Sahibkarlığın
inkişafı yoxsulluğun ləğvinə ciddi təkan
verir
Respublikamızın uğurlu inkişaf göstəricilərindən
biri də vətəndaşların sosial rifah halının
yüksəldiməsi istiqamətində həyata keçirilən
sistemli və ardıcıl tədbirlərdir. İctimai-iqtisadi
formasiya dəyişkənliyini başa vurmuş bütün
postsosialist dövlətlərində olduğu kimi, Azərbaycanda
da vətəndaşların köklü iqtisadi islahatlara mənəvi-psixoloji
baxımdan adaptasiyası özünü problem kimi göstərir.
Bu prizmadan keçmiş SSRİ
respublikalarında, o cümlədən Azərbaycanda vətəndaşların
sosial problemlərinin xüsusi diqqət mərkəzində
saxlanılması son dərəcə vacibdir.
Sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində
dövlətin başlıca vəzifəsi mütərəqqi
iqtisadi və sosial islahatlar həyata keçirmək, iqtisadi
inkişaf prosesində hər bir vətəndaşın
iştirakını təmin etmək, mövcud potensialdan hər
bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli
şəkildə yararlanmasına şərait yaratmaqdır. Dövlətin
vətəndaşlarını həyati tələbatlarının
ödənilməsinə göstərdiyi qayğı isə
özünü bilavasitə sosial təminat sistemində biruzə
verir. Başqa sözlə, Azərbaycanda
uğurla gerçəkləşdirilən sosial təminat tədbirləri
insanların həyati tələbatlarının ən azı
minimum səviyyədə ödənilməsinə xidmət
edir. Bu da təsadüfi deyildir ki,
sosial-yönümlülük Azərbaycanın milli iqtisadi
inkişaf modelini səciyyələndirən başlıca
xüsusiyyətlərdən sayılır.
Cəmiyyətdə
sosial ədalət meyarının bərqərar olmasına
xidmət edən bu inkişaf modelinin gələcək
prioritetləri ölkə başçısının 6
dekabr 2016-cı il tarixdə təsdiqlədiyi
Strateji Yol Xəritəsində də dolğun əksini
tapıb. Sənəddə 2025-ci ilədək
iqtisadi inkişaf, sosial rifah və işsizliyin ləğvi ilə
bağlı nəzərdə tutulan tədbirlər və
proqnozlaşdırılan nəticələr xüsusilə
maraq doğurur. Qeyd olunur ki, qarşıdakı 8 ildə
makroiqtisadi sabitlik, xüsusilə fiskal
dayanıqlılıq, əlverişli biznes mühiti,
inkişaf etmiş infrastruktur, xarici bazarlara sərbəst
çıxış və xarici investisiyaların cəlb
edilməsi nəticəsində Azərbaycan iqtisadiyyatı
xarici şoklara daha davamlı olacaq və ölkədə əmək
məhsuldarlığı Şərqi Avropa ölkələrinin
müvafiq göstəricisinə çatdırılacaq. Azərbaycan iqtisadiyyatı, Dünya İqtisadi
Forumunda bildirildiyi kimi, səmərəlilik əsaslı modeldən
innovasiya əsaslı modelə keçəcək. Əhalinin adambaşına düşən real gəlirləri
ildə təxminən 5 faiz artacaq və Azərbaycan Dünya
Bankının təsnifatına əsasən, "yüksəkgəlirli
ölkə" statusu qazanacaq. Bu
inkişaf prosesləri nəticəsində 2025-ci ildən
sonrakı dövrdə adambaşına düşən gəlir
səviyyəsinə görə Azərbaycan Şərqi
Avropa ölkələrinin səviyyələrinə
yaxınlaşacaq.
Sənəddə
həmçinin vurğulanır ki, innovasiya əsaslı
modelin inkişaf etdirilməsi üçün fiziki, insan,
institusional və sosial kapital təmin olunacaq: "2025-ci ildən
sonra Azərbaycanın şaxələndirilmiş və
dayanıqlı iqtisadiyyatında ümumi əlavə dəyərin
dörddə üçündən çoxu qeyri-neft
sektorlarında yaranacaqdır. Növbəti illərdə
rəqabətədavamlı əmək xərcləri Azərbaycan
iqtisadiyyatı üçün qısamüddətli
katalizator rolunu oynayacaqdır. Lakin faktiki rəqabət
üstünlüyü qabaqcıl texnologiyalar və digər
innovasiya formalarından istifadə ilə yanaşı, keyfiyyətli
təhsil
və
peşə təliminin nəticəsi kimi yüksək məhsuldarlıq
hesabına yaranacaqdır. Başqa sözlə,
2025-ci ilədək olan dövr biliktutumlu iqtisadiyyata keçid
dövrü olacaqdır".
2025-ci ildən sonrakı dövrdə innovasiya əsaslı
inkişaf modelinə keçid əvvəlki illərdə rəqabət
üstünlüyü olan və inkişaf etmiş qeyri-neft
sektorlarında ixtisaslaşmanın daha da dərinləşdirilməsi
hesabına daha çox dəyərin ölkədə
qalmasını təmin edəcək. Texnologiya transferi və
biliyin kommersiyalaşdırılmasının genişləndirilməsi
investisiya qoyuluşunun səmərəliliyini artıracaq.
İqtisadiyyatın həm regional, həm də
sahələrarası strukturunun optimallığı artacaq ki,
bu da tarazlı və dayanıqlı inkişafı təmin edəcək.
Azərbaycanda regional inkişaf mərkəzlərinin
formalaşması bölgələrdə iqtisadiyyatın rəqabətqabiliyyətli
sahələrində ixtisaslaşmanın dərinləşdirilməsi
hesabına ümumi iqtisadi inkişafı təmin edəcək,
Bakı beynəlxalq əhəmiyyətə malik sənaye və
xidmət mərkəzinə çevriləcək.
Strateji
Yol Xəritəsinə görə, "2025-ci ildən
sonrakı dövrdə karbohidrogen və qeyri-karbohidrogen gəlirləri
arasındakı tarazlığa nail olunacaq və hər il ARDNF-dən iqtisadiyyata inyeksiyalar
"qızıl qayda" əsasında təmin ediləcək:
"Belə yanaşma neft-qaz qiymətlərindəki dəyişikliklərin
təsirini yumşaldaraq sərbəst üzən yerli valyutaya
inamı artıracaq və iqtisadi inkişafın
dayanıqlılığını təmin edəcəkdir. Makroiqtisadi sabitlik həm yerli, həm də xarici
özəl sektor nümayəndələrinin investisiya
qoyuluşlarının stimullaşdırılması
üçün zəmin olacaqdır. Beynəlxalq
maliyyə bazarları ilə inteqrasiya və maliyyə
texnologiyalarının tətbiqi əsasında rəqabətqabiliyyətli
maliyyə sistemi dayanıqlı iqtisadi inkişafı dəstəkləyəcək
və əhalinin rifahını
yaxşılaşdıracaqdır".
Qeyri-neft sektoruna əlavə investisiya qoyuluşları
2025-ci ilədək və ondan sonrakı dövrdə daha rəqabətli
iqtisadiyyatın vacib hərəkətverici qüvvəsi
olacaq. Bu səbəbdən gələcəkdə sənaye
və xidmət sektorlarına birbaşa xarici investisiyalar daha
geniş miqyasda cəlb ediləcək. Texnologiya,
bacarıqlar və qlobal dəyər zəncirlərinə
çıxış təklif edən iri xarici şirkətlərin
qeyri-neft sektoruna investisiya yatırımı Azərbaycanın
qlobal iqtisadi xəritədə yerini möhkəmləndirəcək.
Azərbaycana xarici investorlar strateji olaraq üç aspekt
üzrə cəlb ediləcəkdir: son dərəcə cəlbedici
investisiya imkanlarının yaradılması (məsələn,
müasir infrastruktura malik sənaye parkları); aparıcı
beynəlxalq şirkətlərə məqsədyönlü
çıxış; mövcud və gələcək
investorlar üçün birinci sinif xidmətlər.
Strateji
Yol Xəritəsi 2025-ci ilə qədər ÜDM-də 3
faizdən çox orta illik real artımını və əlavə
olaraq da 450 mindən çox yeni iş yerinin
yaradılmasını nəzərdə tutur. Bu iş yerlərinin
yaradılması 3 amilin təsiri nəticəsində
mümkün olacaq: I) Strateji Yol Xəritəsi çərçivəsində
görülən tədbirlər; II) digər əlavə tədbirlər
və III) ümumi iqtisadi mühitin yaxşılaşması
nəticəsində iqtisadi artım sürətinin yüksəlməsi.
İqtisadiyyatın sektorları üzrə nəzərdə
tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində
qeyri-rəsmi məşğulluğun payı azalacaq.
Sənədə
əsasən, qeyri-neft sektoruna yönəldilmiş birbaşa
xarici investisiyaların qeyri-neft ÜDM-dəki payının
hazırkı 2,6 faizlik göstəricidən
2025-ci ilə qədər 4 faizə
çatdırılması nəzərdə tutulur. Xarici
investorların töhfəsi yalnız sərmayə
qoyuluşundan ibarət deyil, onlar, eyni zamanda, yeni sektorlara və
dəyər zəncirlərinə daxil olmaq
üçün zəruri olan yeni bacarıqlar, texnologiyalar və şəbəkələşmə
imkanları gətirirlər. İqtisadiyyatın
şaxələndirilməsi qeyri-neft sektoruna daha çox
investisiya cəlb edilməsini tələb edir.
Qeyri-neft sektoru üzrə ixracın 2015-ci ildəki
adambaşına 170 ABŞ dollarından 2025-ci ildə ən
azı 450 ABŞ dollarına qaldırılması da əsas hədəflərdən
biridir. 2015-ci ildə Azərbaycan iqtisadiyyatının idxal
tələbi adambaşına 1000 ABŞ dollarına bərabər
olub. İdxalı tarazlaşdırmaq
üçün Azərbaycandan adambaşına 1.500 ABŞ
dolları həcmində məhsul ixrac olunub və bunun da 90
faizini neft və qaz məhsulları təşkil edib. Mal və xidmətlərin idxalının ixrac ilə
balanslaşdırılması iqtisadi müstəqillik və
sabitlik üçün son dərəcə vacibdir.
Sənədə
əsasən, ticari mal və xidmətlər sektorunda, məsələn
istehsal və ya turizm sektorlarında 2025-ci ilə qədər
150 min əlavə iş yerinin yaradılması əsas hədəflərdəndir.
Bundan əlavə, ixracın şaxələndirilməsi
üçün ticari mal və xidmətlər sektorunda, yəni
beynəlxalq səviyyədə satıla bilən məhsulların
(məsələn, sənaye və ya qida məhsulları) və
ya xidmətlərin (məsələn, turizm və ya nəqliyyat)
istehsalı ilə məşğul olan sektorlarda iş yerlərinin
yaradılması zəruridir. Ticari mal və xidmətlər
sektorunun iştirakçıları beynəlxalq rəqabətlə
üzləşirlər və bu da adətən, məhsuldarlıqda
sürətli artıma gətirib çıxarır.
2025-ci ildən sonrakı dövrdə yoxsulluq
ünvanlı şəkildə tam aradan qaldırılacaq,
keyfiyyətli səhiyyə xidmətlərinə və təhsilə
çıxış imkanları genişləndiriləcəkdir. Ötən on il ərzində keçilmiş yolu davam edərək,
dövlət iqtisadi inkişafın ən yoxsul insanları əhatə
etməsini və beləliklə də ünvanlı olaraq
yoxsulluğun aradan qaldırılmasını təmin edəcək.
S.Elmanoğlu
Mövqe.- 2020.- 2 may. S. 10.