Azərbaycan bəstəkarlıq məktəbinin şuşalı bəstəkarları-Üzeyir bəydən başlayan yolun davamçıları...

 

Ölüm sevinməsin qoy, ömrünü vermir bada

El qədrini canından daha əziz bilənlər!

Şirin bir xatirədək yaşayacaq dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər!

 

Son payız günlərinin birində gözünü əbədi olaraq yuman Şərq musiqisinin peyğəmbəri, Azərbaycan perofesional bəstəkarlıq məktəbinin atası dahi Üzeyir Hacıbəyovun vəfatı münasibətilə dahi Səməd Vurğun yazdığı misaları təsadüfən xatırlamadıq. Səməd Vurğun bu şeiri 1948-ci ilin 23 noyabr tarixində fani dünyadan köç edən, ömrünü Azərbaycan musiqi mədəniyyətinə, ictimai fikir tarixinə, milli mədəniyyətimizin öz varlığını qorumasına zərrə-zərrə xərcləyən şuşalı Üzeyir bəyin cənazəsi üzərində söyləmişdi...72 il bundan əvvəl Üzeyir bəy dünyadan köç edib. Bu gün dahi Üzeyir bəy başda olmaqla onun şuşalı yetirmələrini xatırlayacağıq.

28 il idi ki, Üzeyir bəyin və onun özülünü qoyduğu Azərbaycan bəstəkarlıq məktəbinin şuşalı bəstəkarlarının ruhu didərgin idi. Şuşalı Zülfüqar bəy Hacıbəyovun, Soltan Hacıbəyovun, Əşrəf Abbasovun, Süleyman Ələsgərovun ruhları sızım-sızım sızıldayırdı... Bəlkə də onların ruhları indiki kimi heç zaman sevinməyib, şadlanmayıb, qanadlı quşa dönüb vüqarla Şuşa göylərində süzməmişdi. İndi sızıldayan ruhların bayramıdır. Şuşalı dahi Üzeyir bəyin, Soltan, Zülfüqar Hacıbəyovların, Əşrəf Abbasovun və Süleyman Ələsgərovun Şuşa nisgilli ruhları bəlkə də indiyə qədər belə sevinməmişdi.

Şuşalı Üzeyir bəyin hekayəti...

18 sentybar 1885-ci ildə o zamanlar Şuşa qəzasına daxil olan Ağcabədidə doğulub, günəş kimi bütün Azərbaycanı, Qafqazı, Şərq aləmini işıqlandırıb.  Azərbaycan peşəkar musiqi sənətinin və milli opesının əsasını qoyan Üzeyir bəy həm bir bəstəkar, həm bir musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi tariximizdə əbədi olaraq yaşayır. Üzeyir Hacıbəyovun əsərləri dünya musiqi incilərindən sayılır. 1937-ci ildə Stalin represiya maşının qanlı caynaqlarından Üzeyir bəyi onun ölməz əsərləri xilas edib. 1937-ci ildə Azərbaycan SSR xalq artisti, 1938-ci ildə SSRİ xalq artisti, iki dəfə Stalin mükafatı laureatı (1941, 1946), Lenin ordeni laureatı (1938) və “Qırmızı əmək bayrağı” ordeni laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948), Azərbaycan Xalq Cumhuriyyətinin, Azərbaycan SSR-nin və Azərbaycan Respublikası himnlərinin musiqi müəllifi olan Üzeyir bəyin həyatı, taleyi çox tufanlardan, boranlardan adlayıb keçib.

Ü.Hacıbəyovun 1908-ci il yanvarın 12-də (yeni təqvimlə 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulub.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru  Zülfiyyə Eldarqızı bizimlə söhbətində bildirdi ki, şuşalı Üzeyir Hacıbəyov olmasaydı Azərbaycan musiqisinin taleyini indiki kimi təsəvvür etmək çox çətin olardı.

Z.Eldarqızı vurğuladı ki, dahi bəstəkarımız, professional klassik musiqimizin banisi Üzeyir Hacıbəyov  1908-ci ildə yanvar ayında tamaşaya qoyulan “Leyli və Məcnun” muğam operası milli opera sənətinin və Azərbaycanın bütün professional bəstəkarlıq yaradıcılığının əsasını qoyub.  “Leyli və Məcnun” operasını yalnız Azərbaycanın deyil, bütün Şərq aləminin, türk dünyasının, bütövlükdə isə bəşəriyyətin şah incisi olduğunu deyən ekspert Üzeyir Hacıbəyovun musiqi tariximizə Azərbaycan musiqi mədəniyyətinin klassiki, onun yeni mərhələsinə təkan verən, milli musiqi ənənələrini Avropa musiqisinin qanunauyğunluqları ilə ilk dəfə üzvi surətdə birləşdirən dahi sənətkar kimi daxil olduğunu dedi.

Şuşa mənfur ermənilər tərəfindən işğal ediləndə deyərdim ki, ən çox Üzeyir bəyin ruhu narahat olub. Bu gün artıq Şuşa azaddır, Şuşada Azərbaycan bayrağı dalğalanır. Məhz indi ən çox sevinən də Üzeyir bəyin ruhudur. Üzeyir bəyin ev muzeyi bədnam ermənilər tərəfindən dağıdılıb, amma ümid edirəm ki, yaxın zamanlarda Üzeyir bəyin və bizim digər böyük şəxsiyyətlərimizin dağıdılan muzeyləri, güləllənən heykəlləri yenidən bərpa ediləcək”.

Daşnakların gülləbaran etdiyi Üzeyir bəy ölümün pəncəsindən necə xilas olur...

Üzeyirşünaslar yazır ki, 1918-ci ildə ermənilərin Azərbaycanda törətdiyi mart qırğını zamanı erməni daşnakları Üzeyir bəyin evini gülləbaran ediblər. Şərqin ilk operasını yazan bəstəkara qısqanclıqla yanaşan daşnaklar evin divarlarını, damını güllə yağışına tuturlar. Bu qəlpələr 1975-ci ildə bəstəkarın ev-muzeyinin açılışı ərəfəsində təmizlənib.

Sovet hakimiyyətinin ilk illərində Üzeyir Hacıbəyovun adı tez-tez xalq düşmənləri sırasında səslənməyə başlayır. 1920-ci ildə bəstəkarı güllələmək istəyirlər. Bu təhlükə sırf təsadüf nəticəsində sovuşur. Üzeyir Hacıbyovun qaynı Hənəfi Terequlov əqidəcə qatı kommunist idi. O, təhlükəsizlik idarəsi şöbə müdirlərinin birinin masasının üstündə təsadüfən haqqında güllələnmə hökmü çıxarılan 59 nəfərin siyahısında Üzeyir Hacıbəyovun da adını görür. Başılovlu Nəriman Nərimanovun yanına gedərək, vəziyyəti danışır. Nəriman Nərimanov müvafiq orqanlardan həmin siyahını tələb edir. Onları tələm-tələsik qərar çıxarmaqda günahlandıran Nərimanov bu siyahını cırıb atır. Nəriman Nərimanov bəstəkara bir müddət Bakıdan uzaqlaşmağı məsləhət görür.

1939-cu ildə Üzeyir Hacıbəyov şəkər xəstəliyinə tutulur. Uzun illər Üzeyir Hacıbəyovun şəxsi katibi işləyən yaxın qohumu Ramazan Xəlilovun dedyinə görə, bəstəkar bu xəstəliyi bədnam qonşularımızın ucbatından tapıb. Belə ki, 1939-cu ildə Moskvada ittifaq miqyasında milli musiqi alətləri ifaçılarının müsabiqəsi keçirilir. Stalinin göstərişi ilə münsiflər heyətinə Üzeyir Hacıbəyov başçılıq edirdi. Müsabiqə zamanı bəstəkar bərk əsəbiləşir, təbiətcə sakit insan olan Üzeyir bəy uzun müddət sakitləşə bilmir: Azərbaycanı təmsil edən ifaçılar arasında ermənilərin olmasına baxmayaraq, Bakı erməniləri Moskvaya məktub yazırlar və bildirirlər ki,Üzeyir Hacıbəyov millətçilik edərək qeyri-millətlərin müsabiqədə iştirakına əngəllər törədir. 30-cu illər üçün bu ittiham ən ağır ittiham idi. Molotov ona ünvanlanan ərizəyə dərkənar qoyaraq, bəstəkara göndərir: “Özünüz həll edin”. Başdan-ayağa böhtan olan bu ərizə bəstəkarın əsəblərinə ciddi təsir göstərir və o, şəkər xəstəliyinə tutulur. Bunlar da Üzeyirşünasların qeydlərindəndir.

Zülfüqar Hacıbəyovun “Üç aşiq və ya Məlikməmməd” adlı fantastik süjetə malik operası niyə səhnəyə qoyulmadı?

Hacıbəyov qardaşlarının milli musiqi tariximizin inkişafına xüsusi töhfələr verdiyin danılmaz olduğunu qeyd edən ekspert bildirdi ki, Zülfüqar Hacıbəyov Üzeyir bəydən bir yaş böyük olub. O, 17 aprel 1884-ci ildə Şuşada doğulub. Azərbaycan və sovet bəstəkarı kimi tarixə düşən Z.Hacıbəyov Azərbaycan SSR əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının banilərindən biridir. O, dahi drijorumuz Niyazi Tağızadənin atasıdır. O, ilk Azərbaycan muğam operalarından biri olan “Aşıq Qərib”, “Evliykən subay”, “Əlli yaşında cavan” musiqili komediyalarının müəllifi kimi mədəniyyət tariximizdə xüsusi rol oynadığını deyən Z.Eldarqızının sözlərinə görə, Z. Hacıbəyov ilk Azərbaycan operettası - “50 yaşında cavan” əsərini 1910-cu ildə yazıb. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Həm mətni, həm də musiqisi Zülfüqar Hacıbəyov tərəfindən yazılan əsər sadə və əyləncəli məzmuna malik üçpərdəli və dördşəkillidir. Əsərin ilk tamaşası 1911-ci ilin aprel ayında Tiflis şəhərinə Gürcü Zadəganları Teatrında olduğunu qeyd edən ekspert bildirir ki, sonralar operetta Bakıda, Naxçıvanda, İrəvanda və Şuşada göstərilir. Z. Hacıbəyov Azərbaycanın musiqi sənətinə, bəstəkarlarının yaradıcılığına yeni bir cərəyan gətirən “Aşıq Qərib” operasında xalq rəvayətindən istifadə olunub. O, 1917-ci ildə “Üç aşiq və ya Məlikməmməd” adlı fantastik süjetə malik bir operanın səhnəyə qoyulması üçün xüsusi geyimlər də hazırladır. Buna baxmayaraq, sovet hökumətinin təzyiqi nəticəsində əsər tamaşaya qoyulur.

XX əsrin birinci rübündə məşhurlaşan “Kənd qızı”, “Çoban qız” və “Əsgər nəğməsi” bəstəkarın ilk mahnıları sayılır. Azərbaycan klassik musiqisinin formalaşmasında da Zülfüqar Hacıbəyovun rolu böyükdür.

8 noyabr 2020-ci il tarixində “Karvan”ı Şuşaya çatan bəstəkar...

Azərbaycan Xalq Cumhuriyyətinin Şuşasında doğulub bəstəkar Soltan İsmayıl oğlu Hacıbəyov. 1919-cu ilin 8 may tarixində əsrarəngiz Şuşada dünyaya gələn bəstəkarın ruhu həm də ona görə narahat idi ki, Şuşanın işğalı onun doğum günündə baş vermişdi. Bu gün isə böyük bəstəkarın ruhu sevinir, sevinir ki, Şuşa yad əllərdən, yağı tapdağından xilas olub. Görkəmli  Azərbaycan bəstəkarı, dirijoru, pedaqoqu, professor,  SSRİ xalq artisti, Soltan Hacıbəyov Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru, Azərbaycan Bəstəkarlar İttifaqının katibi və Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifələrində çalışıb.

Bəstəkarın ilk əsəri xor və simfonik orkestr üçün yazılmış “Pioner kantata”sı və “Qızıl gül” musiqili komediyasıdır. “Qızıl gül” əsəri 1940-cı ildə Bakı Musiqili Komediya teatrının səhnəsində böyük müvəffəqiyyətlə tamaşaya qoyulur...

S. Hacıbəyovun I simfoniyası bu dövrdə yazılmış simfoniyalar arasında mühüm yer tutur. 1945-ci ildə Türkmənistan Opera və Balet teatrı S. Hacıbəyova “Kəminə və Qazı” operasını yazmağı sifariş etdi. Həmin əsərin simfonik parçası “Karvan” adlanır. Orta Asiya mənzərəsini musiqi dili ilə canlandıran bəstəkar “Karvan”da təsviri lövhələrə meyl edir, ayrı-ayrı parlaq lövhələrlə, cizgilərlə və rəngarəng musiqi vasitələri ilə qızmar cənub təbiətini, hüdudsuz səhranın vüsətini, karvanın həzin, ahəstə hərəkətini böyük ustalıqla dilə gətirir.

Bu gün sevinirik ki, S.Hacıbəyovun “Karvan”ı artıq narahat-narahat səhralarda dolaşmır, o artıq Şuşaya çatıb, Şuşada ruhunun bayramını edir.

1920-ci ilin 23 mart tarixində Şuşada doğulan görkəmli bəstəkarımız pedoqoq, respublikamızın ilk musiqişünası, Azərbaycan SSR əməkdar incəsənət xadimi, Azərbaycan SSR xalq artisti, professor, Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində işləmiş Əşrəf Abbasov 1992-ci ilin 8 fevral tarixində həyatdan köçüb. Şuşanın işğalı onun ölümündən sonra baş verib. Ə.Abbasov 1965-ci ildə ilk Azərbaycan uşaq baleti “Qaraca qız”ı yazıb. O, fortepiano və orkestr üçün konsertin (1946), simfonik orkestr üçün “Konsertino”nun (1948), “Şuşa” (1945), “Gələcək gün” (1952), “Dramatik” (1953) simfonik poemalarının, “Səndən mənə yar olmaz” (1963), “Dağlar qoynunda” (1970), “Həyatım mənim, həyətim mənim” (1976) operettalarının, bir çox instrumental əsərin xor mahnı, romansın müəllifidir.

Ə.Abbasov da Şuşanın böyük bəstəkarlarından biridir və milli bəstəkarlıq məktəbimizin işıqlı simalardındadır.

 “Xoşbəxtlikdən qarşıma çıxan ilk şəxs də Üzeyir bəy oldu...”

1924-cü ilin 22 fevral tarixində Şuşada doğulan böyük bəstəkarımız Süeyman Ələsgərov 2000-ci ilin 21 yanvarında “Şuşa” deyə deyə əbədi olaraq həyata vida deyib. Amma bu gün Süleyman müəllimin ruhu sevinir. Onun Şuşadakı evi düşmən tərəfindən dağıdılıb, həyət-bacası viran qoyulub. Amma bütün bunlar bəstəkarın sevinən ruhuna zərrə qədər də olsun nisgil qata bilməz, çünki artıq Şuşa bizimdir, Süleyman müəllimin də ruhunun rahatlıq tapdığı şəhərimizdir.   

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Səadət Təhmirazqızı Süleyman Ələsgərovun Üzeyir nəfəsli bəstəkar, Üzeyir ruhlu sənətkar kimi də dəyərləndirir: “... Süleyman müəllim Üzeyir Hacıbəylidən dərs alan bəstəkarlardan biri idi. Süleyman müəllim hər zaman söhbətlərində qeyd edirdi ki, Ü.Hacıbəylidən tək sənət deyil, həm də həyat dərsi almışam”.

Şuşanın azadlığı, özgürlüyü ruhu narahat şuşalı sənətkarların ruhunun azadlığı, özgürlüyüdür. Ruhunuzun azadlığı əbədi olsun!

 

Leyla QARAXANLI

Mövqe.- 2020.- 24 noyabr. S. 10.