Sahibkarlığın
inkişafı yeni iş yerlərinin
açılmasını təmin edir
"ASAN
ödəniş" sistemi biznesin inkişafına təkan
verir
Son
illər vergi inzibatçılığı sahəsində həyata
keçirilən islahatların Azərbaycanın beynəlxalq
səviyyədə müsbət imicinin formalaşmasına
mühüm təsiri olub. Xüsusilə də qeydiyyat sahəsində
genişmiqyaslı islahatlar həyata keçirilməklə
uğurlu nəticələr əldə edilib.
"Doing-Business"
hesabatının «Biznesə başlama» göstəricisi
üzrə Azərbaycanda kommersiya hüquqi şəxslərin
qeydiyyatı üçün yerinə yetirilməli olan
prosedurların sayı 2, sərf edilən müddət 3
gün, tələb olunan məbləğ isə 72
manatdır.
Vergi
xidməti orqanları tərəfindən son illər biznes
mühitinin yaxşılaşdırılması istiqamətində
həyata keçirilən tədbirlər nəticəsində
biznesə başlama prosedurları əsaslı şəkildə
sadələşdirilib. Xüsusilə də 2011-2013-cü illərdə
elektron qeydiyyat üzrə aparılan islahatlar biznes qurmaq istəyən
sahibkarların işini xeyli asanlaşdırıb. 2011-ci il
iyulun 1-dən fərdi sahibkarların «e-qeydiyyat» sisteminə
başlanılıb və bu da sahibkarlıq fəaliyyətini
həyata keçirən fiziki şəxslərin vergi
orqanına getmədən internet vasitəsilə uçota
dayanmasına imkan verib. 2012-ci ilin fevral ayından isə Azərbaycan
Respublikasında yerli investisiyalı məhdud məsuliyyətli
cəmiyyətlərin də qeydiyyatı elektron üsulla
aparılmaqdadır. Kommersiya hüquqi şəxslərin
«e-qeydiyyat» sisteminin tətbiqi üçün ölkənin 4
qanunvericilik aktına dəyişikliklər edilib. Bu sistemin tətbiqi
hüquqi şəxsləri dövlət qeydiyyatı ərəfəsində
yerinə yetirilməli olan 3 məcburi prosedurdan keçmək
zərurətini tamamilə aradan qaldırıb və
qeydiyyatın aparılmasına sərf edilən müddət
azaldılıb. Bundan əlavə, hüquqi şəxslərə
«elektron imza»dan istifadə etməklə sənədlərini
qeydiyyat orqanına təqdim etmək imkanı yaradılıb.
Hesabatın
vergi orqanlarının işinə aid daha bir göstəricisi
olan «Vergilərin ödənilməsi» reytinqi üzrə
ölkəmiz ötənilki hesabatla müqayisədə bir
pillə irəliləyərək, 28-ci pillədə qərarlaşıb
və vergilərin ödənilməsinin asanlığına
görə MDB məkanında ilk yerlərdən birini tutur. Bu
metodologiyaya əsasən, orta ölçülü şirkətin
il ərzində ödəməli olduğu vergi və digər
ödəmələr, həmçinin onların
inzibatçılıq yükü müəyyən edilir.
Vergi və ödəmələrə müxtəlif mənbələrdən
olan mənfəət və gəlirlərə görə
vergilər, o cümlədən əmlak icarəsindən
vergilər, dividend və kapital vergiləri, maliyyə
köçürmələrindən əldə edilən gəlirdən
vergilər, işəgötürənin ödədiyi əmək
vergiləri, sosial ayırmalar, əmlak, avtomobil və yol vergiləri
və s. aid edilir.
Dövlət
büdcəsinə vergilərin ödənilməsi və bəyannamələrin
təqdim edilməsi sahəsində vergi sistemində tətbiq
edilən yeniliklər əvvəlki illərin reytinq cədvəllərində
öz əksini tapıb və «Vergilərin ödənilməsi»
göstəricisinə görə ölkəmizin mövqeyi
xeyli yaxşılaşıb. Hesabatda ölkədə sosial
müdafiə ayırmaları üzrə hesabatların və
ödənişlərin elektron formada aparılması və
digər sahələrdə əldə edilmiş nailiyyətlər
nəzərə alınıb. Artıq Azərbaycanda məcburi
dövlət sosial sığorta haqlarının ödənişi
və hesabat sisteminin avtomatlaşdırılması tam
başa çatdırılıb ki, bunun da nəticəsində
həmin hesabatların hazırlanmasına və ödənişlərin
həyata keçirilməsinə sərf olunan vaxt 81 saat qiymətləndirilib.
Ümumilikdə isə digər yığımlar - sosial
müdafiə ayırmaları, mənfəət və əlavə
dəyər vergisi üzrə sərf olunan vaxt 195 saat müəyyənləşdirilib.
Son
illərdə qeydiyyatdan keçən sahibkarlıq subyektlərinin
sayının artması ölkədə əlverişli biznes
mühitinin mövcudluğunu bir daha təsdiqləyib.
İqtisadiyyat
Nazirliyi yanında Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri
Mərkəzinin 2013-cü ildə fəaliyyətə
başlaması və «Asan imza»nın təqdim edilməsi
elektron qeydiyyat sahəsində təklif olunan xidmətlərin
çeşidinin və keyfiyyətinin müasir tələblərə
uyğunlaşdırılmasında mühüm rol oynayıb.
2012-ci ilin sonlarında əvvəlki Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən
keçirilmiş respublika müsabiqəsində «Ən
yaxşı elektron dövlət xidməti» nominasiyasında
Vergilər Nazirliyinin «Kommersiya hüquqi şəxslərin
e-qeydiyyatı» layihəsi qalib gəlib. Həyata
keçirimiş islahatar ölkəmizin beynəlxalq reytinq cədvəllərində
biznesə başlama və qeydiyyat üzrə mövqeyinin
möhkəmlənməsinə müsbət təsirini
göstərib.
Biznes
mühitində daha bir xidmətin - yeni yaradılan kommersiya
hüquqi şəxs üçün seçilmiş adın
qeydiyyat orqanında bron edilməsi üzrə e-xidmətin
istifadəyə verilməsi də mühüm yeniliklərdən
biridir. Ümumiyyətlə, son illərdə bu sahədə
görülmüş işlər təkcə qeydiyyat
prosedurlarının təkmilləşdirilməsi məsələlərini
deyil, həmçinin biznes mühitinin
sağlamlaşdırılması, təsisçilərin və
kreditorların hüquqlarının müdafiəsi sahəsini
də əhatə etmişdir.
Bundan
əlavə, Beynəlxalq Maliyyə Korporasiyasının “Azərbaycanda
kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi
şəxslərin təsisçilərin qərarı ilə
könüllü ləğv edilməsi və bu sahədə
beynəlxalq təcrübə”yə dair tövsiyələri
nəzərə alınmaqla beynəlxalq təcrübə
daha ətraflı öyrənilib. Kommersiya hüquqi şəxslərin
könüllü ləğv edilməsi prosedurlarının təkmilləşdirilməsi
məqsədilə müvafiq normativ-hüquqi aktlarda –
Mülki Məcəllədə, İnzibati Xətalar Məcəlləsində
və «Hüquqi şəxslərin dövlət qeydiyyatı
və dövlət reyestri haqqında qanunda» dəyişikliklər
edilməsi barədə təkliflər hazırlanaraq hökumətə
təqdim edilib.
Həmin
layihələr əsasında Azərbaycan
Respublikasının Mülki və İnzibati Xətalar məcəllələrinə
və «Hüquqi şəxslərin dövlət qeydiyyatı
və dövlət reyestri haqqında Qanununa dəyişikliklər
edilməsi barədə» Azərbaycan Respublikasının
qanunları 2013-cü il 22 noyabr tarixdə Milli Məclisdə
qəbul edilib. Həmin dəyişikliklərlə əlaqədar
sahibkarlara daha bir xidmət - ləğvetmə qaydası və
müddətləri barədə məlumatın mətbuatda
yerləşdirilməsinin, həmin məlumatın qəzetdə
dərc edilməsi barədə məlumatlandırmanın
elektron qaydada aparılması üzrə e-xidmət təklif
edilir.
Qanunvericilikdə
aparılmış dəyişikliklərə uyğun olaraq əvvəlki
Vergilər Nazirliyinin 2014-cü il 11 fevral tarixli əmri ilə
«Dövlət vergi orqanlarında kommersiya qurumlarının
dövlət qeydiyyatının və vergi ödəyicilərinin
uçotunun ləğv edilməsi Qaydaları» yeni redaksiyada təsdiq
edilib. Yeni redaksiyada təsdiq edilən bu qaydaların tədris
edilməsi məqsədilə 2014-cü il fevralın 21-də
nazirliyin qeydiyyat orqanının işçiləri
üçün «Hüquqi şəxslərin dövlət
qeydiyyatının və vergi ödəyicilərinin
uçotunun ləğv edilməsi məsələləri»
mövzusunda təlim keçirilib. Qanunvericilikdəki dəyişikliklərlə
əlaqədar müvafiq texniki tapşırıq
hazırlanıb aidiyyəti üzrə təqdim olunub.
Hazırda
vergi ödəyiciləri qeydiyyat ilə bağlı ərizələrini
elektron şəkildə təqdim edə bilirlər. Bank idarələri
ilə vergi orqanları arasında elektron sənəd
mübadiləsinin təşkili sahibkarların marağına
xidmət etməklə hesabların açılması
prosedurunun əhəmiyyətli dərəcədə sadələşməsinə
və vergi ödəyicilərinin vaxta qənaət etmələrinə
şərait
yaradıb. Bu səbəbdən də banklar və digər
kredit təşkilatları ilə vergi orqanları arasında
elektron sənəd mübadiləsinin aparılmasına dair
sazişə qoşulan bankların sayı ilbəil artır.
Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 11 fevral tarixli fərmanına
müvafiq olaraq «ASAN ödəniş» sisteminin
yaradılması təmin edilib. Fərmanda qeyd olunurdu ki,
inzibati cərimə növündə inzibati tənbeh tətbiq
edilməsi barədə qərarların elektron qaydada göndərilməsini
və inzibati cərimələrin, məhkəmə qərarlarının
icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin
elektron qaydada (o cümlədən "ASAN imza" vasitəsilə)
ödənilməsini təmin edən çoxfunksiyalı
"ASAN ödəniş" sistemi yaradılsın. Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə
birlikdə "ASAN ödəniş" sisteminin təşkilini
və fəaliyyətini və ödənişlərin həmin
sistem vasitəsilə həyata keçirilməsini mərkəzi
icra hakimiyyəti orqanları ilə birlikdə təmin edib.
"ASAN
ödəniş" sistemi inzibati cərimə növündə
inzibati tənbeh tətbiq edilməsi barədə qərarların
və xüsusi texniki vasitələrin köməyi ilə
aşkar olunan yol hərəkəti qaydaları əleyhinə
olan inzibati xətaların törədilməsinin foto və ya
video görüntülərinin vətəndaşların
elektron ünvanlarına, mobil telefon nömrələrinə
elektron qaydada göndərilməsini; inzibati cərimə
növündə inzibati tənbeh tətbiq etmə haqqında
qərarın icra müddətinə nəzarət edilməsini
və müddətlərin bitməsi barədə məlumatlandırılmasını;
inzibati cərimələrin mobil telefon aparatları vasitəsilə
elektron qaydada ödənilməsini təmin edib.
Bütün
bunlar isə qeydiyyatla bağlı islahatların bundan sonra daha
da sürətlə aparılmasına və respublikamızda
biznes mühitinin daha da yaxşılaşdırılmasına
əminlik yaradır.
S.Elmanoğlu
Mövqe.- 2020.- 14 may.
S. 10.