"Azərbaycanın ərazi bütövlüyü
bərpa olunması tarixi ədaləti təmin
edəcək"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
oktyabrın 5-də Türkiyənin "TRT Haber” televiziya
kanalına müsahibə verib.
AZƏRTAC müsahibəni
təqdim edir.
-Cənab Prezident və Ali Baş
Komandan İlham Əliyev, "TRT Haber”ə xoş gəldiniz.
Zaman ayırdığınız üçün
təşəkkür edirəm. İşğal altındakı
torpaqlarınızdan bu günədək nə qədəri
geri alınıb. Hərəkat bu anda hansı
mərhələdədir və planladığınız
çərçivədə gedirmi?
-Bəli, hər şey plan üzrə gedir. Bu günə
qədər qarşımızda duran bütün
vəzifələr icra edilmişdir. Azərbaycan Ordusu uğurla irəliyə
gedir. Bir çox
yaşayış məntəqələri, bir
şəhər, bir neçə kənd işğaldan azad
edildi. Hazırda
müxtəlif istiqamətlərdə şiddətli döyüşlər
gedir.
Bildiyiniz kimi,
dünən Cəbrayıl şəhəri işğaldan
azad edildi və Cəbrayıl rayonunun bir neçə
kəndi də işğaldan azad edildi. Ümid edirəm ki, bundan sonra da
Azərbaycan Ordusu öz missiyasını uğurla icra
edəcək və Azərbaycanın ərazi
bütövlüyü bərpa olunacaq. Bizim əsas məqsədimiz bundan
ibarətdir. Bu
məqsəd tarixi ədaləti təmin edəcək. Eyni zamanda, bu beynəlxalq qanunlara da
hörmət əlaməti kimi qəbul edilməlidir. Çünki Dağlıq Qarabağ
və işğal edilmiş digər torpaqlar
Azərbaycanın tarixi torpaqlarıdır. Beynəlxalq hüquq baxımından da bu
torpaqlar Azərbaycan dövlətinə məxsusdur.
-Atəşkəs çağırışlarına cavab
verərkən heç bir ölkə liderinə zəng
etmədiyinizi, sadəcə, danışmaq
istəyənlərlə vəziyyəti
dəyərləndirdiyinizi bildirdiniz. Ermənistanın baş naziri Paşinyanın isə
adəti üzrə yalvardığını, bir çox
dövlət başçısına zəng etdiyini
vurğuladınız. Keçmiş
təcrübələriniz əsasında bu dəfə
başqa ölkələrin atəşkəs
çağırışlarının nəticə
verəcəyini düşünürsünüzmü?
-Atəşkəs müəyyən
şərtlərlə təmin edilməlidir. Çünki bu
günə qədər bizə ünvanlanan
çağırışlar, sadəcə bundan ibarətdir
ki, atəşkəsi təmin edin, müharibəyə ara verin, ondan sonra
müzakirələr davam etsin. Hansı müzakirələr davam edəcək,
müzakirələr nəyin əsasında davam
edəcək, bunlar bizə deyilmir. Biz bu müzakirələrdə artıq 30
ilə yaxındır ki, iştirak edirik və
ümidlərlə iştirak edirdik. Əgər ümidlərimiz olmasaydı,
təbii ki, bu müzakirələrdə iştirak etməzdik. Hər zaman müzakirələr mövcud
olan prinsiplər əsasında gedirdi. Bu prinsiplərin arasında
Azərbaycanın ərazi bütövlüyünün
bərpası məsələsi vardır. İşğal altında olan
bölgələrin mərhələli şəkildə azad
edilməsi, bizə qaytarılması, ondan sonra da
sülhün təmin olunması məsələsi müzakirə
mövzusu idi. Amma
bugünkü Ermənistan bütün əvvəldən,
bəri başdan əldə edilmiş prinsipləri pozaraq
bizə qarşı yeni hücum təşkil etdi. Təbii ki, biz əks-hücum
əməliyyatına keçib öz torpaqlarımızı
Azərbaycan əsgərinin gücü ilə azad edirik. Ona
görə, sadəcə, atəşkəsin bərpa
edilməsi məsələsi müzakirə mövzusu ola bilməz. Bizim tələblərimiz var. Mən bunu
artıq rəsmən bəyan etmişəm. Bizə çox ciddi zəmanətlər
verilməlidir. Beynəlxalq
vasitəçilər bizə bu zəmanətləri
təsdiq etməlidirlər. Eyni zamanda, Ermənistanın işğal
edilmiş torpaqlardan çıxmaq qrafiki, yəni
cədvəli bizə verilməlidir, hansı gün hansı
bölgədən çıxacaq. Təbii ki, o zaman müharibə dayanacaq. Çünki biz istəyirik ki, bu
məsələ sülh yolu ilə həll olunsun, amma həll
olunsun. Bəzi vasitəçilər
istəyirlər ki, sadəcə atəşkəs olsun. Atəşkəs isə 1994-cü ildən
qüvvədədir. Bu illər ərzində
niyə bu məsələ həll olunmadı? Birləşmiş Millətlər
Təşkilatının qərarları niyə icra
edilmədi? Təcavüzkar
dövlətə sanksiyalar niyə tətbiq edilmədi? Bütün bu suallar havada qalır. Bu suallara cavab yoxdur. Bu gün Azərbaycanın
şanlı Ordusu öz uğurlu əməliyyatlarını
keçirərkən, bizim dədə-baba
torpaqlarımızı azad edərkən bu
çağırışlar gəlir ki, nəbadə
irəliyə getməyin, ara verin.
Müharibənin öz qaydaları, öz qanunları var.
Hər günün öz əhəmiyyəti var, önəmi
var. Biz ara versək, qarşı
tərəf toparlanacaq, əlavə qüvvə
yığacaq. Onsuz da onların
çıxışlarında göstərilir ki,
Ermənistanın xaricində yaşayan erməniləri də
onlar bu müharibəyə cəlb edirlər. Beləliklə, bu müharibəni regional
müstəvidən çıxarıb qlobal
müharibəyə çevirmək istəyirlər. Ona görə bizim atəşkəslə
bağlı sözümüz birdir. Biz
buna hazırıq. Amma müəyyən
şərtlər var ki, onları da mən
açıqlamışam.
-Açıqlamısınız. Zəmanət
verilirsə dediniz, hansı zəmanəti nəzərdə
tutursunuz?
- Birinci zəmanət. Ermənistanın
baş naziri bir il bundan əvvəl bizim
torpaqlarımızda demişdi ki, "Qarabağ
Ermənistandır”, Azərbaycan xalqından üzr
istəməlidir. İkincisi, o deməlidir ki,
Qarabağ Ermənistan deyil. Üçüncüsü,
Azərbaycanın ərazi bütövlüyünə
hörmət etməlidir. Dördüncüsü,
bəyan etməlidir ki, hansı gündə, hansı
bölgədən Ermənistan silahlı qüvvələri
çıxır. Bu şərtlər
Minsk qrupunun həmsədrləri tərəfindən təsdiq
edilməlidir. O halda təbii ki, atəşkəs
bərpa olunacaq və beləliklə, bu məsələ
müzakirə yolu ilə həll olunacaq, Azərbaycan xalqı
öz doğma torpaqlarına qayıdacaq. Amma biz
bilməliyik ki, bu, nə zaman olacaq. Çünki biz 30
ildir ki, gözləyirik, 30 il bizə
verilən vədlər, deyilən sözlər həyatda
reallaşmır, gerçəkləşmir. Azərbaycan
xalqı artıq buna dözə bilmir, Azərbaycan
dövləti dözə bilmir. Bizə
konkret, real tarix deyilməlidir ki, onlar nə zaman hansı
bölgədən çıxacaqlar.
-İndi dediyiniz 30 il ərzində bu
günə qədər bir çox söz verildi. Bundan sonra veriləcək sözə necə
güvənəcəksiniz?
-Elə onun üçün mən
söyləyirəm ki, sözdən başqa, bizə konkret
tarix verilməlidir. Əgər o tarixdə, -
bilmirəm veriləcək, verilməyəcək, -
veriləcək tarixdə Ermənistan silahlı
qüvvələri bəlli olan bölgələrdən
çıxmazsa, o zaman biz də atəşkəsə riayət
etməyəcəyik.
-Qarşıdurmalar daha böyük müharibəyə,
böyük regional böhrana yol aça bilərmi? Narahatlığınız varmı?
-Bunu onsuz da Ermənistan istəyir. Onların
çirkin əməlləri buna hesablanıb. Biz hesab edirik ki, buna yol vermək olmaz. Bu müharibə Azərbaycanla Ermənistan
arasında olan müharibədir. Bu
müharibəni biz başlamamışıq. Biz bu müharibənin səbəbkarı deyilik.
Biz, sadəcə olaraq, özümüzü
müdafiə edirik və öz torpaqlarımızı geri
istəyirik. Bizim Ermənistan
torpaqlarında gözümüz yoxdur. İyul
ayında Ermənistan-Azərbaycan sərhədində
ermənilər tərəfindən başlanan
qarşıdurmalar nəticəsində Azərbaycan Ordusu
Ermənistan torpağına keçmədi, halbuki ora
keçə bilərdik. Onlara çox
güclü zərbələr endirdik və onlar da geri
çəkildi. Bizim qarşımızda
heç bir maneə, heç bir əngəl yox idi. Biz onu etmədik. Çünki
mən söylədim ki, bizim Ermənistan Respublikasının
torpaqlarında hər hansı bir hərbi hədəfimiz
yoxdur. Ermənistan isə bu gün
Azərbaycana Ermənistan ərazisindən hücum edir. Bax, dünən Gəncəyə zərbələr
Ermənistan ərazisindən vuruldu, Mingəçevirə
zərbələr vuruldu. Bizim orada
böyük stansiyamız var. Mərmilərdən biri stansiyanın yanına
düşdü. Doğrudur, onların mərmiləri elə
mərmilərdir ki, - siz mühümmat deyirsiniz
mərmilərə, - onların bəziləri partlamadı.
Bəzilərini isə bizim hava hücumundan
müdafiə qurğularımız havada məhv etdi. Onlar bizi bu təxribata çəkirlər ki, biz
də Ermənistana hücum edək, Ermənistana
zərbələr endirək. Ondan sonra da
çıxıb bütün dünyaya desinlər ki,
Azərbaycan bizə hücum edir, gəlin Ermənistanı
xilas edin, yəni Ermənistan canını qurtarır.
-Ermənistanın beynəlxalq hüquqla
çərçivələnmiş sərhədlərində
bu hücumlar davam edərsə, vaxt gələrsə, yenə
bugünkü mövqeyinizi qoruyacaqsınız, yoxsa..?
-Bunu demək hələ tezdir. Biz
qarşıdurmaların gedişinə baxacağıq. Hər halda, bizə vurulan hər bir zərbənin
mənbəyi bizim üçün qanuni hədəfdir,
legitim hədəfdir. Biz bu
hədəfləri vurmağa məcbur olacağıq. Bu gün Azərbaycan Ordusu yalnız hərbi
hədəfləri vurur. Bu,
videogörüntülərdə artıq hər kəs
üçün aydındır, hər kəs bunu görə
bilir. Biz yalnız Ermənistanın
işğalçı ordusuna qarşı
döyüşürük. Mülki
əhaliyə qarşı heç vaxt
döyüşməmişik. Bu gün
də etmirik və etməyəcəyik.
- Qaşaltı Qaraqoyunluda gördüm, ikisi uşaq
olmaqla, beş Azərbaycan
vətəndaşı qətlə yetirildi. Azərbaycan
Ordusunun 27 sentyabr erməni hücumlarına cavab verməsi
ilə başlayan hərəkatın son hədəfi artıq
bəllidir: Dağlıq Qarabağın
Ermənistanın işğalından qəti
şəkildə azad edilməsi, təmizlənməsi,
boşaldılması. Siz ilk gündən
etibarən dediniz ki, bundan sonra döyüşlər ancaq
Azərbaycanın işğal altındakı torpaqlarından
Ermənistanın qeyd-şərtsiz çıxması ilə
dayandırılacaq. Hələ də eyni
mövqedəsiniz, düzgünmü anlayıram?
-Bəli, mənim mövqeyimdə hər hansı bir
dəyişiklik yoxdur. Biz bu məsələni
tarixi ədalət əsasında həll etməliyik. Tarixi ədalət onu deyir ki, Qarabağ qədim
Azərbaycan torpağıdır və bütün tarixi
sənədlər, bütün tarixi abidələrimiz bunu
göstərir. Eyni zamanda, biz
həmişə müzakirə masasında çox
müsbət davranış nümayiş etdirmişdik və
müzakirə masasında olan təkliflər də bu
məsələnin həllini mümkün edir. Orada göstərilir ki,
mərhələli həll olmalıdır. İlk mərhələdə ermənilər beş
bölgədən çıxır, sonrakı
mərhələdə daha iki bölgədən
çıxır, ondan sonra vaxtilə Dağlıq
Qarabağın ərazisindən qovulmuş
azərbaycanlılar Dağlıq Qarabağa
qayıdır, o cümlədən Şuşaya
qayıdır, iki toplum çərçivəsində
artıq həyat bərpa edilir, Ermənistan-Azərbaycan
arasındakı sərhəd açılır, ticarət
başlanır, ondan sonra insanlar bir-biri ilə təmasa
girirlər və beləliklə, sülh gələcək. Yəni bu, bizim mövqeyimizdir və bu, beynəlxalq
vasitəçilərin, həmsədrlərin də
münasibətidir. Ermənistan bunu
qəbul etmir. Bundan əlavə
Ermənistanın müdafiə naziri bir neçə ay
öncə demişdir ki, biz yeni torpaqlar uğrunda yeni
müharibəyə başlamalıyıq.
-Qısa adı ATƏT olan Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatının Minsk
qrupunun 3 həmsədr ölkəsi var – Amerika
Birləşmiş Ştatları, Rusiya və Fransa. Sizə atəşkəs
çağırışı etdilər. Cavabınız dəyişdimi? Şərtiniz
yerinə yetirilmədiyi təqdirdə, yəni işğal
altındakı torpaqlardan ermənilərin
çəkilmədikləri müddətdə hər
hansı atəşkəs ehtimalı varmı?
-Bizim mövqeyimizdə hər hansı bir dəyişiklik
yoxdur. Mən bunu sizə bu gün bir daha dedim. Hətta biz ona da hazırıq ki,
əgər bizə erməni silahlı qüvvələrinin
torpaqlarımızdan çıxarılması tarixləri
verilərsə, o zaman atəşkəs üzərində
çalışmaq olar. Amma onu da
bilməliyik ki, atəşkəsi bərpa etmək o
qədər də asan məsələ deyil. Çünki atəşkəs
birtərəfli bərpa edilmir və bu anda çox ciddi
şiddətli döyüşlər gedir. Hər iki tərəf yerlərdə olan
əsgər və zabitlərə təlimat verməlidir. Biri buna əməl edəcək, o biri
əməl etməyə bilər. Yəni o, çox çətin bir
prosesdir. Ancaq əgər o
çıxma tarixi bizə verilərsə təbii ki, biz bu
təlimatı verəcəyik. O zaman Minsk qrupunun
həmsədrləri və digər ölkələr,
mümkün olan ölkələr buna qoşularsa,
atəşkəs bərpa oluna və beləliklə, bu
döyüşlərə son qoyula bilər.
-Mümkün olan ölkələr deyərkən nəyi
nəzərdə tutursunuz?
- Türkiyəni. Türkiyə
güclü bir dövlətdir, dünya miqyasında
böyük potensiala malik olan ölkədir, bizim
qonşumuzdur, Ermənistanın qonşusudur, Cənubi
Qafqazın qonşusudur. Ona görə təbii ki,
Türkiyə bu işlərdə fəal olmalıdır
və mən fürsətdən istifadə edərək, bizim
bütün türk qardaşlarımıza öz adımdan, Azərbaycan
xalqı adından təşəkkürümü
bildirmək istəyirəm, başda əziz qardaşım,
cənab Prezident Rəcəb Tayyib Ərdoğan olmaq
şərtilə. Türkiyənin
ilk saatlardan bizə göstərdiyi dəstək xüsusi
önəmə malikdir. Bu,
təkcə öz qardaşlarına verilən dəstək
deyil. Odur ki, biz - bütün
Azərbaycan xalqı buna görə dərin
təşəkkür hissi ilə yaşayırıq. Eyni zamanda, bu döyüşlərin daha
böyük müstəviyə çıxmaması
üçün Türkiyənin qəti münasibəti
çox önəmlidir. Çünki Türkiyə dedi
ki, biz Azərbaycanın yanındayıq, sona qədər
Azərbaycanın yanındayıq. Azərbaycan haqq yolundadır, haqq-ədalət
Azərbaycanın tərəfindədir və bu, bir çox
başqa aktorlara da xəbərdarlıq oldu. Ona görə bundan sonrakı sülh
prosesində Türkiyə mütləq olmalıdır. Təbii ki, sülh prosesi başlanacaq,
müharibə daim aparıla bilməz və bu, nə
qədər tez olsa, o qədər də yaxşıdır. Məhz, bizim fikrimiz bundan ibarətdir
və beləliklə, artıq bu bölgədə
uzunmüddətli dayanıqlı sülh təmin edilə
bilər.
-Cənab Prezident, Minsk qrupunun həmsədrləri
deyərkən Fransanı ayrı bir yerə qoyursunuz.
- Fransa özünü ayrı yerə qoyur, mən
qoymuram. Bütün prosesdə
biz həmsədrlərə eyni gözlə
baxmışıq və mən dəfələrlə
rəsmi çıxışlarımda demişdim ki, hər
bir ölkə ilə Azərbaycanın ayrı
münasibətləri var, təbii ki, bu
münasibətlərin səviyyəsi fərqlidir. Amma, eyni
zamanda, bu məsələdə biz bu ölkələri
bir-birindən ayırmırıq və bu ölkələr
deməliyəm ki, bütün proses boyunca son olaylara
qədər vahid bir mövqedən çıxış
edirdi, bitərəf idi, yəni tərəf tutmurdu. Halbuki biz bilirdik ki, bəlkə də
bunların ürəyində tərəftutma var. Bu da
təbiidir. Amma rəsmi
addımlarda və bizimlə təmaslarda heç zaman bunu
göstərmirdilər.
- Fransa prezidenti Makronu üzr istəməyə
dəvət etdiniz.
- Bəli, təbii, çünki bizə qarşı
ittiham irəli sürdü. Olmayan şeyləri üstümüzə atdı. Bu, bizim ölkəmiz üçün
qəbuledilməzdir.
-Hansı ittihamları?
- Deyib ki, Azərbaycan Türkiyə ilə birlikdə
bölgəyə terrorçuları gətirib. Onun açıqlamasında bu, var. Ondan
sonra bir açıqlamasında demişdir ki,
"Azərbaycan Dağlıq Qarabağı fəth etmək
istəyir və biz buna icazə vermərik”. Dağlıq Qarabağ bizim
torpağımızdır. Bir dövlət öz torpaqlarını
fəth edə bilərmi? Yəni, həmsədr bilmirmi ki, bu
torpaqlarda qanunsuz olaraq ermənilər oturub bizim bütün
tarixi abidələrimizi, məscidlərimizi,
qəbirlərimizi, evlərimizi yerlə-yeksan ediblər. Ağdamın, Füzulinin
görüntülərinə baxın. Bizim yarıdağılmış
məscidlərimizdə donuz, inək saxlayır. Bütün müsəlmanları
təhqir edir. Görmürlərmi
bunu? Ona görə
"Azərbaycan Dağlıq Qarabağı fəth etmək
istəyir və biz buna icazə vermərik” sözləri
qəbuledilməzdir. Ona görə
Fransa özü-özünü artıq bu bərabər
üçlüyün xaricinə qoyur və biz buna səssiz
qala bilmərik.
-Birləşmiş
Millətlər Təşkilatı Təhlükəsizlik
Şurasının bu məsələ ilə bağlı
tarixi qərarları var.
-Təbii, özü səs vermişdi. Özü 1993-cü ildə səs
vermişdi, yəni öz səsinə hörmət etsin.
- İcazənizlə,
daha bir neçə sualım olacaq. İstər cəbhə xəttinə
uzanan quru yolları üzərində, istər olduğumuz
şəhər və kəndlərə
baxdığımızda, istərsə də paytaxt Bakıda
dünən axşam gördük ki, Azərbaycan
bayrağının yanında Türkiyənin bayrağı
dalğalanır. Evlərdə, iş
yerlərində, avtomobillərdə, hər yerdə. Türkiyədə də bənzər bir
mənzərə var, bəlkə xəbərlərdə
görmüsünüz.Cəbrayıldakı
zəfərdən sonra Türkiyənin dörd bir yanında
küçələrə axışıb qardaş Azərbaycana
böyük dəstək nümayişləri var idi.
-Doğrudur. Biz qürur
duyuruq. Bu, təbiidir. Bizim qardaşlığımız
əbədidir və bizim qardaşlığımız
bütün sınaqlardan keçib. Bilirsiniz ki, Türkiyə ilə
Azərbaycan arasındakı münasibətlər dünya
ölkələri üçün örnəkdir. Mən dəfələrlə bu mövzu
ilə bağlı öz sözlərimi demişdim. Əziz
qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanla təşkil olunan birgə mətbuat
konfranslarında dəfələrlə demişəm ki, bu
gün dünya miqyasında Türkiyə və Azərbaycan
qədər bir-birinə yaxın olan ikinci ölkə yoxdur
və bu, sadəcə olaraq, söz deyildi. Bu, ürəkdən gələn
duyğulardır. Bizim birliyimiz
bizim tariximizə əsaslanır, ortaq etnik köklərə,
dilimizə, dinimizə, qardaşlığımıza
əsaslanır. Əziz
qardaşım Tayyib bəylə tarixi xidmətimiz odur ki, biz
çox güclü bir təməl üzərində
müasir Türkiyə-Azərbaycan birliyini yaratdıq. Türkiyə bayraqları onsuz da
Azərbaycanda hər yerdə var, Azərbaycan bayraqları da
Türkiyədə. Biz bir-birimizi
bir-birimizdən ayırmırıq, birlikdəyik. Bu hadisələr bir daha onu göstərdi
ki, bizi ən çox dəstəkləyən, birinci
dəstəkləyən Türkiyə olmuşdur,
birmənalı şəkildə, qəti şəkildə. Türkiyə
Prezidentinin çox cəsarətli və qəti
açıqlamaları bir çox ölkələrə
xəbərdarlıq oldu - kənarda durun,
qarışmayın, Azərbaycan tək deyil, Türkiyə
yanındadır və Azərbaycan da hər zaman
Türkiyənin yanındadır! Bütün mövzularda, bütün
kürsülərdə biz bir-birimizi dəstəkləyirik
və bizim birliyimiz əbədi olmalıdır.
- Bu arada, Pakistanı da xatırlatmaq istəyirəm. Onların da bayraqlarını hər bir
yerdə görürəm. Rusiya harada durur Sizcə? Çünki Rusiya xüsusi bir
önəmə sahibdir.
- Mən fürsətdən istifadə edərək, bizim
digər dost-qardaş ölkələrə də
təşəkkürümü bildirmək
istəyirəm. Türkiyədən
sonra bizə ikinci dəstək verən ölkə Pakistan
oldu, ondan sonra Əfqanıstan oldu, ondan sonra daha bir
neçə ölkə bizə öz dəstəyini
göstərdi. Onların
hər birinə, o ölkələrin prezidentlərinə
təşəkkürümü bildirirəm. Bu çətin dönəmdə təbii
ki, onların həmrəyliyi, dəstəyi bizim
üçün çox önəmlidir və bizə
mənəvi güc verir.
Rusiya bizim qonşumuzdur. Rusiya ilə münasibətlərimiz
uğurla inkişaf edir. Bu gün bir
çox sahələrdə Rusiya ilə Azərbaycan
arasındakı münasibətlər çox yüksək
səviyyədədir. Hər iki
ölkə bu münasibətlərə strateji
tərəfdaşlıq münasibətləri kimi
yanaşır və bu, birgə imzalanmış
müqavilələrdə də öz təsdiqini tapır. Bu məsələ ilə bağlı
Rusiya çox məsuliyyətli və böyük ölkə
kimi davranır. Rusiyadan
müsbət mesajlar gəlir və hər hansı bir
tərəfi dəstəkləmək müzakirə
mövzusu deyil. Halbuki
Ermənistan buna çox ümid edirdi. Ermənistanın bu toqquşmanı
bölgənin xaricinə çıxarmaq məqsədi də
Rusiyanı buraya cəlb etməkdir. Ermənistan Azərbaycana hazırda
Ermənistan ərazisindən niyə hücum edir? Məhz
ona görə ki, biz də hücum edək, o da Rusiya ilə,
başqa ölkələrlə birgə iştirak etdiyi Kollektiv
Təhlükəsizlik Təşkilatı Müqaviləsinin
baş katibliyinə müraciət etsin və desin ki,
Azərbaycan bizə hücum edir, gəlin bizə yardım
edin. İyul ayında,
niyə onlar bu təxribatı Ermənistan-Azərbaycan
sərhədində törətdilər? Tovuz Qarabağ bölgəsindən uzaq
məsafədə yerləşir. Orada onların
hansı hədəfləri var idi - bir hədəfi ki, biz
hücum edək, biz dövlət sərhədini
keçək, - mən dedim bizdə belə bir fürsət
var idi, - və ondan sonra müraciət etsin o təşkilata
ki, gəlin bizimlə
bərabər Azərbaycana qarşı vuruşun. Yəni, Rusiyanı bu işlərə
cəlb etmək istəyir və bu, növbəti
təxribatdır, mən əminəm ki, buna
müvəffəq olmayacaq.
- İyul ayında Ermənistan Tovuza hücum edərkən
daha başqa bir şeyi hədəfləmiş ola bilərdimi? Misal
üçün, hədəfdə enerji
təhlükəsizliyini zəiflətmək ola bilərdimi? TANAP, Bakı-Tbilisi-Ceyhan xətləri
ağlıma gəlir.
- Bəli, təbii ki, o da ola bilərdi. Bir
neçə hədəfi var idi. Çünki ondan öncəki
dönəmdə bəyan etmişdilər ki, əgər
Dağlıq Qarabağ ətrafında döyüşlər
olarsa, onlar bizim strateji infrastruktur layihələrimizi
vurmağa hazırdırlar - Səngəçal Neft-Qaz
Terminalı və boru xətti. Ona görə Tovuz bölgəsində
hücumun bir məqsədi də o idi ki, onlar test edirdilər,
haraya qədər girə bilərlər. Çünki orada onların əsas
məqsədi dövlət sərhədini keçmək,
Azərbaycan torpaqlarını işğal etmək və
həmin TANAP boru xəttinə yaxınlaşmaq, yaxud da ki, onu
nəzarətə almaq idi. Ancaq bu, alınmayanda geri
çəkildilər, bütün
vasitəçilərdən imdad dilədilər. Mən də söylədim ki,
Ermənistan torpaqlarında bizim hədəfimiz yoxdur. Ona görə dörd gündən sonra
hücum dayandı.
Başqa bir səbəb ola bilər. Mən bununla
bağlı öz fikirlərimi bildirmişdim. Hazırda Ermənistanda çox dərin
böhran yaşanır, həm siyasi, həm iqtisadi. Bu böhran nəticəsində
Ermənistanda siyasi əlaqələr pozulub. Çünki indi Paşinyan hakimiyyəti
əsas müxalifət liderlərini həbsə
atdırır. Misal
üçün, əsas müxalifət partiyasının
sədrini deputat toxunulmazlığından məhrum etdi,
həbsə atdı. İki
keçmiş prezidentə qarşı cinayət işi
açıldı. Söz
azadlığı, sərbəst toplaşma azadlığı
yoxdur. Konstitusiya
Məhkəməsini zor gücü ilə məhv etdi, öz
adamlarını gətirdi. Ona görə Ermənistanın
daxilində artıq çox ciddi bir narahatlıq var.
Paşinyan ictimai fikri yayındırmaq üçün bu
hücumu təşkil edir. Rusiyanı cəlb etmək, strateji
infrastrukturumuzu məhv etmək, daxildəki vəziyyəti
sabitləşdirmək və Azərbaycan torpaqlarının
bir qismini işğal etmək və ondan sonra
müzakirələrdə öz mövqeyini
gücləndirmək.
-Hörmətli Prezident, icazənizlə son iki
sualımı vermək istərdim. İndi bu cür münaqişə, savaş və
böhranların olduğu bölgələrdə qara
təbliğat da meydana çıxır. Ermənistan hücumlarını
başladığı gündən etibarən bu mövzuda -
qara təbliğat mövzusunda nə kimi
müşahidələriniz oldu. Dəyərləndirmənizi xahiş
edə bilərəmmi?
-Bilirsiniz, Azərbaycana qarşı qara təbliğat bir
dəqiqə, bir saniyə dayanmır. Bunun bir neçə səbəbi var. Birincisi, erməni
lobbisi bizə qarşı daim hərəkətdədir. Azərbaycanı qaralamaq, bizim
üstümüzə ləkə atmaq, bizim imicimizi korlamaq
səyləri dayanmır. Dünyanın bir çox
ölkələrində erməni lobbiləri var. Bu, heç
kəs üçün sirr deyil. Müntəzəm olaraq mütəmadi
qaydada bizə hücum edirlər. Olmazın yalanlarını,
iftiralarını uydururlar. Bu münaqişə dönəmində
təbii ki, erməni lobbisi bütün gücünü
səfərbər edib və bizə qarşı yeni qara
təbliğat səylərini ortaya qoyubdur. Ancaq bizə yapışmır. Mən demişəm, dəlil verin,
sübut verin, fakt verin. O cümlədən Fransa
prezidentinə, - o, mənə telefonla iki dəfə zəng
etmişdi, - dedim ki, fakt verin. Sentyabrın 27-dən artıq 8 gün keçir.
- Makron nə deyir?
- Heç nə demir, deyir ki, bizdə kəşfiyyat
məlumatı var. Dedim verin bizə, haradadır bu kəşfiyyat məlumatı?
Yoxdur bu, ola da
bilməz.
- Sizin kəşfiyyatınız Ermənistanla bağlı
nə deyir?
- Hansı mövzuda?
- Əlinizdəki
kəşfiyyat materiallarında, Ermənistandakı xarici
güclərdən bəhs edilir. Livandan, Suriyadan
gələn...
-Bizdə təbii ki, belə məlumatlar var və bu
məlumatlar əsaslıdır, artıq onlar
dəqiqləşdirilir. Biz çox
məsuliyyətli dövlət olduğumuz üçün
rəsmi bəyanatlarda buna toxunmuruq. Təbii ki, mediada, ondan sonra
siyasətçilər, politoloqlar arasında belə
məlumatlar dolaşır. Amma biz bunu gərək
təsdiqləyək. Bizdə
əvvəldən kəşfiyyat məlumatı var idi ki,
Dağlıq Qarabağa terrorçular gətirilib
yetişdirilir, onlara təlim keçilir.
-Hansı terror qruplaşmaları?
-PKK terror qruplaşmaları. Bu barədə çoxlu məlumatlar var idi. Hələ
bir neçə il bundan
öncə biz bu məsələni beynəlxalq platformalarda
qaldırırdıq. Onlar təlim
alır və istisna edilmir ki, bu gün də var. Sadəcə
olaraq, mənim əlimdə yüzdə yüz fakt olandan sonra
bunu deyəcəyəm. Bu gün
ehtimal çox böyükdür. Amma Ermənistandan və bəzi başqa
ölkələrdən fərqli olaraq biz 100 faiz təsdiqini
tapmamış məlumatı ortaya atmırıq.
Bir misalı da
gətirə bilərəm, bizə qarşı iddia
qaldırdı ki, Türkiyənin F-16 təyyarəsi
Ermənistanın SU-25 təyyarəsini vurdu. Dedim ki, sübut
verin. Bizdə məlumat var,
bunu bütün bu qara təbliğatın üzvləri ortaya
atdılar. İndi özləri
gördülər ki, bu, yoxdur. Amma bir adam bizdən üzr istədimi? Xeyr. Bizə
böhtan atdılar, ləkə vurdular, ondan sonra
gördülər ki, bu, yalandır. Amma üzr istə.
-Bəli, silahlı pilotsuz uçuş aparatlarının
Azərbaycan Ordusunun sərəncamına verilməsi
yanılmıramsa, bu hərəkatın gedişinə
çox təsir etdi.
- Doğrudur. Bunun çox
böyük təsiri var. Maşallah, bu silahlı
uçuş aparatları dünyanın ən yüksək
səviyyəsində olan aparatlardır və onların
Azərbaycan Ordusunda olması bizim ordumuzu böyük dərəcədə
gücləndirmişdir. Bu aparatlar
bizə böyük imkanlar yaratdı və eyni zamanda,
canlı qüvvə itkisinin çox da böyük
olmamasına gətirib çıxardı. Çünki
əgər bu imkanlar bizdə olmasaydı, Ermənistanın
Dağlıq Qarabağda və işğal edilmiş
torpaqlarda 30 il ərzində qurduğu istehkamları,
tankları, topları, yaylım atəş
qurğularını məhv etmək daha çətin ola
bilərdi. Daha çox insan həlak ola bilərdi. Ona görə
bu mükəmməl texnoloji intellektual məhsul Türkiyə
xalqının potensialını göstərir. Biz o
ölkəyik ki, bizim Türkiyə kimi müttəfiqimiz var.
Biz çox xoşbəxt ölkəyik ki, bizim Türkiyə
kimi müttəfiqimiz, qardaşımız var. Əlbəttə
ki, Türkiyənin bizə göstərdiyi mənəvi
dəstək, eyni zamanda, Türkiyə müdafiə
sənayesinin məhsullarının bizdə olması bizi
gücləndirir və bunu bütün dünya
görür. Bu gün
Türkiyə Ordusu NATO-da ikinci ordudur. Heç kim türk ordusunun qabağında
dura bilməz. Bunu hər
kəs gördü, hər kəs anladı. Biz də Türkiyə Ordusunun daha
kiçik modelini qururuq və inşallah bərabər
quracağıq. Bizim də qarşımızda
bölgədə heç kim dura bilməz. Bizim və
Türkiyənin işi haqq işidir. Biz özümüzü müdafiə
edirik, öz vətəndaşlarımızı müdafiə
edirik, öz ərazi bütövlüyümüzü saxlamaq
istəyirik. Bizim başqa
ölkənin torpağında gözümüz yoxdur. Amma bizə mənsub olan bizə
qalmalıdır. Otuz ildir ki,
ermənilər bizim qədim torpağımızı istismar
edirlər. İnsanlara o torpaqlara
qayıtmağa icazə vermirlər. Beynəlxalq vasitəçilər
biganə qalır, məhəl qoymur. Belə olan halda Azərbaycan özü
bunu edəcək.
- Gəncəyə hücumda bir erməni
vətəndaşınızın yaralandığı
məlumatını paylaşdım. Bu arada, cəbhədə
gecə və gündüz müşahidə aparmaq
imkanımız oldu, komandirlər Sizin onlara telefonla zəng etdiyinizi bizə
söylədilər.
- Bəli, təbii ki, bu, Ermənistanın terrorçu
ölkə olmasını bir daha göstərir. Yəni, bu Cenevrə Konvensiyasına
daban-dabana zidd olan bir hərəkətdir. Yəni, mülki əhalini,
şəhərləri vurmaq qəbuledilməzdir. Gəncə şəhəri
döyüş bölgəsi deyil. Gəncə şəhərinin
içərisində hər hansı bir top, tank yoxdur. Niyə bunu vurursan? Yəni, nifrətə görə. Azərbaycana, Türkiyəyə
qarşı nifrət onların qanındadır. Əfsuslar olsun ki, Ermənistanın
gənc nəsli də bu nifrət əsasında
tərbiyə edilir. Ancaq bu, bizi
yolumuzdan döndərə bilməz. Bilirsiniz, Tərtər şəhərini
demək olar ki, dağıdıblar. Tərtər
şəhərində bizim vətəndaşlar kişi kimi,
mərd-mərdanə durublar. Deyiblər ki, öldü var, döndü yoxdur,
torpağımızdan heç yerə getməyəcəyik. Nə qədər mərmi
düşüb? Gün var idi
ki, təkcə Tərtər şəhərinə iki min
mərmi düşdü. O da balaca bir
şəhərdir, böyük şəhər deyil.
O ki qaldı, mənim komandirlərə telefonla zəng
etməyimə, təbii ki, onlar tarixi ədaləti bərpa
edirlər. Onlar öz həyatlarını risk altında
qoyurlar. Onlar
qəhrəmandırlar və onlar torpaqlarımızı xilas
edirlər, azad edirlər, qaytarırlar. Madagizin işğaldan azad edilməsi
çox böyük strateji önəm daşıyır. Qəsəbə o qədər
böyük olmasa da, bunun strateji önəmi çox
böyükdür. Oranı
götürmək çox çətin bir işdir. Bunu hər bir hərbçi deyər. İnanılmaz çətin bir işdir. Amma o götürüldü, Madagizdə
indi Azərbaycan bayrağı qaldırıldı və
həmin gün o qəsəbəyə tarixi adı
qaytarıldı – Suqovuşan. Bu, bizim tarixi adımızdır.
Cəbrayıl
şəhərini götürmək böyük
qəhrəmanlıq tələb edir. Çünki bir
daha demək istəyirəm ki, bu 30 il ərzində, atəşkəs rejimi
dönəmində orada bir neçə xətt istehkam quruldu,
özü də çox möhkəm. Bir də ki, o bölgənin relyefi də
təbii istehkamdır. Yəni,
Dağlıq Qarabağ dağlarda yerləşir. Yəni, biz aşağıdan yuxarıya
gedirik. Bunun nə qədər
çətin olduğunu hər kəs anlayar. Ona görə Azərbaycan əsgəri,
Azərbaycan zabiti, generalı şücaət,
rəşadət, cəsarət göstərir, canı,
qanı bahasına ərazi bütövlüyümüzü
təmin edir. İnşallah
sona qədər irəliyə gedəcəyik.
-Qarabağ, işğal edilən torpaqlar yenidən
Azərbaycana qaytarılandan sonra orada yaşayan
ermənilərə nə deyəcəksiniz?
-Mən artıq öz sözümü dedim. Mən bir neçə gün bundan öncə bizim
yaralı əsgərlərimizin yanına getdim, hərbi
hospitalda onlarla görüşdüm. Onlara
təşəkkürümü bildirdim və eyni zamanda,
onlarla görüş əsnasında erməni xalqına
müraciət etdim. Anlayırdım ki,
onların yanında bunu demək o qədər də asan deyil,
çünki onlar ermənilər tərəfindən vurulub.
Amma dedim ki, bizim erməni xalqı ilə işimiz yoxdur. Erməni xalqı öz hökumətini
məsuliyyətə cəlb etməlidir. Öz
hökumətinin yarıtmaz, çirkin siyasətinin
nəticəsində bu döyüşlər baş verdi. Bizim mövqeyimiz
dəyişməzdir. Torpaqlarımız
azad olunandan, işğala son qoyulandan sonra Dağlıq
Qarabağda yaşayan ermənilər və oraya qayıdacaq
azərbaycanlılar bir yerdə yaşayacaqlar. İki toplum çərçivəsində, bir
ölkə ərazisində. Bu gün
Azərbaycanda minlərlə erməni var. Siz də qeyd
etdiyiniz kimi, Gəncədə Ermənistanın hücumu
nəticəsində yaralanmış insanlardan biri də
milliyyətcə ermənidir. Burada
ermənilər yaşayır. Onlara söz
deyən yoxdur. Onlar bizim
vətəndaşlarımızdır. Bizim
erməni xalqı ilə heç bir problemimiz yoxdur. Erməni xalqı öz hakimiyyətinin əsiridir.
Təəssüflər olsun ki, Paşinyan hakimiyyəti
iqtidara gələndə çox vədlər verdi.
Biz də ümid edirdik ki, artıq o
köhnə kriminal rejim tarixə atıldı. Amma bunun yerinə yeni rejim gəldi, o rejim ki,
artıq öz xalqını bəlaya saldı. O rejim ki,
indi bizim mülki insanlarımızı,
əsgərlərimizi öldürür. Mən
tam əminəm ki, erməni və Azərbaycan xalqları
barışacaq. Bu gün bir çox
ölkələrdə ermənilər və
azərbaycanlılar bir yerdə yaşayırlar. Gürcüstanda, orada 300 minə yaxın
azərbaycanlı, 200 minə yaxın erməni var.
Bəzən onlar bir kənddə yaşayırlar. Onların arasında problem yoxdur.
Türkiyədə, Rusiyada, - Rusiya vətəndaşı olan
azərbaycanlıların sayı 700 minə yaxındır, -
bir yerdə yaşayırlar. Heç bir problem
yoxdur. Nə üçün burada
yaşamasınlar? Onsuz da yaşayıblar
bir yerdə. Mənim xatirəmdədir,
1982-ci ildə mərhum atamla birlikdə Dağlıq
Qarabağa - Şuşaya getmişdik. Bizim
böyük şairimiz Vaqifin məqbərəsi
açılırdı. Bu
məqbərənin açılışı
mərasimində erməni və Azərbaycan şairləri
şeirlər deyirdilər, Azərbaycan dilində, erməni
dilində. O bir dostluq bayramı idi. Yəni,
o, mənim şahidi olduğum mənzərədir. Bizim Bakı şəhərində ermənilər
yaşayırdı. Yəni, bizim heç
bir problemimiz yox idi. Biz istəyirik ki,
yenə də birlikdə yaşayaq. Yenə
də Ermənistanla yaxşı qonşular kimi yaşayaq.
Dağlıq Qarabağda yaşayan
ermənilər bizim vətəndaşlarımızdır.
Biz onları belə tanıyırıq. Ümid edirəm ki, bu işğalçı
siyasətə son qoyulandan sonra bizim xalqlarımız
barışacaq.
-Mərhum atanızın sizə Dağlıq Qarabağla
bağlı vəsiyyəti olubmu, olubsa nə idi?
-Atamın yolu mənim üçün bir işıq
yoludur. Onun siyasətini davam etdirmək mənim
onun oğlu kimi və Prezident kimi borcumdur. Mən ilk
dəfə prezident seçiləndə andiçmə
mərasimində dedim ki, Heydər Əliyev yolu ilə
gedəcəyəm, bu yoldan dönməyəcəyəm
və bu yolun Azərbaycan üçün yeganə yol
olduğunu demişdim. Bütün
sahələrdə - istər xarici siyasət sahəsində,
istər iqtisadiyyat, sosial, o cümlədən Dağlıq
Qarabağ məsələsində bu yola sadiqəm. Çünki ona da təzyiqlər olmuşdur. Onun dövründə də təzyiqlər
olmuşdu ki, Dağlıq Qarabağa müstəqillik verin,
Dağlıq Qarabağ sizdən ayrıldı, sizdən qopdu.
O, təzyiqlərə tab gətirdi, dözdü. Azərbaycan xalqının maraqlarına zidd olan
heç bir sənədə qol qoymadı. Çünki o xalqımızın Lideri idi. Qarabağ məsələsində mənim də
mövqeyimdə heç vaxt tərəddüd
olmamışdır. Mən 17 il
bundan əvvəl nəyi demişəmsə, bu gün də
deyirəm - Dağlıq Qarabağ bizim
torpağımızdır, Azərbaycanın ərazi
bütövlüyü təmin edilməlidir! Mən
heç zaman imkan verməyəcəyəm ki, tarixi
Azərbaycan torpaqlarında ikinci erməni dövləti
yaradılsın. Bütün imkanlardan
istifadə edib öz ərazi bütövlüyümüzü
bərpa edəcəyik. Biz buna
yaxınlaşırıq.
-Bir millətin iki dövlətindən Azərbaycanın
Prezidenti cənab İlham Əliyevə çox
təşəkkür edirəm. Belə bir
vəziyyətdə, müharibə şəraitində bizi
qəbul etdiniz. Bir Ali Baş Komandan olaraq,
sağ olun.
-Mən təşəkkür edirəm
və şadam ki, bizim söhbətimizin sonunda siz atamın
çox məşhur kəlamını yada saldınız,
Heydər Əliyevin sözləridir və indi bütün
Türkiyə-Azərbaycan üçün bir işıq
yoludur - Bir millət, iki dövlət. Türkiyə-Azərbaycan
- tək millət, iki dövlət.
- Çox təşəkkür edirəm.
-Sağ olun. Təşəkkürlər.
Mövqe.- 2020.- 6
oktyabr. S. 2-3