“Bizim hədəfimiz, bizim məqsədimiz
işğal edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşlarını
qaytarmaqdır”
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də
Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə
verib. Oktyabrın 14-də həmin televiziya kanalında dövlətimizin
başçısının müsahibəsi
yayımlanıb. Müsahibəni təqdim edirik.
- Azərbaycan
Prezidenti cənab İlham Əliyev ilə birlikdəyik. Cənab
Prezident, bir yandan cəbhədə, bir yandan diplomatiyada sıx
qrafikiniz var. “Haber Türk”ə vaxt
ayırdığınız üçün Sizə çox
təşəkkür edirəm.
-
Sağ olun.
- Cənab
Prezident, Ermənistan ilə Azərbaycan arasında Moskvada 11
saat yarım davam edən bir görüş keçirildi.
Ancaq bu görüşdən sonra Ermənistan xüsusi qəddarlıqla
Gəncə şəhərini atəşə tutmağa,
mülki şəxsləri hədəfə almağa
başladı. Burada diqqət çəkən məqam Ermənistanın
öz ərazisindən Azərbaycanı hədəfə
almasıdır. Ermənistan diplomatiya sahəsində belə
bir görüş keçirilərkən bu cür hücuma
niyə ehtiyac hiss etdi? Dünya ictimaiyyətindən bu məsələdə
istədiyiniz dəstəyi gördünüzmü, Sizə gələn
mesajlar oldumu?
- Ermənistanın bu çirkin
siyasəti anlaşılandır. Çünki onlar hər
zaman döyüş meydanında məğlubiyyətə
uğrayanda belə çirkin əməllərə əl
atırlar. Mülki şəxslərə, əliyalın
insanlara qarşı qəddarlıq göstərmək onlar
üçün adi bir şeydir. Azərbaycan xalqı bunu
Xocalı soyqırımının timsalında
görmüşdür. Bu dəfə də bütün cəbhəboyu
Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək
bir neçə şəhər və kəndimizi
işğaldan azad etmişdir və işğaldan azadetmə əməliyyatımız
uğurla davam edir. Bu gün səhər mənə verilən
məlumata görə, Azərbaycan Ordusu bu istiqamətdə
daha böyük uğurlara imza atdı. Bu məsələ ilə
bağlı lazım olan vaxtda açıqlama veriləcək.
Ermənistanın
bu xain hücumunun səbəbi odur ki, onlar bu münaqişənin
coğrafiyasını genişləndirmək, üzv
olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını
münaqişəyə cəlb etmək istəyirlər. Məhz
buna görə Ermənistan ərazisindən Azərbaycan
torpaqlarını, mülki şəxsləri atəşə
tuturlar və bizi cavab atəşinə təhrik edirlər. Fəqət
mən demişdim ki, bizim qisasımız döyüş
meydanında olacaq. Biz heç zaman mülki şəxslərə
qarşı heç bir addım atmırıq və bizim
bütün hədəflərimiz hərbi hədəflərdir.
Əməliyyatın ilk günlərindən bütün hərbi
hədəflər bir daha nəzərdən keçirildi və
bizim dəqiq, sərrast atışlarımız bu hədəfləri
məhv etdi. Erməni ordusuna çox böyük zərər
vuruldu, 200-dən çox tank, 2 “S-300” hava hücumuna
qarşı qurğu, bir çox başqa texnika məhv edildi,
33 tank və digər texnika qənimət kimi
götürüldü.
Bu,
Ermənistanın növbəti terror aktıdır. Ancaq bu
terror aktı Azərbaycan xalqının iradəsini qıra
bilməz. Biz düşmənə qarşı daha
böyük əzmlə, iradə ilə
vuruşacağıq, daha əzmlə, iradə ilə öz
torpaqlarımızı azad edəcəyik və Azərbaycan
bayrağını işğal edilmiş bütün
torpaqlarda qaldıracağıq.
O ki
qaldı, beynəlxalq təşkilatların və beynəlxalq
ictimaiyyətin buna reaksiyasına, Türkiyə hər zaman
olduğu kimi, bizi bir daha bu məsələ ilə
bağlı açıq və birmənalı dəstəklədi.
Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın
açıqlamaları, digər yüksək səviyyəli
vəzifəlilərin açıqlamaları bir daha
qardaşlıq mövqeyinin təzahürü idi. Pakistan və
onun Baş Naziri çox böyük həmrəylik göstərərək
çox müsbət açıqlama vermişdir, digər
ölkələr də vermişdir. Ancaq deyə bilmərəm
ki, bu, dünya miqyasında geniş vüsət
almışdır. Halbuki hər kəs üçün bu,
gün kimi aydındır. Atəşkəs rejimi haqqında
açıqlama verilir, ondan bir gün keçməmiş belə
namərd hücum təşkil edilir. Bu, bir daha onu göstərir
ki, atəşkəsi kim istəmir.
Mən
demişdim, bizim hədəfimiz, bizim məqsədimiz
işğal edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşlarını
qaytarmaqdır. Bildirmişdim, atəşkəs imkan verəcək
ki, bu məsələ artıq hərbi müstəvidən
siyasi müstəviyə, diplomatik müstəviyə
keçsin. Bu məsələ diplomatik müstəvidə
danışıqlar masası arxasında həll olunsun və
Ermənistan hələ də işğal altında olan digər
torpaqlardan çəkilsin, Azərbaycan vətəndaşları
oraya qayıtsın və sülh yaransın. Ancaq
görünür ki, Ermənistanın planları tam başqa
imiş. Onlar hesab edirmişlər ki, bu atəşkəsdən
istifadə edərək, bunu istismar edərək öz hərbi
məğlubiyyətlərini bir qədər azalda bilərlər,
vaxt qazana bilərlər, yeni qüvvələr səfərbər
edə bilərlər və beləliklə, Azərbaycana
qarşı hücumları davam etdirə bilərlər. Amma
onlar yanıldılar. Mən demişdim ki, əgər Ermənistan
müsbət davranış göstərməsə peşman
olacaq və haqlı idim.
- Cənab
Prezident, Sizin Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan
xarici işlər naziri 11 saat yarım davam edən bir
görüş keçirdilər. Siz, bu görüş davam
edərkən açıqlama verdiniz, bir şərtiniz var
idi, bizə bir təqvim versinlər. Yəni, Ermənistanın
Qarabağdan çəkilməsi üçün bir təqvim
verilsin. Moskvadakı görüşdə bir təqvim, ya da
Qarabağın gələcəyinə dair Moskvanın ortaya
qoyduğu bir layihə, bir plan oldumu?
-
Xeyr, təqvim verilmədi, biz də çox israr etmədik.
Çünki Moskva anlaşmasında, açıqlamasında
bizi qane edən, bizim maraqlarımıza cavab verən maddələr
bizi təmin etdi. Onu da bildirməliyəm ki, Moskva müzakirələrinin
uzun çəkməsinin səbəbi o idi ki, bizim
üçün məqbul olmayan bəzi maddələr o
açıqlamaya salınmalı idi. Bizim bundan xəbərimiz
yox idi. Bizim Xarici İşlər nazirimiz Moskvaya gələndə
və artıq müzakirə masasına əyləşəndə
hər iki nazirə təkliflər verildi. Təbii ki, mənimlə
əlaqə saxlanıldı və biz müntəzəm olaraq
əlaqədə idik. Mən bizim şərtlərimizi
demişdim və o şərtlərdən kənarda hər
hansı bir razılaşma mümkün deyildi.
Ona
görə biz vəziyyəti nəzərə alaraq, təqvimlə
əlaqədar mövqeyimizi bir qədər yumşaltdıq.
Ancaq bu, o demək deyil ki, bu təqvim olmayacaq, bu, olacaq. Ancaq nə
zaman? Artıq müzakirə prosesi çərçivəsində.
O açıqlamada göstərildi ki, müzakirələr
baza prinsipləri, yəni Madrid prinsipləri əsasında bərpa
edilir ki, o da işğal altındakı
torpaqlarımızın Azərbaycana qaytarılmasını təsbit
edir. Eyni zamanda, danışıqlar formatı dəyişməz
olaraq qalır. Yəni, danışıqlar Ermənistan və
Azərbaycan arasında aparılacaq. Qondarma “Dağlıq
Qarabağ respublikası”nın hər hansı bir nümayəndəsinin
bu danışıqlarda iştirakı müzakirə
mövzusu deyil. Bunlar bizi qane etdi. Bizim təxminimiz ondan ibarət
idi ki, artıq dərhal danışıqlar başlasın və
təqvim məhz bu danışıqlar çərçivəsində
bizə təqdim edilsin. Bu təqvim bizi qane etməlidir. Yəni,
bu, çox uzunmüddətli proses ola bilməz. Biz otuz il
gözləmişik. Artıq Azərbaycan xalqının səbri
tükənibdir. Əgər danışıqlar bərpa edilərsə,
əminəm ki, bu təqvim bizə veriləcək. Ancaq Ermənistanın
bu anlaşmanı, bu açıqlamanı pozması göstərir
ki, onların niyyəti, sadəcə olaraq, vaxt qazanmaq və
Azərbaycana öz hücumunu davam etdirməkdir.
- Cənab
Prezident, Dağlıq Qarabağın müstəqilliyi ilə
bağlı Ermənistanın cəhdləri var. Ermənistan
Fransada, Rusiyada, hətta erməni diasporunun güclü
olduğu digər ölkələrdə siyasi təzyiq
formalaşdırmağa çalışır.
Qarabağın işğaldan azad edilməsi məsələsində
Siz qətiyyətlisiniz. Qarabağ işğaldan azad edildikdən
sonra Sizin necə bir modeliniz var? Bir muxtar bölgə, müstəqil
bir struktur, necə bir proses olacaq Qarabağla bağlı?
-
Birincisi, onu deməliyəm ki, Ermənistanın hazırda
göstərdiyi cəhdlər yersizdir və onların özləri
üçün zərərlidir. Çünki birinci növbədə
heç bir ölkə Azərbaycanın ayrılmaz hissəsi
olan və beynəlxalq hüquq baxımından Azərbaycana mənsub
olan Dağlıq Qarabağa müstəqillik verməyəcək,
onu tanımayacaq. Belə olan halda bu cəhdlər səmərəsiz
qalacaq. Azərbaycanın ərazi bütövlüyü
bütün dünya tərəfindən tanınıb.
Baxın, Minsk qrupuna həmsədrlik edən ölkələr,
onlar bizim ərazi bütövlüyümüzü
tanıyır. Avropa İttifaqı ilə bizim “Tərəfdaşlıq
prioritetləri” adlı sənəd paraflanmışdır.
Orada Azərbaycanın ərazi bütövlüyünə,
suverenliyinə, sərhədlərimizin
toxunulmazlığına dəstək göstərilir. Yəni,
mən inanmıram ki, hər hansı bir ölkə
Dağlıq Qarabağın müstəqilliyini tanısın.
Çünki bundan heç bir saat keçməmiş bu
ölkə ilə biz bütün diplomatik əlaqələrimizi
kəsərik. Bu, mütləqdir. Ona görə Ermənistanın
bu cəhdləri, sadəcə olaraq, daxilə, yəni, öz
ictimaiyyətinə hesablanıb ki, sanki bunlar da hər
hansı bir diplomatik fəaliyyətdədirlər.
O ki
qaldı, sülhdən sonrakı dönəmə, bizim
mövqeyimizdə hər hansi bir dəyişiklik yoxdur. Bizim
mövqeyimiz həm tarixi ədalətə, beynəlxalq
hüquqa və dünyada mövcud olan müsbət təcrübəyə
əsaslanır. Yəni, birinci mərhələdə
işğal olunmuş rayonlardan erməni silahlı qüvvələri
çıxarılır. Prinsip etibarilə bu məsələ
artıq Minsk qrupu çərçivəsində təsbit
edilib, - beş rayon, ondan sonra iki rayon, ondan sonra Dağlıq
Qarabağın özündən, Şuşadan, Xankəndidən,
- orada bir çox kəndlərdə azərbaycanlılar
yaşayıb, - Azərbaycan vətəndaşları oraya
qayıdır və Dağlıq Qarabağın gələcəyi
ilə əlaqədar müzakirələr davam edir. Ancaq yeni
bir şəraitdə, yeni bir iqlim çərçivəsində.
Artıq biz sülhə daha da yaxınlaşacağıq. Ona
görə orada yaşayan ermənilərlə əlaqədar
bizim mövqeyimizdə dəyişiklik yoxdur. Azərbaycan
çoxmillətli dövlətdir. Azərbaycanın müxtəlif
yerlərində, ilk növbədə, Bakı şəhərində
minlərlə erməni yaşayır və onlar bizim vətəndaşımızdır.
Bizim ölkəmizdə bir çox millətlər
yaşayır və bu, ölkəmizin gücünü
artırır. Ona görə Dağlıq Qarabağda
yaşayan ermənilər narahat olmasınlar. Biz onların
canını o kriminal xunta rejimindən qurtarandan sonra onlar daha
yaxşı yaşayacaq, daha güvənli, daha təhlükəsiz
şəraitdə yaşayacaq və onların rifahı daha da
artacaq. Çünki orada indi səfalət hökm
sürür. Biz oraya sərmayə də yatırarıq, biz
orada sosial proqramlar da icra edərik, iş yerlərinin
yaradılması ilə əlaqədar proqramlarımız
olacaqdır. Bütün bunlar orada yaşayan ermənilər və
oraya qayıdacaq azərbaycanlılar üçün yeni bir mərhələ
olacaq. Bizim mövqeyimiz bundan ibarətdir. Ermənistanın
mövqeyi isə azərbaycanlıları oradan qovmaq, etnik təmizləmə
aparmaq, Azərbaycanın tarixi-dini abidələrini yerlə-yeksan
etmək və ondan sonra elan etmək ki, bu, qədim Ermənistan
torpağıdır. Halbuki ermənilər oraya çar
Rusiyası tərəfindən XIX əsrin əvvəlində
köçürülüb. Bu, tarixdir. Bu tarixi biz bilirik. Ona
görə bizim mövqeyimiz bundan ibarətdir. Azərbaycan
xalqı bu mövqeyi bilir və bunu dəstəkləyir.
- Cənab
Prezident, bu fikirlərinizdən başa düşdüyüm
qədər, Siz, təkcə əməliyyatı deyil, əməliyyat
sonrasını da izah etdiniz, mərhələ-mərhələ
konsepsiyasından bəhs etdiniz. Ancaq bilirik ki, münaqişə
dövründə çox böyük kədər
yaşandı, Qarabağda 30 min Azərbaycan türkü həlak
oldu, şəhid oldu. Yenidən o coğrafiyada xalqlar birlikdə
yaşaya biləcəkmi? Yaxud, ermənilər və Azərbaycan
türkləri ayrı-ayrı rayonlarda yaşayacaqlar? Necə
bir planlaşdırma olacaq?
-
Bilirsiniz, Azərbaycan xalqı çox xeyirxah xalqdır. Məhz
ona görə Azərbaycanda onlarla digər xalqların
nümayəndələri yaşayırlar, sülh, ləyaqət
içində yaşayırlar. Odur ki, mən tam əminəm,
ermənilər və azərbaycanlılar o bölgələrdə
bir yerdə yaşaya bilərlər. Necə ki, bu gün Azərbaycanın
digər yerlərində, necə ki, məsələn
Gürcüstanda. Gürcüstanda 300 mindən çox azərbaycanlı
və təqribən 200 minə yaxın erməni əhali var.
Bəzi kəndlərdə onlar bir yerdə yaşayırlar,
bir kənddə. Onların arasında hər hansı bir
problem yoxdur. Onlar normal qonşu kimi yaşayırlar, Rusiyada da,
Ukraynada da, digər ölkələrdə də. Niyə də
bunu burada edə bilmərik?
Mən
hesab edirəm ki, biz buna hazır olmalıyıq. Biz
xalqlarımızı buna hazırlamalıyıq. Mənim bu
gün sizə dediyim sözlər Azərbaycan xalqı tərəfindən
qəbul edilir və dəstəklənir. Bu, eyni zamanda, bu
gün Dağlıq Qarabağda yaşayan ermənilərə
də mənim müraciətimdir. Onlar bilsinlər ki, Azərbaycan
xalqı onların düşməni deyil. Sadəcə olaraq,
Azərbaycan xalqı öz dədə-baba torpaqlarında
yaşamaq istəyir. Buna Azərbaycan xalqının haqqı
var. Onlar da yaşasınlar, biz də yaşayaq. Amma bizi
qovsunlar, onlar yaşasınlar, bu, ədalətli deyil. Biz buna
heç vaxt razı ola bilmərik.
Əlbəttə
ki, hər bir müharibə sülh ilə nəticələnir.
Ona görə, indi biz müharibədən sonrakı mərhələyə
də baxmalıyıq. Əgər hər iki tərəfdə
güclü siyasi iradə olarsa və beynəlxalq təşkilatlar
bu məsələdə bizə kömək edərsə,
hesab edirəm ki, buna nail olmaq mümkün olacaq. O qədər
də asan olmayacaq. Ancaq biz çalışmalıyıq ki,
buna nail olaq.
- Cənab
Prezident, hazırda Ermənistan Azərbaycanın
yaşayış məntəqələrini atəşə
tutur. Azərbaycan isə əməliyyat zamanı yalnız hərbi
obyektləri hədəfə alır, ancaq Qarabağ bölgəsindəki
ərazilərdə əməliyyat həyata keçirir. Amma
Ermənistan Gəncəni, Mingəçeviri, Bərdəni,
mülki əhalinin yaşadığı digər yerləri hədəfə
alır. Bundan məqsəd panika, xaos və qorxu
yaratmaqdırmı? Siz hazırda Azərbaycan xalqının bu
psixologiyasını necə görürsünüz?
- Siz
haqlısınız, məqsəd budur, panika yaratmaq, xaos
yaratmaq, qorxu yaratmaq. Bu gün Azərbaycan tam başqa bir
ölkədir. Bu gün yeni nəsil yetişib. Müstəqillik
şəraitində yeni vətənpərvər, həm mənəvi,
həm də fiziki cəhətdən güclü insanlar
yetişibdir. Eyni zamanda, yaşlı nəsil də bu gün
tam başqa bir dünyagörüşünə malikdir.
Dövlətimizin güclü iradəsi var, güclü
ordumuz var. Məhz buna görə bu xain hücumlar bizim iradəmizi
qıra bilmədi. Erməni vəhşiliyindən ən
çox zərər çəkən Tərtər şəhəridir.
Tərtər şəhərinə minlərlə mərmi
düşüb. Tərtər balaca bir şəhərdir, Gəncə
kimi böyük şəhər deyil. Bu gün səhər mənə
verilən məlumata görə, 100-dən çox mərmi səhər
saat 7-dən indi saat 10-un yarısıdır, 2 saat yarım ərzində
mindən çox mərmi Tərtər şəhərinə
düşüb. Amma tərtərlilər bir dağ kimi, bir
yumruq kimi dayanıblar, heç bir yerə getmirlər və
deyirlər, öldü var, döndü yoxdur. Həmçinin
Ağdamda da, Goranboyda da, Ağcabədidə də, cəbhə
xəttinə yaxın olan bütün başqa bölgələrdə
də belədir. Onlar düşmənlə üz-üzə
yaşamağa öyrəşiblər. 2016-cı ildə, məşhur
Aprel döyüşlərindən sonra mən erməni vəhşiliyindən
zərər çəkmiş bölgələrə getdim və
bir kənddə oldum. O kənddən erməni mövqelərinə
məsafə 100-150 metr idi. Bizim hərbçilər mənə
dedilər ki, oraya getməyin. Getməyin, ora təhlükəlidir.
Dedim, orada bizim insanlar yaşayır, onlar üçün təhlükəli
deyilmi? Onlar nə qədər cəsarətli, nə qədər
qürurlu insanlardır ki, orada düşmənin atəşi
altında yaşayır, qurur, övladlarını
böyüdür. Azərbaycan xalqı, bax, bu xalqdır!
Ona
görə bu xain hücumlar bizi zərrə qədər də
yolumuzdan döndərə bilməz. Ermənistanın digər
bir məqsədi bizi dayandırmaqdır. Onlar zənn edirlər
ki, bu xain zərbələr bizi dayandıracaq. Bizi heç kim
dayandıra bilməz. Çünki biz haqq yolundayıq, bu yolu
davam edirik və uğurla davam edirik. Bayrağımızı
qaldırırıq, torpaqlarımızı azad edirik və
sona qədər bu yolu gedəcəyik!
- Cənab
Prezident, Minsk qrupu ilə bağlı. Münaqişənin 30
ildir davam etməsinə baxmayaraq, bir həll yolu
tapılmadı. Dünən bir media qurumuna müsahibənizdə
formatın yenidən nəzərdən keçirilə biləcəyini,
daha doğrusu, tərkibin dəyişə biləcəyini
dediniz. Bu tərkib necə olmalıdır? Türkiyə masada
rol almalıdırmı? Çünki səhər
saatlarında Rusiyadan bir açıqlama gəldi, Türkiyənin
o masada olması çox da arzu edilmir. Bu məsələyə
necə baxırsınız? Bir də bununla bağlı daha
bir sual vermək istəyirəm. Cənab Prezident, Rusiya bu
prosesdə Qarabağa sülhməramlılar göndərmək
istəyərsə, Sizin buna münasibətiniz necə olar? Səhv
etmirəmsə bir media qurumunda belə bir sual ilə
qarşılaşmışdınız?
-
İlk növbədə, onu bildirməliyəm ki, sülhməramlıların
bölgəyə göndərilməsi hər iki ölkənin
- Ermənistanın və Azərbaycanın
razılığı əsasında olmalıdır. Həmçinin
sülhməramlıların göndərilməsi və
sülhməramlıların tərkibi. Yəni orada kim olacaq,
hansı ölkələr olacaq? Əgər hər hansı
bir ölkə veto qoyarsa, təbii ki, bu, olmayacaq. İkinci məsələ
ondan ibarətdir ki, hər kəs anlamalıdır bu gün
sülhməramlıların göndərilməsi deyəndə
Azərbaycan torpaqlarından, suveren Azərbaycan ərazisindən
söhbət gedir. Bizim icazəmiz olmadan hər hansı
ölkə sülhməramlılarını bizim
torpağımıza göndərə bilməz. Bu, qanuna
ziddir. Bu, beynəlxalq hüquqa ziddir. Bu, qəbuledilməzdir.
Ona
görə bizdə belə bir narahatlıq yoxdur. Belə səylər,
belə istəklər ola bilər. Mən bunu istisna etmirəm.
Ancaq bütün məsələlər masa üzərində
olmalıdır. Onu da bildirməliyəm ki, müzakirə
mövzusu olan baza prinsiplərində sülhməramlıların
göndərilməsi ən son mərhələdə nəzərdə
tutulur. Yəni, ilk növbədə, bayaq qeyd etdiyim məsələlər
həll edilməlidir - torpaqların boşaldılması, məcburi
köçkünlərin qaytarılması, sərhədlərin
açılması, nəqliyyat və ticarət əlaqələrinin
qurulması. Ondan sonra sülhməramlıların gətirilməsi
də istisna deyil. Ancaq nəzərə alsaq ki, bu 30 illik
müzakirə müddətində biz müsbət nəticəyə
yaxınlaşmadıq və bu məsələ heç
müzakirə də olunmayıb. Ona görə bu məsələ
ilə bağlı hər hansı bir fərziyyə, istək
ola bilər. Ancaq Azərbaycanın razılığı
olmadan bu, mümkün deyil.
O ki
qaldı, Minsk qrupunun fəaliyyəti ilə əlaqədar məsələyə,
mən artıq bir neçə dəfə demişəm ki,
Minsk qrupu 1992-ci ildə yaradıldı. O zaman hansı əsaslar
buna səbəb oldu biz bilmirik. O qrupda elə ölkələr
var ki, heç bu bölgə ilə maraqlanmırlar. Heç
bu bölgədə onların hər hansı maraqları da
yoxdur, təsiri də yoxdur. Ona görə əgər bu
münaqişənin həll edilməsini istəyirlərsə,
- biz bunu istəyirik, - elə ölkələr
olmalıdır ki, onlar real həyatda sülhün təmin
olunmasına xidmət edə bilsinlər.
Təbii
ki, biz qardaş Türkiyəni bu prosesdə
görürük. Biz bunu alqışlayırıq. Biz bilirik
ki, Minsk qrupu ATƏT tərəfindən qurulmuşdur və
ATƏT-in öz qaydaları var. O qrupun tərkibinin dəyişdirilməsinin
yəqin ki, hüquqi prosedurları var. Biz o dərinliyə
getmək istəmirik. Ona görə mən demişəm ki,
de-yure, ya da de-fakto, fərq etməz. Əsas odur ki, Türkiyə
bu masada olsun. Onsuz da var. Çünki əziz qardaşım,
hörmətli Rəcəb Tayyib Ərdoğan Qarabağ məsələsi
ilə bağlı hörmətli Putinlə dəfələrlə
görüşmüşdür, dəfələrlə
danışmışdır. Artıq uzun illərdir, yəni,
on ildən çoxdur ki, bu məsələ Türkiyə-Rusiya
gündəliyində duran bir məsələdir. Mənim
bundan xəbərim var. Həm Türkiyə Prezidenti, həm
Rusiya Prezidenti bu haqda mənə demişdilər. Onsuz da
Türkiyə var. İndi daha çox, daha böyük həcmdə,
daha böyük miqyasda var.
Bilirsiniz
ki, Türkiyənin Xarici İşlər naziri cənab
Mövlud Çavuşoğlu cənab Lavrovla, Türkiyənin
Müdafiə naziri cənab Hulusi Akar cənab Şoyqu ilə
telefonla danışırlar. Kim deyə bilər ki, Türkiyə
prosesdə yoxdur. Türkiyə yoxdursa, nə üçün
danışırsınız? Türkiyə var. Biz də əlimizdən
gələni edəcəyik ki, bundan sonra da olsun.
Çünki Türkiyənin burada iştirakı olmasa, bu məsələ
həll edilə bilməz. Bunu hər kəs anlamalıdır.
O ki qaldı, yenə də deyirəm, bu məsələnin
formal tərəfinə, bu formal tərəf qala bilər,
Minsk qrupu da qala bilər, onsuz da 30 il ərzində bir nəticə
hasil etmədi. Ancaq bu məsələ nə qədər tez həll
olunarsa, o qədər də tez Minsk qrupuna ehtiyac qalmayacaq.
- Cənab
Prezident, bir tərəfdən Ermənistanın baş naziri
Paşinyan əməliyyatdan əvvəl Şuşada rəqs
etdi, xalqını coşdurmağa çalışdı. Bir
tərəfdən də müharibədə məğlub
olduqca Türkiyəni ittiham etməyə başladı.
Türkiyəni buraya əcnəbi döyüşçüləri
gətirməkdə günahlandırdı. Eyni zamanda, beynəlxalq
medianın da bu mövzuya çox yer
ayırdığını gördük. Həmçinin
Amerikadakı bir qəzetdə əcnəbi
döyüşçülərin, Türkiyə təyyarələrinin
Azərbaycanda olduğu xəbərləri yayımlandı.
Siz Paşinyanın o rəqsini necə dəyərləndirirsiniz,
bu gün hazırkı durum ortadadır. İkincisi, Türkiyənin
mövqeyi və bu təyyarələr mövzusu ilə
bağlı fikirlərinizi bilmək istərdim.
-
Paşinyanın sərxoş vəziyyətdə rəqsi və
digər təhqirləri, həqarəti Azərbaycan
xalqını haqlı olaraq hiddətləndirdi. Biz onun bu hərəkətlərinin
heyfini bu gün döyüş meydanında alırıq, əvəzini
çıxırıq. Azərbaycan əsgəri
döyüş meydanında göstərir ki, kim haqlıdır,
kim haqsızdır. Biz gücümüzü,
xalqımızın iradəsini döyüş meydanında
göstəririk. Paşinyanın digər təxribatları da
cavabsız qalmır və qalmayacaq. Azərbaycan
xalqının ləyaqəti bərpa olunur. Şəhidlərimizin
qanı yerdə qalmır və qalmamalıdır. Bu gün
azad etdiyimiz şəhərlər, kəndlər Paşinyana və
onun kimlərə bizim ən gözəl
cavabımızdır. O, artıq anladı ki, kim kimdir. Mən
ona xəbərdarlıq etmişdim. Mən ona demişdim ki, bu
yol sizi fəlakətə aparacaq. Mən demişdim ki, Azərbaycan
xalqının ləyaqəti ilə oynamasın, diqqətli
olsun, ehtiyatlı olsun. O zənn edirdi ki, dünya erməniliyi
onu müdafiə edəcək, o zənn edirdi ki, böyük
dövlətlər gəlib onun yerinə vuruşacaq, bu
gün də bunu istəyir. O, Rusiyanın Prezidenti hörmətli
Vladimir Putinə bir gündə telefonla dəfələrlə
zəng etmişdir. O, telefon zənglərinin bir hissəsi mətbuata
verildi, bir hissəsi isə verilmədi. Bizdə məlumat var
ki, bu son atəşkəsdən sonra da Paşinyan Putinə
telefonla zəng etmişdir. Onun bu hərəkətləri, əlbəttə,
göstərir ki, bu adam panikaya qapılıb, təşviş
içindədir, özünü itirib. Azərbaycan Ordusu
döyüş meydanında düşmənə elə
sarsıdıcı zərbələr endirir ki, artıq onlar
qeyri-adekvat duruma düşüblər. Bu, məsələnin
bir tərəfi.
O ki
qaldı, Türkiyənin burada iştirakı, yaxud da ki,
hansısa xarici güclərin buraya gətirilməsi, bu,
tamamilə yalandır. Türkiyə F-16-ları ilə əlaqədar
məsələyə mən artıq münasibət bildirdim.
Türkiyə F-16-ları buradadır. Onlar təlim zamanı gəlmişdilər,
təlimdən və erməni hücumlarından sonra burada
qaldılar. Amma onlar yerdədir, havada deyil. Onlardan heç biri
bu savaşda iştirak etməyib. Türkiyədən heç
bir insan bu savaşda iştirak etmir. O ki qaldı, əcnəbi
insanlara, o da yalandır. O, bizə atılan iftiradır,
böhtandır. Bizə bir dənə də sübut gətirilmədi.
Sadəcə olaraq, Fransadan və Rusiyadan belə
açıqlamalar verildi, vəssalam.
-
Konkret sübut ortaya qoyuldumu?
-
Sübut, dəlil yoxdur. Heç bir açıqlama verilmir.
Bizim kəşfiyyata heç bir məlumat verilmir.
Mən
sizə indi deyə bilərəm ki, kəşfiyyat
orqanlarımız bizə böhtan atan ölkələrlə
əlaqədə olublar, deyiblər ki, bizə dəlil,
sübut verin. Vermirlər. Sözdür. İndi mətbuatda
kim yazırsa yazsın, o bizi maraqlandırmır. Onsuz da Qərb
mediası hər zaman Ermənistanın tərəfini tutub və
bizə bundan əvvəlki dövrdə də hər zaman
çox mənfi münasibət bəsləyib. Ona görə
bu iftiralara biz öyrəşmişik. Ancaq rəsmi şəxslərin
açıqlamaları qəbuledilməzdir. Ya bunu sübut et,
ya da ki, öz sözlərini geri götür. Belə bir
şey yoxdur. Buna ehtiyac yoxdur. Azərbaycan kifayət qədər
güclü orduya malikdir ki, bu məsələləri özü
həll etsin.
Bir də
ki, əcnəbi vətəndaşların iştirakına gəldikdə,
baxsınlar Ermənistana, orada nə qədər əcnəbi
terrorçular var. PKK-nın düşərgələri var
orada. O cümlədən Dağlıq Qarabağda PKK-nın
düşərgələri var. Biz bu bölgəni
işğalçılardan təmizləyəndən sonra o
düşərgələri də məhv edəcəyik. Nə
qədər əcnəbi bu gün bizə qarşı bu
döyüşlərdə iştirak edir. Orada
öldürülən terrorçuların üzərindən
Kanada pasportları, Livan pasportları çıxıb. Onlar
erməni əsillidir, ya da ki, erməni əsilli deyil, bu,
başqa məsələdir. Başqa ölkənin vətəndaşı
gəlib bizə qarşı müharibə aparır. Bunlar
muzdlulardır.
Bir də
deyirlər ki, Türkiyə Azərbaycana hərbi yardım
edir. Bilirsiniz, Türkiyə bizim qardaşımızdır.
Bizim qardaşlıq münasibətlərimiz artıq
böyük sınaqlardan çıxıbdır. Biz
Türkiyədən hərbi texnika alırıq, ancaq biz
başqa ölkələrdən də alırıq. Biz
Rusiyadan, İsraildən, Belarusdan, İrandan, Ukraynadan, Şərqi
Avropa ölkələrindən, o cümlədən Türkiyədən
alırıq. Türkiyənin indi inkişaf etmiş hərbi
sənaye kompleksi var. Niyə almayaq? İndi baxın, Ermənistan
nə edir? Biz pulla alırıq. Məndə tam siyahı var,
o, sonra dərc ediləcək. Amma bir neçə məsələyə
diqqətinizi çəkmək istəyirəm. Bu iki həftə
ərzində Ermənistanın 200-dən çox tankı məhv
edildi, 33 tank qənimət götürüldü. Yəni, 233
erməni tankı bizdədir. Ondan sonra iki S-300 qurğusu məhv
edildi. Hər birinin qiymətini hər kəs bilir. Ondan sonra
hava hücumundan müdafiə sistemləri – OSA-35 məhv
edildi. TOR, KUB, KRUQ, karqo avtomaşınları, tank əleyhinə
silahlar. Əgər hamısını hesablasan, ancaq məhv
edilən və qənimət götürülən texnika 1-2
milyard dollar dəyərindədir. Sual olunur, kasıb Ermənistan,
sən bu pulu haradan tapdın? Sən bunu pulla aldınmı?
Xeyr. Sənə verdilər. Kim verdi, onu hər kəs bilir.
Verirlər və davam edir. Tovuz bölgəsində
toqquşmadan sonra, iyulun 16-da münaqişə dayandı,
iyulun 17-dən başlayaraq hər gün karqo təyyarələri
Ermənistana silah daşıdı. Baxın, Ermənistanın
dövlət büdcəsində bu maddələr var? Yoxdur.
Ermənistanın valyuta ehtiyatı 1,5 milyard dollardır. Vəssalam.
Onun başqa pulu yoxdur. Xarici dövlət borcu təqribən 8
milyard dollardır. Yəni, bu ölkə iflasa uğrayıb.
Haradandır bu qədər ancaq məhv edilmiş, hələ
nə qədər məhv ediləcək texnika? Əgər
müharibə davam edərsə, biz onların bütün
ordusunu məhv edəcəyik, bütün ordusunu! Ona görə
onlar müharibəni nə qədər tez dayandırsalar, o qədər
də tankları, topları qoruya bilərlər. Hələ
Ermənistan ərazisində nə qədər var.
Rusiyanın Ermənistanda hərbi bazası var, 5 min əsgər
var orada. Türkiyənin Azərbaycanda hərbi bazası var? Yoxdur.
Ermənistanın İranla və Türkiyə ilə sərhədini
Rusiya sərhədçiləri mühafizə edir. Azərbaycan
sərhədində Türkiyə sərhədçiləri
var? Yoxdur. Ona görə bizi heç kim ittiham etməsin. Yoxsa
biz, necə deyərlər, açarıq sandığı,
tökərik pambığı, belə bir atalar sözü
var.
- Cənab
Prezident, PKK-nın Qarabağda düşərgələrindən
bəhs etdiniz. Düşərgələrin hansı bölgələrdə
olduğu bəllidirmi?
-
Bizdə bu barədə kəşfiyyat məlumatı var. Bu
barədə mən daha ətraflı açıqlama vermək
istəmirəm. Daha çox dağlıq bölgəsindədir.
Çünki işğal edilmiş torpaqların bir hissəsi
dağlıq ərazidir, bir hissəsi isə düzənlikdir.
Onlar daha çox meşələrdə və dağlıq ərazilərində
yerləşiblər. Bu məsələ ilə bağlı
biz dəfələrlə beynəlxalq təşkilatlarda
öz sözümüzü demişik. Hətta mən əvvəlki
vəzifəmdə olarkən, - deputat kimi Avropa Şurası
Parlament Assambleyasının Azərbaycan nümayəndə
heyətinin rəhbəri idim, - orada da məsələ
qaldırmışdım. Avropa deputatlarının diqqətini
cəlb etmişdim bu işlərə ki, onlar Ermənistana
sanksiya tətbiq etsinlər. Yəni, Ermənistan terrorçu
ölkədir, terroru təşviq edən ölkədir. Ona
görə belə kəşfiyyat məlumatları var. Eyni
zamanda, Rusiyanın xarici kəşfiyyat idarəsinin
açıqlamasında da bu, deyilmişdi. Amma nədənsə
o açıqlama heç bir mətbuatda yer almadı. Həmin
açıqlamada deyildi ki, Azərbaycanda əcnəbi adamlar
vuruşur. Eyni açıqlamada Ermənistanın adı
çəkilməsə də, PKK-nın da
döyüşdüyü bildirilib. Aydındır ki, PKK Azərbaycanda
ola bilməz. Amma niyə Qərb mətbuatında bu barədə
bir kəlmə də yoxdur? Ört-basdır etmək istəyirlər,
diqqətdən kənarda saxlamaq istəyirlər. Amma
bütün bu torpaqlarda Azərbaycan bayrağı
dalğalanandan sonra orada bir dənə də terrorçu
sağ-salamat qala bilməz.
- Cənab
Prezident, indi enerji ilə bağlı təhlükəsizlik məsələsi
müzakirə olunur. Ermənistan TANAP, ya da Türkiyəyə
gedən boru xətlərini hədəfə alan hücumlar
etdi. Bunun təhlükəsizliyini necə təmin edəcəksiniz?
Avropada enerjiyə ehtiyac var, avropalı dostlar buna necə
baxırlar?
-
Onlar bir qədər narahatdır. Amma biz təbii ki, bunu nəzərə
alırıq. Çünki Ermənistandan hər şey
gözləmək olar. Elə Tovuz bölgəsində iyul
ayında baş vermiş toqquşmaların səbəblərindən
biri də o idi. O boru xəttinə yaxınlaşmaq, ya da ki,
onu nəzarət altına almaq. Məhz elə ona görə
onlar bizim ərazimizə girib yeni torpaqlar işğal etmək
istəyirdilər. Ancaq bunun acı nəticəsini
yaşadılar. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan istismara
veriləndən bu günə qədər boru xətlərinin
təhlükəsizliyi ilə bağlı Azərbaycan ərazisində
bir dənə də problem olmamışdır, bir dənə
də, nə texniki problem, nə də ki, hansısa bir təxribat.
Çünki Azərbaycan ərazisində bizim kifayət qədər
inkişaf etmiş müdafiə sistemimiz var. Monitorinq
aparılır, fiziki müdafiə və elektron vasitələrlə.
Boru xəttinin yerin altında, dərində yerləşməsi
təbii ki, bunu havadan da müəyyən dərəcədə
mühafizə edir. Ancaq əgər Ermənistan bu çirkin
planları, yəni, boru xətlərinin sıradan
çıxarılması planlarını həyata keçirərsə,
onlar üçün cavab çox ağır olacaq. Biz bu barədə
artıq xəbərdarlıq etmişik. Hesab edirəm ki, gələn
il TANAP-dan qaz alacaq Avropa ölkələri də onları xəbərdar
etməlidir. Çünki TANAP təkcə bizim layihəmiz
deyil. TANAP-ın başqa səhmdarları var, TAP-ın Avropa səhmdarları
var. Bu, Avropanın enerji təhlükəsizliyi
üçün müstəsna əhəmiyyət
daşıyan bir layihədir. Ona görə hamımız maraqlı
olmalıyıq ki, bu layihəyə hər hansı bir ziyan dəyməsin.
- Cənab
Prezidentim, daha bir sual vermək istəyirəm. İndi
Paşinyan özünü itirib, təkcə özünü
deyil, eyni zamanda, Ermənistan xalqını da təhlükəyə
atıb. Ermənistanda yaşayan 3 milyon insan təhlükə
altındadır. Avropadakı ermənilərdən, ya da
oradakı iş adamlarından vasitəçi olan, deyən
ki, erməni xalqının günahı yoxdur, bu, dəlidir,
bununla bağlı bir telefon zəngi, danışmaq istəyən
olubmu?
-
Xeyr, bununla bağlı bizə heç bir telefon zəngi
olmamışdır, heç bir mesaj göndərilməmişdir.
Ancaq bu, gözlənilən idi. Bilirsiniz, hər bir rəhbər,
hər bir idarəçi təcrübəyə malik
olmalıdır. Biliklər öz yerində, təcrübə,
idarəetmə təcrübəsi. İndi bəzi ölkələrdə
hakimiyyətə gəlmiş insanların heç bir təcrübəsi
yoxdur. O, heç kiçik bir kolxoza da
başçılıq etməmişdir. Heç kiçik
bir firmaya, dükana da başçılıq etməmişdir.
Onun tabeliyində bəlkə heç beş nəfər də
olmayıb. Sən ölkəni necə idarə edə bilərsən?
Ölkəni idarə etmək çətin məsələdir,
xüsusilə bizim bölgəmizdə. Oturuşmuş Avropa
ölkələrində bu, o qədər də çətin
məsələ deyil. Çünki ölkələr var ki,
heç bilmirlər onun başçısı kimdir. Heç
insanları maraqlandırmır, onlar öz həyatını
yaşayır, sistem oturuşub, hər şey artıq sistem
altındadır. Amma bizim bölgəmizdə ölkəni idarə
edən insandan çox şey asılıdır -
insanların həyatı, təhlükəsizliyi, rifahı,
beynəlxalq imici. Paşinyan küçədən gələn
bir adamdır. Kim idi o? Heç kim. Bir yazar idi, heç yazar da
deyil, bir qəzetin müxbiri idi. Küçədən gəldi
rəhbər oldu. Nə etdi ondan sonra? Ermənistanı fəlakətə
aparır. Baxın, Ermənistanda bu gün diktatura tam hökm
sürür. İki keçmiş prezidentin hər birinə
cinayət işi açıldı. Biri iki ilə yaxın həbsdə
oturdu, sonra onu buraxdı, amma cinayət işi qalır. O
birisinə də ölkə xaricinə çıxma qadağası
qoyulub. Bu toqquşmalardan iki gün öncə əsas
müxalifət partiyasının sədrini həbsə
atdı. Ondan sonra Konstitusiya Məhkəməsini
darmadağın etdi, qovdu. Konstitusiya Məhkəməsinin sədrini
şantaj etdi, həbslə hədələdi və zorla
öz adamlarını oraya yerləşdirdi. Jurnalistləri,
media nümayəndələrini həbslərdə
çürüdür. Biri aclıq elan etdi və orada
öldü. Beynəlxalq müstəvidə, ənənəvi
müttəfiqlərlə problem yaşandı. Rusiya ilə,
Belarus ilə, digər ənənəvi müttəfiqlərlə
problem yaratdı. İndi Paşinyanın ən çox
ümid bəslədiyi Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatıdır. Rusca buna ODKB deyirlər.
ODKB-nin Nizamnaməsində yazılıb ki, əgər hər
hansı bir ölkəyə xaricdən hücum olarsa digər
ölkələr bunun gərək canını qurtarsın.
Amma ODKB-nin baş katibi erməni idi, keçmiş rejimin
adamı idi. Onu həbsə atdı. Yəni, o təşkilatı
da təhqir etdi. Nə qədər belə şeylər etdi.
Artıq hər kəs bilir ki, Paşinyan Sorosun bir məhsuludur.
Bu, Soros tərəfindən idarə olunan bir adamdır.
Postsovet məkanında baş vermiş çevrilişlər,
“inqilablar” bir mənbədən qaynaqlanır. Soros artıq
ümumi bir anlayış oldu. Mən tək onu nəzərdə
tutmuram. Budur, Paşinyanın da Sorosla şəklini internetdə
axtarın. Durublar qol-qola, bədənləri də bir-birinə
yapışıb. Çox eybəcər bir fotoşəkildir.
Odur onun atası. Ona görə Soros onu idarə edir. Ermənistanda
baş vermiş bu hadisələr Sorosun növbəti məğlubiyyətidir.
2005-ci
ildə onlar Azərbaycanda bunu etmək istədilər -
narıncı inqilab. Amma mən durdum onların
qabağında, əzdim onları, qovdum buradan, sonra Soros
fondlarını da bağlatdım. Digər qeyri-hökumət
təşkilatlarını da buradan rədd etdim. Dedim ki, biz
özümüz bilərik. Gedin, başqa yerdə inqilab edin.
Amma onlar Ermənistanda oturuşdu, qeyri-hökumət təşkilatları
vasitəsilə oraya pullar gətirildi, insanlar yetişdirildi.
Bu gün Paşinyan komandasının 90 faizi Soros, “Transparency
International”, “Amnesty International”, “Human Rights Watch” və bu kimi
çirkin təşkilatların nümayəndələridir.
Ona görə mən bu yaxınlarda rus kanallarının birinə
müsahibə verəndə dedim ki, bu gün bizim məqsədimiz
Paşinyana problem yaratmaq deyil. O, nə qədər çox
qalsa, bizim üçün o qədər də
yaxşıdır. Yəni, başa
düşürsünüz nəyə görə.
- Cənab
Prezident, sonuncu sual. Əslində, planımda yox idi, amma bunu da
soruşmaq istəyirəm. Bundan sonrası necə davam edəcək?
Türkiyədən çox ciddi ictimai dəstək var, yəni,
ictimaiyyət deyərkən, insanlar, hər kəs Sizin
çıxışlarınızı izləyir və dəstək
verir. Amma 15 gündür mən Azərbaycandayam, Bərdədə,
Mingəçevirdə, Gəncədəyəm.
İnsanların Sizə möhtəşəm dəstəyi
var. Getdiyimiz hər yerdə evi dağılan insanlardan
soruşuram, “Eybi yox, evim dağılsın, evim, avtomobilim
yansın, vacib deyil, amma Qarabağ alınsın” deyirlər.
Möhtəşəm bir dəstək var. Bunu hər bir
insandan soruşduğumuz zaman görürük. Burada ən
böyük dəstək də Sizə var. Müxalifətdən
də var, iqtidardan da var. Bundan sonrakı proses necə davam edəcək?
Necə bir proses gözləyirsiniz? Sizcə, bu proses nə qədər
davam edər? Siz təcrübəli bir atanın oğlusunuz.
Qafqazın və bu bölgənin ən təcrübəli
siyasi xadimi Heydər Əliyevin oğlusunuz. Qarabağ,
Türkiyə və bu bölgə ilə əlaqədar Sizə
söylədiyi və yadınızda qalan bir cümlə, bir
fikir varmı?
-
Bilirsiniz, evləri dağılmış insanların problemlərini
biz həll edərik. Onlar heç narahat olmasınlar.
Özü də qısa müddət ərzində.
Yadımdadır, 2016-cı ilin aprel ayında Ermənistan bizə
hücum edəndə bizdə təqribən 1000-dən
çox ev dağılmışdı və mən o evlərin
sahibləri ilə görüşlər əsnasında
demişdim ki, narahat olmayın, biz bütün bu evləri bərpa
edəcəyik. Ondan təqribən 8 ay sonra yenə onların
yanına, Ağdam və digər cəbhəyanı bölgələrə
getdim, evlərinin açarlarını onlara təqdim etdim.
İlyarım
əvvəl Şamaxı şəhərində zəlzələ
oldu, minlərlə ev dağıldı. Getdim oraya dedim ki,
narahat olmayın, bütün evlər bərpa ediləcək.
Onu da etdik. Bir neçə ev qalıb, onları da bərpa edəcəyik.
Bizdə təqribən 10 il bundan əvvəl daşqın
oldu, böyük bir ərazi su altında qaldı. Təxminən
5 mindən çox ev uçub dağılmışdı.
Hamısı dövlət tərəfindən bərpa edildi.
Mənim yanaşmam belədir ki, əgər sənin 100
kvadratmetrlik evin var idisə, sən 120-150 kvadratmetrlik ev
alacaqsan. Əgər sənin evin daxma idisə, sən gözəl
təmirli yeni ev alacaqsan. Ona görə mülkiyyətini, evlərini
itirmiş insanlara yardım ediləcək. Ondan başqa, bizim
kəndlərdə bir çoxları ev heyvanlarını da
itirdilər. Bu, onlar üçün qazanc mənbəyidir. Mən
artıq tapşırıq verdim, hesablamalar aparılır, kim
nə qədər ev heyvanı itirib o da veriləcək. Biz bu
məsələni mütləq həll edəcəyik və
Azərbaycan xalqı da bilir ki, o hansısa sığorta
şirkətinə gedib müraciət etməyəcək, onu
get-gələ salmayacaqlar, hansısa məmur ona problem
yaratmayacaq, çünki bu, mənim şəxsi nəzarətimdədir.
Bunu hər kəs bilir və mənim tapşırıqlarımı
yerinə yetirəcəklər.
Bu
hadisə Azərbaycan xalqının nə qədər
böyük xalq olduğunu bir daha göstərir. Deyir ki, evim
də batsın, malım da batsın, təki Qarabağ
alınsın və biz hamımız bu amalla
yaşayırıq, hamımız. Biz bu nisgili, bu həsrəti
30 ildir yaşayırıq, 30 il. Buna son qoyulmalı idi, yoxsa
yox? Buna son qoyuruq və qoyacağıq.
Ona
görə bu məsələ ilə bağlı indiki mərhələdə
yalnız irəli getməliyik. Biz Ermənistana şans verdik.
Biz bu atəşkəsə razı olmaya da bilərdik. Deyərdik
ki, biz razı deyilik. Kim bizi məcbur edə bilərdi?!
Heç kim. Biz bunu etdik ki, bu tərəfdən də, o tərəfdən
də insanlar ölməsinlər. Onlar da yazıqdırlar.
Onları da qovurlar. İndi bizim Müdafiə Nazirliyi
videokadrlar yayıb, zəncirlə bağlayırlar erməni əsgərlərini,
zəncirlə, dəmirə bağlayırlar, bir-birinin
ayağına bağlayırlar ki, qaçmasınlar. Neçə
dənə belə meyit çıxdı. Dəhşətdir,
bunlar adam deyil. Bir də son günlərdə erməni əsgərlərinin
arxasınca cəza taborları gəlir. Əgər kimsə
geri qaçarsa, o, orada vurulur, yəni, belə vəhşilik,
belə faşizm.
Biz
bu nisgillə yaşadığımız üçün istəyirik
ki, oraya qayıdaq, ancaq sülh yolu ilə. Ona görə Ermənistana
şans verdik, atəşkəsi qoru, onu pozma, masa arxasına
otur, bu məsələni həll et, torpaqlarımızı
bizə ver. Sənin torpağın bizə lazım deyil. Bizim
Ermənistan torpağında gözümüz yoxdur. Sizə də
söylədim, oradakı ermənilər harada
yaşayıblar, orada da yaşayacaqlar, bizim onlarla heç bir
problemimiz yoxdur. Yəni, bu mərhələ üçün
bizim siyasətimiz bundan ibarətdir sona qədər.
O ki
qaldı, artıq müharibə başa çatandan sonra, əlbəttə
ki, nəinki bölgə, dünya dəyişəcək.
Artıq dəyişir. Hər kəs bizim
gücümüzü gördü. Bizimlə hesablaşmaq səviyyəsi
daha da artacaq. Onsuz da müəyyən regional məsələlərdə
Azərbaycanın rolu çox önəmlidir, o daha da artacaq.
Təbii ki, Türkiyə-Azərbaycan birliyi daha da möhkəm
olacaq. Bu da həm Türkiyə, həm Azərbaycan
üçün həyati əhəmiyyət, önəm
daşıyır. Türkiyə-Azərbaycan birliyi bölgəyə
sabitlik, sülh gətirir. Çünki bizim niyyətimiz
öz maraqlarımızı təmin etməkdir.
Bu
gün Türkiyə bölgədə və yeni coğrafiyada
çox önəmli sabitləşdirici rol oynayır.
Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bu
toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi
qorudu. Bəziləri bəlkə bunu anlamırlar. Əgər
o sözlər olmasaydı, əgər mənim qardaşım
deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın
yanındadır, bəlkə də burada vəziyyət
qarışardı. Bəlkə də başqa kimsə burada,
necə deyərlər, bulanıq suda balıq tutmağa
çalışacaqdı. Ona görə bundan sonra bu bölgədə
biz yeni bir strateji mənzərə, strateji baxış
yaratmalıyıq. Artıq bu barədə düşünməyə
başlayırıq, ancaq hadisələri qabaqlamaq istəmirik.
Qoy, bunu həll edək, bu iş bitsin, ərazi
bütövlüyümüz bərpa edilsin, ondan sonra Azərbaycanın
yeni dövrü başlanacaq, bölgənin yeni dövrü
başlanacaq, güclər nisbəti dəyişəcək və
hesab edirəm ki, Türkiyə və Azərbaycanın
gücü daha da möhkəm olacaq.
- Cənab
Prezident, çox təşəkkür edirəm. Sıx
iş rejimində, xüsusilə bir tərəfdən cəbhədən
xəbərlər gəlir, bir tərəfdən diplomatik
proseslər içərisindəsiniz. Amma təbii ki, Sizinlə
söhbət edərkən, bu reportaj əsnasında
gördüm ki, Siz, əslində, Ermənistan ictimaiyyətinin
daxilində danışılanları da çox yaxşı
izləyirsiniz. Bizə vaxt ayırdığınız
üçün “Haber Türk” adından çox təşəkkür
edirəm, cənab Prezident.
- Sağ olun. Mən təşəkkür
edirəm. Çox sağ olun.
Mövqe.- 2020.- 15
oktyabr. S. 2-3; 4.