Aqrar sahədə innovasiyalar mərhələsi

 

Qadir Bayramlı: “Azərbaycanda yeni innovasiyaların tətbiqini çətinləşdirən obyektiv səbəblər var”

 

Azərbaycanda kənd təsərrüfatı sahəsi üzrə ən aktual məsələlərdən biri də innovasiya texnologiyalarının tətbiqidir. Kənd təsərrüfatı ölkəmiz üçün ənənəvi sahədir və bu sektor daha çox onilliklər boyu qazanılan təcrübə, ənənə hesabına inkişaf etdirilib. Amma elmi-texniki tərəqqinin gəldiyi səviyyə göstərir ki, kənd təsərrüfatında da yeni yexnologiyaların tətbiqi vacibdir və yalnız bu yanaşma ilə aqrar sahədə yaxşı nəticələr əldə etmək mümkündür.

Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiyada kənd təsərrüfatının inkişafı ilə bağlı icmalında da qeyd edilir ki, innovasiyalar Azərbaycana kənd təsərrüfatını inkişaf etdirməyə kömək edəcək. AİB-ə görə Azərbaycan kənd təsərrüfatı sahəsində müasir metod və mexanizmləri tətbiq etməklə məhsuldarlığı artıra bilər.

AİB hesab edir ki, Azərbaycan hasilat mənbələrinə deyil, bərpa olunan mənbələrə arxalanaraq iqtisadiyyatını daha dayanıqlı etməlidir.

Aqrar sahədə yeni texnologiyaların tətbiqinin əhəmiyyətli olmasını kənd təsərrüfatı üzrə ekspert Qadir Bayramlı da bildirir. Ekspert söylədi ki, Azərbaycan aqrar sahədə yeni innovasiyaların tətbiq etməyə məcburdur. Onun sözlərinə görə əks təqdirdə kənd təsərrüfatında rentabelliyi artırmaq və yerli istehsal hesabına kənd təsərrüfatı məhsulları ilə təminat səviyyəsini artırmaq çətin olacaq. Q.Bayramlı qeyd etdi ki, intensiv təsərrüfat üsulunun tətbiqi məqsədilə innovasiyalara böyük ehtiyac var: “Ölkəmizdə ən böyük problemlərdən biri ekstensiv təsərrüfat üsulunun yayğınlaşmasıdır. Biz aztorpaqlı ölkə olduğumuzdan hökmən məhsuldarlığı artırmalıyıq. Yəni intensiv təsərrüfatçılığa keçmək lazımdır. Bunun da yeganə yolu innovativ texnologiyaların tətbiqidir. Sahələr çoxdur, heyvanların baş sayı çoxdur, amma məhsuldarlıq aşağı olduğundan nəticədə əldə edilən ümumi məhsul miqdarı da azdır. Qısa müddətdə ekstensiv üsuldan intensiv usula keçə bilməyimiz üçün yeni innovasiyaların tətbiqinin böyük köməyi ola bilər”.

Q.Bayramlı vurğuladı ki, kənd təsərrüfatında innovasiya texnologiyalarının tətbiqi dünyada da aktual olan məsələlərdən biridir. Ekspert dedi ki, bəzi ölkələr bunu 1970 və 1980-ci illərdən tətbiq edir, bəzi ölkələr isə bu məsələdə gecikib. Onun fikrincə, Azərbaycan yeni innovasiyaların tətbiqində bir qədər gec qalan ölkələrdəndir. Q.Bayramlı hesab edir ki, gec başlanılsa da Azərbaycanda yeni innovasiyaların tətbiqi ilə yaxşı nəticələr əldə etmək mümkündür: “Elektron kənd təsərrüfatı lahiyəsi, aqro parkların yaradılması buna bir misaldır. İndi elə müasir innovasiya sistemləri var ki, uzaq məsafədən torpaqların monitorinqini aparmaq, nəzarət etmək mümkündür. Gübrələmə, preparatlardan istifadə, sulamasair vacib məsələlərin monitorinqini daha səmərəli nəzarət etmək olar. Önəmli olan məsələ innovasiya layihələrin təkmil hazırlanması və onların keyfiyyətli həyata keçirilməsidir. Bu məqsədlə ilk növbədə kadr potensialı formalaşdırılmalıdır, xarici təcrübə öyrənilməlidir. Lazımdırsa, fermerlərin qabarcıl xarici ölkələrdə təcrübə keçməsinə, yeni biliklərin və bacarıqların mənimsənilməsinə kömək edilməlidir, bu məqsədlə vəsait ayrılmalıdır. Dünyada elə ölkələr var ki, orada aqrar sahədə yeni innovasiyaların tətbiqi özünün yüksək mərhələsinə çatıb. Həmin ölkələrin təcrübəsinin mənimsənilməsi vacibdir.

İkincisi, yeni innovasiyaların tətbiqi sahəsinə sərmayə qoyulmalıdır və həmin vəsaitlərdən istifadə şəffaf şəkildə həyata keçirilməlidir. Həmçinin, yeni innovasiyaların tətbiqini stimullaşdırmaq üçün ucuz kreditlər verilməlidir. Həmin kreditləri yalnız yeni texnologiyaları tətbiq edən təsərrüfat sahibləri, istehsalçılar almalıdır”.

Q.Bayramlı bildirdi ki, Azərbaycanda yeni innovasiyaların tətbiqini çətinləşdirən obyektiv səbəblər də var: “Burada başlıca maneə təsərrüfatların böyük əksəriyyətinin torpaq sahəsinin kiçik olmasıdır. Buna kənd təsərrüfatı terminologiyasında “kiçik təsərrüfat hakimiyyəti” deyirlər. Təsərrüfatların əksəriyyəti 1-2 hektar torpaq sahəsinə malikdir. Kiçik təsərrüfatlarda yeni texnologiyaların tətbiqi çətindir.

İlk növbədə ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalçıları arasında yeni innovasiya texnologiyalarının tətbiqinin əhəmiyyətinə dair maarifləndirici təbdiblər görülməlidir. Bu məqsədlə regionlar üzrə ya müvafiq mərkəzlər qurulmalıdır, onun tabeliyində məsləhət mərkəzləri fəaliyyət göstərməlidir. Yaxud dövlətin özü müxtəlif regionlarda bir neçə pilot layihə hazırlamalıdır və burada qabaqcıl təcrübə tətbiq edilməlidir. Sonra əldə edilən müsbət nəticələrlə bağlı televiziyalar, digər kütləvi informasiya vasitələrinin köməyi ilə kənd təsərrüfatı istehsalçılarına çatdırılmalıdır, təlqin edilməlidir. İnsanlar əmin olmalıdır ki, yeniliklər onların xeyrinədir.

Əgər işlər elmi şəkildə əsaslandırılmaqla və şəffaf şəkildə həyata keçirilərsə, ölkəmizdə yeni innovasiyaların tətbiqi sahəsində böyük uğurlar əldə etmək mümkündür. Son dövrlərdə arqoparkların yaradılması innovasiya texnologiyaların tətbiqi sahəsində önəmli addım ola bilər. Aqroparkların kənd təsərrüfatında səmərəliliyin yüksəldilməsi baxımından çox böyük əhəmiyyəti var. Bu sahədə işlər sistemli olmalıdır, bütün regionları əhətə etməlidir və nəticə yönümlü olmalıdır. İşlərin səmərəli olması üçün yerlərdə fermerlərin vəziyyəti öyrənilməlidir.

Hər rayonda yeni texnologiya tətbiq edən qabaqcıl təsərrüfat var. Onların təcrübəsini də yayğınlaşdırmaq olar”.

 

 

Vasif CƏFƏROV

Mövqe.- 2020.- 14 yanvar. S. 4.