Ədəbiyyatımızın
böyük dayağı
Xalq
yazıçısı Mirzə İbrahimovun anadan
olmasından 109 il ötür
Ədəbi-publisistik, elmi-nəzəri yaradıcılığı, eləcə də ictimai-siyasi fəaliyyəti ilə tariximizdə xüsusi yeri olan görkəmli ədib Mirzə İbrahimov XX əsrin 30-cu illərindən başlayaraq ömrünün sonunadək Azərbaycanın mədəni və ideoloji siyasi həyatında silinməz izlər qoyub. O da Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Hacı Zeynalabdin Tağıyev kimi millət və Vətən fədaisi idi.
Xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, akademik Mirzə İbrahimovun anadan olmasının 109-cu ildönümü tamam olur.
Mirzə Əjdər oğlu İbrahimov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhərinin yaxınlığında olan Eyvaq kəndində doğulub. 1918-ci ildə atası və qardaşı ilə Bakıya gəlib. Bir ildən sonra atasını itirən 9 yaşlı Mirzə Balaxanı və Zabrat kəndlərində muzdurluq edərək öz zəhməti hesabına dolanmağa başlayıb.1926-1930-cu illərdə Balaxanıdakı fabrik-zavod məktəbində oxumaqla yanaşı, bir parça çörək qazanmaq məqsədilə işləyib. Həmin vaxtlarda qəlbində ədəbiyyata maraq hiss edən yeniyetmə oğlan Zabratda fəhlə ədəbiyyat dərnəyinə gedib.
Mirzə İbrahimovun “Qazılan buruq” adlı ilk şeiri 1930-cu ildə “Aprel alovları” məcmuəsində dərc olunub. İlk şeirinin mətbuatda dərc olunması onu fərəhləndirib, elə həmin vaxtdan da ədəbi-bədii yaradıcılıqla böyük ilhamla məşğul olub. Hələ gənclik illərindən keçmiş sovetlər birliyində olan şəhərlərə səfərlərində əməkçi insanların həyatı, ictimai fəaliyyəti, mənəvi aləmi ilə yaxından tanış olub, yazdığı əsərlərində onların obrazını yaratmağa, həyat gerçəkliklərini təsvir etməyə çalışıb. M.İbrahimov yaradıcılığın bir çox janrında (oçerk, publisistika, nəsr, dramaturgiya, ədəbi tənqid), əsərlər ərsəyə gətirib, eyni zamanda, ədəbi tənqidlə də ciddi məşğul olub.
M.İbrahimov 1935-37-ci illərdə SSRİ Elmlər Akademiyasının Leninqrad (indiki Sankt-Peterburq) Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alır və görkəmli Azərbaycan yazıçısı C.Məmmədquluzadənin həyat və fəaliyyətini tədqiq edərək namizədlik dissertasiyasını müdafiə edir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunarkən onun ilk seçilən 15 həqiqi üzvündən biri də 34 yaşlı Mirzə İbrahimov olub və bundan sonra elmi fəaliyyətini də bədii yaradıcılığı ilə birlikdə qoşa qanadlar kimi davam etdirib. Təsadüfi deyildir ki, yazıçı elm, təhsil, mədəniyyət sahələrində də mühüm vəzifələrdə çalışıb, bununla da təhsilin, mədəniyyətin inkişafına öz töhfəsini verib.
1941-ci ildə o, Cənubi Azərbaycanda “Vətən yolunda” qəzetində məsul redaktor vəzifəsində işləyib. 1942-ci ildə isə Uzaq Şərqdə Xabarovsk, Vladivostok hərbi dairələrində 416-cı diviziyanın döyüşçüləri ilə görüşüb, özünün alovlu çıxışları ilə onlarda ruh yüksəkliyi yaratmağa çalışıb. Bu dövrdən başlayaraq yazıçı əsasən Cənubi Azərbaycan mövzusunda bir çox hekayələr – “Qorxulu səs”, “Sənət aşiqləri”, “Zəhra”, “Yol ayrıcında”, “Mələk”, “On iki dekabr”, “Azad”, “Tonqal başında”, “İztirabın sonu”, eləcə də “Xosrov Ruzbeh”, “Güləbətin”, “Pərvizin həyatı” povestlərini, “Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə” romanlarını yazır. Bundan sonra bir-birinin ardınca səhnə əsərlərini – “Kəndçi qızı”, “Yaxşı adam” komediyalarını, yazıçı, dramaturq, doktor Nəriman Nərimanovun mübarizələr içində keçən həyatından bəhs edən “Közərən ocaqlar” dram əsərini də ictimaiyyətə təqdim edir.
M.İbrahimov U.Şekspirin "Kral Lir", "On ikinci gecə, yaxud hər nə istəsəniz", A. N. Ostrovskinin "Quduz pullar", "Müdrik olan hər kəsə kifayətdir sadəlik", A.P.Çexovun "Üç bacı", A. Satramovun "Kişilərə inanmayın", Molyerin "Don Juan" pyeslərini Azərbaycan dilinə tərcümə edib.
Görkəmli yazıçı “Həyat və ədəbiyyat”, “Gələcək gün” “Böyük dayaq”, “Pərvanə” və digər kitabları ilə ədəbiyyatımızı bir-birindən maraqlı əsərlərlə zənginləşdirib.
M.İbrahimov hekayə, povest və romanlarla yanaşı, səhnə əsərlərini də qələmə alıb, “Həyat”, “Madrid”, “Məhəbbət”, “Kəndçi qızı”, “Yaxşı adam”, “Közərən ocaqlar” pyesləri ilə Azərbaycan dramaturgiyasını zənginləşdirib.
Dünya ədəbiyyatı klassiklərinin əsərlərini ana dilimizə çevirmiş Xalq Yazıçısı Mirzə İbrahimovun bu günədək aktuallığını itirməyən kitabları müxtəlif dillərə tərcümə olunaraq keçmiş Sovet İttifaqının hüdudlarından kənarda da oxunub, əsərləri əsasında bədii və sənədli filmlər çəkilib. O, həm də görkəmli ictimai xadim idi. Ən böyük amalı xalqına xidmət etmək olan M.İbrahimov çoxşaxəli fəaliyyəti dövründə ana dilimizin saflığı uğrunda dönmədən mübarizə aparıb.
Dövrünün milli ruhlu şəxsiyyəti olan ədibin əsərlərində doğulduğu torpağa, el-obaya, klassik ədəbi irsimizə, folklor qaynaqlarımıza, bütövlükdə Azərbaycan mədəniyyətinə dərin məhəbbət, soy-kökünə, milli adət-ənənələrimizə sıx bağlılıq var.
Mirzə İbrahimov 1993-cü il dekabrın 17-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Mövqe.- 2020.- 29 oktyabr.- S.11.