Vətənin yaddaşında yaşayan qəhrəman...
Qızı Alinanın
ad günündə şəhid
olan Denis Proninin Azərbaycan sevgisi
Torpağı, vətəni öyən bir şərqidə deyildiyi kimi “qəhrəmanlar can verir yurdu yaşatmaq için”. Azərbaycan oğulları anadan qəhrəman doğulurlar desək yəqin ki, heç kəs etiraz etməz. Çünki həm 44 günlük Vətən Müharibəsində, həm də ondan əvvəl baş verən Birinci Qarabağ savaşında, bundan da yüz-yüz, min-nin il əvvəllər Azərbaycan oğulları yurdumuzu yağı caynağından azad etmək, onun tamlığını, bütövlüyünü qorumaq üçün cəbhədən cəbhəyə atılıb, düşmənə qan uddurub. Çoxmillətli, çoxkonfensiyalı Azərbaycanda yaşayan hər bir xalqın oğlu Vətənimizin ərazibütövlüyü uğurunda fədakarlıq göstərib, bəziləri qazi olub, bəziləri isə şəhidlik şərbətini içib. Bu ölkənin türkü də, talışı da, ləzgisi də, kürdü də, saxuru da, udisi də, rusu da, ukraynalısı da, lahıcı da, tatı da, yəhudisi də, başqa xalqları da Vətənin müdafiəsində şücaətlər göstərib, üç rəngli bayrağımızı ucaldıblar.
Qəhrəmanımız milliyyətcə rusdur, könüllü olaraq Vətən Müharibəsinə gedib. Füzuli istiqamətində düşmənlə savaşda böyük qəhrəmanlıq göstərərək şəhid olan 35 yaşlı Denis Pronini (Əliyev) xatırlamaq istəyirik. General Polad Həşimovun düşmən tərəfindən xaincəsinə vurulması Densin yuxusuna haram qatmışdı. Həyat
12 iyulda düşmənin Tovuz cəbhəsində törətdiyi silahlı təxribat Denisi ciddi narahat edirdi, o düşmənlə döyüşmək, ona layiqli cavab vermək üçün cəbhəyə getmək istəyirdi. Denisin həyat yoldaşı Aynur xanım deyir ki, generalımız şəhid olub. Denis milyonlarla Azərbaycan vətəndaşı, övladı kimi Polad Həşinovun və digər şəhidlərimizin qanını düşməndən almaq üçün əlinə silah almaq döyüşmək istəyirdi. Beliklə, sentyabrın 27-də düşmən növbəti təxribata əl atır, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev ölkədə qismən səfərbərlik elan edir. Könüllü olaraq döyüşə gedənlərin sırasında Denis Pronin də olur. “Müharibəyə tərəddüd etmədən, könüllü olaraq getdi” deyə Aynur xanım bildirir.
Əliyev (Pronin) Denis Aleksandroviç 26 may 1989-cu ildə Bakı şəhərində anadan olub, 59 saylı orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb və xidmətini Gəncədə artilleriya qoşunlarında çəkib.
Denisin uşaqlıq dostu Ruqiyyə Məmmədova bizimlə söhbətində bildirdi ki, Denisgillə uzun illər qonşu olublar və yaşayış ünvanlarını dəyişdikdən indiyə qədər onların əlaqələri davam edir. R. Məmmədova bildirdi ki, Denis məktəb illərində karate və taekvondo idman növləri ilə məşğul olub. Hərbi xidmətdən qayıtdıqdan sonra ailə qurub. Qaynaqçı işləyib. 2020-ci ilin sentyabr ayında könüllü orduya yazılıb.
“Denis çox insanpərvər, qayğıkeş, ləyaqətli oğlan idi. Onu tanıyanıarın hamısı onun barəsində yalnız xoş sözlər deyir, onun hər kəsin dadına yetişdiyindən, olduqca istiqanlı və tərbiyəli, yüksək mədəniyyətə malik olduğundan danışır. Denisin Vətəni Azərbaycana, insanlarına məhəbbəti sonsuz idi. Azərbaycan dilinə mükəmməl bələd idi, bu dildə sərbəst danışırdı. Yenə də Azərbaycana olan məhəbbətindən dolayı Denis uzun illər idi soyadını dəyişib, Əliyev olmuşdu. Rəsmi olaraq bütün sənədlərdə onun soyadı Əliyev kimi qeyd olunur. Denisin şəhid olması xəbəri bizi dərindən sarsıtsa da, onun Vətən uğurunda canını fəda etməsi ailəsini, dostlarını, yaxınlarını, qonşularını, bir sözlə, bütün Azərbaycan xalqını qürurlandırır. O, şəhid olduqdan sonra evlərinə getdik. Həyat yoldaşı Aynur xanımla bacıları ilə həmsöhbət olduq, Denisdən danışdıq, onun işıqlı xatirəsini yada saldıq. Aynurə xanım dedi ki, 2020-ci ilin iyul hadisələrində Vətənin bir sıra igid oğullarının şəhid olması Denisə həddindən artıq pis təsir etmişdi. O, tez-tez evdə Azərbaycan ordusuna könüllü olaraq qoşulacağı barədə söz açmış və sentyabr ayında cəbhəyə pulemyotçu olaraq təyin olunmuşdur. Füzuli rayonu istiqamətində gedən döyüşlərdə başının arxasına tuş gələn qəlpə yarasından dünyasını dəyişib. Denisi tanıyanlar, onun doğulub-böyüdüyü Həzi Aslanov qəsəbəsinin, daha sonra anası ilə köçüb, bir neçə il yaşadığı Keşlə qəsəbəsinin sakinləri onunla fəxr edir, əziz xatirəsini ehtiramla yad edir və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən ona milli qəhrəman adının verilməsini yekdilliklə rica edirlər. Çünki Denis nə milliyyətinə, nə də mənsub olduğu dinə məhəl qoymadan, “Vətənim Azərbaycan!” deyərək qəhrəmancasına həlak oldu” - deyə R.Məmmədova qeyd edir.
Bu gün Denisdən yadigar 10 yaşında bir qız övladı qalıb. Denisin dünyasını dəyişdiyi 8 oktyabr günü qızı Alinanın 10 yaşı tamam olurdu. Amma o qızının ad günüdə iştirak edəcəyinə söz versə də, yağı düşmən atanın arzusunu ürəyində, Alinanın isə gözlərini yolda qoydu… Amma Alina atasının uca şəhidlik adı ilə qürur duyur. Densin xatirəsini əziz tutan qədirbilən insanlarımız onun evinə, ailəsinə baş çəkir, qayğıları ilə maraqlanır. Aynur xanım deyir ki, yoldaşımın xatirəsinə hörmətini ifadə etmək üçün bizə çox adam baş çəkir:“Bu cür dəstəyi gözləmirdim, çox təsirlənirəm. Həyata optimist baxan insan idi. Ölkəsini çox sevirdi və heç bir tərəddüd etmədən könüllü olaraq cəbhəyə getdi!. İnanın, onunla istədiyimiz kimi vidalaşa da bilmədik. Gedərkən sadəcə tezliklə qayıdacağına söz verdi. Hələ ki, onun yoxluğuna öyrəşmək olmur… Ancaq indi müharibə dövründə yaşayırıq və bu qədər vətənpərvərliyin olmasından məmnunam. Hər kəs doğma torpaqlarının azad edilməsi üçün cəbhədə döyüşə getməyə hazırdır. Xalqın vətənpərvərlik ruhu yüksəkdir. Mənim həyat yoldaşım da vətənpərvər idi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını verdi”.
Denis vətəni, yurdu düşməndən azad etmək üçün cəbhəyə getdi… Denis torpaqlarımızın düşmən tapdağından tam olaraq azad olunduğu günü görməsə də, onun ölməz ruhu bu təntənəyə şahidlik etdi. Əbədi yaşayacaq qəhrəmanımız, çünki qəhrəmanlar əbədi yaşayır, şəhidlər heç zaman ölmür.
Artıq 40 gündən çoxdur ki, Denis şəhidlik zirvəsinə ucalıb, onun və onun kimi qəhrəman oğulların ruhu azad torpaqlarımızın üzərində əbədi olaraq dolaşacaq, torpaqlarımıza göz dikənin gözlərini ovacaq.
“Mən sağ olmasam da, Vətən sağ olsun” deyən igidlərimizdən biri olan D. Pronin xatirəsi bizim üçün əzizdir…
Aytəkin KƏRİMLİ
Mövqe.- 2020.- 24
noyabr. S. 7.