Qanazlığının profilaktikasında

qidalanmanın rolu

 

Qanazlığı, yəni anemiyanın müxtəlif mənşəli səbəbləri ola bilər. Anemiya orqanizmdə kifayət qədər qırmızı qan hüceyrələrinin yaranmaması və ya məhv olması səbəbindən meydana gəlir.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a ünvanlanan maarifləndirici materialda bildirilir ki, qan itkisi, xroniki xəstəliklər, düzgün qidalanmama, orqanizmdə dəmir və digər vitamin çatışmazlığı qanazlığının yaranmasına səbəb olan faktorlardandır.

Qeyd edək ki, dəmir defisiti dünyada ən çox müşahidə olunan mikroelement çatışmazlığıdır. Dəmir defisitli anemiyaya da məhz bu maddənin çatışmazlığı nəticəsində baş verir. Dəmir defisitli anemiya orqanizmə dəmirin daxil olması və mənimsənilməsinin pozulması nəticəsində hemoqlobinin miqdarının azalması ilə xarakterizə olunan patoloji haldır.

Dəmir defisitli anemiyadan qadın, uşaq və yeniyetmələr daha çox əziyyət çəkirlər. Ona görə də dəmir defisitli anemiya dünya səhiyyəsinin vacib problemlərindən biridir. Xəstəliklə mübarizə Ümumdünya Səhiyyə Təşkilatının Ana, Körpə və Gənc Uşaqların Qidalanmasına dair İcra Planının 6 prioritetindən biridir. Həmin prioritetlər BMT-nin 2015-ci ildən sonrakı Davamlı İnkişaf Məqsədləri üçün Prioritet Qidalanma Göstəriciləri kimi qəbul edilib.

Dəmir və ya vitamin çatışmazlığından yaranan qanazlığına qarşı əsas profilaktik tədbir olaraq düzgün qidalanma vacibdir. Qanazlığının qarşısının alınması üçün dəmir, fol turşusu, B12, sink, A vitamini ilə zəngin məhsullar qida rasionunun əsasını təşkil etməlidir. Həmçinin gündəlik qida rasionunda çeşidliliyin qorunması, vitamin və mineralların fərqli qida məhsullarından təmin edilməsi tövsiyə olunur.

Mütəxəssislərin tövsiyələrinə görə, gündəlik ümumi kalori qəbulunu nəzərə alaraq 13-20 mq dəmir qəbul etmək olar. Lakin bədəndə bu elementin yalnız 5-15 faizi sorulur. Ümumiyyətlə, qida məhsullarında dəmir iki formada mövcud olur: hemqeyri-hem. Hem üzvi formada olur və 15-25 faizi orqanizm tərəfindən sorulur. Qırmızı ət, balıq və quş məhsullarında dəmirin hem formasına rast gəlinir. Qeyri-hem isə qeyri-üzvi formada olur və paxlalı bitkilər, taxıllar, eləcə də meyvələrdə rast gəlinir. Orqanizmdə 5-20 faizi sorulmaya məruz qalır. Qida məhsullarında dəmirin miqdarı belədir: 160 qram sarıkökdə - 16.8 mq, 90 qram içalatda - 5.2–9.9 mq, 30 qram qovrulmuş balqabaq toxumunda – 3.9 mq, 1/2 fincan bişmiş lobya və mərcidə – 3.3 mq, 1 fincan təzə və qaynadılmış ispanaqda – 3.2 mq, 90 qram yağsız mal ətində (steyk) – 3.1 mq, 3 ədəd çili bibərində – 3 mq, 1/2 fincan bişmiş qırmızı lobyada - 2.6 mq, 90 qram siyənək balığında - 2.5 mq, 1/2 fincan bişmiş noxudda - 2.4 mq, 90 qram quzu və ördək ətində – 2.3 mq, 90 qram mal əti qiyməsində - 2.2 mq. Ət məhsullarında olan dəmir bitki mənşəli qidalara nisbətən orqanizm tərəfindən daha tez sorulur.

Qara çay, kofe, kakao, nanə, bir sıra ədviyyat və bitki çaylarının tərkibində olan polifenol birləşmələr isə dəmirin orqanizmdə sorulmasını azaldır. Ona görə də çayya qəhvəni yeməkdən bir qədər sonra içmək lazımdır. Yumurta, qoz, badam, küncütün tərkibində olan bəzi kimyəvi birləşmələr də dəmirin orqanizm tərəfindən sorulmasını müəyyən dərəcədə azaldır.

Dəmirin orqanizmdə daha yaxşı mənimsənilməsi üçün C vitamini ilə zəngin qidalar istehlak olunmalıdır. Bu səbəbdən qanazlığına qarşı mübarizədə C vitamini əhəmiyyətli rol oynayır. İtburnu meyvəsi, qara qarağat, gül kələm, yaşıl bibər, göy soğan, cəfəri və ispanaq C vitamini mənbəyidir.

Qanazlığının profilaktikasında tərkibi A vitamini ilə zəngin olan istər heyvan, istərsə də bitki mənşəli məhsullara da üstünlük verilməlidir. Treska balığı, malın qaraciyəri, alma, yerkökü, kahı, kələm, göy soğan, brokkoliispanaq A vitamini ilə zəngindir.

B12 vitamini qanazlığının profilaktikasında ən vacib elementdir. Mal əti, malın qaraciyəri, böyrək ürəyi, süd, pendir, yumurta sarısı, ala balığı zəngin B12 vitamini qaynağıdır.

Fol turşusu (B9 vitamini) çatışmazlığı da qanazlığının yaranmasına yol açan səbəblərdən biridir. Paxlalı bitkilər, sitrus meyvələri, göyərti yaşıl yarpaqlı tərəvəzlər fol turşusunun əsas mənbəyidir.

Qanazlığına qarşı sinklə zəngin məhsulları da gündəlik qida rasionuna daxil etmək vacibdir. Yumurta, buğda kəpəyi, cücərmiş buğda, günəbaxan balqabaq toxumu, moruq, qara qarağat, xurma, lobya, mərcimək, göyərti tərəvəzlər orqanizmi sinklə təmin edir.

 

Mövqe.- 2020.- 18 noyabr.- S.12.