Ulu
Öndər Heydər Əliyev: Dahilik və əbədilik
simvolu!
Biz
dövlətçiliyimizin qorunması, müdafiəsi, vətəndaşlarımızın
mühafizəsi, təhlükəsizliklərinin qorunması, ən
nəhayəti isə, ölkəmizin inkişafı naminə
dönməz mövqe sərgiləməyi məhz Ulu Öndərimizin
qətiyyətindən öyrənmişdik, bəhrələnmişdik!
Tarix
sübut edir ki, hər bir xalqın, dövlətin inkişaf və
tərəqqisində dahi şəxsiyyətlərin, siyasi
liderlərin çox böyük rolu var və bu önəmli
faktor xalqımızın da şərəf salnaməsinə
yazılıb. Bu baxımdan, Azərbaycan xalqı xoşbəxt
xalqdır ki, onun taleyində əsaslı dönüş
yaradan, müstəqilliyi itirmək təhlükəsindən
xilas edən, dövlətçiliyi əbədi və
dönməz edən Heydər Əliyev kimi dahi rəhbəri
olub.
Heydər
Əliyev dühasının daha bir önəmi ondadır ki,
bu böyük ad özündə əbədiyyəti
nümayiş etdirir. Əbəs deyil ki, müasir
dövrümüzün ədibləri bu dahi insanı
"Sönməz Günəş” deyə tərənnüm
ediblər. Yaşadığımız hər bir anın, hər
bir ömür səhifəsinin vərəqində Heydər
Əliyev mücəssəməsi yaşamaqdadır. Onunla
bağlı olan əvəzsiz xatirələrim də həmin
reallığı əks etdirməkdədir. Belə ki, hələ
Moskvada xüsusi orta milis məktəbində təhsil
aldığım illərdə Ulu Öndərin
çıxışlarını izləyir, hətta imtahanlar
verərkən Heydər Əliyevdən mühüm iqtibaslar,
qiymətli sitatlar gətirirdim. Ona görə də, həyatımın
gələcək fəaliyyətinin müəyyənləşməsində
Onun adının, imzasının olması gerçəklikdir
və əlbəttə ki, bu, eyni zamanda dahi şəxsiyyətə
- Ulu Öndər Heydər Əliyevə olan xüsusi rəğbətimin
bariz təzahürü idi. Ancaq daha bir danılmaz amil bu idi ki,
Heydər Əliyevə bütün dövrlərdə tükənməz
maraq olub. Təsadüfi deyil ki, hər kəs Onun iti zəkasına,
idarəçilik məharətinə həsəd aparır,
barəsində çox müsbət fikirlər səsləndirir,
liderlik keyfiyyətlərinin özünəməxsusluğu
barədə danışırdı. Yəni o da əbəs
deyil ki, Heydər Əliyevin qüsursuz, anlaşıqlı,
dolğun, qətiyyətli, eləcə də mətnsiz şəkildə
etdiyi çıxışları həm də onu ustad bir
müəllim kimi xarakterizə edirdi.
Həmin
anda mən əmin idim ki, bu gediş deyil, tarixi
dönüşün başlanğıcı idi
Ən
böyük xoşbəxtliyim və ömrüm boyu
unutmayacağım hadisə isə Heydər Əliyevlə
yaxından tanış olmaq imkanının mənə nəsib
olmasıdır. Ulu Öndərlə ilk görüşüm
isə məhz tarixi məqamlara söykənir. Belə ki,
sovet rəhbərliyinin 1990-cı ilin yanvarında
xalqımıza qarşı qanlı faciə törətdiyi ən
ağır vaxtda Heydər Əliyev həyatını təhlükə
altına ataraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə
gələrək mətbuat konfransı keçirib, 20 Yanvar
faciəsinə siyasi qiymət verərək, mərkəzin və
respublika rəhbərliyinin hüquqazidd əməllərini
ifşa etmişdi. Tarixin məsuliyyətli və çətin,
lakin şərəfli dövründə xalqı ilə
olmağı, ona kömək etməyi vacib bilən Heydər
Əliyev həmin ilin iyulunda Bakıya gəlir və Onu
qarşılayanlardan biri kimi Ulu Öndərimizlə ilk
tanışlığımız olur. Lakin həmin çətin
vaxtlarda qardaşı Cəlal Əliyevin evində qalan Heydər
Əliyevə qarşı təhdidlər səngimir, xəyanətkar
qüvvələr isə Onu Bakını tərk etmədiyi təqdirdə
istənilən hadisənin baş verə biləcəyi ilə
hədələyir, təhdid edirdilər. Nəticədə
Heydər Əliyev Naxçıvana getmək məcburiyyətində
qalır. Yaxşı xatirimdədir, Cəlal Əliyevlə
görüşümüzdən sonra ertəsi gün Heydər
Əliyevi Naxçıvana yola salmaq üçün aeroporta
apardıq və Onu təyyarənin salonunadək
ötürdük. Həmin anda mən əmin idim ki, bu
gediş deyil, tarixi dönüşün
başlanğıcı idi və bu an - bilavasitə Heydər
Əliyev dühasının qətiyyətli
varlığı artıq müstəqil Azərbaycanın
tarix salnaməsinə qızıl hərflərlə həkk
olunmağa başlamışdı.
Sonralar
da Naxçıvanda olarkən, Ulu Öndərlə
görüşlərimiz oldu. Yaşının çox və
səhhətində müəyyən problemlərin
olmasına baxmayaraq, hər zaman qamətli duruşu, daxili
gücə və özgüvənə sahib olması,
simasında ifadə olunan möhkəm iradə və qətiyyət,
səsindəki amiranəlik Ümummilli Liderin bundan sonra da
xalqına xidmət etmək iqtidarında olduğunu kifayət
qədər əks etdirirdi. Bu gerçəklilərdən həm
də belə bir nəticə hasil olunurdu: Təbiətən
çox təmkinli olsa da, baş verən haqsızlıqlara
qarşı hər zaman barışmaz mövqedə idi. O,
güclü siyasi fəhmə, taleyüklü məsələləri
həll etmək bacarığına, dəmir iradəyə və
zəngin idarəçilik təcrübəsinə malik şəxsiyyət
idi!
Ulu
Öndərin apardığı müdrik siyasət nəticəsində
müstəqilliyimiz qorunub, atəşkəsə nail olunub,
dövlətlə xalqın birliyi təmin edilib
Biz əminliklə
vurğulaya bilərik ki, tükənməz Azərbaycançılıq
məfkurəsinin parlaq mücəssəməsi olan Heydər
Əliyev faktoru öz müdrik siyasəti, dönməz əqidəsi
və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik
ideyasının gerçəkləşdirilməsinə,
müasir Azərbaycan dövlətinin qurulmasına və
xalqımızın müstəqillik arzusuna çatmasına,
milli-mənəvi dəyərlərimizin
qorunub-saxlanılmasına, dünyaya örnək olaraq təqdim
olunmasına nail olub. Hadisələrə şahidlik edən
tariximiz də bunu mərhələlərlə sübut edir.
1991-ci
ildə öz dövlət müstəqilliyini bərpa edən
xalqımız çox çətin sınaqlardan
keçmiş, qanı bahasına qazandığı müstəqilliyi
yenidən itirmək təhlükəsi ilə üzləşmişdi.
Həmin dövrdə Azərbaycanda müstəqil dövlətçilik
maraqları ilə üst-üstə düşməyən,
bir çox hallarda isə onlara zidd olan qeyri-ardıcıl, səriştəsiz
siyasətin aparılması, silahlı birləşmələrin
özbaşınalığı, xaos və vətəndaş
qarşıdurması, erməni təcavüzü bu təhlükəni
daha da dərinləşdirirdi.
Məhz
belə bir ağır dövrdə - 1993-cü ildə
xalqımızın təkidi və iradəsi ilə
Ümummilli Lider Heydər Əliyev hakimiyyətə
qayıdaraq müstəqilliyimizi məhv olmaqdan xilas etmək
kimi çox çətin və şərəfli missiyanı
öz üzərinə götürdü. Hətta o dövrdə
təsəvvür etmək çətin idi ki,
ömrünün müdrik çağında olan və
çoxsaylı təhdidlərə məruz qalan Heydər
Əliyev yenidən hakimiyyətə qayıtsın. Lakin buna rəğmən,
O güclü şəxsiyyətin heç nədən
çəkinmədən, öz həyatını belə təhlükəyə
ataraq meydana atılması xalqı və dövləti
qarşısında misilsiz fədakarlığı idi.
Şübhəsizdir ki, Ulu Öndərin apardığı
müdrik siyasət nəticəsində müstəqilliyimiz
qorunub, atəşkəsə nail olunub, dövlətlə
xalqın birliyi təmin edilib.
Dahi
rəhbərin qarşımızda qoyduğu
tapşırıqları yerinə yetirmək ən ümdə
vəzifəmiz idi
Həyatımın
hər bir anında keçirdiyim qürur hissim sonsuz və
tükənməzdir. Belə ki, 10 ilə yaxın müddətdə
Heydər Əliyev kimi dünya şöhrətli dahi şəxsiyyətlə
birgə çalışmağım, Onun rəhbərliyi ilə
keçirilən tədbirlərdə iştirak etməyim mənə
həmin hissləri yaşatmaqdadır.
Ümummilli
Liderimizin müvafiq qərarı ilə 1993-cü ildən uzun
müddət Bakı şəhəri Baş Polis İdarəsinin
rəisi vəzifəsində fəaliyyət göstərmişəm.
Müstəqilliyini itirmək təhlükəsindən yenicə
xilas olmuş ölkəmizdə həqiqətən də gərginlik
müşahidə olunurdu. 1993-1998-ci illərdə paytaxt
Bakı kimi böyük bir şəhərin təhlükəsizliyi,
sözsüz ki, təmin olunmalı idi. Xaricdən təlimatlandırılmış
qaragüruhçu qüvvələr demək olar ki,
günaşırı mitinqlər, aksiyalar, küçə
yürüşləri keçirir, müxtəlif sifariş və
təxribat xarakterli addımlar atılırdı. Bütün
bunların öhdəsindən gəlmək isə asan iş
deyildi. Ancaq dahi rəhbərin qarşımızda qoyduğu
tapşırıqları yerinə yetirmək ən ümdə
vəzifəmiz idi. Biz dövlətçiliyimizin qorunması,
müdafiəsi, vətəndaşlarımızın
mühafizəsi, təhlükəsizliklərinin qorunması, ən
nəhayəti isə, ölkəmizin inkişafı naminə
dönməz mövqe sərgiləməyi məhz Ulu Öndərimizin
qətiyyətindən öyrənmişdik, bəhrələnmişdik!
Ümumiyyətlə,
Heydər Əliyevin böyüklüyü, dövlətçilik
səriştəsi həm də onda idi ki, o, hüquqi dövlət
quruculuğu işində humanizm prinsiplərindən yerində
və düzgün istifadə etməyi uzaqgörənliklə,
müdrikliklə bacarırdı. Onun hər zaman
xalqının yanında olduğuna, onu böyük bir
izdihamın müşayiət etdiyinə, hər bir vətəndaşa
qayğı ilə yanaşdığına şahid
olmuşam. Heydər Əliyev Azərbaycanı Vətən,
dövlət olaraq çox sevirdi, azərbaycanlı olması
ilə fəxr edirdi. Azərbaycan kəlməsini gözləri
yaşara-yaşara söyləməsi Onun Vətənə
olan sevgisinin əyani təzahürü idi. Xalqın əbədi
sevgisini qazanan Ulu Öndər Heydər Əliyev daxili və
xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd
və təxribat cəhdlərinə baxmayaraq, öz həyatı,
sağlamlığı bahasına gecəli-gündüzlü
fədakar əməyi hesabına dövlət müstəqilliyimizi
yenidən bərqərar etdi. Azərbaycan dağılmaqda olan
ölkədən inkişaf edən ölkəyə, vətəndaş
müharibəsi astanasında olan ölkədən vətəndaş
həmrəyliyi olan ölkəyə çevrildi. Məhz belə
bir məqamlarda Heydər Əliyev şəxsiyyətinin rəhbərliyi
altında çalışmaq mənə, mənimlə
çalışan əməkdaşlara davamlı stimul
verirdi. Bütün bunlar unudulmayacaq qürur, yaddan
çıxmayacaq fərəh və şərəf gerçəkliyidir.
Bu
gün Heydər Əliyev siyasi kursunun layiqli
davamçısı, Ali Baş Komandanımız İlham
Əliyev çağdaş dünyamızın müasir
liderlik faktoru olaraq dəyərləndirilməkdədir.
Söz yox ki, ölkəmiz müasir dövrün yenilənən
çağırışlarına uyğun olaraq bütün
sahələrdə dərin islahatlar yolu ilə uğur
sözünü deməkdədir. Düşünürəm
ki, bizim buradakı ən böyük vəzifəmiz
Ümummilli Liderin ideyalarının inkişafı və Azərbaycan
tarixinin yeni şanlı səhifələrinin yazılması
naminə Prezident İlham Əliyevin ətrafında sıx
birləşməyimiz, Ona öz fəaliyyətimizlə dəstək
olmağımızdır. Belə ki, hər kəs üzərinə
düşən vəzifənin məsuliyyətini dərindən
anlamalı və Ulu Öndər Heydər Əliyevin bu tarixi kəlamını
xatırlamalıdır: "Vəzifəli adam öz
xalqına qulluq etməlidir". Bəli, məhz birinci
növbədə vəzifə sahibləri xalqa ləyaqətlə
xidmət etməlidirlər. Bunu cənab Prezident İlham
Əliyev də dəfələrlə öz
çıxışında vurğulayıb və qeyd edib ki,
hər bir dövlət məmuru xalqının xidmətçisi
olmalıdır, bu faktor dövlət idarəçiliyinin
başlıca məqsədidir!
Heydər
Əliyev dühasının əbədiliyini İlham
Əliyev cənablarının müəyyən etdiyi dönməz,
qətiyyətli, müdrik siyasətinə dəstək verməklə
yaşatmalı, inkişaf etdirməliyik!
Daha
bir məqama toxunmaq istərdim ki, bu gün Azərbaycanda Ordu
quruculuğu prosesi də Heydər Əliyev siyasətinin
davamı olaraq inkişaf etməkdədir. Güclü Orduya və
ən müasir hərbi sənaye imkanlarına malik olan Azərbaycanın
Silahlı Qüvvələri beynəlxalq aləmin müxtəlif
ordu reytinqlərini müəyyən edən cədvəllərində,
sorğu nəticələrində yüksək mövqeyə
sahibdir. Bütün bunlar eyni zamanda, Ali Baş
Komandanımız, cənab İlham Əliyevin bu sahəyə
göstərdiyi diqqət və qayğısının bariz nəticəsidir.
Düzdür,
bu gün ərazilərimizin 20 faizini işğal altında
saxlayan təcavüzkar Ermənistan dövlətinin rəhbərliyi
müxtəlif bəhanələri ilə danışıqlar
prosesini pozmağa cəhdlər göstərirlər, amma fakt
budur ki, artıq onların qaçacaq bir yerləri də
yoxdur. Azərbaycanın 2016-cı ildəki Aprel uğuru, habelə
2018-ci ildə əldə etdiyi Günnüt qələbəsi
davam edə və zəfər bayrağımız
işğal edilmiş bütün ərazilərimizdə
dalğalana bilər. Artıq Azərbaycanın qüdrətli
Silahlı Qüvvələri nəinki regionun, eləcə də
beynəlxalq təhlükəsizliyin təmin olunmasında,
qorunmasında əsaslı mövqeyə malikdir. İllərdir
ki, Azərbaycan zabiti və əsgəri istər NATO təlimləri
çərçivəsində, istərsə də
ayrı-ayrı ölkələrlə keçirilən iri
miqyaslı hərbi təlimlərdə, habelə beynəlxalq
terrorla mübarizə məsələlərində
öncül yerlərə sahib olmaqdadır. Bu isə, eyni
zamanda Azərbaycan dövlətinin ildən-ilə daha da
gücləndiyini, beynəlxalq nüfuzunun
artdığını, dünyada sayılıb-seçilən,
mövqeyinə hörmətlə yanaşılan ölkələrdən
birinə çevrildiyini göstərən sübutdur. Bu
baxımdan da çıxış edərək belə nəticəyə
gələ bilərik ki, torpaqlarımızı düşmən
tapdağından azad etmək üçün bundan sonra da
Ordumuzun gücünü artırmalıyıq. Silahlı
Qüvvələrimizin maddi-texniki bazası gücləndirilməkdə
davam edir, hərbçilərimizin xidmət şəraiti,
sosial vəziyyətlərinin daha da
yaxşılaşdırılması istiqamətində
münbit addımlar atılır.
Bütün
bunlar onu göstərir ki, Azərbaycan dövləti və
xalqı işğal faktı ilə heç vaxt
barışmaq fikrində deyil, hər an torpaqlarını
düşməndən azad etməyə hazırdır. Ona
görə də xalqımız bir olmalı, dövlətimizin
apardığı siyasəti və Ulu Öndər Heydər
Əliyevin bizlərə miras qoyduğu müstəqil Azərbaycanın
inkişafını dəstəkləməli, Ali Baş
Komandan, ölkə rəhbərimiz cənab İlham
Əliyevin ətrafında daha da sıx birləşməlidir.
Biz, Heydər Əliyev dühasının əbədiliyini
İlham Əliyev cənablarının müəyyən
etdiyi dönməz, qətiyyətli, müdrik siyasətinə
dəstək verməklə yaşatmalı, inkişaf etdirməliyik!
Məhərrəm
Əliyev,
Azərbaycan
Respublikası Prezidentinin
köməkçisi
- hərbi məsələlər şöbəsinin müdiri
general-polkovnik
Mövqe.- 2020.- 9 may.
S. 2.