Dünya mətbuatı Gəncə qətliamını

törədən erməniləri yaxşı tanıyır

 

Gürcüstandakı ermənilər “Cavaxk” fondundan hansı məqsədlə istifadə edir?

 

2020-ci ilin okyabrın 17-də jnews.ge [1] informasiya agentliyinin yayımladığı “Cavaxetidə vəsaitlərin yığılmasına davam edilir” başlığı altında verilən xəbərdə “Cavaxk” fondunun fəallarının “Arsax” (Dağlıq Qarabağ) üçün vəsaitlərin yığılmasına dair ikinci mərhələyə keçdikləri qeyd olunur. Belə ki, həmin fondun fəalları birinci mərhələnin uğurla başa çatmasına dair razılıqlarını və ümümerməni fonduna – “Hayastan”a 270000 dollardan çox vəsaitin köçürülməsini qeyd etmişlər. Sentyabrın sonunda Dağlıq Qarabağda hərbi vəziyyətin kəskinləşdiyi zaman Axalkələkdəki şovinist ruhlu erməni gəncləri bir gün ərzində fond qurmuş, təşkilatlanmış və beləliklə də Dağlıq Qarabağdakı erməni ordusuna kömək etməyə başlamışlar. Bundan əlavə Samtsxe-Cavaxetidəki erməni millətçiləri, əhalinin gündəlik xərclərini bir qədər azaltması və pullarını “Arsax”a göndərməsi üçün çağırış da etmişlər. “Əziz insanlar, gəlin, gündəlik qayğılarımızdan bir neçə gün uzaqlaşaq, birləşək, hələ görüləsi işlər çoxdur. Gəlin özümüzə bir balaca narahatlıq verək, bəzi xərcləri azaldaq və “Arsax”a pul göndərək. Əgər istəyirsinizsə, pulları ayrı-ayrılıqda göndərə bilərsiniz. Əgər istəyirsinizə, pulları bizim “Cavaxk” fondumuzun vasitəsilə də köçürə bilərsiniz, əsas odur ki, pul gəlsin. Biz qazanmaq üçün bir ideoloji prinsipi rəhbər tutaraq bir yumruq olmalıyıq. Müharibə hələ dayanmayıb, əsgərlərimiz canları bahasına “öz doğma torpaqlarını” qorumağa davam edirlər”, - deyə “Cavaxk” fondunun nümayəndələri bildirmişlər [1]. Onu da qeyd etmək lazımdır ki, Samtsxe-Cavaxetidəki ermənilər ümümerməni fondu “Hayastan”a 270000 dollardan əlavə [1], Ermənistan Respublikasının Müdafiə nazirliyinə 3 ədəd “UAZ” markalı avtomobili [2], eləcə də Ermənistanın Hematologiya mərkəzinə cip avtomobilini hədiyyə etmişlər [1]. “Cavaxk” fondunun fəal gənclərindən olan Karen Papikyanın sözlərindən belə aydın olur ki, “UAZ” markalı 2 avtomobil “Cavaxk” fondunun hesabına alınmış, digəri isə Ahalsıx erməniləri tərəfindən hədiyyə edilmişdir [2].

      Qeyd etmək istəyirik ki, ermənilər bir qayda olaraq öz çirkin məqsədlərini həyata keçirməkdən ötrü yaşadıqları müxtəlif yerlərdə öz təxribatlarını həyata keçirməkdən ötrü fondlar yaradır, təşkilatlanır və yerli əhalini də öz işlərinə cəlb etmək üçün təxribat xarakterli çağırışlar edirlər. Məlum məsələdir ki, məhz qaçaqmalçılıq yolu ilə Ermənistana silahlar daşınır. Belə ki, bu gün Gürcüstan ərazisindən sui-istifadə edən ermənilər mülki təyyarələrlə, eləcə də karqo təyyarələri vasitəsilə Ermənistana qanunsuz yollarla silah göndərirlər. Bu barədə möhtərəm Prezidentimiz İlham Əliyev cənabları Türkiyənin “A Haber” televiziya kanalına verdiyi müsahibəsində bildirmişdir [3]. Dövlət başçımızın sözlərindən aydın olur ki, Ermənistanın bu yaxınlarda satın aldığı təyyarə 30-40 milyon dollar həcmindədir. “İl-76” təyyarəsinin alınması Ermənistana qanunsuz yollarla silahların gətirilməsi imkanını vermişdir. Çünki məhz həmin təyyarə vasitəsilə Ermənistana tank əleyhinə “Kornet” və “Konkurs” silahları, “İqla” hava hücumuna qarşı silahlar, eyni zamanda Rusiyadan qaçaq yollarla alınmış raketlər göndərilmişdir [3]. Belə bir məqamda sual meydana çıxır ki, bəs bu gün hərbi-iqtisadi poensialı olduqca aşağı səviyyədə olan Ermənistanı kimlər maliyyələşdirir? Cavab isə sadədir: Ermənistanı məhz Rusiyadakı Karapetyan, Abramyan və s. adlı zəngin erməni iş adamları [3], ermənipərəst dairələr, o cümlədən, amerikalı milyarder Corc Soros [4] maliyyələşdirir. Belə ki, məhz zəngin erməni iş adamları qanunsuz yollarla bəzi hərbi zavodlardan silahları alaraq Ermənistana göndərirlər. Onlar həmçinin, Rusiyadakı erməniləri də Dağlıq Qarabağa muzdlu kimi göndərirlər [3].

     Qeyd edək ki, Ermənistanı dəstəkləyən “Açıq cəmiyyət” fondu maliyyəçi Corc Sorosun təsis etdiyi bir beynəlxalq təşkilatdır. Fondun nümayəndəlikləri 30-dan çox ölkədə, o cümlədən Ermənistanda da fəaliyyət göstərir [4]. Soros fondunun Ermənistan filialı isə 1997-ci ildə yaradılmışdır [5]. Fond tərəfindən maliyyələşdirilən çoxsaylı təşkilatlar (60-a yaxın) 2003-cü ildə “Açıq cəmiyyət naminə tərəfdaşlıq” təşəbbüsündə birləşmişlər ki, buraya da hüquq, səhiyyə, KİV, siyasi tədqiqatlar, təhlil, gənclərin problemləri, təhsil və digər sahələrdə fəaliyyət göstərən təşkilatlar daxil olmuşdur. Qeyd etmək lazımdır ki, qalmaqallı maliyyəçi Corc Sorosun fondları dəfələrlə bəzi ölkələrin daxili işlərinə qarışmaqda ittiham olunmuşdur ki, bu da əsassız deyildir. Bununla yanaşı, “Açıq cəmiyyət fondu”nun Ermənistan filialının saytından məlum olur ki, 1997-ci ildən bəri fəaliyyət göstərən həmin filiala Soros tərəfindən 53 milyon dollar vəsait ayrılmışdır [6].

      Qeyd etmək lazımdır ki, 1995-ci ildə İrəvanda erməni dilində çap etdirdiyi “Gürcüstandakı erməni kilsələri” adlı [7] xəritə-məlumat kitabçasında guya Gürcüstanda 650 erməni kilsəsinin olduğunu elmi tədqiqatları ilə araşdıran saxtakar erməni tədqiqatçısı, “Erməni sahibkarlar assosiasiyası”nın prezidenti, eləcə də “Taşir” şirkətlər qrupunun təsisçisi Samvel Karapetyan “Arsax”ın (Dağlıq Qarabağ) ehtiyaclarını təmin etmək üçün 3 milyon [8] maliyyə vəsaiti ayırmışdır. Karapetyan öz bəyanatında 3 milyonu guya “Arsax”da humanitar və sosial proqramların həyata keçirilməsi üçün ayırdığını bildirmişdir [8].

      Ermənistana maliyyə yardımı edənlərdən biri də “Ümumdünya erməni təşkilatı”nın prezidenti Ara Abramyandır. Belə ki, Abramyan ümumerməni “Ermənistan” fondunun hesabına 100 min dollar vəsait köçürmüşdür [9].

      Corc Sorosun, Karapetyanın, Abramyanın, eləcə də digər zəngin erməni iş adamlarının Ermənistana maliyyə yardımı etməsində məqsədi erməniləri müxtəlif silahlarla təmin etməkdən ibarətdir. Ermənilər bu gün məhz həmin silahlarla günahsız azərbaycanlıları xaincəsinə qətlə yetirirlər. Ermənilərin vəhşilikləri göz qabağındadır. Belə ki, onlar Azərbaycanın rayonlarını intensiv şəkildə raket atəşinə tutaraq yerli əhalinin yaşayış məntəqələrini yerlə-yeksan edirlər. Oktyabrın 17-də ermənilərin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində içərisində 3 nəfər azyaşlı olmaqla 13 nəfər həlak olmuş, içərisində 5 nəfər azyaşlı olmaqla 48 nəfər ağır xəsarət almışdır ki, bu da açıq-aşkar soyqırımdır [10]. Bu qətliam dünyanın aparıcı KİV-lərinin diqqətindən də kənarda qalmır. Belə ki, Gürcüstanın report.ge, interpressnews.ge, 24news.ge, pia.ge, aktual.ge informasiya agentlikləri [11]; Türkiyənin Anadolu, İHA, DHA agentlikləri, TRT Haber, Haber Türk, TGRT, A Haber, Haber global, Büngü TV, CNN Türk telekanalları, habelə “Akşam”, “Milliyyət”, “Sabah”, “Yeni çağ”, “Yeni akit” və s. qəzetləri, həmçinin yerli bölgə saytları [12]; Misirin “Nile1” və “Aldiplomasy” portalları [13]; Qırğızıstanın goldenbridgenews.com və turktoday.info portalları [14]; Avstraliyanın newcastleherald.com.au, au.news.yahoo.com, westernadvocate.com.au, illawarramercury.com.au və digər saytları [15]; Rumıniyanın AGERPRES milli xəbər agentliyi, Dcnews xəbər portalı, ProTv televiziyası, Realitatea televiziyası, News24hours xəbər portalı, News.ro xəbər agentliyi, Hotnews xəbər portalı, MediaFax özəl xəbər agentliyi, Romania Tv televiziyası [16]; Ukraynanın “RBK-Ukrayna”, “İnterfax-Ukrayna” informasiya agentlikləri, “QORDON”, “Segodnya” portalları, o cümlədən “TSN”, “Ukraina-24” telekanalları [17]; Çilinin “Infogate” xəbər agentliyi [18]; Fransanın “Le Point”, “Le Dauphine”, “France 24”, “ActuOrange” kimi kütləvi informasiya vasitələri [19]; “Aljazeera”, “Al-Arabia”, “Skynews Arabic”, “i24News Arabic” televiziya kanalları, o cümlədən, “Sauidgazette”, “Arabnews” nəşrləri [20]; İndoneziyanın ANTARA Dövlət İnformasiya Agentliyi başda olmaqla “akurat.co.id”, “telusur.co.id”, “republika.co.id” kimi saytları [21]; Yaponiyanın JIJI PRESS agentliyi [22]; Özbəkistanın “tnews.uz” və “qalampir.uz” və “human.uz” portalları [23]; Qazaxıstanın “zakon.kz”, “newsroom.kz” “vlast.kz” “azattyq-ruhy.kz”, “ea-news.kz” və digər saytları [24]; Almaniyanın KİV-ləri [25]; Çinin Sinxua milli xəbər agentliyi, Çin Mərkəzi Televiziyası, “Çin gəncləri” qəzeti, digər xəbər portalları və elektron nəşrləri [26]; İspaniyanın tanınmış nəşrlərindən biri olan “La Vanguardia” qəzeti [27]; Norveçin nüfuzlu “Verdens Gang” və “Adresse” nəşrləri [28]; Böyük Britaniyanın “The Guardian” qəzeti [29]; İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri, nüfuzlu qəzetləri, televiziya kanalları, xəbər agentlikləri, o cümlədən “Rai”, “Mediaset”, “Ansa”, “Agi”, “La7”, “İl Sole 24 Ore”, “İl Giornale”, “Adnkronos”, “Notizie Tiscali”, “Notizie Yahoo”, “Occho Notizie”, “Gazzetta di Parma”, “Telenicosia”, “Politicamente Corretto”, “MSN”, “Quotidiano Countribuenti”, “Prima Press”, “Globus Magazine”, “La Gazetta del Mezzogiorno”, “La Nuova Sardegna”, “Quotidiano”, “Politica News”, “Altoadige”, “Inews24”, “Giornale del Trento”, “Prealpina”, “Agenia Nova”, “Corriere Quotidinao”, “La Presse”, “Unionsarda”, “Il Giornaleditalia”, “Open Online” və sair kimi mətbuat orqanları [30]; Malayziyanın, həmçinin Cənub-Şərqi Asiya regionunun çox nüfuzlu nəşrlərdən biri olan “New Straits Times” qəzeti [31]; Küveytin “Dasmannews” onlayn xəbərlər portalı və Küveytdə gündəlik ərəb dilində nəşr edilən “Əl-Ənbə” qəzeti [32]; Argentinada çıxan gündəlik “Clarin” qəzetinin internet-portalı [33]; Qətərin ərəb dilində nəşr olunan və ölkədə ərəb dilli qəzetlər arasında ən geniş oxucu kütləsinə malik “Əl-Şərq” qəzeti [34]; Küveytin “Kuwait Times” qəzeti [35]; Bəhreyn Krallığının ingilis dilində nəşr olunan “The Daily Tribune News of Bahrain” qəzeti [36]; Səudiyyə Ərəbistanı Krallığının ingilis dilində nəşr olunan “Arabnews” qəzeti [37] Gəncədəki qətliam barəsində ətraflı məlumat vermişlər. 

        Ermənistanın prezidenti Armen Sarkisyan “Kommersant” [38] qəzətinə verdiyi müsahibəsində həyasızcasına guya Azərbaycanın Dağlıq Qarabağda etnik təmizləmə siyasətini yeritdiyini, erməni məktəblərini bağladığını, gənclərin ali təhsil almasına imkan vermədiyini qeyd edir. Halbuki əslində Ermənistanın monoetnik dövlət olması hamıya məlumdur. Belə bir hal isə etnik təmizləmə siyasətinin konkret nəticəsidir. Sarkisyan qeyd edir ki, erməni tərəfi üçün münaqişədəki qələbə evlərinin qorunmasıdır. Belə bir məqamda isə sual meydana çıxır ki, əgər belə qorxursunuzsa, onda nəyə görə sizə aid olmayan torpaqları qanunsuz olaraq ələ keçirmisiniz? Nəyə görə işğal etdiyiniz torpaqlarımızı geri qaytarmırsınız? Göründüyü kimi ermənilər əslində özləri özlərinə problem yaradaraq, daha sonra özlərini yazıq kimi qələmə verməyə çalışırlar. Sarkisyan arsızcasına sözlərinə onu da əlavə edir ki, “hər şeyi, o cümlədən kilsələri məhv edən insanlarla insani münasibətlərdən söhbət gedə bilməz”. Sual meydana çıxır ki, gecə vaxtı Gəncədəki əhalini – uşaqları, qadınları və qocaları yatdıqları yerdə qətlə yetirən ermənilər hansı insanlıqdan danışırlar? Digər bir tərəfdən ermənilərin Gürcüstanın kilsələrindəki yazıları silərək həmin yazıları erməni yazıları ilə əvəz etməsi də hamıya məlumdur. Belə bir halda isə artıq ermənilərin ictimaiyyəti aldatması qeyri-mümkündür. Sarkisyan riyakarcasına guya Dağlıq Qarabağdakı Şuşa məscidinin bərpa edildiyini qeyd edir. Əslində isə bərpa adı altında ermənilər tərəfindən Şuşa məscidinin daxili və xarici görkəmi ciddi şəkildə dəyişikliyə məruz qalmışdır ki, burada da yenə erməni dəsti-xətti görünür [39].

       Bu gün Azərbaycanın necə güclü orduya və hərbi potensiala sahib olmasını artıq hamı görür. Belə ki, Emənistanın 234 tankı məhv edilmiş, 36 tankı isə hərbi qənimət kimi götürülmüş, piyadaların döyüş maşınlarının 49-u məhv edilmiş, 24-ü isə qənimət kimi götürülmüşdür. Bundan əlavə 16 ədəd özüyeriyən artilleriya qurğusu, 190 ədəd müxtəlif çaplı toplar, 2 ədəd “Uraqan” sistemi, 1 ədəd TOS odsaçan, 2 ədəd əməliyyat taktiki raket kompleksi olan “Elbrus”, 1 ədəd “Toçka-U”, 35 ədəd OSA zenit raket kompleksi, 3 ədəd TOR zenit-raket kompleksi, 5 ədəd KUB və “Kruq” zenit raket kompleksi, 9 ədəd radioelektron mübarizə sistemləri, 2 ədəd S-300 zenit raket kompleksi və 196 ədəd yük avtomobilləri məhv edilmiş, 98 yük avtomobili isə qənimət kimi götürülmüşdür [40].

       Hər yerdə fəal şəkildə dezinformasiyalar yayaraq Dağlıq Qarabağı “Arsax” kimi ictimaiyyətə sırımağa çalışan ermənilər bu torpaqların onlara aid olmamasına dair əsl həqiqət ilə barışa bilmirlər, ona görə də onlar öz işğalçılıq siyasətlərini davam etdirərək döyüş meydanında verdikləri ağır itkilərin hirsini silahı olmayan dinc əhalimizdən çıxırlar. Belə bir təqdirdə isə Ermənistanın hərbi birləşmələri Azərbaycan ordusunu Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə yox, silah yolu ilə həll etməyə vadar edir ki, bu da tamamilə beynəlxalq hüquqa müvafiqdir.

       Bu gün şanlı Azərbaycan Ordusu öz xilaskarlıq misiyasını layiqincə yerinə yetirir. Qisasımız döyüş meydanında alınır. Hər gün yeni straeji məntəqələr, yeni yüksəkliklər, yeni yaşayış məntəqələri işğalçılardan azad olunur. Bunun nəticəsidir ki, ərazi bütövlüyümüz bərpa olunur və bundan sonra da bərpa olunacaq. Heç bir qüvvə bizim qarşımızda durmağa qadir deyildir. Şanlı Azərbaycan ordusu Ali Baş Komandanımızın rəhbərliyi ilə qələbə tariximizi yazmağa davam edir.

 

Hörmətlə, Kamal Salayev

AMEA-nın Qafqazşünaslıq institutunun

Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi

 

Mövqe.- 2020.- 22 oktyabr.- S.11.