İlk Hərbi nazirimiz
Qürur
tariximiz haradan başlayır?
Tarixi
günlər yaşayırıq! Otuz ilə
yaxındır səbrimizi tükəndirən Qarabağ
işğalına, ədalətsizliyə son qoyulur. Ordumuz öz yurdlarından didərgin
düşmüş yüz minlərlə qaçqın və
məcburi köçkünün tapdanan hüquqlarını
bərpa edir. Arxa cəbhədə olan hər
bir mülki vətəndaş isə üzərinə
düşən işin öhdəsindən vicdanla, peşəkarlıqla,
həvəslə gəlməyə çalışır.
Müstəqilliyimizi bərpa etdikdən sonra bəlkə
də ilk dəfədir ki, bütün ölkə bir yumruq
kimi birləşib, bir ürək kimi döyünür....Bu
günlərdə bütün şəxsi maraqlar arxa plana
keçib, milli və dövlət maraqları isə önə
çıxıb. Bütün sosial təbəqələri,
fərqli düşünən insanları öz
işığına toplayan, ətrafında birləşdirən
bircə müqəddəs ünvan, bircə müqəddəs
dəyər var – Qarabağ! Bunun şahidi olmaq necə də
qürurvericidir!
Bu
sözlər “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icması” İctimai Birliyinin Beynəlxalq əlaqələr
şöbəsinin müdiri Aybəniz İsmayılovanın
“Qürur tariximiz haradan başlayır” sərlövhəli məqaləsində
yer alıb.
Məqalədə,
həmçinin deyilir: “Arxa cəbhədəki bu həmrəyliyin
güc mərkəzi isə şanlı Ordumuzun
Qarabağdakı zəfərləridir. Bu hərbi
uğurların kökündə tarixi hərbi ənənələrimiz,
təcrübələrimiz və əcdadlarımızın
miras qoyduğu ləyaqət durur. Ötən
əsrin əvvəllərində biz azərbaycanlılar
demokratik ənənələrə, nizami orduya, sivil dövlət
quruluşuna malik Şərqin ilk cümhuriyyətini qurduq.
Bu cümhuriyyətin hərbi zəfərləri
həm də AXC-nin ilk Hərbi naziri, Qarabağın
general-qubernatoru Xosrov bəy Sultanovun adı ilə
bağlıdır.
Xosrov bəyin taleyi qəhrəmanlıq və sevgi, hərb
və mühacirət hekayəsidir. Xalqımızın
şərəf və ləyaqət rəmzi olan bir çox
müasirləri kimi, Xosrov bəy də bizim
yaddaşımıza öz millətinin azadlığı və
firavanlığı, təhsili və xoşbəxt gələcəyi
üçün sonsuz fədakarlığı ilə həkk
olunub.
Xosrov bəy
Sultanov 1879-cu ilin may ayında Zəngəzur qəzasının
Qasımuşağı obasının Qurddağı kəndində
- indiki Laçın rayonu ərazisində anadan olub. Gəncə
gimnaziyasını bitirdikdən sonra Odessada ali
tibb təhsili alıb. Sonra isə Novorossiysk Universitetinin tibb
fakültəsində ali təhsilini davam
etdirib. 1903-cü ildə təhsilini başa
vuraraq birbaşa Zəngəzura qayıdıb - amma tək yox,
ömür yoldaşı, Novorossiysk Universitetinin rektorunun
qızı ilə. Bəs görəsən
necə oldu ki, rus rektorunun qızı yüzlərlə gəncin
arasından bu qafqazlını sevib seçdi?
Xosrov bəyin
nəvəsi Elbrus Muradov müsahibələrində
babasının sevgi macərasını belə nəql edir:
"Babam universitetdə oxuyarkən bir gün təsadüfən
yolda bir rus zabitinin gənc bir qıza
sataşdığını görür. Ətrafdakılardan
fərqli olaraq, Xosrov bəy qızı müdafiə edir.
Nəticədə babam rus zabiti ilə duelə
çıxır. Birinci gülləni rus
zabiti atır və babamın bir gözünü zədələyir.
Yaralı olmasına baxmayaraq, babam özünü itirmir və
sərrast nişan alaraq zabiti
öldürür. Sonradan məlum olur ki, bu
qız Novorossiysk Universitetinin rektorunun qızıdır.
Qızla babam arasında səmimi dostluq
yaranır və bu dostluq böyük bir məhəbbətə
çevrilir. Ailə qururlar. Bir oğlanları olur. Babam
oğlunun adını Murad qoyur. Amma Murad
uşaq ikən dünyasını dəyişir”.
Xosrov bəy Şuşaya köçür, Qarabağda
həkimliklə məşğul olmağa başlayır. O, Şuşadakı evinin
birini kitabxanaya çevirir. Şuşa
ziyalılarını tez-tez bu evə dəvət edir, burada
Şərq xalqlarının tarixindən, mədəniyyətindən
söhbətlər gedir, imkansız ailələrin
uşaqlarının təhsilə cəlb edilməsi
müzakirə olunur.
Amma yaşadığı coğrafiyada baş verən
tarixi hadisələr Xosrov bəyi bu sakit həyatdan
qoparır.
1917-ci il bolşevik inqilabı onu milli azadlıq hərəkatı
uğrunda mübarizəyə sövq edir. Xosrov
bəy 1917-ci ildə "Müsavat” partiyasına daxil olur.
Rusiya Müəssislər Məclisinə deputat
seçilir, Zaqafqaziya Seyminin ən fəal üzvlərindən
biri kimi ad çıxarır. 1918-ci il
mayın 27-də isə Azərbaycan Milli Şurasının
üzvü seçilir və Azərbaycan Xalq Cümhuriyyətinin
elan edilməsi bəyannaməsinə imza atanlardan biri olur. Mayın 28-də Baş Nazir Fətəli Xan Xoyskinin
formalaşdırdığı ilk hökumətin tərkibində
Xosrov bəy Hərbi nazir vəzifəsinə təyin edilir.
Lakin
Qarabağda, Zəngəzurda vəziyyət gərginləşir,
ermənilər bu ərazilərdə yaşayan əhalini
soyqırımına məruz qoyurdu, dövlətin qanun və
qərarlarını icra etmirdilər.
Bunları
nəzərə alaraq, 1919-cu il yanvarın
15-dən Xosrov bəy Sultanov Qarabağın general-qubernatoru təyin
edilir. İlk olaraq Xosrov bəy xalqa müraciət
ünvanlayır. “Azərbaycan” qəzetində çap
olunan müraciətdə yazılır: “Azərbaycan hökumətinin
yanvar ayı qərarı ilə Zəngəzur, Şuşa,
Cavanşir və Cəbrayıl qəzaları xüsusi
general-qubernatorluğa ayrılmışdır. Bu
fövqəladə tədbirlər fövqəladə vəziyyətdən
irəli gəlmişdir. Azərbaycanın
təqribən yarısı, onun ən yaxşı hissəsi
- 4 qəza - artıq bir ilə yaxındır ki, anarxiya
ucbatından dağılır. “Həyatını
xalqa xidmətə sərf etmiş ictimai xadim kimi mən, milli
mənsubiyyətindən asılı olmayaraq hamıya eyni
münasibət göstərməyi, ciddi ədalət və
qanunçuluq mövqeyində dayanmağı hakimiyyətin borcu
sayıram. Azərbaycanın müstəqilliyi,
ərazi toxunulmazlığı, şəxsiyyətin ciddi məsuliyyəti
və əmlak toxunulmazlığı - diyarın həyatı
bu əsaslar üzərində qurulacaqdır".
Xosrov bəy Sultanov general-qubernator vəzifəsinə
başlayanda bölgədə acınacaqlı durum hökm
sürürdü. Təkcə Zəngəzurda 166 kənd
dağıdılmış, əhalisi məhv edilmişdi.
Bu qırğınları törədən erməni
Andronikin silahlı dəstəsini bölgədən
çıxarmaq üçün general-qubernator tədbirlər
görməyə başladı. Buna cavab
olaraq Ermənistan hökuməti həmin ərazilərlə
bağlı Azərbaycan hökuməti qarşısında
iddia qaldırır.
1919-cu il mayın 8-də Azərbaycan Nazirlər
Şurasının sədri Nəsib bəy Yusifbəyliyə
Şuşadan göndəriləm 1348 saylı məlumatda
bildirilir: "Maldarların yaylaqlara təhlükəsiz gedə
bilməsini təmin etmək üçün Gorus bölgəsində
hərbi əməliyyatlar aparılmalıdır. Cənab əlahəzrətə
bildirirəm ki, maldarların yaylaqlara təhlükəsiz
keçməsi sxeminin surətini Sizə göndərirəm
və qeyd edirəm ki, onların Şuşa
və Cavanşir bölgəsindən keçməsi
faydasızdır. Bundan ötrü Gorusu tutmaq
lazımdır. General-qubernator Sultanov".
Başqa
bir teleqramda:
"Ermənilər bu gün Xankəndinə hücum
etdilər. Şuşadan olan teleqraf xətləri qəsdən
kəsilib. Mənim agentlərdən
alıb dəfələrlə Sizə
çatdırdığım məlumatlar özünü
doğruldur. Xankəndinə hücumun nəticələri
haqqında hələ məlumatım olmadan yazıram. Hamıya səfərbər olmaq barədə əmr
göndərilib. General-qubernator
Sultanov".
Beləliklə, Xosrov bəy Sultanovun fəaliyyəti nəticəsində
daşnak Andronikin ordusu Zabux dərəsində, erməni
komandiri Dronun orduları isə Əsgəranda
darmadağın edilir.
Azərbaycan
hökumətinin Qarabağdakı vəziyyətə dair Ermənistan
hakimiyyətinə verdiyi 1720 saylı notada yazılır:
“Sultanov
Azərbaycan Respublikası tərəfindən Azərbaycanın
ayrılmaz və mübahisəsiz torpaqları olan
Şuşa, Zəngəzur, Cəbrayıl, Cavanşir qəzalarının
general-qubernatoru kimi fəaliyyətdədir və Azərbaycan
qoşunlarının Qarabağa daxil olmasına erməni
hökumətinin hər hansı etirazı Azərbaycan
Respublikasının daxili işlərinə
qarışmaqdır və müzakirə edilə bilməz. Şuşa rayonunda baş verən
özbaşınalıqlarla bağlı isə general-qubernator
tərəfindən güclü tədbirlər
görülüb və həyat normal axarına
düşüb”.
Azərbaycan Respublikasının Qarabağ bölgəsində,
xüsusilə Şuşada qayda-qanun yaradan Xosrov bəy
Soltanov buradakı erməni əhalinin də təhlükəsizliyini
təmin etdi.
Erməni məhəllələrində postlar
quruldu, poçt, bank xidmətləri fəaliyyətini bərpa
etdi, insanların gündəlik həyatı axarına
düşdü.
1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən
işğal edildi. Bu işğaldan sonra Xosrov bəyin həyatında
ağır dövr başladı.
Bolşeviklərin Azərbaycanı işğalından
sonra Xosrov bəy Sultanov Qarabağ Hərbi İnqilabi Komitəsini
yaradır və sədri olur. İnqilab Komitəsinin
qərarında qeyd edilirdi ki, bu dövrə qədər
mövcud olan partizanlar bu gündən Qırmızı kəndli
qvardiyası adlansın, qəza rəisləri və pristav vəzifələri
ləğv edilərək qəza və sahə komissarları
ilə əvəz olunsun.
Lakin bu qərardan 11 gün sonra, mayın 12-də 519
saylı həbs kağızı əsasında Sultanov
azadlıqdan məhrum edilir. Bolşeviklər onu
ağır cəzaya məhkum etməyə
hazırlaşırdılar. Odur ki, 1920-ci
ilin avqust ayının 9-da Xosrov Sultanovun işi Ali
Tribunalın məhkəməsinə verilir. Bu mərhələdə ona Nəriman Nərimanov və
Çingiz İldırım tərəfindən ciddi köməklik
göstərilir və o, həbsdən azad olunur, dərhal Azərbaycanı
tərk edir.
Bundan sonra onun Türkiyədə, Almaniyada, Fransada,
Polşada ağır mühacirət həyatı
başlayır. Xosrov bəyin fəaliyyətinin
mühüm bir dövrünü də mühacirət illəri
təşkil edir. O, 1936-cı ildə Türkiyəyə
qayıdıb Trabzonda yaşayır. Sonradan
İstanbula köçür, orada 1943-cü ildə, yanvar
ayının 7-də dünyasını dəyişir. Xosrov bəyin məzarı İstanbulun “Fəriköy”
qəbiristanlığındadır.
Hər işdə ənənə önəmlidir. Ənənələr
bu günü və gələcəyi qurmaq üçün
həm də bir istinad nöqtəsidir. Hərb
işində də təcrübənin, ənənənin
rolu əvəzsizdir. İlk hərb
nazirimiz Xosrov bəydən bizə, hərbçilərimizə,
zabit və əsgərlərimizə, ölkəsinin taleyinə
biganə qalmayan bütün gəncliyimizə hərbçi
qüruru, döyüşçü ləyaqəti miras
qalıb. Bu gün ön cəbhədə
savaşan hərbçilərimizin döyüş mənəviyyatının
arxasında Xosrov bəy kimi istinad və dayaq nöqtəsi
var”.
Aybəniz İsmayılova
Mövqe.- 2020.- 21 oktyabr.- S.14.