Sahibkarlığın
inkişafı yeni iş yerlərinin
açılmasını təmin edir
Son
16 ildə imzalanmış regional dövlət proqramlarında
biznes mühitinin yaxşılaşdırılması və
yeni iş yerlərinin açılması ilə bağlı
kompleks tədbirlər əksini tapıb. Bu da bölgələrin
tərəqqisi prosesində özəl sektorun
imkanlarını səfərbər etmək, sosial xarakterli məsələlərin
həllində sahibkarların fəal iştirakına nail olmaq
istəyindən irəli gəlib.
2004-2008,
2009-2013, 2014-2018 və 2019-2023-cü illəri əhatə edən
dövlət proqramları respublikamızın regionlarında
yerli sahibkarlığın, yeni istehsal və emal müəssisələrinin
açılmasına, işsizlik və yoxsulluq probleminin əsaslı
dərəcədə həllinə ciddi təkan verib. Ötən
illərdə kiçik və orta sahibkarlığın
güzəştli kreditlərlə maliyyələşdirilməsi,
sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin
qarşısının alınması, özəl sektorda
inkişafa mane olan problemlərin həlli məqsədilə
yeni mexanizmlər tətbiq edib.
Nazirlər
Kabinetinin hələ 2019-cu ilin birinci yarısının
sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyev
deyib: "Bizim əhalimiz artır. Müstəqillik
dövründə əhalimiz, təxminən, 3 milyon nəfər
artıb. Bu il biz 10 milyonuncu vətəndaşın dünyaya
gəlməsini sevinclə qeyd etmişik. Bu, bizim böyük
sərvətimizdir, amma digər tərəfdən onu deməyə
əsas verir ki, biz daim iş yerlərinin yaradılması ilə
məşğul olmalıyıq. Sosial infrastrukturun
yaradılması ilə məşğul olmalıyıq, nəqliyyat
sahəsində əlavə tədbirlər görülməlidir
ki, artan əhali, vətəndaşlar özlərini rahat hiss
etsinlər, işlə təmin olunsunlar. Bir daha demək istəyirəm
ki, bu, daimi prosesdir. Çünki Azərbaycanın uğurlu
inkişafı, sənaye sahəsində, iqtisadi sahədə
inkişaf əhalinin artımına bilavasitə təsir edən
amildir və biz buna daim hazır olmalıyıq".
1995-ci
ildə aparılmış tədqiqatlara əsasən, Azərbaycanda
işsizlik səviyyəsi 17,2 faiz, 1999-cu ildə əhalinin
siyahıya alınması zamanı əldə olunan məlumatlara
görə isə 16,25 faiz təşkil edib. 2003-cü ildə
BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək
Təşkilatının iştirakı ilə əhalinin
iqtisadi fəallıq səviyyəsi üzrə
keçirilmiş seçmə statistik müayinəyə əsasən
işsizlik 9,7 faiz təşkil edirdisə, hazırda bu rəqəm
4,9 faiz civarındadır. Bu göstəriciyə görə
Azərbaycan MDB dövlətləri sırasında
öncül yerlərdən birini tutur.
Əgər
ölkə vətəndaşları bir zamanlar iş axtarmaq
üçün Rusiya və digər MDB ölkələrinə
üz tuturdularsa, son illərdə əks proses başlayıb.
Nəinki MDB-dən, ümumilikdə, dünyanın bir
çox ölkələrindən işaxtaranlar iqtisadi
baxımdan cəlbedici ölkə kimi respublikamıza üz
tuturlar. Vaxtilə iş tapmaq ümidi ilə başqa ölkələrə
gedən vətəndaşlarımızın son illər geri
qayıtması, habelə əcnəbi miqrantların leqal, bəzən
də qeyri-leqal şəkildə respublikanın əmək
bazarına can atmaları sahibkarlıq subyektlərinin və
yüksək gəlirli iş yerlərinin sayının
artması ilə izah olunur. Yeni iş yerlərinin
yaradılması bilavasitə regionlarda sahibkarlığın
inkişafı və kapital qoyuluşlarının həcminin
artması ilə sıx bağlı proses olduğundan,
hökumət iş adamları üçün ildən-ilə
daha yaxşı imkanların yaradılmasına
çalışır.
Çoxsaylı
dövlət proqramları, fərman və sərəncamlar da
regionlarda məşğulluğun səviyyəsinin
aşagı düşməsinə təsir göstərir.
Son 15 ildə qəbul olunmuş «2003-2005-ci illər
üçün Azərbaycan Respublikasında yoxsulluğun
azaldılması və iqtisadi inkişaf üzrə Dövlət
Proqramı», «Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət
Proqramı», «Azərbaycan Respublikasının Məşğulluq
(2006-2015-ci illər) Strategiyası», «Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı»,
«2008-2015-ci illərdə Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması və davamlı inkişaf
Dövlət Proqramı», «Azərbaycan Respublikasının Məşğulluq
Strategiyasının həyata keçirilməsi üzrə
2011-2015-ci illər üçün Dövlət Proqramı»,
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı (2009-2013) və digər
sənədlər işsizliyin səviyyəsinin
azaldılması baxımından əhəmiyyətli olub.
Məşğulluq
Strategiyasının (2006-2015-ci illər) 2006-2010-cu illəri əhatə
edən birinci mərhələsinin icrası nəticəsində
işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə
azaldılmasına, işsizlərin, sosial həssas əhali təbəqələrinin
sosial müdafiəsinin gücləndirilməsinə nail
olunub. Bununla yanaşı, əmək bazarının təkmilləşdirilməsi,
əmək ehtiyatlarının keyfiyyətcə
yaxşılaşması, rəqabət gücünün
artırılması, iqtisadi fəallığın yüksəldilməsi
üçün əlverişli şəraitin
yaradılması sahəsində də müvafiq tədbirlər
həyata keçirilib.
"Azərbaycan
Respublikasının Məşğulluq Strategiyasının həyata
keçirilməsi üzrə 2011-2015-ci illər
üçün Dövlət Proqramı" isə əhalinin
məşğulluğu sahəsində dövlət siyasətinin
ardıcıllığını təmin edərək
"Azərbaycan Respublikasının Məşğulluq
Strategiyasının (2006-2015-ci illər) ikinci mərhələsinin
reallaşdırılmasına yönəldilib. Proqramda
işçi qüvvəsinə tələbatın
stimullaşdırılması, səmərəli
işgüzarlıq mühitinin formalaşdırılması,
struktur islahatlarının dərinləşdirilməsi,
investisiya fəallığının artırılması və
insan kapitalının yüksək inkişaf səviyyəsinin
təmini məsələləri əksini tapmışdı.
Sənəddə
biznes mühitinin yaxşılaşdırılması,
sahibkarlığın inkişafı sahəsində kompleks tədbirlər
nəzərdə tutulmuş, aidiyyəti dövlət
qurumlarının, eləcə də İqtisadi
İnkişaf, Vergilər, Əmək və Əhalinin Sosial
Müdafiəsi nazirliklərinin qarşısında
mühüm vəzifələr müəyyənləşdirilmişdi.
Ölkədə makroiqtisadi sabitlik sahəsində əldə
olunmuş nailiyyətlərin möhkəmləndirilməsi;
yerli sənaye məhsullarının dünya bazarında rəqabət
qabiliyyətinin yüksəldilməsi; ədalətli rəqabət
mühitinin formalaşdırılması və
inkişafı; təklif olunan işçi qüvvəsi ilə
mövcud iş yerlərinin sayı arasında
tarazlığı təmin edən şəraitin
yaradılması; qeyri-formal məşğulluğun
qarşısının alınması; işə düzəlməkdə
çətinlik çəkən şəxslərin məşğulluğunun
təmin edilməsinə kömək edən xüsusi tədbirlərin
həyata keçirilməsi; kiçik və orta
sahibkarlığın inkişafının, eləcə də
fərdi əmək fəaliyyəti ilə məşğul
olanların iqtisadi həvəsləndirilməsi kimi
mühüm tədbirlər Dövlət Proqramında
mühüm hədəflər kimi diqqəti çəkirdi.
Statistika
Komitəsinin məlumatına əsasən, regionların
sosial-iqtisadi inkişafına xidmət edən dövlət
proqramları yeni iş yerlərinin yaradılmasında
mühüm rol oynayıb. Bu proqramlar çərçivəsində
ötən 16 il ərzində həyata keçirilmiş məqsədyönlü
tədbirlər nəticəsində ölkədə 1,9
milyondan çox yeni iş yeri açılıb, 80 mindən
dən çox yeni müəssisə yaradılıb, habelə
yeni açılmış iş yerlərinin 80 faizə
yaxını regionların payına düşüb.
Məşğulluq
strategiyasının reallaşdırılması çərçivəsində
paxtaxt Bakıda və regionlarda əmək bazarına nəzarətin
gücləndirilməsi, qeyri-leqal məşğulluğun
aradan qaldırılması tədbirləri də mühüm
yer tutur. Ölkə başçısının 2014-cü il
3 fevral tarixli "Azərbaycan Respublikasının Əmək
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında» Qanunun tətbiqi barədə fərmanı Azərbaycanda
qeyri-leqal məşğulluqla mübarizə, əmək
bazarına nəzarətin gücləndirilməsi və
işçilərin əmək hüquqlarının
etibarlı təminatı baxımından müstəsna əhəmiyyətə
malikdir.
Fərmanla
əmək müqaviləsi bildirişinin forması və onun
elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək
müqaviləsi bildirişinin qeydiyyata alınması ilə
bağlı işəgötürənə göndərilən
məlumat forması, habelə qeydiyyata alınmış əmək
müqaviləsi bildirişinin məlumatlarının real vaxt
rejimində əldə etməklə bağlı qaydalar təsdiqlənib.
Fərmanla Əmək Məcəlləsinə edilmiş əsas
dəyişikliklərdən biri də əmək
qanunvericiliyinə əmək müqaviləsi bildirişi
anlayışı daxil edilməsidir. Əmək müqaviləsi
bildirişi - əmək müqaviləsinin
bağlanılmasının, ona dəyişiklik edilməsinin
və ya xitam verilməsinin Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində elektron
qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən
tərəfindən həmin elektron informasiya sisteminə daxil
edilən elektron sənəddir. Əmək Məcəlləsinin
49-cu maddəsinə edilmiş dəyişikliyə əsasən,
əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik
edilməsi və ya xitam verilməsi bununla bağlı elektron
informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi
bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata
alınmasından və bu barədə işəgötürənə
elektron qaydada məlumat göndərilməsindən sonra
hüquqi qüvvəyə minib.
Milli
iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə
Strateji Yol Xəritəsində göstərilir ki, 2025-ci ilə
qədər ÜDM-də 3 faizdən çox orta illik real
artım və əlavə olaraq da 450 mindən çox yeni
iş yerinin yaradılmasını nəzərdə tutur. Bu
iş yerlərinin yaradılması 3 amilin təsiri nəticəsində
mümkün olacaq: "I) Strateji Yol Xəritəsi çərçivəsində
görülən tədbirlər; II) digər əlavə tədbirlər
və III) ümumi iqtisadi mühitin yaxşılaşması
nəticəsində iqtisadi artım sürətinin yüksəlməsi.
İqtisadiyyatın sektorları üzrə nəzərdə
tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində
qeyri-rəsmi məşğulluğun payı azalacaq və
aşağıdakı dörd xüsusi hədəfə nail
olunacaq".
S.Elmanoğlu
Mövqe.- 2020.- 13 may.
S. 10.