Şuşanın işğaldan azad edilməsi milli

mədəniyyətimizin yeni intibah

dövrünü gerçəkləşdirir

 

Aydın Xan Əbilov: " İşğaldan azad edilən Şuşa Azərbaycan mədəniyyətinin, incəsənətinin, muğam sənətinin, xalq mahnılarının və peşəkar bəstəkarlıq məktəbinin yeni intibah dövrünü yaşamağa başlayacaq"

 

Şuşa tezliklə Azərbaycanın qədim poeziya, mədəniyyət, incəsənət, memarlıq mərkəzlərindən biri kimi yenidən beynəlxalq aləmdə  tanınacaq. Azərbaycanın tarixi şəhəri Şuşanın müzəffər ordumuz tərəfindən düşmən işğalından azad edilməsi müjdəsini xalq olaraq böyük ruh yüksəkliyi ilə qarşıladıq. Şuşa milli musiqi mədəniyyətimizin beşiyidir və Azərbaycan mədəniyyətinə çox böyük simalar bəxş edib. Artıq Şuşa öz əzəli sahibinə qaytarılıb. Mədəniyyət Nazirliyi bəyan edib ki, 2021-ci ildə Şuşada konsert, Şuşanın əsrarəngiz Cıdır düzündə isə çövkən oyunu keçiriləcək. 

Zaqafqaziyanın konservatoriyası” adlandırılan Şuşa yenidən mədəniyyətimizin beşiyi başında dayanacaq. Şuşanın işğaldan azad edilməsi Azərbaycan mədəniyyətində yeni intibah dövrü yarada bilərmi?

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı Kultroloq Aydın Xan Əbilov “Mövqe”qəzetinə şərhində bildirdi ki, Şuşa nəinki Azərbaycanın qədim mədəniyyət mərkəzidir, eyni zamanda dünyanın multikultural dəyərlərinin, unikal incəsənətin, xüsusən də musiqi mədəniyyətinin formalaşdığı kultroloji bir mühit kimi qəbul edilib: “Təsəvvür edin ki, Şuşada böyüyüb boya başa çatmış və burada özünün ölməz əsərlərinib bir qismini yaradan dahi Üzeyir Hacıbəyovun başladığı yol bu gün də davam edir. Üzeyir bəy klassik Avropa musiqisi ilə Şərq-muğam və Azərbaycanın milli xalq musiqisinin sintezindən yaratdığı əsərlərlə yeni musiqi erasının əsasını Şuşada qoyub. Başlanğız nöqtəsi Şuşadır. Ona görə də, Şuşa nəinki bizim tarixi, milli mədəniyyətimizin beşiyidir, eləcə də klassik dünyəvi musiqinin ocaqlarından biridir.  Şuşanın 30 ilə yaxın müddətdə işğalda qalması əlbəttə, dünya musiqsində gedən gözəl sintez prosesini bir qədər ləngitdi. Bu amil az qala multikultural, peşəkar musiqi sənətinin, bəstəkarlıq məktəbinin böhranına səbəb olmuşdu. Biz artıq bundan xilas olduq. Şuşanı yenidən bizə qaytarmaqla mədəniyyətimizi böhrandan xilas edən Ali Baş Komandanımıza və Müzəffər Ordumuza minnətdarlığımızı bildiririk. Həmçinin də 55 milyonluq Azərbaycan xalqına, 300 milyonluq türk dünyasına, milyard yarımlıq islam aləminə də təşəkkür edirik ki, onların dəstəyi ilə müzəffər ordumuz Qarabağı, Şuşanı işğaldan azad etdi və biz xalq olaraq milli mədəniyyətimizin yeni inkişaf dövrünə qədəm qoyduq. İşğaldan azad edilən Şuşa Azərbaycan mədəniyyətinin, incəsənətinin, muğam sənətinin, xalq mahnılarının və peşəkar bəstəkarlıq məktəbinin yeni intibah dövrünü yaşamağa başlayacaq. Şuşanın düşmən tapdağından azad edilməsi mədəniyyətimizin yeni intibah dövrünə qovuşması deməkdir”.

A.X.Əbilov hesab edir ki, Şuşa həm də yaxın gələcəkdə beynəlxalq musiqi festivallarının, mədəniyyət tədbirlərinin keçiriləcəyi bir məkan kimi dünyanın diqqətində olacaq. “Şuşanın yeni dövrü başlayıb. Şuşada Şərq və Qərb musiqisinin sintezindən yaranan yeni modern konsertlər, festivallar keçiriləcək. Artıq beynəlxalq muğam festivallarının sorağı dünyaya  məhz Şuşadan yayılacaq. İnanıram ki, yaxın gələcəkdə biz Şuşada Beynəlxalq Muğam Mərkəzinin ikinci binasının inşasının şahidi olacağıq. Eyni zamanda orada milli musiqi akademiyasının, milli konservatoriya və filarmoniyasının da tikilməsi vacibdir. Şuşada muğam mədəniyyətinin yeni təqdimat formalarının inkişafı ilə bağlı müasir məktəblər yaradılacaq. Həmçinin də bu qədim şəhərimizdə milli arxitektura məktəbi qurulacaq. Şuşa Azərbaycan və bəşər mədəniyyətinə böyük simalar, yazıçılar, şairlər, bəstəkarlar, müğənnilər, memarlar, elm, mədəniyyət və incəsənət xadimləri bəxş edib. Hesab edirəm ki, tezliklə Şuşa başda olmaqla Xankəndi, Ağdam, Füzuli, Ağdərə, Kəlbəcər, Xocalı, Laçın, Qubadlı, Zəngilan, Xocavənd və digər işğaldan azad edlən şəhərlərimizdə turizmin müxtəlif sahələrinin, o cümlədən də kultroloji turizmin inkişafı ilə bağlı xüsusi dövlət proqramı qəbul ediləcək. Biz bu şəhərlərimizin hərtərəfli inkişafının yaxın vaxtlarda şahidi olacağıq. İnanıram ki, bizim Yeni Yazarlar və Sənətçilər İctimai Birliyində, o cümlədən də   Vətəndaş Cəmiyyəti Alyansında birləşən mədəniyyətlə bağlı bütün təşkilatlar, kitabxana.net milli elektron virtual kitabxanamız məhz tezliklə Şuşada özünün filiallarını açacaq, onlarda Bakı ilə yanaşı Şuşanın da  Azərbaycan modern intibah mərkəzinə çevirilməsində mühüm rol oynayacaq. Çağdaş mədəniyyətimizə, ədəbiyyatımıza, tariximizə bizlər də töhfə verəcəyik”-deyə A.X.Əbilov vurğuladı.

Ekspertin sözlərinə görə, Vaqifin məqbərəsi, Üzeyir Hacıbəyovun, Xan Şuşinskinin, Seyid Şuşinskinin ev muzeylərinin, Xan qızı Xurşudbanu Natəvanın və başqalarının məqbərələrinin yaxın vaxtlarda bərpa edilməsinin şahidi olacağıq. “Şuşa tezliklə Azərbaycanın qədim poeziya, mədəniyyət, incəsənət, memarlıq mərkəzlərindən biri kimi yenidən beynəlxalq aləmdə  tanınacaq” - deyə müsahibimiz qeyd etdi.

 

Leyla QARAXANLI

 

Mövqe.- 2020.- 11 noyabr.- S.7.