Azərbaycan beynəlxalq
mövqelərini daha güclü
hala gətirir
İslahatların
ölkəmizi çatdırdığı səviyyə
bütün hesabatlarda əks olunur
Bu günlərdə Azərbaycan “U.S. News & World Report” media şirkəti, “BAV Group” və Pensilvaniya Universitetinin Uorton məktəbinin tərtib etdiyi “2020-ci ilin ən yaxşı ölkələr”i siyahısına düşüb. Siyahıda müxtəlif kateqoriyalar üzrə tərtib olunan reytinqdə 80 ölkə yer alıb. Azərbaycan reytinqdə 70-ci yerdən 61-ci yerə yüksəlib. Ölkə iqtisadi inkişaf tempinə görə 36-cı, gücünə görə 45-ci olub.
Müstəqillik dövrünə görə gənc sayılan Azərbaycanın belə bir mövqeyə yüksəlməsi sıradan bir hal deyil və ölkə rəhbərliyinin yürütdüyü iqtisadi strategiyanın mükəmməlliyini sübut edən faktordur. Belə ki, dünya iqtisadiyyatında hazırda müəyyən sabitlik hiss olunsa da inkişaf sürəti aşağıdır və bu da qəfil gərginliklərin yaranması ehtimalını rədd etmir. Amma Azərbaycanda əksinə olaraq inkişaf sürəti daha üstün artımla müşahidə olunur. Ölkənin əhalisi də sürətlə artır. Bu mühüm amildir. Necə deyərlər, “yaxşı gün üz ağardır”, yəni əhalinin güzəranı yaxşı olanda təbii artım da yaxşı olur. Bu göstəricilər yaxşılıq indeksini yüksəldən başqa bir faktı da əlavə etmək olar. Azərbaycanda ümumi olaraq 2019-cu ilin yanvar-noyabr aylarında iqtisadi fəaliyyət növləri üzrə bir işçiyə düşən orta aylıq iş aatlarının miqdarı 155 saat 24 dəqiqə olub ki, bu da öncəki illə müqayisədə 6 dəqiqə daha az azdır. Başqa sözlə, insanların əmək haqqı artır, sosial təminatı yüksəlir, həyat səviyyəsi daha da yaxşılaşır və buna rəğmən onlar daha az işləyirlər. Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə tədricən maliyyə şərtləri yumşalır, uçot dərəcələri və xarici borclanma xərcləri azaldılır. Mütəxəssislərin şərhinə görə, Azərbaycan Mərkəzi Bankı bu il pul-kredit siyasətini daha da yumşaldacaq və qısamüddətli faizlərin düşməsinə çalışacaq. BVF inkişaf etməkdə olan ölkələrə aşağı inflyasiyanı əsas götürüb monetar dəstəyi gücləndirməyi təklif edir. Azərbaycan strateji yol xəritələri çərçivəsində bütün qlobal çağırışlara adekvat reaksiya verir.
Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə inteqrativ və dayanıqlı inkişafa nail olunub. Azərbaycan siyasi sabitlik, əlverişli coğrafi mövqe, zəngin iqtisadi resurslara və dərin mədəni irsə malik olmaqla Avropa və Asiyanın dəyərlərinin vahid məkanda birləşdiyi ölkədir. 2018 və 2019-cu illərdə Azərbaycanın Dünya Bankının “Doing Business” hesabatında ardıcıl olaraq 2 dəfə “top 10 islahatçı” və “top 20 islahatçı” ölkələr sırasında yer alması da bunu təsdiq edir. Eyni inkişaf və islahat göstəricilərini digər mötəbər hesabatlar, Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı” və “Heritage Fondu”nun “İqtisadi azadlıq indeksi” hesabatının nəticələri də təsdiq edir.
İqlim dəyişikliklərinin dünya ölkələrini təhdid etdiyi bir dövrdə iqtisadiyyatımızın əsas maliyyə mənbəyi hələ ki, karbohidrogen resurslarının istismarı olsa da, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasını imzalayıb. Bununla da ölkəmiz sübut edib ki, ətraf mühitin qorunmasına və qlobal dayanıqlı inkişafa sadiqdır. Ətrag mühitin qorunması, təbii resurlardan səmərəli istifadə sahəsində Azərbaycan ciddi işlər görür. Təsadüfi deyildir ki, aparılan qiymətləndirmələrə əsasən istixana qazlarının atmosferə buraxılmasının azaldılmasında MDB ölkələri arasında ən yüksək səmərəlilik göstəriciləri Azərbaycana aiddir. məxsusdur. olmuşdur. Ötənilki “Nəsimi ili” çərçivəsində ölkə ərazisində Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 1 gündə 650 min ağac əkildi. Bu isə bizim mənəvi uzlaşmanı, ətraf mühitə münasibəti, sosial dayanışmanı dayanıqlı iqtisadi inkişafla sıx vəhdətdə inkişaf etdirməyimizin uğurlu örnəklərindəndir.
Azərbaycan əhalisi gənc olan ölkələrdəndir və Avropa ölkələri ilə müqayisədə də bizim əhalimizin sayında gənclərin xüsusi çəkisi 7 faiz daha çoxdur. Ölkə əhalisinin 40 faizdən çoxu müstəqillik dövründə dünyaya gəlmişdir. Yeni cəmiyyət quruculuğu nəsillərin dəyişilməsi amillərini, yeni kadrların həyata və işgüzar mühitə dair baxışlarını nəzərə almağı tələb edir. Ölkənin kadr potensialı istiqamətində gedən islahatlar bu məqsədi ehtiva edir və ictimai-siyasi ab-havanın xarakterini müəyyənləşdirir. “Yaxşılar” indeksinin formalaşmasında bu amilin rolu böyükdür. Bu cür qiymətləndirmələr islahatların ölkəmizə gətirdiyi faydaların real göstəriciləridir.
N.NOVRUZ
Mövqe.- 2020.- 25 yanvar. S. 5.