Qafqaz Albaniyasına aid
ilk orta əsr xristian
abidəsində arxeoloji tədqiqatlar davam edir
2020-ci il sentyabrın 16-dan oktyabrın
15-dək AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik
dövr arxeologiya şöbəsinin aparıcı elmi
işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent
Natiq Alışovun rəhbərliyi altında Qafqaz
Albaniyası xristian abidələrinin arxeoloji tədqiqi
ekspedisiyası Balakən rayonu ərazisində tədqiqat
işlərini davam etdirib.
Milli.Az Trend-ə istinadən
bildirir ki, tədqiqatın əsas obyekti -
rayonun Tülü kəndi ərazisində Qafqaz Albaniyasına
məxsus ilk orta əsrlərə aid xristian abidəsi olub.
Aparılan arxeoloji tədqiqat
işləri nəticəsində 2019-cu
ildə aşkar edilmiş üç zallı olması
güman edilən kilsənin uzunluğu 14,70 m, eni 10,50 m-dir. Bu
ilki tədqiqatlarda kilsənin giriş qapılarından birinin
cənub divarında olduğu müəyyən edilib.
Kilsənin qədim qalıqlarının
üzərində sonrakı tarixi
dövrlərdə birzallı kilsə inşa edilmişdir ki,
onun uzunluğu qərb girişi ilə birlikdə 19 m, eni isə,
5,70 - 12,30 m arasında dəyişir. Bir zallı kilsənin
ilk dövrlərdə cənub divarında olan və hələlik
bizə bəlli olmayan səbəbdən hörülərək
bağlanmış giriş qapısının yeri müəyyənləşib.
Memarlıq nöqteyi-nəzərən alt qatda
yerləşən üç zallı abidə
xristianlığın Suriya, üst qatda yerləşən
abidə isə Bizans memarlığına
yaxınlığı ilə xarakterizə edilir.
Son üç ildə bir zallı və üç zallı kilsənin
xarici divarları boyunca aparılan arxeoloji tədqiqatlar nəticəsində
çoxlu sayda maddi mədəniyyət nümunələri ilə
yanaşı xristian dəfn ənənəsinə uyğun
bütöv şəkildə 40 insan skeleti və pərakəndə
halda 30-dan artıq insana məxsus sümük fraqmentləri
Arxeologiya və Etnoqrafiya İnstitutunun Antropologiya Mərkəzinə
tədqiqat üçün təqdim edilib.
Xristian dəfn
ənənəsində mərhumun
əllərinin qoyuluş formasında fərqlər, ilk
xristianlıq dövrü üçün xarakterik qəbirlər
və dəfn prosesinin kilsə ətrafında intensivliyi -
buranın uzun müddətli fəaliyyətinin göstəricisi
kimi qəbul olunur.
Qeyd edək
ki, Zaqatala-Yevlax-Tbilisi magistralı üzərində yerləşən
bu abidə güclü turizm potensialına malikdir. Bu səbəbdən aidiyyəti
qurumlar tərəfindən abidədə bərpa və
konservasiya işlərinin görülməsi vacibdir.
Ekspedisiya rəhbəri N.Alışov
bildirmişdir ki, müzəffər
Ordumuzun qələbələri azad edilmiş
torpaqlarımızda Qafqaz Albaniyasının analoji abidələrinin
tədqiqatı üçün də imkanlar yaradacaqdır.
Abidədə aparılan kompleks arxeoloji tədqiqatın yekunlaşması
istiqamətində işlərin davam etdirilməsi nəzərdə
tutulur. Abidədə
arxeoloji tədqiqatlara 2017-ci ildən başlanıb.
Mövqe.- 2020.- 24 oktyabr.- S.13.