşdirilməsi
haqqında", "Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan
Respublikasında azad iqtisadi zonaların yaradılması
haqqında", "Azərbaycan Respublikasında
sahibkarlığın inkişafı ilə bağlı bəzi
tədbirlər haqqında", "Sahibkarlıq sahəsində
aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi
haqqında" və digər qanun, fərman və sərəncamlar,
dövlət proqramları sahibkarlığın
inkişafına təkan verməklə, regionlarda qeyri-neft
sektorunun inkişafını stimullaşdırıb.
Ümumilikdə, son illər ölkədə
regionların sosial-iqtisadi inkişafına xidmət edən
dövlət proqramlarında və digər sənədlərdə
sahibkarlığın inkişafı məsələsi
qırmızı xətlə keçir. Bu proqramların icra
olunduğu 16 il ərzində regionlarda
qeydiyyata alınan sahibkarlıq subyektlərinin sayı 10 dəfə,
vergi daxilolmaları 15 dəfədən çox artıb. Respublikanın şəhər və rayonları
üzrə vergi gəlirlərinin artımı 2014-cü ildən
35-dən çox şəhər və rayona öz xərclərini
tamamilə yerli gəlirlər hesabına təmin etmək
imkanı yaradıb.
Regionlarda
fiziki və hüquqi şəxslərin say artımına təsir
göstərən mühüm amillər sırasında
qeydiyyat prosedurlarının sadələşdirilməsi tədbirləri
də mühüm yer tutur. Dünya Bankı tərəfindən
açıqlanan, biznes mühitinin əlverişliliyi üzrə
qiymətləndirməni özündə əks etdirən
“Doing Business 2020” hesabatına əsasən, Azərbaycan ən
islahatçı 20 ölkə sırasına daxil edilib. Hesabata əsasən, Azərbaycan "Doing
Business" üzrə dörd sahə üzrə
sahibkarlıq fəaliyyəti ilə məşğul
olmağı asanlaşdırıb. Bu sahələr
əmlakın qeydiyyatı, kreditlərin alınması,
minoritar investorların hüquqlarının qorunması və
müqavilələrin icrasının təmin edilməsidir.
Hesabatda qeyd edilir ki, paytaxtın kadastr xəritəsinin tərtib
olunması və Bakıdakı hər bir fərdi torpaq sahəsinin
qeydiyyatı, eləcə də mövcud sənədləşmənin
təkmilləşdirilməsi və daşınmaz əmlak
prosedurlarının çevikliyi nəticəsində
daşınmaz əmlakın qeydiyyatı prosesi daha da sürətlənib. Minoritar
investorların hüquqlarının müdafiəsi tərəflərin
imzaladığı əlverişsiz sazişlər üzrə
məsuliyyətin direktorlar üzərinə qoyulmasından
sonra güclənib. Kommersiya ilə
bağlı mübahisələr yarandıqda tərəflər
onlayn olaraq müraciət göndərə və vasitəçilik
etmək üçün maddi stimul əldə edə bilərlər.
Xatırladaq ki, Azərbaycan "Doing Business
2019" hesabatında 32 pillə irəliləyərək ən
islahatçı ölkələr sırasında 57-ci pillədən
25-ci yerə yüksəlmişdi.
Xatırlatmaq yerinə düşər ki, 2008-ci ildən
sahibkarlıq subyektlərinin «bir pəncərə» prinsipi
üzrə qeydiyyat sisteminin tətbiqi qeydiyyat
prosedurlarının sadələşdirilməsi ilə
yanaşı, sahibkarlıq fəaliyyəti subyektlərinin say
artımına müsbət təsir edib. Azərbaycanda
2011-ci ildən fərdi sahibkarların vergi orqanlarına gəlmədən
real vaxt (onlayn) rejimində qeydiyyat sistemi tətbiq olunub. 2012-ci ildən yerli hüquqi şəxslərin (MMC)
dövlət qeydiyyatının elektron qaydada
aparılmasına başlanılıb. Hazırda Azərbaycanda
"e-qeydiyyat"ın tətbiqi nəticəsində biznesə
başlamaq üçün 6 prosedur əvəzinə cəmi
3 prosedur yerinə yetirilir, tələb olunan sənədlərin
sayı isə 7-dən 2-yə azalıb. «Dövlət
rüsumu haqqında», «Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan
Respublikası qanunlarına, Mülki Məcəlləyə və
İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklərə
əsasən, hüquqi şəxslərin elektron dövlət
qeydiyyatı rüsumsuz aparılır.
2012-ci ildən, həmçinin, vergi ödəyicilərinə
vergiləri internet üzərindən ödəmək
imkanı yaradılıb. 2013-cü ildən başlayaraq Vergi
Məcəlləsində edilən mütəmadi əlavə
və dəyişikliklərin qüvvəyə minməsi, o cümlədən
"Vergi Partnyorluğu Sazişi"nin tətbiqinə
başlanılması ümumən vergi mühitinin
liberallaşmasına təsir göstərib. Dünya
Bankının «Doing Business» qrupunun təhlili göstərir
ki, «vergi bəyannamələrinin hazırlanması», «göndərilməsi»
və «vergilərin ödənişi»nə sərf olunan vaxt
«Böyük Səkkizlik» ölkələrində orta hesabla
219 saat (bu, dünyada orta göstəricidən 67 saat azdır), İƏİT-ə üzv ölkələrdə
212 saat, Azərbaycanda isə 214 saatdır.
Sahibkarlığın inkişafı məqsədilə
həyata keçirilən mühüm tədbirlərdən
biri də hökumət qurumlarının fəaliyyətində
e-xidmətlərin geniş tətbiqinin təmin edilməsidir. Ölkə
başçısının 26 oktyabr 2011-ci il
tarixli «Müəyyən sahibkarlıq fəaliyyəti növləri
ilə məşğul olmaq üçün tələb edilən
xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə
bağlı bəzi məsələlər haqqında» fərmanına
əsasən, yaradılmış icazələrin elektron
informasiya portalı (www.icazeler.gov.az) ölkə vətəndaşlarının,
eləcə də sahibkarların icazələrlə
bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsini
təmin edir. Sayt sahibkarları icazələr
haqqında ətraflı məlumatlandırmaqla yanaşı,
sahibkarlıq fəaliyyətinə başlamaq, fəaliyyətini
genişləndirmək istəyən sahibkarlara tələb
olunan icazə xarakterli sənədlər, onların
alınması prosedurları, təqdim edilməli sənədlər,
icazələrin verilmə və qüvvədə olma müddətlərinə
dair məlumatları vahid mənbədən əldə etməyə
imkan verir.
Bütün
bunlardan əlavə, «Korrupsiyaya qarşı mübarizəyə
dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət
Planı»nın konkret olaraq 12-ci maddəsində
də sahibkarlıq sahəsində mühitin
liberallaşdırılmasına xidmət edən tədbirlər
əksini tapıb. Həmin maddədə sahibkarların
dövlət orqanları ilə münasibətlərində
qarşılaşdıqları problemlərin öyrənilməsi
və onların həlli üçün tədbirlərin
müəyyənləşdirilməsi; sahibkarlıq sahəsində
aparılan yoxlamaların vahid məlumat reyestrinin inkişaf
etdirilməsi, o cümlədən reyestrə informasiya
ötürülməsinin avtomatlaşdırılması;
sahibkarlıq sahəsində qanunsuz yoxlamalar barədə məlumatların
qəbul edilməsi üçün elektron portalın və
telefon xidmətinin təkmilləşdirilməsi; qanunsuz
yoxlama keçirilməsi, yoxlamaların təyin edilməsi,
keçirilməsi və nəticələrinə əsasən
tədbirlər görülməsi sahəsində
yoxlayıcıların və yoxlayıcı orqanların məsuliyyətinin
müəyyənləşdirilməsi üzrə təkliflərin
hazırlanması və s. nəzərdə tutulub.
2013-cü ildə Milli Məclisdə qəbul olunmuş
«Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında» qanun ölkə başçısının
sahibkarların qanuni mənafelərinin təminatçısı
olduğunu bir daha təsdiqləyir. Qanun sahibkarlıq fəaliyyəti
sahəsində yoxlamaların vahid qaydalarının müəyyən
edilməsini və yoxlamaların aparılması zamanı
sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin
qarşısının alınmasını nəzərdə
tutur. Qanunda sahibkarlıqla məşğul
olan insanların fəaliyyətinə əngəl törədən
neqativ halların aradan qaldırılması ilə
bağlı bağlı təsirli və operativ tədbirlərin
görülməsinə dair müddəalar əksini
tapmışdır. Sənəddə
sahibkarlıq fəaliyyəti ilə bağlı tələb
olunan icazə xarakterli sənədlərin azaldılması,
yoxlayıcı orqanların səlahiyyətləri, eləcə
də yoxlamaların sayının azaldılması,
sahibkarların fəaliyyətinə mane olan icra
orqanlarının məsuluyyəti və cəzalandırılması
məsələləri yer alıb.
S.Elmanoğlu
Mövqe.-
2020.- 11 iyun. S. 10.