Əmlak
vergilərinin yığılmasında yeni mexanizmlər tətbiq
edilib
Sahibkarlıq
mühitinin liberallaşdırılması,
iş adamları üçün əlverişli şəraitin
yaradılması, qeyri-neft sektoru üzrə vergi
daxilolmalarının həcminin yüksəldilməsi istiqamətində
davamlı islahatlar həyata keçirilir. Hazırda
dünyanın bir sıra nüfuzlu maliyyə-iqtisadi
qurumları Azərbaycanda əlverişli investisiya mühitinin
formalaşmasını, elektron xidmətlər sahəsində
uğurlu nəticələrin əldə olunmasını,
vergi ödəyicilərinə göstərilən xidmətlərin
müasir tələblər səviyyəsində
qurulmasını birmənalı təqdir edirlər.
Hazırda qarşıda duran mühüm vəzifələrdən
biri də yerli idarəetmə orqanlarının fəaliyyətində
"e-xidmət"lərin geniş tətbiqidir. Ölkəmizin
sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsində
bələdiyyələrin fəaliyyətinin daha da təkmilləşdirilməsi,
onların vəzifə və səlahiyyətlərinin dəqiq
müəyyənləşdirilməsi, habelə onların fəaliyyətində
informasiya texnologiyalarının ən son nailiyyətlərinin
tətbiqi, bələdiyyə vergilərinin toplanması
işinin yeni dövrün tələblərinə uyğun
qurulması son dərəcə vacibdir. Bu
sahədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə
İş Mərkəzi ilə yanaşı, vergi orqanları da
qanunvericiliklə üzərinə düşən vəzifələri
lazımi səviyyədə həyata keçirir. Yerli vergi və ödənişlərin
düzgün hesablanması, tam və vaxtında ödənilməsi,
habelə vergi qanunvericiliyinə dəqiq riayət edilməsi
sahəsində bələdiyyələrə zəruri metodiki
dəstəyi göstərilir.
Ləğv
edilmiş Vergilər Nazirliyinin hələ 2013-cü il 27
dekabr tarixli əmri ilə «Yerli (bələdiyyə) vergilərin
ödəyiciləri olan fiziki şəxslərin və
sahibkarlıq fəaliyyəti
subyektlərinin uçota alınması ilə bağlı
Metodiki Vəsait» və «Yerli (bələdiyyə) vergi və
ödənişlərin hesablanması, Ödənilməsi və
uçotu ilə bağlı Metodiki Vəsait» təsdiq edilib.
Bu sənədlər bələdiyyələrin
vergitutma sahəsində üzləşdikləri çətinliklərin
aradan qaldırılmasına və onların maarifləndirilməsinə
xidmət edir. Ötən illərdə vergi
əməkdaşlarının bələdiyyə üzvləri
üçün keçirdikləri treninqlərdə bələdiyyə
vergisi ödəyicilərinin uçotunun aparılması;
fiziki şəxslərin torpaq və əmlak vergisinin vergitutma
bazasının müəyyən edilməsi; bələdiyyə
mülkiyyətində olan müəssisə və təşkilatların
mənfəət vergisinin hesablanması və ödənilməsi
qaydaları və digər məsələlər barədə
geniş izahat verilib.
Ümumiyyətlə,
son illər Azərbaycanda dövlət qurumlarının fəaliyyətində
şəffaflıq və hesabatlılığın
artırılması və korrupsiyaya qarşı mübarizə
sahəsində mühüm tədbirlər
həyata keçirilmiş, habelə elektron hökumət
quruculuğu və "e-xidmətlər" sahəsində
uğurlu nəticələr əldə edilib. Belə
bir şəraitdə bələdiyyələrin fəaliyyətinin
müasirləşdirilməsi, xüsusilə də vergi və
rüsumların toplanması işinin təkmilləşdirilməsinə
obyektiv zərurət yaranıb. Vergi orqanları bu zərurətdən
çıxış edərək ən çox elektron xidmətlər
göstərən dövlət orqanı kimi Bələdiyyə
Vergi İnformasiya Sistemi layihəsinin
reallaşdırılmasını təmin ediblər.
Belə
bir layihənin reallaşdırılması həm də «Azərbaycan
2020: gələcəyə baxış» İnkişaf
Konsepsiyasının tələblərindən irəli gəlib.
Konsepsiya ilə qarşıda duran strateji hədəflərdən
biri də məhz bələdiyyələrə müvafiq
metodiki köməyin göstərilməsi, bu sahədə
elektronlaşmanın həyata keçirilməsi olub.
Yeni pilot layihə maarifləndirmə məqsədilə
treninqlər keçirilib, ölkə bələdiyyələrinin
bir qisminin Bələdiyyə Vergi İnformasiya Sisteminə
inteqrasiyası təmin edilib, onların işi müasirləşdirilib.
Layihə əsasında bələdiyyələrə
AVİS sistemində onlayn kargüzarlıq, vergilərin
elektron qaydada ödənilməsi, bəyannamələrin
elektron qaydada təqdimatı imkanları yaradılıb. Bu sistemlə
bələdiyyələr qarşısında potensial vergi
öhdəliyi olan fiziki və hüquqi şəxslər
öz əmlaklarını qeydiyyatdan keçirə, onlar
üçün qeydiyyat şəhadətnaməsi ala bilirlər.
«Yerli (bələdiyyə) vergilər və ödənişlər
haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, bələdiyyə
vergilərinə fiziki şəxslərin torpaq və əmlak
vergisi; yerli əhəmiyyətli tikinti materialları üzrə
mədən vergisi və bələdiyyə mülkiyyətində
olan hüquqi şəxslərin mənfəət vergisi
daxildir. Yerli
ödənişlərin tərkibinə həmçinin,
küçə (divar) reklamının yerləşdirilməsi
və yayımı üçün ödənişlər; bələdiyyə
mülkiyyətinin özgəninkiləşdirilməsindən,
icarəyə və istifadəyə verilməsindən daxil
olan ödənişlər; bələdiyyələrin
ayırdığı torpaq sahələrində stasionar, səyyar
ticarət, ictimai iaşə və digər xidmətlərə
görə ödənişlər; mehmanxana, sanatoriya-kurort və
turizm xidmətləri göstərən şəxslərdən
alınan ödənişlər; hüquqi və fiziki şəxslərə
məxsus ixtisaslaşdırılmış avtomobil
dayanacaqları üçün ödənişlər
daxildir. Bələdiyyələr yerli rəy
sorğusunun nəticəsinə əsasən, yerli əhəmiyyətli
proqramların maliyyələşdirilməsi üçün
hüquqi və fiziki şəxslərin sərəncamında
qalan mənfəət və gəlirlər hesabına ödənilən
könüllü birdəfəlik ödənişlər də
tətbiq edə bilərlər.
Təəssüflə vurğulamaq lazımdır ki, bir
sıra bələdiyyələr ötən illərdə
vergitutma sahəsində üzərlərinə düşən
vəzifələri lazımi səviyyədə yerinə
yetirə bilmirlər. Bu da onlara səlahiyyətləri çərçivəsində
normal fəaliyyət göstərməyə imkan vermir. Şübhəsiz, dövlət uzun müddət bələdiyyələrə
dotasiya verə bilməz. Bələdiyyələr
əlavə gəlir mənbələri
formalaşdırmalı, eyni zamanda, vergiləri vaxtında və
qanunvericiliyə uyğun şəkildə toplamağa
çalışmalıdırlar. Bu sahədə
hələ də müəyyən problemlər mövcuddur.
Vergi və rüsumları vaxtında toplamaq
üçün, ilk növbədə, yerli xarakterli problemlərin
həlli yolu ilə cəmiyyətdə bələdiyyələrə
inamı və etimadı gücləndirmək lazımdır.
2004-cü ildən tətbiq edilən “Bələdiyyələrə
inzibati nəzarət haqqında» qanunun icrası Ədliyyə
Nazrliyinə həvalə edilib. Qanuna əsasən, bələdiyyələr
qəbul etdiyi qərarları 15 gün müddətində Bələdiyyələrlə
İş Mərkəzinə təqdim etməlidirlər.
Bu tələbi yerinə yetirməyən bələdiyyələr
barəsində zəruri intizam tədbirləri
görülür. Qəbul olunan qərarlardakı
qanunsuzluqların aradan qaldırılması da diqqət mərkəzindədir.
Araşdırmalar nəticəsində ciddi
qanunsuzluqlar aşkar olunduqda materiallar Baş Prokurorluğa
göndərilir.
Xüsusi vurğulamaq lazımdır ki, 2013-cü ilin 1
yanvarından qüvvədə olan Vergi Məcəlləsinə
əlavə və edilmiş dəyişikliklər əmlak
vergilərinin düzgün hesablanması və əmlak
bazarının inkişafı baxımından mühüm əhəmiyyətə
malikdir. Müvafiq dəyişikliklərə əsasən,
respublikada əmlak vergisinin yığılmasına nəzarətin
gücləndirilməsi məqsədilə daşınmaz əmlakın
alqı-satqısı ilə bağlı notariat əməliyyatları
və daşınmaz əmlakın mülkiyyətçiləri
barədə məlumatlar Əmlak Məsələləri
Dövlət Komitəsi və Ədliyyə Nazirliyi tərəfindən
hər ayın 20-dək elektron formada Vergilər Nazirliyinə
təqdim edilir.
Vergi Məcəlləsində əksini tapmış digər
bir mühüm yenilik isə dəyişiklik daşınmaz əmlakın
aylıq icarə haqqı məbləğlərinə bazar
qiymətlərinin tətbiqi ilə bağlıdır. 2013-cü il
yanvarın 1-dən etibarən daşınmaz əmlakın
(yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri
üçün aylıq icarə haqqının məbləği
bazar qiymətləri nəzərə alınmaqla müəyyən
edilir. Bu zaman Vergi Məcəlləsinə
müvafiq olaraq rəsmi mənbələrdən əldə
edilmiş məlumatlar, dövlət və yerli icra hakimiyyətlərinin
məlumat bazaları, vergi ödəyicilərinin bəyan
etdikləri məlumatlar, eləcə də vergi qanunvericiliyi
ilə istifadəsinə icazə verilən məlumat mənbələri
bazar qiymətlərinin müəyyən edilməsi
üçün əsas götürülür.
Son vaxtlara qədər əsas problemlərdən biri də
əmlak vergisinin hesablanmasının hamı tərəfindən
qəbul olunan dəqiq hüquqi mexanizminin mövcud olmaması
idi. Sirr deyil ki, bələdiyyələr sənədsiz
evlərdə yaşayan vətəndaşlardan əmlak
vergisini toplaya bilmirdilər. Bundan başqa,
fərdi evlərin qiymətləndirilməsi bəzən vətəndaşları
qane etmədiyindən, onlar hesablanmış əmlak vergisini
ödəmək istəmirdilər. Bəzi
hallarda isə bahalı evlərin çox ucuz qiymətləndirilməsi
hallarına rast gəlinirdi. Bütün
bunlar əmlak vergisinin vətəndaşları qane edən
tamamilə yeni kriteriyalar əsasında müəyyənləşdirmələri
üçün qanunvericikdə müvafiq dəyişikliklərə
ehtiyac yaratmışdı.
Azərbaycan
Respublikasının Vergi Məcəlləsinə edilmiş
müvafiq dəyişikliyə əsasən, 2015-ci il yanvarın 1-dən fiziki şəxslərin əmlak
vergisi 30 kvadratmetrdən çox sahənin hər kvadratmetrinə
görə hesablanır (30 kvadratmetr çıxılmaqla
qalan hissədən vergi tutulur). Həmin dəyişikliyə əsasən,
Bakı şəhəri üzrə fiziki şəxslərin
xüsusi mülkiyyətində olan yaşayış və
qeyri-yaşayış sahələrinin hər kvadratmetri üçün
0,4 manat (40 qəpik) vergi bələdiyyə
büdcəsinə ödənməlidir.
Bu dəyişikliklər vətəndaşların əmlak
vergisi ilə bağlı narazılıqlarının aradan
qaldırılmasına, yerli özünüidarəetmə
orqanlarının fəaliyyətində şəffaflığın
təmin edilməsinə, onların əmlak, torpaq və digər
vergiləri daha səmərəli şəkildə
toplamalarına yardımçı olmaq məqsədi
daşıyır. Digər mühüm yeniliklərdən
biri biri də əmlak vergisinin nağd formada
yığılmasının məhdudlaşdırılmasıdır.
Bu, həm nağdsız ödənişlərin
inkişafına səbəb olur, həm də bələdiyyə
vergilərinin toplanılması sahəsində şəffaflığı,
hesabatlılığı gücləndirir. Vətəndaşlar bələdiyyələrdən
müvafiq bildirişləri aldıqdan sonra əmlak vergisini
onların bank hesablarına ödəməlidirlər.
S.Elmanoğlu
Mövqe.- 2020.- 1 may. S. 10.