Məhərrəm Əliyev: Bu
gün Azərbaycanda vahid güc reallığı Ali Baş
Komandan, Ordu, Xalq mütəşəkkiliyində birləşib
Azərbaycan
Respublikası Prezidentinin hərbi məsələlər
üzrə köməkçisi, Prezident
Administrasiyasının Hərbi məsələlər
şöbəsinin müdiri, general-polkovnik Məhərrəm
Əliyevin müsahibəsini təqdim edir:
- Məhərrəm
müəllim, Qarabağ cəbhəsində gedən
döyüşlər və Ordumuzun yağı düşmən
üzərində ard-arda qazandığı qələbələrini
necə şərh edərdiniz?
- Öncə qeyd edim ki, Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayaraq, Qarabağ cəbhəsində işğalçı və təcavüzkar Ermənistanın silahlı qüvvələrinin, eləcə də onların marioneti olan quldur, qondarma “DQR” rejiminin davamlı təxribatlarına qarşı əks-hücum əməliyyatlarına başlaması və cəbhənin müxtəlif istiqamətlərində əldə edilən zəfər yürüşümüz haqlı, ədalətli mövqeyimizin bariz göstəricisidir.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında düşməni darmadağın edən Şanlı Ordumuz bu gün də dünyaya sübut edir ki, onun mütərəqqi, sarsılmaz Silahlı Qüvvələri var. Deyərdim ki, qısa müddətdə kəndlərimizin, rayonlarımızın, strateji əhəmiyyətli yüksəkliklərin düşməndən azad olunması prosesi həm də dünyanın hərb tarixində yeniliyə imza atıb. Söz yox ki, bu haqlı mübarizədə əsgərlərimizin, zabitlərimizin məğlubedilməzlik ruhu, müzəffər amalı da önəmli rol oynamaqdadır. Bunu isə onlara xalqın dəstəyi, xalqın vahidliyi verməkdədir. Lakin onu da unutmamalıyıq ki, müasir, bütün lazımi hərbi xarakterli təhcizatlarla, texniki imkanlarla təmin olunmuş Ordumuz bu kontekstdən də düşməni öz yuvasına qədər qovmaqdadır.
Əlbəttə ki, ən önəmlisi, cənab Prezident İlham Əliyevin xalqa etdiyi müraciətində vurğuladığı fikirləri hər birimizi qürurlandırdı və qələbəyə doğru atılan addımlarımızı sürətləndirdi. Beləliklə, bu gün Azərbaycanda vahid güc reallığı Ali Baş Komandan, Ordu, Xalq mütəşəkkiliyində birləşib və bu danılmazlıq yuxarıda qeyd etdiyim fikirlərin hər birində öz təsdiqini tapır.
- Bu arada
daha bir məqama toxunmaq istərdim. Bu gün Azərbaycan
demək olar ki, dünya birliyinin bir çox ölkələri,
təşkilatları tərəfindən dəstək
alır. Lakin əsas dəstəyi
Türkiyə və Pakistan kimi ölkələrdən
görməkdəyik. Sizcə belə bir dəstək
arxasında hansı gerçəkliklər dayanmaqdadır?
- Mən
daha əvvəllər verdiyim müsahibə və
açıqlamalarımda da qeyd etmişəm ki, Azərbaycanın
haqlı və ədalətli mövqeyinə ən
açıq və birmənalı dəstəyi göstərən
ölkələr qardaş Türkiyə Cümhuriyyəti və
Pakistan İslam Respublikasıdır. Məhz bu
ölkələrin rəhbərlikləri səviyyəsində
verilən bəyanatlar, səslənən fikirlər də
sübut edir ki, sarsılmaz birliyə söykənən
qardaşlıq bağları əbədidir, dönməzdir.
Bu gün Pakistan tərəfi bəyan edir ki, Azərbaycanın
haqq yürüşündə bütün mənalarda dəstək
göstərməyə hazırdır. Əlbəttə,
bu gün Azərbaycan dövlətinin hərbi potensialının,
büdcəsinin kifayət qədər yüksək olması
buna ehtiyac görmür. Yəni Azərbaycan
Ordusu öz gücü ilə düşmənə
qarşı mübarizə aparır.
Ancaq eyni zamanda, pakistanlı qardaşlarımızın
belə bəyanatları mənəvi cəhətdən bizi
ruhlandırır, əzmimizi artırır. Buna görə,
onlara minnətdarlıqlarımızı bildiririk. Həmçinin,
Türkiyə Cümhuriyyətinin hörmətli Prezidenti Rəcəb
Tayyib Ərdoğan cənablarının, eləcə də
parlament rəhbəri, baş naziri, müdafiə və xarici
işlər nazirləri səviyyəsindəki dəstəkləri,
buna qədər isə çoxsaylı uğurlu hərbi təlimlərin
keçirilməsi bu gün Qarabağ cəbhəsində
qazandığımız qələbələrdə ruhumuzu
yüksəldir. Bəli, məhz mənəvi dəstək
bir çox sədləri aşır və aşmaqda davam edəcək.
“Bir millət, iki dövlət” prinsipi həmin
gerçəkliyin isbatıdır. Buna əmin
olun. Əmin olun ki,
torpaqlarımızın işğaldan azad olunması prosesi
tam sürətlə davam edir və çox yaxınlarda
növbəti zəfər, qələbə xəbərlərini
bir-birimizlə paylaşacağıq.
- Məhərrəm
müəllim, bəs Gürcüstanın bu məsələyə
münasibətini necə qiymətləndirirsiniz?
- Bu
gün Gürcüstan-Azərbaycan əlaqələri yüksələn
xətlə inkişaf edir və ölkələrimiz
arasında bütün tələb olunan beynəlxalq əməkdaşlıqlara
riayət edilir. Ölkəmizlə
Gürcüstan arasında hər hansı həll
olunmamış problem demək olar ki, qalmayıb. O
cümlədən, Gürcütsan Azərbaycanın ən
yaxın strateji müttəfiqi olaraq qiymətləndirilir. Bu ölkə daim Azərbaycanın ədalətli
mövqeyini dəstəkləyib. Eyni
zamanda, Azərbaycan torpaqlarının işğaldan azad
olunmasının tərəfdarı olaraq, Qafqaz regionunda ədalətin,
inkişafın, tərəqqinin də yüksələn xətlə
irəliyə gedəcəyini arzu edir. Bu, əldə
olunarsa, bilavasitə dünya miqyasında ən önəmli
layihələrin reallaşdırılması da genişlənər,
münbit şəraitlər yaranar.
- Məhərrəm
müəllim, qonşu İranın mövqeyini necə şərh
edərdiniz?
- İran İslam Respublikası bizim yaxın qonşumuz
olmaqla yanaşı, həm də müsəlman ölkəsidir. Biz unutmamalıyıq ki, hələ
birinci Qarabağ müharibəsində Naxçıvan Ermənistan
tərəfindən blokadada saxlanılanda, Türkiyə ilə
yanaşı, İran tərəfi də xilas
körpüsü açdı, xalqın çətin,
ağır vəziyyətdən çıxması
üçün həyati vacibliyi olan addımlarını
atdı. Biz bunu unutmamışıq.
Lakin bu
gün İranın ali siyasi dairələrinin
Azərbaycanın haqlı mövqeyinə dəstək
göstərməsini də yüksək qiymətləndiririk.
Hətta düşünürəm ki, bizim Cənub
qonşumuz olan İran dövləti və xalqı Azərbaycanın
onunla həmsərhəd olan işğal altındakı ərazilərimizin
düşmən tapdağından azad olunmasına sevinir, qələbəmizi
alqışlayır. Çünki cənab
Prezident İlham Əliyev dəfələrlə öz
çıxış və müraciətlərində
işğal altındakı ərazilərimizdəki məscidlərin,
müqəddəs yerlərin donuz, inək fermalarına
çevrildiyini, qəbirlərimizin dağıdıldığını
xatırladaraq, müsəlman dünyasını bu rəzalətə
susqun qalmamasına səsləyirdi. Bu ərazilər
narkotranzitə, qanunsuz silah alverinin mərkəzinə
çevrilmişdi. Müsəlman
dünyası bu cür əməllərə susqun qala bilməzdi.
O cümlədən, İslam Respublikası olan İran da əlbəttə
ki, bu çağırışa öz səsini verdi - Azərbaycanın doğma
torpaqlarının işğaldan azad olunmasına, ərazi
bütövlüyümüzün təmin olunmasına dəstəyi
ilə. Çünki daha bir məsələ
budur ki, işğal altında qalan və bu gün azad olunan
İranla həmsərhəd ərazilərimiz həm də
terror yuvasına çevrilmişdi, həmin ölkəyə
təhlükə saçırdı. Düşünürəm
ki, bundan sonra, yəni ərazilərimiz işğaldan azad
edildikdən sonra, Azərbaycan beynəlxalq terrorla mübarizə
siyasətində İran daxil olmaqla, digər qonşu ölkələrlə
birlikdə, geniş xarakterli addımlar atacaq.
Eyni
zamanda, İran dövlət başçısının
Prezident İlham Əliyev cənablarına etdiyi telefon zənginə
də münasibət bildirərək qeyd etmək istərdim
ki, dövlətimizin başçısı cənab İlham
Əliyev ölkələrimiz arasında bir sıra əməkdaşlıq
məqamlarına toxunaraq, işğaldan azad olunmuş ərazilərdə
tezliklə Azərbaycan sərhəd qoşunlarının və
sərhəd infrastrukturunun yerləşdirilməsinin nəzərdə
tutulduğunu bildirib.
-
Paşinyanın hərbi məsələlər üzrə
baş müşaviri Vaqarşak Arutyunyan “Rossiya 1” kanalına
müsahibəsi zamanı işğalçı ordusunun
riyakarlığını sübuta yetirən
açıqlamalar verib və cəbhədən xeyli
uzaqlıqda yerləşən şəhərlərimizi, dinc
sakinlərimizi hədəfə aldıqlarını bəyan
edib. Bu fakt da Ermənistanın dövlət
terroru siyasəti həyata keçirməsini sübuta
yetirmirmi?
- Bəli,
tamamilə doğrudur. Paşinyanın o
müşaviri Ermənistanın dövlət səviyyəsində
sülh və insanlıq əleyhinə ağır cinayətlər
törətməsini bir daha sübut etdi. Bununla da onlar
beynəlxalq humanitar hüququn, 1949-cu il
Cenevrə Konvensiyasının tələblərinin həyasızcasına
pozmalarını bir daha sübut edir. Erməni müşavirin
bəyanatı Ermənistan dövlətinin iç
üzünü – mahiyyətini bir daha ifşa edir, onların məqsədi
mülki şəxsləri, onların mülklərini, məktəbləri,
xəstəxanaları və sair mülki obyektləri
barbarcasına məhv etməklə mülki əhali
arasında təşviş və qorxu yaratmaqdadır. Bu faktlar isə heç bir sivil qaydalara uyğun gələ
bilməz.
Bir halda
ki, belə bəyanatla onun hərbi məsələlər
üzrə baş müşaviri çıxış edir və
bunu çəkinmədən deyir, bu zaman Azərbaycan
Silahlı Qüvvələri nəinki işğal
altındakı torpaqlarının azadlığı
uğrunda mübarizə aparır, həm də anti-terror əməliyyatlarını
həyata keçirir. Bugünlərdə PKK
terror təşkilatının üzvləri arasındakı
gizli bağlantılarının da ifşa olunması,
öldürülmüş terrorçuların
fotolarının mediada işıqlandırılması bizə
kifayət qədər zəmin verir ki, biz haqq mübarizəsindəyik
və terrorun bir daha ayaq açaraq-yeriməməsi
üçün, terrorun kökünü kəsmək
üçün, tərəddüd etmədən irəliyə
doğru getməkdəyik.
Əbəs deyil ki, hələ hərbi əməliyyatlar
başlamamışdan əvvəl biz bu barədə tam,
müfəssəl məlumatlara malik idik və cənab Ali
Baş Komandanımız da bu barədə məlumatlı
olduğunu qeyd etmişdi. Yaxın Şərq
ölkələrindən, Ermənistan üzərindən
Qarabağa keçmələri haqqında mətbuatımız
da, xarici KİV-lər də çoxsaylı dəlilləri
ortaya qoydular. Belə olan vəziyyətdə
Azərbaycan sakit oturub, baş verənlərə adi seyrci qala
bilməzdi. Ona görə də, əgər
biz işğalçılarla, quldur rejimlə mübarizə
aparır, onları öz yuvalarına tərəf qovuruqsa,
onlarla birgə vuruşan terrorçularını da məhv
etməkdəyik. Bizim işimiz haqq
işidir, getdiyimiz yol xalqın, vətəndaşın dəstəyi
ilə ruhlanan ədalət, qələbə
yürüşüdür. İnşaAllah,
qısa zamanda bizim şanlı bayrağımız qəhrəman
əsgərimizin əlləri ilə növbəti azad olunacaq
ərazilərimizdə yüksəkliklərə
qaldırılacaq. Qarabağımızın
o günü uzaqda deyil. Cənab Ali Baş
Komandanımız vurğuladığı kimi, Qarabağ Azərbaycandır!
- Məhərrəm
müəllim, bu münaqişəyə dair Rusiya
Federasiyasının rolu, mövqeyi barədə nə deyə
bilərdiniz?
- Söz
yox ki, Rusiyanın mövqeyini yüksək qiymətləndiririk.
Bu gün Azərbaycan Respublikası ilə Rusiya
Federasiyası arasında yüksək səviyyəli əlaqələr
mövcuddur. Hər iki ölkənin
Prezidentləri qarşılıqlı görüşlər
keçirib, regional və beynəlxalq məsələlər ətrafında
fikir mübadilələri aparıb, razılaşmalar,
sazişlər imzalayıblar.
Ən əsası isə, Rusiya Federasiyası Azərbaycanın
ərazi bütövlüyünü tanıyır və həmişə
Azərbaycan xalqının, dövlətinin Rusiyaya
qarşı xoş, isti münasibətini görür. Bu münasibət
indi də yüksək səviyyədədir, gələcəkdə
daha da möhkəmləndiriləcək.
Bu gün Azərbaycanla Rusiya strateji tərəfdar olmaqla
iki ölkə arasında çoxşaxəli əlaqələr
və imkanlar mövcuddur, hər iki ölkə arasında bir
sıra regional və beynəlxalq məsələlərdə
müzakirələr aparılır, müəyyən
razılıqlar əldə olunur. Həmçinin, Azərbaycanda
nəhəng rus icması yaşayır və onlar burada
özlərini çox rahat, xoşbəxt, firavan hiss edirlər.
Ölkəmizdəki rus icmasının nümayəndələri
Azərbaycanı özlərinin Vətəni hesab edir. Əbəs deyil ki, hələ birinci Qarabağ
müharibəsində Azərbaycan vətəndaşı olan
rus icmasının nümayəndələri
torpaqlarımızın azadlığı uğrunda
döyüşüblər, şəhid olublar. Qədirbilən Azərbaycan xalqı heç vaxt bu
xoş, vətənpərvərlik münasibətlərini
unutmayıb və unutmayacaq da.
Bu gün monoetnik Ermənistanda həmin halı
müşahidə etmək ümumiyyətlə
qeyri-mümkündür. İşğalçı ölkə hələ
90-cı illərdən "Ermənistan ermənilər
üçün" şüarı ilə özlərinin
ultra-millətçilik, şovinist xüsusiyyətlərini
hazırda da yaşatmaqdadırlar. Əgər bu gün
Azərbaycanda rusdilli məktəblər, kurslar və s. tədris
müəssisələri fəaliyyət göstərirsə,
ali məktəblərimizdə rus dili
fakültələri mövcuddursa, rus icmasının dini, ənənəsi
və s. milli mahiyyətləri qorunub-saxlanılırsa, Ermənistan
tərəfində belə bir imkanların
yaradılmasından ümumiyyətlə danışmaq
mümkün deyil. Çünki həmin ölkədə
ruslar demək olar ki, yox səviyyəsindədir. Bu gün Ermənistan parlamentindən fərqli olaraq,
Azərbaycan parlamentində rus icmasının təmsilçisi
fəaliyyət göstərir. Amma ermənilərdə
necədir? Fakt budur ki, Paşinyan hakimiyyətə gələr-gəlməz
anti-Rusiya siyasətinə başladı və bir daha sübut
etdi ki, o birbaşa Corc Sorosun adamıdır və onun himayəsi,
maliyyəsi altında anti-türk, anti-Rusiya və s.
yanlış istiqamətli, qonşuluq prinsiplərindən uzaq
siyasətinə köklənib.
Son olaraq isə daha bir vacib məqama toxunmaq istərdim. Prezident İlham Əliyev cənablarının
Rusiya Federasiyasının dövlət başçısı
cənab Vladimir Putinə telefon zəngi açması və
ölkələrimiz arasında mövcud olan sıx əməkdaşlıq
barədə söhbətlərin aparılması da Azərbaycan
və Rusiya Federasiyası arasında mövcud olan münbit,
qarşılıqlı və səmimiyyətə əsaslanan
uğurdur, reallıqdır. Hesab edirəm ki, iki
ölkə arasındakı yüksək əməkdaşlıq
və tərəfdaşlıq faktoru bundan sonra daha da möhkəmləndiriləcək.
- Cənab general-polkovnik Azərbaycanın haqlı mübarizəsində biz jurnalistlər də dövlətimizin Silahlı Qüvvələrimizin yanındayıq və bu haqq işimizdə Ordumuza uğurlar arzulayırıq. Geniş müsahibənizə görə təşəkkür edirik, çox sağ olun.
- Mən də minnətdaram, hər birinizə
fəaliyyətinizdə uğurlar və qələbə
müjdələri verməyi arzulayıram.
Mövqe.- 2020.- 9
oktyabr. S. 4.