Əsaslı
kapital qoyuluşları sahibkarlığın
inkişafını sürətləndirir
Azərbaycanda regionların sosial-iqtisadi inkişafı məqsədinə
xidmət edən mühüm tədbirlərdən biri də
respublikada investisiya mühitinin
yaxşılaşdırılması, bölgələrə
sərmayə qoyuluşlarının təşviq edilməsidir. Son 17 ildə
bu sahədə həyata keçirilən tədbirlər
regionlara yerli və xarici investisiya yatırımlarının
sürətlənməsinə ciddi təkan verib.
Dövlət
Statistika Komitəsinin məlumatına əsasən, pandemiya ilə
əlaqədar 2020-ci ilin yanvar-may aylarında əsas kapitala
4907,6 milyon manat məbləğində,
yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə
2,8 faiz az vəsait yönəldilib. Neft-qaz sektoruna
yatırılmış investisiyaların həcmi 19,8 faiz artıb, qeyri neft-qaz sektoruna yönəldilən
vəsaitin həcmi isə 16,7 faiz azalıb. İstifadə
olunmuş vəsaitin 3282,3 milyon manatı və
ya 66,9 faizi məhsul istehsalı sahələrinə, 1115,5
milyon manatı (22,7 faizi) xidmət sahələrinə, 509,8
milyon manatı (10,4 faizi) isə yaşayış evlərinin
tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş
vəsaitlərin 2891,6 milyon manatını
və ya 58,9 faizini daxili vəsaitlər təşkil edib.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 2965,5 milyon manatı və ya 60,4 faizi bilavasitə
tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə
sərf olunub.
Əsas
kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində
müəssisə və təşkilatların vəsaitləri
62,1 faiz, büdcə vəsaitləri 21,4 faiz, əhalinin şəxsi
vəsaitləri 6,5 faiz, bank kreditləri 5,4 faiz, büdcədənkənar
dövlət fondlarının vəsaitləri 2,4 faiz, sair vəsaitlər
isə 2,2 faiz təşkil edib.
2020-ci
ilin yanvar-may aylarında Bakı şəhərində “Yeni
klinika” tibb müəssisəsi, 3 saylı DOST mərkəzi,
modul tipli xəstəxana kompleksi, Naxçıvan Muxtar
Respublikasında 2 ambulatoriya-poliklinika müəssisəsi,
Sumqayıt şəhərində 2 tibbi maska istehsalı
müəssisəsi, qoruyucu kombinezonların istehsalı müəssisəsi,
Gəncə və Şəki şəhərlərinin hər
birində 200 çarpayılıq xəstəxana binası,
Ağstafa, Goranboy, Kürdəmir, Qazax və Tovuz
rayonlarında “Azərxalça” ASC-nin filialı, Kürdəmir
və Tovuz rayonlarında “Asan Həyat” kompleksi, Ağstafa
rayonunda Aqrar Sənaye Kompleksi, Qazax rayonunda əhəng zavodu,
Şəmkir rayonunda “Şəmkirçay” Sutəmizləyici
Qurğular Kompleksi, Tovuz rayonunda Azərbaycan Aşıq Sənəti
Dövlət Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət
Rəmzləri Muzeyi və s. mühüm əhəmiyyətli
obyektlər istifadəyə verilib.
Xatırlatmaq
lazımdır ki, Azərbaycanda əcnəbi şirkətlərin
investisiya fəaliyyəti 1995-ci il 13 yanvar
tarixli «İnvestisiya fəaliyyəti haqqında» qanunla tənzimlənir.
Qanun investisiyanın Azərbaycan Respublikası
iqtisadiyyatına intensiv şəkildə cəlb olunmasına,
ondan ölkənin sosial-iqtisadi bazasının, habelə beynəlxalq
iqtisadi əməkdaşlığın və inteqrasiyanın
inkişafı üçün səmərəli istifadə
edilməsinə yönəlməklə, mülkiyyət
formasından asılı olmayaraq bütün investorların
hüquqlarının bərabər müdafiəsinə təminat
verir.
«İnvestisiya fəaliyyəti haqqında» qanuna əsasən,
investisiya mənfəət və ya sosial səmərə əldə
etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət
növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən,
habelə maddi və intellektual sərvətlərdən ibarətdir. Belə sərvətlərə
pul vəsaitləri, məqsədli bank əmanətləri,
kreditlər, paylar, səhmlər, digər qiymətli
kağızlar, daşınar və daşınmaz əmlak
(binalar, qurğular, avadanlıqlar), torpaqdan, sudan,
digər ehtiyatlardan, o cümlədən binalardan, qurğulardan
və avadanlıqlardan istifadə hüquqları, habelə
müəlliflik hüququndan irəli gələn digər əmlak
hüquqları aiddir.
Ümumiyyətlə, hökumət ölkə
iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə
«açıq qapı» siyasəti həyata keçirir. Xarici
investisiyaların, müasir texnologiyaların və avadanlıqların,
idarəetmə təcrübəsinin ölkə
iqtisadiyyatına cəlb edilməsi yolu ilə yüksək
keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların
istehsalı Azərbaycan dövlətinin müəyyənləşdirdiyi
iqtisadi inkişaf strategiyasının mühüm tərkib
hissəsidir. Respublikamızın müasir
investisiya siyasətinin əsas xüsusiyyəti ölkə
iqtisadiyyatının neftdən
asılılığının tamamilə azaldılması
və neftdən gələn gəlirlərin qeyri-neft sektoruna
investisiya şəklində yönəldilməsidir.
Ötən
illərdə respublikada investorların hüquq və mənafelərinin
qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və
xarici sahibkarlara bərabər iş şəraitinin
yaradılması, əldə edilmiş mənfəətdən
maneəsiz istifadə olunması ilə bağlı
mühüm qanunlar qəbul edilib. Azərbaycan
hökuməti bir sıra xarici ölkələrlə ikiqat
vergitutmanın aradan qaldırılması və
investisiyaların təşviqi və qarşılıqlı
qorunması haqqında sazişlər imzalanıb.
Gömrük orqanlarının fəaliyyətinin beynəlxalq
standartlara uyğunlaşdırılması, prosedurların
daha da sadələşdirilməsi və şəffaflaşdırılması
məqsədilə Beynəlxalq Valyuta Fondu, Ümumdünya
Gömrük Təşkilatı ilə birgə xüsusi
proqram həyata keçirilmişdir. Nəticədə
ixrac rüsumları ləğv edilib, idxalda rüsumların
15 faizlik maksimal həddi müəyyənləşdirilib.
Daxili bazarda haqlı rəqabət mühitinin inkişaf
etdirilməsi, təbii inhisarçıların tariflərinin,
habelə dövlət tərəfindən müəyyənləşdirilən
qiymətlərin müntəzəm şəkildə tənzimlənməsi
məqsədilə Nazirlər Kabinetinin 31 yanvar 2002-ci il tarixli qərarı ilə «Azərbaycan
Respublikasının Tarif Şurası» yaradılıb.
İndiyədək
Türkiyə, Amerika Birləşmiş Ştatları, Fransa,
Böyük Britaniya, Çin, İran, İsveçrə,
Hollandiya və bəzi digər ölkələrin
investorları Azərbaycanda həyata keçirilən özəlləşdirmə
prosesində iştirak etmiş, müəssisələrin səhmlərinin
ən azı 51 faizini əldə edərək böyük məbləğdə
investisiyalar qoyublar. Azərbaycan Respublikası
Prezidentinin sərəncamları ilə yeni sahələrin, o
cümlədən xarici investorlar üçün xüsusilə
cəlbedici olan metallurgiya, kimya, energetika,
maşınqayırma, nəqliyyat, rabitə və digər sahələrdə
fəaliyyət göstərən şirkətlərin özəlləşdirməyə
açılması xarici investisiya axınına güclü
təkan verib.
Ölkə
iqtisadiyyatına cəlb olunan investisiyaların
artırılması məqsədilə BMT, Ümumdünya
Ticarət Təşkilatı, Avropa İttifaqı, MDB, GUAM,
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı,
Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma
və İnkişaf Bankı, Asiya İnkişaf Bankı,
İslam İnkişaf Bankı, Qara Dəniz Ticarət və
İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və
digər beynəlxalq iqtisadi təşkilatlarla, maliyyə
qurumları ilə əməkdaşlıq əlaqələri
ilbəil genişlənir.
Azərbaycan
hökumətinin müraciəti ilə Beynəlxalq Maliyyə
Korporasiyasının dəstəyi əsasında Dünya
Bankının Xarici İnvestisiyalar üzrə Məsləhət
Xidməti (FIAS) Azərbaycanda investisiya mühitinin monitorinqini
aparmış, bu mühitin daha da
yaxşılaşdırılması məqsədilə birgə
tədbirlər planı müəyyənləşdirilib. Həmin tədbirlərin icrası istiqamətində
atılmış ilk addımlardan biri də Azərbaycanda İnvestisiyaların
Təşviqi və Məsləhət Fondunun təsis edilməsi
olub. Fondun məqsədi münbit investisiya mühitini
müəyyənləşdirən şərtlər sisteminin
təşkilindən, sahibkarlığın ümumi mədəniyyətinin
artırılmasından, habelə investisiya fəaliyyətinin
informasiya təminatının möhkəmləndirilməsi
istiqamətində tədbirlərin həyata keçirilməsindən,
bu sahədə fəaliyyət göstərən digər
qurumların dəstəklənməsindən, onlarla sıx əməkdaşlıq
münasibətlərinin qurulmasından ibarətdir.
Ümumilikdə,
ölkədə həyata keçirilən dövlət investisiya
proqramları regionların iqtisadiyyatının, əsasən
qeyri-neft sektorunun yüksək artımına, əhalinin
iqtisadi və sosial tələbatının daha yüksək səviyyədə
təminatına, regionlararası inkişaf fərqinin
azaldılmasına, ixrac potensialının yüksəldilməsinə,
iqtisadi təhlükəsizliyinin təmin edilməsinə, ətraf
mühitin qorunmasına yönəlmiş dövlət əhəmiyyətli
investisiya layihələrinin ardıcıl və əlaqəli
şəkildə həyata keçirilməsi məqsədinə
xidmət edir.
Əlverişli biznes və investisiya mühitinin
formalaşdırılması istiqamətində həyata
keçirilən ardıcıl və sistemli tədbirlər Azərbaycanın
bütün dünyada etibarlı iqtisadi tərəfdaş
kimi tanınmasını, habelə qlobal maliyyə şəraitində
respublikaya xarici sərmayə qoyuluşlarını təmin
edir. Həyata keçirilən səmərəli siyasətin
nəticəsi olaraq Azərbaycan bu gün xarici investisiya cəlbediciliyinə
görə dünya ölkələri sırasında ön
sıralardadır.
Son illər
respublika iqtisadiyyatına investisiya cəlbini sürətləndirmək
istiqamətində həyata keçirilən mühüm tədbirlərdən
biri də Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli sərəncamı ilə Azərbaycan
İnvestisiya Şirkətinin yaradılmasıdır. Şirkətin başlıca vəzifəsi ölkə
iqtisadiyyatına investisiyaların təşviqini təmin etmək,
bu sahədə mövcud problemlərin aradan
qaldırılmasına çalışmaqdır. Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyətinin
məqsədi əsasən ölkə iqtisadiyyatının
qeyri-neft sahələrində fəaliyyət göstərən
səhmdar cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının
nizamnamə kapitalındakı iştirak payını, o
cümlədən səhmlərini almaqla müddətli
investisiya qoyuluşunun həyata keçirilməsindən ibarətdir.
S.Elmanoğlu
Mövqe.- 2020.- 26
iyun. S. 11.