Partnyorluq
sazişi sahibkarlığın inkişafına təkan verir
Son illər vergi sisteminin təkmilləşdirilməsi,
vergi ödəyicilərinə göstərilən xidmətlərin
səviyyəsinin yüksəldilməsi, bu sahədə
qanunvericiliyin təkmilləşdirilməsi,
inzibatçılığın müasir tələblər səviyyəsində
qurulması və digər istiqamətlərdə mühüm
nailiyyətlər əldə edilmişdir. Bütün
bunların nəticəsi olaraq vergi ödəyicilərinə
göstərilən xidmətlərin çeşidi və
keyfiyyəti yüksəlmiş, müasir informasiya-kommunikasiya
texnologiyalarının ən son nailiyyətləri əsasında
reallaşdırılmış elektron xidmətlər fiziki və
hüquqi şəxslərin işini
asanlaşdırmış, ölkədə biznes mühitinin
liberallaşdırılmasına imkan yaranmışdır.
Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində
ölkədə vergilərin könüllü ödənişi
sisteminin inkişaf etdirilməsi, vergi mədəniyyətinin
yüksəldilməsi, vergi ödəyiciləri ilə vergi
orqanları arasında münasibətlərin sivil və şəffaf
əsasda qurulması, qarşılıqlı etimad
mühitinin formalaşdırılması istiqamətində
ardıcıl tədbirlər görülür. 2013-cü ilin
yanvar ayının 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə
əlavə və dəyişikliklərdən biri də vergi
partnyorluğu sazişinin imzalanması ilə
bağlıdır. Sənəd mahiyyətcə
vergi orqanı ilə vergi ödəyicisi arasında münasibətlərin
qarşılıqlı inam və sivil əməkdaşlıq
müstəvisində inkişafını nəzərdə
tutur. Bu məsələnin Vergi Məcəlləsində
əksini tapması ölkəmizdə biznes mühitinin daha da
liberallaşdırılmasına, sahibkarlığın
inkişafının sürətləndirilməsinə,
nağdsız ödəniş sisteminin inkişafına, əmək
münasibətlərinin leqallaşdırılmasına xidmət
edir.
Ümumilikdə,
müasir dünya ölkələrinin mütərəqqi təcrübəsi
nəzərə alınmaqla reallaşdırılan bu yeniliyin
strateji hədəfi, ümumilikdə, vergi ödəyicilərinin
qanuni mənafelərinin daha çevik və mükəmməl
mexanizmlər əsasında qorunması, müasir dünya
ölkələrinin təcrübəsi nəzərə
alınmaqla sivil, müasir, çevik və münaqişəsiz
vergi inzibatçılığının
formalaşdırılmasıdır.
Müasir dövrdə vergi
inzibatçılığının səmərəliliyi
baxımından vergi orqanları ilə vergi ödəyiciləri
arasında münasibətlərdə mübahisəli məsələlərin
minimuma endirilməsi son dərəcə zəruridir. Bir sıra
ölkələrin təcrübəsində geniş rast gəlinən
horizontal monitorinq sistemi də məhz vergi orqanları ilə
vergi ödəyiciləri arasında sivil əməkdaşlığa
əsaslanan partnyorluq münasibətlərinin
qurulmasını nəzərdə tutur. Horizontal
monitorinq partnyorluq münasibətlərinin qurulmasına maraq
mövqeyindən yanaşmanı, dövlətin mənafeyi ilə
vergi vergi ödəyicilərinin maraqları arasında optimal
balansın təmin edilməsini, əməkdaşlıq və
partnyorluq əlaqələrinin inkişafını ön plana
çəkir.
Horizontal monitorinqin tətbiqində əsas məqsəd
vergi orqanı ilə vergi ödəyicisinin əməkdaşlığı
sayəsində vergi bəyannamələrinin təqdim
olunması prosesinin keyfiyyətini yüksəltmək və
vergitutma ilə bağlı məsələlərə
aydınlıq gətirməkdir. Horizontal monitorinq 3 əsas
meyara - qarşılıqlı etibar, anlaşma və şəffaflığa
əsaslanır. Horizontal monitorinq vergi
orqanı ilə vergi ödəyicisinin daimi məlumat
mübadiləsinə əsaslanır. Bu
mübadilə təhlükəsiz və etibarlı, istifadə
olunan proqram təminatı sadə, məlumatlar rahat emal edilə
bilən, sistemin özü isə şəffaf
olmalıdır. Etibarlı proqram təminatı
məlumatlardan sui-istifadənin qarşısını
alır, daxili və xarici nəzarəti mümkünləşdirir
və vergi ödəyicisi ilə etibarlı «vergi zənciri»
yaratmağa xidmət edir.
Beynəlxalq təcrübədə partnyorluq münasibətlərinin
tətbiqi forması olan «horizontal monitorinq» sistemi geniş
yayılmışdır. Vergi orqanı ilə vergi ödəyiciləri
arasında yüksək etimada əsaslanan «horizontal monitorinq»
sistemi ənənəvi auditdən imtina edilməsini, vergi
ödəyicisinin apardığı əməliyyatlar barədə
vergi orqanının davamlı olaraq məlumatlandırılmasını,
izahatların verilməsini nəzərdə tutaraq vergi nəzarətinin
tərəfdaşlıq müstəvisinə keçirilməsini
təmin edir. Vergi partnyorluğu sazişi
müasir dünyada vergi orqanı ilə vergi ödəyiciləri
arasında münasibətləri yüksək səviyyədə
tənzimləyən mütərəqqi yanaşmalardan biri
hesab olunur. Bu saziş vergi orqanı ilə
vergi ödəyicisi arasında vergi risklərinin
minimallaşdırılması məqsədi ilə
könüllü şəkildə bağlanılmış
niyyət razılaşmasıdır. Nazirlər
Kabinetinin 2013-cü il 19 iyul tarixli qərarı ilə təsdiq
edilmiş «Vergi partnyorluğu sazişinin Forması» və
«Vergi partnyorluğu sazişinin bağlanması Qaydaları»
prosesin başlanmasına normativ-hüquqi zəmin
yaratmışdır.
Sazişin
bağlanması üçün vergi ödəyicisi
könüllülük prinsipi əsasında vergilər
nazirinin 2 iyul 2013-cü il tarixli əmri ilə
təsdiq olunmuş «Vergi partnyorluru sazişinin
bağlanması üçün Ərizə» formasını
dolduraraq vergi orqanına təqdim edir. Daxil
olmuş müraciətə 15 gün müddətində
baxılır və sazişin bağlanması barədə qərar
qəbul edilərək vergi ödəyicisinə yazılı
məlumat verilir. Vergi partnyorluğu
sazişinin imzalanması zamanı vergi orqanı bir sıra
amilləri nəzərə alır. Saziş
vergi öhdəliklərinin azaldılması ilə
bağlı heç bir şərt nəzərdə tutmur.
Sazişin imzalanması zamanı, ilk növbədə,
uçot sistemi elektronlaşdırılmış vergi ödəyicilərinə
üstünlük verilir. Yəni
İKT-nin ən son imkanlarından yararlanan vergi ödəyiciləri
həm vergi qanunvericiliyinə tam əməl etmək imkanı
qazanır, həm də maliyyə-uçot sistemini şəffaf
şəkildə qururlar. Sazişin imzalanması
zamanı vergi ili ərzində
yaranmış vergi öhdəliklərini tam və vaxtında
icra edən, ƏDV ödəyicisi olan, alqı-satqı əməliyyatlarını
nağdsız qaydada həyata keçirən vergi ödəyicilərinə
üstünlük verilir.
Hər bir vergi ödəyicisinin partnyorluq sazişini
imzalamaq üçün vergi orqanına müraciət etmək
hüququ vardır. Lakin vergi ödəyicisinin dövlət
büdcəsi qarşısında vergi öhdəlikləri
olduqda, vergi ödəyicisinin gəlirlərinin və ya
vergitutma obyektinin gizlədilməsi (azaldılması) müəyyənləşdirildikdə
vergi orqanı sazişin bağlanılmasından yazılı
məlumat verməklə imtina edir. Sənəd
qüvvədə olduğu müddətdə onun şərtlərinə
əməl etməyən vergi ödəyiciləri ilə
imzalanmış sazişə xitam verilə bilər. Ümumilikdə, vergi ödəyiciləri belə
bir sazişi imzalayıb-imzalamamaqda tam sərbəstdirlər.
Vergi partnyorluğu sazişi həm vergi ödəyicilərinin,
həm də vergi orqanlarının maraqlarına cavab verir. Bu sazişi
imzalamış vergi ödəyicisi vergi öhdəliklərinə
vaxtlı-vaxtında, qanunvericiliyə uyğun şəkildə
əməl etməyə çalışır. Nəticədə vergi orqanı
inzibatçılıq xərclərindən, vaxt itkisindən
azad olur. Ən vacibi də budur ki, saziş
vergi ödəyicilərinin fəaliyyətinə müdaxilələrin
azalmasına gətirib çıxarır. Vergi partnyorluğu sazişini imzalayan vergi ödəyiciləri
vergi orqanlarından zəruri informasiyaları almaq
imkanlarını daha da genişləndirir, biznesin
inkişafı ilə bağlı gələcəkdə
yarana biləcək vergi öhdəlikləri barədə əvvəlcədən
məlumatlı olurlar.
Vergitutmada partnyorluq münasibətləri vergi
orqanları ilə vergi ödəyiciləri arasında vergilərin
hesablanması, ödənilməsi və onlara nəzarətin
həyata keçirilməsi məsələləri üzrə
etibara, şəffaflığa və qarşılıqlı
anlaşmaya əsaslanan razılaşmaların əldə
edilməsini nəzərdə tutur. Bir çox ölkələrin, o
cümlədən İrlandiya, İsveçrə,
Niderland və ABŞ-ın təcrübəsi vergi
inzibatçılığının səmərəliliyinin
yüksəldilməsi baxımından partnyorluq sazişlərinin
imzalanmasının əhəmiyyətini təsdiqləmişdir.
Partnyorluq sazişi vergi öhdəliklərinin yerinə
yetirilməsi və vergi nəzarətinin həyata
keçirilməsinə dair prinsipial şərtləri müəyyən
edir. Razılaşmanın şərtləri vergi
orqanının nümayəndələri ilə vergi ödəyicisi
arasında aparılan müzakirələr nəticəsində
müəyyən edilir. Sazişlə hər
iki tərəf üzərinə müəyyən öhdəliklər
götürür. Məsələn, vergi orqanı ənənəvi
auditdən imtina edəcəyi, vergi nəzarətinin distant
formalarına üstünlük verəcəyi, vergi ödəyicisi
isə vergi ödəmək üçün vergi
qeydiyyatına duracağı; vergi bəyannamələrini vaxtında
təqdim edəcəyi; bəyannamələrdəki məlumatların
düzgün və tam olacağı; bəyannamələrdə
göstərilmiş məbləği tam və vaxtında
ödəyəcəyi; həyata keçirdiyi əməliyyatlar
barədə vergi orqanını davamlı şəkildə məlumatlandacağı
ilə bağlı öhdəlik götürürlər.
Vergi orqanı monitorinqin istənilən mərhələsində
vergi ödəyicisinə qarşı nəzarət tədbirlərini
şəffaf şəkildə həyata keçirir, vergi
ödəyicisini əvvəlcədən məlumatlandırmaqla
neqativ halların yaranmasının qarşısını
vaxtında alır. Əgər vergi ödəyicisi vergi orqanının
etibarından sui-istifadə edərsə, nəzarət tədbirləri
sərtləşdirilə və lazımi ölçü
götürülə bilər.
Belə bir sazişin imzalanması heç bir halda vergilərin
ödənişi ilə bağlı güzəştlərin
tətbiqindən, vergi yükünün azaldılmasından
getmir. Sadəcə olaraq, bu sazişi imzalayan və onun
şərtlərinə düzgün əməl edən vergi
ödəyiciləri özlərini gözlənilməz
yoxlamalardan sığortalamış olurlar.
Vergi
partnyorluğu sazişlərinin imzalanması hər bi iş
adamı üçün imic məsələsidir. Belə bir sazişi imzalamağa özündə
güc tapan vergi ödəyicisi fəaliyyətinin tamamilə
şəffaf və qanuni olması ilə bağlı cəmiyyətə
ciddi mesaj vermiş olur və sosial öhdəliklərə
sadiqlik nümayiş etdirir.
S.Elmanoğlu
Mövqe.- 2020.- 26
iyun. S. 10.