Qanunvericilik sisteminin təkmilləşdirilməsi
sahibkarlığın inkişafa təkan
verir
Sosial-iqtisadi
inkişafda keyfiyyətcə yeni mərhələ kimi dəyərləndirilən
son 17 il həm də sahibkarlar ordusunun milli iqtisadiyyatın
aparıcı təbəqəsi kimi önə
çıxması ilə səciyyəvidir. 2004-cü ildən
həyata keçirilən regional dövlət proqramlarında
biznes mühitinin yaxşılaşdırılması ilə
bağlı kompleks tədbirlərin əksini tapması
bölgələrin tərəqqisi prosesində özəl
sektorun imkanlarını səfərbər etmək, sosial
xarakterli məsələlərin həllində
sahibkarların fəal iştirakına nail olmaq istəyindən
irəli gəlib.
İnhisarçılıq,
sahibkarlara süni maneələrin yaradılması,
hüquq-mühafizə orqanlarının iş
adamlarının fəaliyyətinə müdaxiləsi
hallarının aradan qaldırılması məqsədilə
konkret qərarlar qəbul olunub. Ümumilikdə, qəbul
olunmuş "Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı (2004-2008-ci, 2009-2013, 2014-2018,
2019-2023-cü illər) dövlət proqramları
"Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət
Proqramı" (2004-2006-cı illər),
"Sahibkarlığa dövlət maliyyə dəstəyinin
göstərilməsi sahəsində əlavə tədbirlər
haqqında", "Azərbaycan Respublikası
Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi
qaydalarının təkmilləşdirilməsi
haqqında", "Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan
Respublikasında azad iqtisadi zonaların yaradılması
haqqında", "Azərbaycan Respublikasında
sahibkarlığın inkişafı ilə bağlı bəzi
tədbirlər haqqında", "Sahibkarlıq sahəsində
aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi
haqqında" və digər qanun, fərman və sərəncamlar,
dövlət proqramları sahibkarlığın
inkişafına təkan verməklə, regionlarda qeyri-neft
sektorunun inkişafını stimullaşdırıb.
Ölkə
başçısının son illərdə
imzaladığı 3 fevral 2016-cı il tarixli "Azərbaycan
Respublikasının mərkəzi və yerli icra hakimiyyəti
orqanlarında Apellyasiya Şuralarının yaradılması
haqqında", 20 aprel 2016-cı il tarixli
"İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət
sahələri, investisiya layihəsinin həcmi ilə
bağlı minimal məbləğ və həyata
keçiriləcəyi inzibati ərazi vahidləri"nin təsdiq
edilməsi haqqında, 19 may 2016-cı il tarixli "Dövlət
əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi
sahəsində əlavə tədbirlər haqqında" və
"Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin
sadələşdirilməsi haqqında" fərmanları,
habelə 2016-cı il 21 may tarixli fərmanla təsdiq
edilmiş "Malların və nəqliyyat vasitələrinin
gömrük sərhədindən keçirilməsi
üçün "Yaşıl dəhliz" və digər
buraxılış sistemlərindən istifadə
Qaydaları», 21 aprel 2016-cı il tarixli Azərbaycan
Respublikasında "Sahibkarlar Günü"nün təsis
edilməsi haqqında" Sərəncamı, 1 iyun 2016-cı
il tarixli "Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi
və "ASAN Viza" sisteminin yaradılması
haqqında" fərmanı ölkədə
sahibkarlığın inkişafına ciddi təkan verən sənədlər
kimi yüksək dəyərləndirilməlidir.
Xatırlatmaq yerinə düşər ki, 2008-ci ildən sahibkarlıq subyektlərinin «bir pəncərə» prinsipi üzrə qeydiyyat sisteminin tətbiqi qeydiyyat prosedurlarının sadələşdirilməsi ilə yanaşı, sahibkarlıq fəaliyyəti subyektlərinin say artımına müsbət təsir edib. Azərbaycanda 2011-ci ildən fərdi sahibkarların vergi orqanlarına gəlmədən real vaxt (onlayn) rejimində qeydiyyat sistemi tətbiq olunub. 2012-ci ildən yerli hüquqi şəxslərin (MMC) dövlət qeydiyyatının elektron qaydada aparılmasına
başlanılıb. Hazırda Azərbaycanda "e-qeydiyyat"ın tətbiqi nəticəsində biznesə başlamaq üçün 6 prosedur əvəzinə cəmi 3 prosedur yerinə yetirilir, tələb olunan sənədlərin sayı isə 7-dən 2-yə azalıb. «Dövlət rüsumu haqqında», «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası qanunlarına, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır.
Sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən mühüm tədbirlərdən biri də hökumət qurumlarının fəaliyyətində e-xidmətlərin geniş tətbiqinin təmin edilməsidir. Ölkə başçısının 26 oktyabr 2011-ci il tarixli «Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında» fərmanına əsasən, yaradılmış icazələrin elektron informasiya portalı (www.icazeler.gov.az) ölkə vətəndaşlarının, eləcə də sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsini təmin edir. Sayt sahibkarları icazələr haqqında ətraflı məlumatlandırmaqla yanaşı, sahibkarlıq fəaliyyətinə başlamaq, fəaliyyətini genişləndirmək istəyən sahibkarlara tələb olunan icazə xarakterli sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər, icazələrin verilmə və qüvvədə olma müddətlərinə dair məlumatları vahid mənbədən əldə etməyə imkan verir.
Bütün bunlardan əlavə, «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın konkret olaraq 12-ci maddəsində də sahibkarlıq sahəsində mühitin liberallaşdırılmasına xidmət edən tədbirlər əksini tapıb. Həmin maddədə sahibkarların dövlət orqanları ilə münasibətlərində qarşılaşdıqları problemlərin öyrənilməsi və onların həlli üçün tədbirlərin müəyyənləşdirilməsi; sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin inkişaf etdirilməsi, o cümlədən reyestrə informasiya ötürülməsinin avtomatlaşdırılması; sahibkarlıq sahəsində qanunsuz yoxlamalar barədə məlumatların qəbul edilməsi üçün elektron portalın və telefon xidmətinin təkmilləşdirilməsi; qanunsuz yoxlama keçirilməsi, yoxlamaların təyin edilməsi, keçirilməsi və nəticələrinə əsasən tədbirlər görülməsi sahəsində yoxlayıcıların və yoxlayıcı orqanların məsuliyyətinin müəyyənləşdirilməsi üzrə təkliflərin hazırlanması və s. nəzərdə tutulub.
2013-cü ildə Milli Məclisdə qəbul olunmuş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» qanun ölkə başçısının sahibkarların qanuni mənafelərinin təminatçısı olduğunu bir daha təsdiqləyib. Qanun sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların vahid qaydalarının müəyyən edilməsini və yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasını təmin edib. Qanunda, həmçinin sahibkarlıqla məşğul olan insanların fəaliyyətinə əngəl törədən neqativ halların aradan qaldırılması ilə bağlı bağlı təsirli və operativ tədbirlərin görülməsinə dair müddəalar əksini tapıb.
Xüsusi vurğulamaq lazımdır ki, hazırki pandemiya dövründə mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün ciddi güzəştlərin tətbiqi nəzərdə tutulur. Artıq KİV-də də açıqlanan məlumatlara görə, pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergiödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövr üzrə bir sıra vergi güzəştləri və vergi tətillərinin verilməsi; mikrosahibkarlıq subyektlərinə 2020-ci il yanvarın 1-dən 2021-ci il yanvarın 1-dək sadələşdirilmiş vergi üzrə 50 faiz vergi güzəştinin, yəni 2 faiz dövriyyədən 1 faiz dövriyyəyə endirilməsi, həmçinin vergilərin, cari vergiödəmələrin hesablanması və ödənilməsi üzrə vergi tətillərinin verilməsi nəzərdə tutulur. Bu, güzəştlər bütün sahibkarlıq subyektlərinə şamil ediləcək və 2021-ci il yanvarın 1-dək olan dövrü əhatə edəcək.
Vergi qanunvericiliyi çərçivəsində təklif olunan dəyişikliklər sırasında koronavirus pandemiyasının bilavasitə təsir etdiyi fəaliyyət istiqamətləri üzrə vergi ödəyicilərinə 2020-ci il 1 yanvar tarixindən etibarən bir il müddətinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azadolma yer alıb.
Belə fəaliyyət sahələrinə yerləşmə vasitələri hesab edilən mehmanxana (otel) və mehmanxanatipli digər obyektlərin fəaliyyəti, turoperator və turagent fəaliyyəti, ictimai iaşə fəaliyyəti, avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti, sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti, sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti, idman-sağlamlıq obyektlərinin fəaliyyəti, hazırlıq (tədris) və ixtisasartıma kurslarının, məktəbdənkənar təhsil müəssisələri, psixoloji mərkəzlərin fəaliyyəti, o cümlədən koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti Nazirlər Kabineti tərəfindən tam və ya qismən məhdudlaşdırılmış digər fəaliyyət sahələri daxildir.
Digər təklif müxtəlif vergi rejimlərində çalışan vergi ödəyiciləri üçün vergi güzəştlərini ehtiva edir. Belə ki, koronavirus pandemiyasının təsirinə məruz qalan fəaliyyət sahələrinin əmlak və torpaq vergisindən azad olunması ilə yanaşı, həmin sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə seçdikləri vergitutma metodundan asılı olaraq, 2020-ci il 1 yanvar tarixindən etibarən bir il müddətinə bir sıra vergi güzəştlərinin verilməsi təklif edilir.
Mənfəət (gəlir) vergisi rejimində fəaliyyət göstərən ödəyicilər üzrə əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştləri verilməsi nəzərdə tutulur.Sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyiciləri üzrə isə sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəşt verilməsi nəzərdə tutulur.
S.Elmanoğlu
Mövqe.-2020.- 5 may.
S. 10.