Əmlak
vergisinin nağdsız formada yığılması təmin
edilir
Son illər
sahibkarlıq mühitinin liberallaşdırılması,
iş adamları üçün əlverişli şəraitin
yaradılması, qeyri-neft sektoru üzrə vergi
daxilolmalarının həcminin yüksəldilməsi istiqamətində
davamlı islahatlar həyata keçirilir. Hazırda
dünyanın bir sıra nüfuzlu maliyyə-iqtisadi
qurumları Azərbaycanda əlverişli investisiya mühitinin
formalaşmasını, elektron xidmətlər sahəsində
uğurlu nəticələrin əldə olunmasını,
vergi ödəyicilərinə göstərilən xidmətlərin
müasir tələblər səviyyəsində
qurulmasını birmənalı təqdir edirlər.
Hazırda qarşıda duran mühüm vəzifələrdən
biri də yerli idarəetmə orqanlarının fəaliyyətində
"e-xidmət"lərin geniş tətbiqidir. Ölkəmizin
sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsində
bələdiyyələrin fəaliyyətinin daha da təkmilləşdirilməsi,
onların vəzifə və səlahiyyətlərinin dəqiq
müəyyənləşdirilməsi, habelə onların fəaliyyətində
informasiya texnologiyalarının ən son nailiyyətlərinin
tətbiqi, bələdiyyə vergilərinin toplanması
işinin yeni dövrün tələblərinə uyğun
qurulması son dərəcə vacibdir. Bu
sahədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə
İş Mərkəzi ilə yanaşı, İqtisadiyyat
Nazirliyi yanında Dövlər Vergi Xidməti də
qanunvericiliklə üzərinə düşən vəzifələri
lazımi səviyyədə həyata keçirir. Nazirlik yerli vergi və ödənişlərin
düzgün hesablanması, tam və vaxtında ödənilməsi,
habelə vergi qanunvericiliyinə dəqiq riayət edilməsi
sahəsində bələdiyyələrə zəruri metodiki
dəstəyi göstərir.
Keçmiş
Vergilər Nazirliyinin 2013-cü il 27 dekabr tarixli əmri ilə
«Yerli (bələdiyyə) vergilərin ödəyiciləri
olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti
subyektlərinin uçota alınması ilə bağlı
Metodiki Vəsait» və «Yerli (bələdiyyə) vergi və
ödənişlərin hesablanması, Ödənilməsi və
uçotu ilə bağlı Metodiki Vəsait» təsdiq
edilmişdir. Bu sənədlər bələdiyyələrin
vergitutma sahəsində üzləşdikləri çətinliklərin
aradan qaldırılmasına və onların maarifləndirilməsinə
xidmət edir. Ötən illərdə
vergi əməkdaşlarının bələdiyyə
üzvləri üçün keçirdikləri treninqlərdə
bələdiyyə vergisi ödəyicilərinin uçotunun
aparılması; fiziki şəxslərin torpaq və əmlak
vergisinin vergitutma bazasının müəyyən edilməsi;
bələdiyyə mülkiyyətində olan müəssisə
və təşkilatların mənfəət vergisinin
hesablanması və ödənilməsi qaydaları və digər
məsələlər barədə geniş izahat
verilmişdir.
Vergi xidməti orqanlarının bilavasitə təşəbbüsü
və təşkilatçılığı ilə yerli (bələdiyyə)
vergi ödəyicilərinin istifadəsi üçün
«İnternet Bələdiyyə İdarəsi»
(www.e-belediyye.gov.az) yaradılmışdır. Yerli (bələdiyyə)
vergi ödəyiciləri bu sistemə daxil olmaq
üçün bələdiyyələrdən şifrə
və parol almaqla və ya "ASAN imza" və mobil imzadan
istifadə etməklə onlara təqdim olunan elektron xidmətlərdən
yararlana bilərlər. Bu xidmətlərə
yerli (bələdiyyə) vergi ödəyicilərinin torpaq və
əmlakının onlayn qeydiyyata alınması, yenidən
qeydiyyatı və qeydiyyatdan çıxarılması, şəxsi
hesab vərəqəsinə baxış, hesablanmış
vergilərə dair bildirişlərin əldə edilməsi,
yerli (bələdiyyə) vergi ödəyicilərinin
qeydiyyatda olduğu bələdiyyəyə onlayn müraciəti
və digər elektron xidmətlər daxildir.
Belə
bir layihənin reallaşdırılması həm də «Azərbaycan
2020: gələcəyə baxış» İnkişaf
Konsepsiyasının tələblərindən irəli gəlir.
Konsepsiya ilə vergi orqanlarının
qarşısında duran strateji hədəflərdən biri də
məhz bələdiyyələrə müvafiq metodiki köməyin
göstərilməsi, bu sahədə elektronlaşmanın həyata
keçirilməsidir. Yeni pilot layihə maarifləndirmə
məqsədilə treninqlərin keçirilmiş, ölkə
bələdiyyələrinin bir qisminin Bələdiyyə
Vergi İnformasiya Sisteminə inteqrasiyası təmin
edilmiş, onların işini müasirləşdirilmişdir.
Layihə əsasında bələdiyyələrə
AVİS sistemində onlayn kargüzarlıq, vergilərin
elektron qaydada ödənilməsi, bəyannamələrin
elektron qaydada təqdimatı imkanları
yaradılmışdır. Bu sistemlə bələdiyyələr
qarşısında potensial vergi öhdəliyi olan fiziki və
hüquqi şəxslər öz əmlaklarını
qeydiyyatdan keçirə, onlar üçün qeydiyyat şəhadətnaməsi
ala bilirlər.
«Yerli (bələdiyyə) vergilər və ödənişlər
haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, bələdiyyə
vergilərinə fiziki şəxslərin torpaq və əmlak
vergisi; yerli əhəmiyyətli tikinti materialları üzrə
mədən vergisi və bələdiyyə mülkiyyətində
olan hüquqi şəxslərin mənfəət vergisi
daxildir. Yerli
ödənişlərin tərkibinə həmçinin,
küçə (divar) reklamının yerləşdirilməsi
və yayımı üçün ödənişlər; bələdiyyə
mülkiyyətinin özgəninkiləşdirilməsindən,
icarəyə və istifadəyə verilməsindən daxil
olan ödənişlər; bələdiyyələrin
ayırdığı torpaq sahələrində stasionar, səyyar
ticarət, ictimai iaşə və digər xidmətlərə
görə ödənişlər; mehmanxana, sanatoriya-kurort və
turizm xidmətləri göstərən şəxslərdən
alınan ödənişlər; hüquqi və fiziki şəxslərə
məxsus ixtisaslaşdırılmış avtomobil
dayanacaqları üçün ödənişlər
daxildir. Bələdiyyələr yerli rəy
sorğusunun nəticəsinə əsasən, yerli əhəmiyyətli
proqramların maliyyələşdirilməsi üçün
hüquqi və fiziki şəxslərin sərəncamında
qalan mənfəət və gəlirlər hesabına ödənilən
könüllü birdəfəlik ödənişlər də
tətbiq edə bilərlər.
Xüsusi vurğulamaq lazımdır ki, 2013-cü ilin 1
yanvarından qüvvədə olan Vergi Məcəlləsinə
əlavə və edilmiş dəyişikliklər əmlak
vergilərinin düzgün hesablanması və əmlak
bazarının inkişafı baxımından mühüm əhəmiyyətə
malikdir. Müvafiq dəyişikliklərə əsasən, respublikada
əmlak vergisinin yığılmasına nəzarətin
gücləndirilməsi məqsədilə daşınmaz əmlakın
alqı-satqısı ilə bağlı notariat əməliyyatları
və daşınmaz əmlakın mülkiyyətçiləri
barədə məlumatlar Əmlak Məsələləri
Dövlət Komitəsi və Ədliyyə Nazirliyi tərəfindən
hər ayın 20-dək elektron formada Vergilər Nazirliyinə
təqdim edilir.
Vergi Məcəlləsində əksini tapmış digər
bir mühüm yenilik isə dəyişiklik daşınmaz əmlakın
aylıq icarə haqqı məbləğlərinə bazar
qiymətlərinin tətbiqi ilə bağlıdır. 2013-cü il
yanvarın 1-dən etibarən daşınmaz əmlakın
(yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri
üçün aylıq icarə haqqının məbləği
bazar qiymətləri nəzərə alınmaqla müəyyən
edilir. Bu zaman Vergi Məcəlləsinə
müvafiq olaraq rəsmi mənbələrdən əldə
edilmiş məlumatlar, dövlət və yerli icra hakimiyyətlərinin
məlumat bazaları, vergi ödəyicilərinin bəyan
etdikləri məlumatlar, eləcə də vergi qanunvericiliyi
ilə istifadəsinə icazə verilən məlumat mənbələri
bazar qiymətlərinin müəyyən edilməsi
üçün əsas götürülür.
Son vaxtlara qədər əsas problemlərdən biri də
əmlak vergisinin hesablanmasının hamı tərəfindən
qəbul olunan dəqiq hüquqi mexanizminin mövcud olmaması
idi. Sirr deyil ki, bələdiyyələr sənədsiz
evlərdə yaşayan vətəndaşlardan əmlak
vergisini toplaya bilmirdilər. Bundan başqa,
fərdi evlərin qiymətləndirilməsi bəzən vətəndaşları
qate etmədiyindən, onlar hesablanmış əmlak vergisini
ödəmək istəmirdilər. Bəzi
hallarda isə bahalı evlərin çox ucuz qiymətləndirilməsi
hallarına rast gəlinirdi. Bütün
bunlar əmlak vergisinin vətəndaşları qane edən
tamamilə yeni kriteriyalar əsasında müəyyənləşdirmələri
üçün qanunvericikdə müvafiq dəyişikliklərə
ehtiyac yaratmışdı.
Azərbaycan
Respublikasının Vergi Məcəlləsinə edilmiş
müvafiq dəyişikliyə əsasən, 2015-ci il yanvarın 1-dən fiziki şəxslərin əmlak
vergisi 30 kvadratmetrdən çox sahənin hər kvadratmetrinə
görə hesablanır (30 kvadratmetr çıxılmaqla
qalan hissədən vergi tutulur). Həmin dəyişikliyə əsasən,
Bakı şəhəri üzrə fiziki şəxslərin
xüsusi mülkiyyətində olan yaşayış və
qeyri-yaşayış sahələrinin hər kvadratmetri
üçün 0,4 manat (40 qəpik) vergi
bələdiyyə büdcəsinə ödənməlidir.
Bu sahədə
şəffaflığın təmin edilməsi,
nağdsız hesablaşmalardan geniş istifadə olunması
məqsədilə yerli (bələdiyyə) vergi və ödənişlərin
Mərkəzi Bank tərəfindən yaradılmış
«Hökumət Ödəniş Portalı» (HÖP)
infrastrukturu vasitəsilə yığılması barədə
Mərkəzi Banka müraciət olunmuş və pilot olaraq
seçilmiş 10 bələdiyyə HÖP-ə inteqrasiya
edilmişdir. Bununla da yerli verginin ödəyiciləri HÖP-ə
qoşulmuş bələdiyyə orqanları üzrə
ölkənin istənilən regionundan «Azərpoçt»
MMC-nin, habelə bankların 2000-ə yaxın ödəniş
məntəqəsindən və infrastruktura inteqrasiya
olunmuş özünəxidmət terminallarından nağd
formada, həmçinin ödəniş kartlarından istifadə
etməklə HÖP-ün internet resursları və «Elektron
hökumət» portalı vasitəsilə nağdsız formada
ödənişlərini həyata keçirə bilirlər. Yuxarıda qeyd olunan istənilən üsulla yerli (bələdiyyə)
vergilərin və ödənişlərin edilməsi
üçün vergi ödəyicisinin eyniləşdirmə
nömrəsindən (VÖEN) və ya şəxsiyyət vəsiqəsinin
seriya və nömrəsindən istifadə edilməklə həyata
keçirmək olar.
Bu dəyişikliklər vətəndaşların əmlak
vergisi ilə bağlı narazılıqlarının aradan
qaldırılmasına, yerli özünüidarəetmə
orqanlarının fəaliyyətində şəffaflığın
təmin edilməsinə, onların əmlak, torpaq və digər
vergiləri daha səmərəli şəkildə
toplamalarına yardımçı olmaq məqsədi
daşıyır. Bu, həm nağdsız ödənişlərin
inkişafına səbəb olur, həm də bələdiyyə
vergilərinin toplanılması sahəsində şəffaflığı
və hesabatlılığı gücləndirir.
S.Elmanoğlu
Mövqe.-
2020.- 12 iyun. S. 10.